Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-998/2022 19.10.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı, cavabdehin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək övladları 22 dekabr 2008-ci il təvəllüdlü X2 və 24 avqust 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün sabit məbləğdə 193 (bir yüz doxsan üç) manat olmaqla 386 (üç yüz səksən altı) manat alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki və mübahisələndirilməyən halları bundan ibarətdir ki, tərəflər 26 avqust 2021-ci il tarixdə isə Babək rayon Qeydiyyat şöbəsində rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş və bu barədə nikah akt qeydləri kitabında 218 nömrə ilə qeyd aparılmışdır. Tərəflərin nikahlarından 22 dekabr 2008-ci il təvəllüdlü X4 və 24 avqust 2018ci il təvəllüdlü X3 adlı övladları vardır. Tərəflər arasındakı nikah pozulmamışdır. Məhkəmə iclası zamanı iddia ərizəsinin mahiyyəti üzrə izahat verən İddiaçı bildirmişdir ki, o, Cavabdeh ilə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş, xasiyyətləri uyğun gəlmədiyi üçün 2020-ci ildə Babək Rayon Məhkəməsinin qətnaməsi ilə boşanmışlar. 4-5 ay sonra barışaraq 26 avqust 2021-ci il tarixdə Babək rayon Qeydiyyat şöbəsində yenidən rəsmi nikah qeydiyyatından keçmişlər. 1 ilə yaxın birlikdə yaşasalar da, sonradan yenə münasibətləri pozulmuşdur və bunun nəticəsidir ki, artıq bir neçə aydır ki, ayrı yaşayırlar. Onların 22 dekabr 2008-ci il təvəllüdlü X4 və 24 avqust 2018-ci il təvəllüdlü X3 adlı övladları vardır. Bu vaxta qədər uşaqları atasız böyüməsinlər deyə bütün çətinliklərə səbr etmiş, lakin cavabdehin onu döyüb təhqir etməsinə dözməyərək gecə vaxtı uşaqları da götürüb qardaşının evinə qaçmışdır. Cavabdeh isə dərman qəbul etdiyi üçün belə hərəkətlər etdiyini demişdir. İddiaçı qeyd etmişdir ki, cavabdeh elektrik ustası işləyir və 450 manat əmək haqqı alır, bundan əlavə 150 manat da iş yoldaşlarını işə aparıb-gətirdiyi üçün aylıq pul alır, lakin o, bunu sübut edə bilmir. Hazırda övladları ilə birlikdə anasının himayəsində yaşayır. İşləmir və günün tələbləri baxımından övladlarının ehtiyaclarını tam şəkildə qarşılaya bilmir. İddianın tam təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, nümayəndə və vəkil vasitəsilə təmsil olunmuşdur. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı izahat verən cavabdehin vəkili və nümayəndəsi Vəkil verdiyi izahatında iddianı qismən qəbul edərək bildirmişdir ki, tərəflər arasındakı nikah qeydi pozulmasa da, faktiki olaraq uzun müddətdir ki, ayrı yaşayırlar. Cavabdehdə ikinci uşağının onun bioloji uşağı olmasında şübhələr yaranır. Çünki ailə arasında olan söz-söhbət də məhz bu uşaq üstündə olub. Hətta cavabdeh DNA test analizi verməyi belə düşünür və bu barədə sənədləri toplayıb müvafiq məhkəmədə iddia qaldırılacaqdır. Təmsil etdiyi şəxs hazırda "xxxx" MMC-də elektromontyor vəzifəsində işləyir və aylıq 300 manat əmək haqqı alır. Bundan başqa heç bir əlavə gəliri yoxdur. İddiaçı tərəfdən tələb olunan aliment məbləğinin çox yüksəkdir və 386 manat aliment ödəmək cavabdehin maddi imkanı xaricindədir. Qeyd edilən halların qətnamə qəbul edilərkən nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin qiymətləndirməsi: Hazırki mübahisə üzrə iddia tələbinin qanuni əsası Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsidir. Həmin maddəyə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 9-cu maddəsində qeyd olunur ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Həmin Qanunun 13-cü maddəsində qeyd olunmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci ildə ölkədə uşaqlar üçün yaşayış minimumu 193 (bir yüz doxsan üç) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə işin faktiki və hüquqi hallarını mülki işin materialları ilə qarşılıqlı və əlaqəli şəkildə araşdırıb, həmçinin toplanmış sübutları tədqiq edib onları qiymətləndirərək bir uşaq üçün yaşayış minimumunun ölkə üzrə 193 (bir yüz doxsan üç) manat məbləğində müəyyən olunmasını, 22 dekabr 2008-ci il təvəllüdlü X2 və 24 avqust 2018-ci il təvəllüdlü X1 halhazırda anası İddiaçı yanında yaşamasını, uşağın xüsusi qulluq və qidalanmaya ehtiyacını və həyat şərtlərinə uyğun gündəlik tələbatlarını nəzərə alaraq cavabdehdən hər ay sabit məbləğdə bir uşaq üçün 120 (bir yüz iyirmi) manat olmaqla iki uşaq üçün ümumilikdə 240 (iki yüz qırx) manat miqdarında alimentin müəyyən olunmasını ağlabatan hesab edir və belə nəticəyə gəlir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh hər ay sabit məbləğdə bir uşaq üçün 120 (bir yüz iyirmi) manat olmaqla iki uşaq üçün ümumilikdə 240 (iki yüz qırx) manat miqdarında aliment tutularaq 22 dekabr 2008-ci il təvəllüdlü X2 və 24 avqust 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə ödənilməli, iddia tələbi qalmış hissədə rədd edilməlidir. Məhkəmə iddia tələbinin qalan hissəsini rədd edərkən cavabdehin kifayət qədər qazancı olmasına dair iddiaçının hər hansı sübut təqdim etmədiyini, cavabdehin əmək haqqı barədə nümayəndəsi və vəkili tərəfindən təqdim edilmiş arayışı nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddəsinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarına əsasən nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Azərbaycan Respublikası MPM-in 234.2.1-ci maddəsində alimentlərin alınması haqqında qətnamə dərhal icra olunur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Buna görə də hazırki qətnamə ilə müəyyən edilən aliment məbləği bu barədə məhkəməyə müraciət olunan vaxtdan-xx.xx.2022-ci il tarixdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə iş dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Lakin həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 06 sentyabr 2022-ci il tarixdən başlayaraq hər ay sabit məbləğdə bir uşaq üçün 120 (bir yüz iyirmi) manat olmaqla iki uşaq üçün ümumilikdə 240 (iki yüz qırx) manat miqdarında aliment tutularaq 22 dekabr 2008-ci il təvəllüdlü X2 və 24 avqust 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı ödənilsin. Qətnamə dərhal icra olunsun. İddia qalan hissədə rədd olunsun. Cavabdeh iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 18.65 (on səkkiz manat altmış beş qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №2(078)-998/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-998/2022
19.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver