Məhkəmə qərarları › İş №2(079)-110/2023

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-110/2023

14.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-110/2023 14.03.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı “23” yanvar 2023-cü ildə iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək 27 aprel 2014-cü il təvəllüdlü X5 və 28 iyun 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 08 sentyabr 2022-ci il tarixdən hesablanmaqla Cavabdeh sabit pul məbləğində hər ay bir uşaq üçün 220 manat olmaqla, iki uşağa görə ümumilikdə 440 manat miqdarında aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O, tələbini əsaslandıraraq qeyd etmişdir ki, Cavabdeh ilə 31 oktyabr 2012-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşuq. Bizim birgə nikahımızdan iki övladımız – 27 aprel 2014-cü ildə X5, 28 iyun 2016-cu ildə isə X7 dünyaya gəlmişdir. Bir müddət normal ailə münasibətlərimiz olsa da, sonradan bu münasibətlər kəskin şəkildə pozuldu və artıq biz 2022-ci ilin may ayından faktiki olaraq ayrı yaşayırıq. Təxminən 8-9 aydır ki, mən övladlarımı da götürüb atamın evinə, yəni Babək rayonu, Qahab kəndinə gəlmişəm. Mən bu müddət ərzində övladlarıma özüm və atam baxıb. Cavabdeh bu müddət ərzində bir dəfə də olsun öz övladları ilə maraqlanmayıb. Mən heç bir yerdə işləmirəm, Cavabdeh isə bir dəfə də olsun bizə maddi dəstək olmayıb və olmur. Yalnız atam, anam və qardaşlarımın maddi dəstəyi ilə övladlarımın maddi ehtiyaclarını qarşılayıram. Dəfələrlə Cavabdeh uşaqlarına yardım etməsi ilə bağlı müraciət etsəm də heç bir əhəmiyyəti olmamışdır. Mübahisəmizin məhkəmədən kənar həll edilməsi üçün mediyasiyaya müraciət etdim mediasiya prosesində razılıq olmadığından arayış verərək məhkəməyə müraciət etməli olduğumu bildirdi. Buna görə də məcbur qalıb məhkəməyə müraciət etməli oldum. Alimentin mediasiya prosesinin keçirilməsi üçün müraciət edildiyim 08 sentyabr 2022-ci il tarixdən hesablanmasını istəyirəm. İddiaçı məhkəmədə verdiyi izahatında tələbini müdafiə etdiyini, Ayazla qohumları vasitəsi ilə tanış olub ailə qurduğunu, özünün iki qardaşı əlil olduğundan və cavabdeh ona “mən əliləm deyə mənimlə heç kim ailə qurmur” dediyini, onun bu sözünə görə Ayazla evləndiyini, birgə nikahlarından iki uşaq dünyaya gəldiyini, cavabdehlə ailə qurduqdan sonra aralarında elə də ciddi narazılıq və problem olmadığını, ailələrində olan mübahisələrin əsasən Ayazın anasından və onun yaxınlarından qaynaqlandığını, belə ki, həmin şəxslərin onların ailə işinə qarışdığını, bu kimi səbəblərdən 2022-ci ilin iyul ayından ayrı yaşadıqlarını, birgə nikahlarından olan uşaqların özü ilə qaldığını, bu müddət ərzində nə Ayazın, nə də onun yaxınlarının uşaqların saxlanılmasında ona köməklik etmədiyini, özünün gözündə zəiflik olduğunu, bu səbəbdən də işləyə bilmədiyini, atasının işsiz olduğunu, anasının isə xadimə işlədiyini, uşaqların birinin üçüncü, digərinin isə birinci sinifdə oxuduğunu, onların tələbatlarını qarşılamaqda çətinlik çəkdiyini, Ayazın əvvəllər 180 manat pensiya aldığını, həmçinin Gəmiqaya şirkətində fəhlə işləyərək ayda 600-700 manat əmək haqqı aldığını, sonradan əmək haqqının aşağı endiyini, onunla birlikdə yaşadığı vaxt ərzində əlil olmasına baxmayaraq ailənin ehtiyaclarını Ayazın özünün qarşıladığını qeyd edərək, yekunda tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdi. Cavabdeh məhkəmədə verdiyi izahatında 2012-ci ilin oktyabr ayının 31-də Dildanə ilə ailə qurduğunu, birgə nikahlarından iki uşaq olduğunu, iddiaçı ilə ailə qurduqdan sonra bir müddət normal yola getdiklərini, lakin balaca övladı dünyaya gəldikdən sonra Dildanə ilə bir evin içərisində ayrı yaşadığını, onun 2022-ci ilin iyun ayının 29-da isə uşaqları da götürüb evi tərk etdiyini, iddiaçı ilə ayrıldıqdan sonra 15-20 gün uşaqlarına zəng etdiyini, lakin iddiaçının onu uşaqları ilə danışdırmadığını, halbuki aralarında ayrılmalarına səbəb olacaq mübahisə olmadığını, iddiaçının əşyalarını yığaraq evdən getdiyini, onunla aralarında olan mübahisələrin əsas səbəbi ilə Dildanənin anasına qarşı olan düşüncələrindən qaynaqlandığını, anasının sakit bir insan olduğunu, lakin iddiaçının evdə hamıya çığırdığını, onun paltarlarını yaşadığı otaqdan bayıra atdığını, özünün 6-7 ildir ki, anası ilə birlikdə qaldığını, uşaq ikən spazma keçirdiyini, buna görə də sol tərəfinin hərəkətsiz olduğunu, lakin buna baxmayaraq ailəsinə həmişə yaxşı baxdığını, əvvəllər Gəmiqaya şirkətində işlədiyini, ayda 360 manat əmək haqqı aldığını, artıq işlədiyi vaxtlarda isə 500 manat maaş aldığını, 2021-ci ilin dekabr ayından işdən çıxdığını, ancaq pensiya ilə dolandığını, həqiqətən də iddiaçı ilə ayrı yaşadığı müddət ərzində birgə nikahlarından olan uşaqların saxlanılmasında iştirak etmədiyini, buna səbəb ilə özünün pensiya kartının 2022-ci ilin oktyabr ayınadək Dildanədə olması, həmin müddətdən sonra isə özünə yeni pensiya kartı aldığını, iddiaçının evi tərk etməsi üçün səbəb olmadığını, maddi imkanı olmadığı üçün iddiaçının tələb etdiyi miqdarda aliment ödəyə bilməyəcəyini bildirərək, yekunda iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Mülki işin materiallarını işdə iştirak edən şəxslərin izahatları ilə qarşılıqlı şəkildə tədqiq edən məhkəmə müəyyən edir ki, 31 oktyabr 2012-ci il tarixdə tərəflər arasında nikah bağlanması, onların birgə nikahından X5 və X3 anadan olması, tərəflərin hazırda ayrı yaşaması və onların birgə nikahlarından doğulmuş uşaqların anası, yəni iş üzrə iddiaçının yanında qalması və Cavabdeh İİ dərəcə əlilliyi olması işin mübahisəsiz hallarıdır. Bu faktların işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: - iddia ərizəsinə əlavə olunmuş və Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 08 sentyabr 2022-ci il tarixli, AZ-İ seriyalı, 604664 nömrəli akt qeydindən çıxarışdan Cavabdeh ilə X1 arasında 31 oktyabr 2012-ci il tarixdə nikah bağlanması, bunun nikahın bağlanması haqqında akt qeydləri kitabında 05 nömrə ilə qeyd edilməsi, nikah bağlanması zamanı iddiaçının özünə cavabdehin soyadını, yəni “Mustafayeva” soyadını seçməsi; - iddia ərizəsinə əlavə edilmiş və Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilən 08 sentyabr 2022-ci il tarixli, AZ-İİİ seriyalı, 081418 nömrəli akt qeydindən çıxarışdan tərəflərin 27 aprel 2014-cü il tarixdə X5 adlı övladının dünyaya gəlməsi; - iddia ərizəsinə əlavə edilmiş və Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilən 08 sentyabr 2022-ci il tarixli, AZ-İİİ seriyalı, 532462 nömrəli akt qeydindən çıxarışdan tərəflərin 28 iyun 2016-cı il tarixdə X7 adlı övladının dünyaya gəlməsi; -iddia tələbindən və tərəflərin məhkəmədə verdikləri izahatlardan onların ayrı yaşaması, onların birgə nikahından olan uşaqların hazırda anası, yəni iş üzrə iddiaçının yanında qalması; -cavabdehin məhkəməyə təqdim etdiyi Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Babək Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin verdiyi 30 yanvar 2023-cü il tarixli, 03/203 nömrəli arayışdan, həmçinin "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatdan Cavabdeh İİ dərəcə əlilliyi olması və 220 manat sosial müavinət alması aydın olur. İşin mübahisəli halı isə iddiaçının tələb etdiyi alimentin miqdarı ilə bağlıdır. Belə ki, iddiaçı tələbində övladları X2 və X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün 08 sentyabr 2022-ci il tarixdən hesablanmaqla, hər ay cavabdehdən bir uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla, iki uşağa görə cəmi 440 (dörd yüz qırx) manat miqdarında aliment tutulmasını tələb etsə də, cavabdeh tələbi qəbul etməyək maddi imkanın olmadığını bildirmişdi. İşin bu mübahisəli halının həlli ilə bağlı məhkəmə istinad etdiyi maddi və prosessual hüquq normaları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsində əks olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan şəxslər arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti, yəni alimenti ödəməyə borclu olur. Ailə qanunvericiliyinin tələbinə əsasən məhkəmə qaydasında alimentin tutulmasının iki qaydası müəyyən edilib: aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında və sabit pul məbləğində. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsində uşağın saxlanılması üçün alimentin sabit pul məbləğində tutulmasını əsası kimi şəxsin bu barədə olan xahişi qeyd olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də, aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd olunan maddi hüquq normalarını mülki iş materialları ilə qarşılıqlı şəkildə əlaqələndirən məhkəmə belə hesab edir ki, iddiaçının tələbi əsaslıdır. Alimentin miqdarının müəyyən edilməsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İddiaçı övladları X2 və X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay bir uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla, iki uşağa görə 440 (dörd yüz qırx) manat miqdarında aliment tutulmasını tələb etsə də, bu məbləğlə bağlı öz tələbini əsaslandıran faktları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iddiaçının nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Alimentin miqdarı ilə bağlı iddiaçı tərəf öz tələbini əsaslandıran halları sübuta yetirə bilmədiyindən məhkəmə belə hesab edir ki, alimentin miqdarı qanunvericiliyin tələbləri və işin faktiki halları nəzərə alınmaqla müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe isə ondan ibarətdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2023-cü ildə ölkədə yaşayış minimumu uşaqlar üçün 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. Cavabdeh ikinci qrup əlil olsa da, onun məhkəmədə verdiyi izahatdan aydın olur ki, ailəsinin ehtiyaclarını ödəmək üçün təkcə sosial müavinətlə kifayətlənməmiş, əmək fəaliyyəti ilə məşğul olmuş, hətta iddiaçı ilə ayrıldıqdan sonra özünə məxsus olan pensiya kartının üç aya yaxın İddiaçı qalmasına etiraz etməmişdi. İddiaçı da məhkəmədə verdiyi izahatında sonuncu qeyd edilən faktı təsdiqləyərək bunun özünün həkimə getməsi ilə bağlı olaraq qardaşından borc alması və onun borcunun qaytarılması üçün cavabdehin pensiya kartını ona verməsi ilə əsaslandırsa da, qeyd edilən əsasla bağlı məhkəməyə sübut təqdim etməmişdi. Məhkəmə yuxarıda göstərilən maddi hüquq normalarını, uşaqlar barəsində valideynlərin bərabər hüquq və vəzifələrə malik olmasını, uşaqların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını, 2023-cü il üzrə ölkədə yaşayış minimumunun uşaqlar üçün müəyyən edilmiş məbləğini və uşaqların ananın yanında qalması, uşağa qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu vaxt ərzində onun üzərinə düşməsini, onların yaşını, sayını, cavabdehin əlil, həmçinin əmək qabiliyyətlə olmasını, onun aldığı sosial müavinət məbləğini nəzərə alaraq belə nəticəyə gəlir ki, iddiaçının tələbi qismən təmin edilməli və yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün hər ay Cavabdeh bir uşağa görə 110 (bir yüz on) manat olmaqla, ümumilikdə iki uşaq üçün 220 (iki yüz iyirmi) manat məbləğində aliment sabit pul məbləğində tutulmalıdır. Alimentin hansı vaxtdan tutulmasına gəldikdə isə iddiaçının tələbindən aydın olur ki, o, alimentin 08 sentyabr 2022-ci ildən tutulmasını istəyir. Tələbin qeyd edilən hissəsinə hüquqi münasibət bildirən məhkəmə bildirir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Lakin həmin Məcəllənin 100.3-cü maddəsində o da qeyd edilir ki, məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. İddiaçının məhkəməyə təqdim etdiyi sənədlərdən görünür ki, onlar arasında 08 sentyabr 2022-ci ildə ilkin mediasiya sessiyası keçirilmiş, lakin cavabdeh həmin prosesdə iştirak etməmişdi. İddiaçı isə bundan 4 ay 15 gün keçdikdən sonra Cavabdeh qarşı alimentin tutulması tələbi məhkəməyə müraciət etmiş və ötən müddəti maddi imkanı olmadı üçün məhkəmədə iddia qaldıra bilməməsi ilə əsaslandırmışdı. Nəzərə alsaq ki, məhkəməyə təqdim olunmalı sənədlərin dairəsi mediasiya prosesi ilə bağlı olan sənədlərlə demək olar ki, eynilik təşkil edir, həmçinin aliment tələbi ilə bağlı iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar, belə olan halda məhkəmə iddiaçının ilkin mediasiya sessiyasından 4 ay 15 gün sonra məhkəmə müraciət etməsini üzrlü səbəb kimi qəbul etmir və alimentin tutulmasının həmin vaxtdan hesablanmasını əsaslı saymır. Bu səbəbdən də alimentin tutulmasının əvvəli iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan hesablanmalıdır. İş materiallarından aydın olur ki, İddiaçı Babək Rayon Məhkəməsinə 23 yanvar 2023-cü il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsində dərhal icra olunmalı qətnamələrdən biri kimi şəxsin saxlanılması üçün vəsaitlərin o cümlədən alimentlərin alınması qeyd olunduğundan qətnamə dərhal icra edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq, iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyindən, iddianın (12x(220x2)=5280) təmin edilmiş hissəsinə (12x(120x2)=2640) münasib olan 36,40 manat miqdarında dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Mülki işə baxılması zamanı isə cavabdehin dövlət rüsumu ödəməkdən azad edilməsinə əsas olan hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən, məhkəmə belə nəticəyə gəlir ki, iddianın təmin edilmiş hissəsinə münasib olaraq dövlət rüsumu cavabdehdən tutulmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - iddia qismən təmin olunmalı; - tərəflərin birgə nikahından olan 27 aprel 2014-cü il təvəllüdlü X2 və 28 iyun 2016cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh 23 yanvar 2023-cü il tarixdən hesablanmaqla hər ay bir uşaq üçün 110 (bir yüz on) manat olmaqla, ümumilikdə iki uşağa görə 220 (iki yüz iyirmi) manat miqdarında aliment tutularaq uşaqların anası İddiaçı ödənilməli; - iddia digər hissədə əsaslı sayılmadığından rədd olunmalı; - Cavabdeh 36 (otuz altı) manat 40 (qırx) qəpik miqdarında rüsum tutularaq dövlət büdcəsinə keçirilməli; - qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin edilsin. Tərəflərin birgə nikahından olan 27 aprel 2014-cü il təvəllüdlü X2 və 28 iyun 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh 23 yanvar 2023cü il tarixdən hesablanmaqla hər ay bir uşaq üçün 110 (bir yüz on) manat olmaqla, ümumilikdə iki uşağa görə 220 (iki yüz iyirmi) manat miqdarında aliment tutularaq uşaqların anası İddiaçı ödənilsin. İddia digər hissədə əsaslı sayılmadığından rədd olunsun. Cavabdeh 36 (otuz altı) manat 40 (qırx) qəpik miqdarında rüsum tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra olunsun. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar