Məhkəmə qərarları › İş №2(079)-111/2024

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-111/2024

01.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-111/2024 01.03.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi, iddiaçının vəkil-nümayəndəsi Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2009-cu il təvəllüdlü X1, xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün Cavabdeh hər uşaq üçün hər ay sabit məbləğdə 235 (iki yüz otuz beş) manat olmaqla, ümumilikdə 705 (yeddi yüz beş) manat alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq bildirmişdir ki, cavabdehlə 22 iyun 2007-ci il tarixdə Babək rayon İH-nin Kültəpə kənd İƏD üzrə nümayəndəliyində rəsmi nikaha daxil olmuşuq və bu barədə nikah akt qeydləri kitabında 04 nömrə ilə qeydiyyat aparılmışdır. Birgə nikahdan birgə yaşadığımız müddətdə üç övladımız: 1.X5 (xx.xx.2009-cu il təvəllüdlü); 2.X6 (xx.xx.2010cu il təvəllüdlü); 3.X7 (xx.xx.2018-ci il təvəllüdlü) doğulmuşdur. Ayrı yaşadığımız müddət ərzində cavabdeh ailəsinin dolanışığı ilə maraqlanmamış, övladlarını maddi cəhətdən təmin etmir, bu səbəbdən də biz maddi cəhətdən sıxıntı içində yaşayırıq. Ona görə də mən məcburiyyət qarşısında qalaraq Cavabdeh uşaqlarına sabit məbləğdə aliment ödəməsini istəyirəm. Aliment tələbi ilə bağlı Naxçıvan Mediasiya təşkilatına müraciət olunmuş və müvafiq arayış alınaraq işə əlavə olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə mülki işə iddiaçının şəxsən iştirakı olmadan baxlmasını mümkün hesab etmişdir. İddiaçının vəkil-nümayəndəsi Vəkil məhkəmə iclasında verdiyi izahatında tərəflərin 22 iyun 2007-ci il tarixdə rəsmi nikaha daxil olduqlarını, birgə nikahdan üç övladlarının Şabanova Zeynəb, Şabanova Elnarə və Şabanova Cəmilənin dünyaya gəldiyini, hazırda tərəflərin ayrı yaşadıqlarını, nikahın pozulması ilə bağlı cavabdehin artıq məhkəməyə müraciət etdiyini, iddiaçının heç bir gəlirinin olmadığını, hazırda iddiaçının ata evində yaşadığını, uşaqların birinin 15, digərinin 14, üçüncüsünün isə 6 yaşınını olduğunu, hər üçünün məktəbli olduğunu, Babək rayonu, Kərimbəyli kənd orta məktəbində oxuduqlarını, iddianı müdafiə etdiyini, lakin iddianı yaşayış minimumu həddində qaldırmalarına baxmayaraq cavabdehin qəbul etdiyi 115 manat həddində təmin olunmasının da məqbul hesab edilə biləcəyini bildirmiş, qanuni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında nikahda olanda Kültəpə kəndində yaşadıqlarını, yaşadıqları evin atasına aid olduğunu, valideynləri ilə birlikdə yaşadıqlarını, uşaqların dolanışıqlarının çox yaxşı olduğunu, belə ki, atası və anasının da onlara kömək etdiklərini, ailənin zəruri ehtiyaclarını qarşıladığını, iddiaçı ilə 17 ildir ailəli olduqlarını, 17-18 ildir avtobus sürücüsü işlədiyini, müqavilə əsasında nəqliyyata vergi verərək fəaliyyət göstərdiyini, maşınının təmir işlərinin də vəsait tələb etdiyini, ayın 15 günü işdə olduğunu, bunun da həftə sonuna təsadüf edən günlərində gəlirin az olduğunu, qazancının o qədər də yaxşı olmadığını, günlük 30-40 manat qazanırsa onun 20 manatını yanacağa, öz ehtiyaclarına verdiyini, onun aylıq qazancının 300-400 manat olduğunu, əlavə heç bir gəlirinin olmadığını, tələb olunan alimenti ödəməyə gücünün çatmayacağını, uşaqlara ayda hər birinə 115 manat aliment verə biləcəyini, uşaqların iddiaçının atası evinə getdikləri gündən bəri onlara köməklik etdiyini, onları bacısının oğlunun toyuna gətirdiyini, 300-400 manat məbləğində paltar aldığını, uşaqların hər üçünün məktəbə getdiyini, qızı Zeynəbin iki fənndən hazırlığa getdiyini, aylıq ödənişinin 55 manat olduğunu, hazırlıq pullarını hələ ki, özünün verdiyini, amma aliment təyin olunandan sonra verə bilməyəcəyini, məktəb ləvazimatlarını özünün aldığını, böyük qızını dərsdən çıxanda aparıb evə təhvil verdiyini, uşaqların gəlib onlarda da qaldıqlarını, ailəli olduqları və ayrıldıqları müddətdə uşaqlara hər şey etdiyini, gəzdirdiyini, aralarındakı nikahın hələ pozulmadığını, iddiaçının sentyabrın 20-dən getdiyini, arada qayıdıb gəlib yenidən getdiyini, ilk vaxtlar uşaqları görməyə getsə də son vaxtlar getmədiyini, onların aylıq geyim, məktəb xərclərinin nə qədər olub-olmadığını hesablaya bilmədiyini, amma nikah müddətində uşaqlarına yaxşı baxdığını, iddiaçının gəlirinin birlikdə yaşadıqları müddətdə də olmadığını bildirmiş, iddianın qəbul etdiyi hissədə təmin edilməsini məhkəmədən xahiş etmişdir. Mülki işin materiallarını tədqiq edən məhkəmə qeyd edir ki, xx.xx.2009-cu il təvəllüdlü X5, xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X3 atasının Cavabdeh, anasının isə İddiaçı olduğu işin mübahisəsiz hallarıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Naxçıvan “ASAN xidmət” məkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş 544 nömrəli AZ-İ seriyalı, 255124 nömrəli nikah haqqında şəhadətnamədən çıxarışdan belə məlum olur ki, tərəflər arasında rəsmi nikah münasibətləri mövcuddur. Həmçinin iş materiallarına əlavə edilmiş Naxçıvan “ASAN xidmət” məkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş 545 nömrəli arayışdan birgə nikahdan X1 xx.xx.2009-cu il tarixdə Babək rayon Kültəpə kəndində anadan olduğu, xx.xx.2009-cu il tarixdə Babək rayon Kültəpə kənd İcra Nümayəndəliyi tərəfindən 04 nömrə ilə akt qeydinin tərtib edildiyi, uşağın atasının Cavabdeh, anasının isə İddiaçı olduğu müəyyən olunur. Həmçinin iş materiallarına əlavə edilmiş Naxçıvan “ASAN xidmət” məkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş 543 nömrəli arayışdan birgə nikahdan X2 xx.xx.2010-cu il tarixdə Naxçıvan şəhərində anadan olduğu, xx.xx.2010-cu il tarixdə Babək rayon Qeydiyyat Şöbəsi tərəfindən 448 nömrə ilə akt qeydinin tərtib edildiyi, uşağın atasının Cavabdeh, anasının isə İddiaçı olduğu müəyyən olunur. Həmçinin iş materiallarına əlavə edilmiş Naxçıvan “ASAN xidmət” məkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş 546 nömrəli arayışdan birgə nikahdan X3 xx.xx.2018-ci il tarixdə Naxçıvan şəhərində anadan olduğu, xx.xx.2018-ci il tarixdə Babək rayon Kültəpə kənd İcra Nümayəndəliyi tərəfindən 01 nömrə ilə akt qeydinin tərtib edildiyi, uşağın atasının Cavabdeh, anasının isə İddiaçı olduğu müəyyən olunur. Məhkəmə araşdırması nəticəsində isə cavabdehin uşaqları saxlamaq vəzifəsini lazımınca yerinə yetirmədiyi məlum olur. Məhkəmə uşaqların yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün cavabdehdən sabit pul məbləğində alimentin alınaraq iddiaçıya verilməsi tələbi ilə bağlı aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Ailə Məcəlləsi (bundan sonra - “AM”) uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. AM-in 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə qanunvericiliyində məhkəmə qaydasında alimentin tutulmasının 2 qaydası müəyyən edilmişdir: - aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında; - sabit pul məbləğində. AM-in 78.1-ci maddəsinin tələblərinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsaitin tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Göründüyü kimi qanunverici göstərilən maddədə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin sabit məbləğdə tutulmasının bir neçə əsasını müəyyən etmişdir. Bu əsaslardan hər hansı biri mövcud olduqda alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Məhkəmə, alimenti qazancın (gəlirin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır. Qanunvericinin yuxarıda göstərilən maddədə müəyyən etdiyi əsas şərtlərdən biri də ondan ibarətdir ki, alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir. (Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin qərarı). Məhkəmə alimentin sabit pul məbləğində tutulmasından imtina üçün əsasların müəyyən edilməməsini nəzərə alaraq və sübutetmə yükünün bölüşdürülməsinin ümumi qaydasını rəhbər tutaraq alimentin sabit məbləğdə tutulması ilə bağlı iddiaçının tələbini əsaslı sayır. AM-in 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Konstitusiya Məhkəməsinin yuxarıda adı çəkilən qərarına əsasən məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Sözügedən halların araşdırılması zamanı Elektron Məhkəmə İnformasiya Sistemindən cavabdehin gəlir məlumatları üzrə çıxarış məlumatlarından onun əmək müqaviləsi bağlamadığı, pensiya və sosial ödəniş almadığı müəyyən olunur. Eyni zamanda şəxsin vergi məlumatlarından çıxarışdan belə məlum olur ki, o xx.xx.2011-ci ildən vergi ödəyicisi (VÖEN - **********) kimi qeydiyyatdadır. İddiaçının izahatı əsasında ictimai nəqliyyat üzrə sürücü kimi fəaliyyət göstərdiyi və aylıq gəlirinin olduğu müəyyən olunur. Azərbaycan Respublikası Məhkəmələrinin Elektron Məhkəmə İnformasiya Sistemindən iddiaçının gəlir məlumatları üzrə çıxarışdan və proses iştirakçılarının üst-üstə düşən izahatlarından isə onun əmək müqaviləsi bağlamadığı, pensiya və sosial ödəniş almadığı, həmçinin tərəflərin üst-üstə düşən izahatlarından heç bir gəlirinin olmadığı müəyyən olunmuşdur. Azərbaycan Respublikası Məhkəmələrinin Elektron Məhkəmə İnformasiya Sistemindən cavabdehin qohumluq münasibətləri üzrə çıxarışdan hazırda aliment tələb olunan uşaqlardan başqa yetkinlik yaşına çatmayan uşağının olmadığı müəyyən olunur. Azərbaycan Respublikası Məhkəmələrinin Elektron Məhkəmə İnformasiya Sistemindən cavabdehin əmlak məlumatları üzrə çıxarışdan mülkiyyətində daşınmaz əmlak və yol-nəqliyyat vasitəsinin olmadığı müəyyən olunur. Azərbaycan Respublikası Məhkəmələrinin Elektron Məhkəmə İnformasiya Sistemindən iddiaçının əmlak məlumatları üzrə çıxarışdan mülkiyyətində daşınmaz əmlak və yol-nəqliyyat vasitəsinin olmadığı müəyyən olunur. Tərəflərin izahatı əsasında müəyyən olunmuşdur ki, yetkinlik yaşına çatmayan uşaqlar hazırda anası ilə qalır və uşaqlara qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi iş üzrə iddiaçının üzərinə düşür. Uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə alır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. MPM-in 13.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə mübahisələri Azərbaycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, qanunlara, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına, habelə Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə əsasən həll edir. Bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir (Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin qərarı). Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə ilk olaraq Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Həmçinin ali qanunun 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Bundan əlavə “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. ”İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Yuxarıda qeyd edilən maddi hüquq normaları, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində əks olunmuş bərabərlik hüququnun mahiyyətindən belə məlum olur ki, uşaqlara münasibətdə valideynlər bərabər hüquq və vəzifələrə malikdir. Bu isə onu deməyə əsas verir ki, hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcləri ilə təmin edilməsində hər iki valideyn bərabər və eyni öhdəliyə sahibdir. Məhkəmə yuxarıda göstərilən maddi hüquq normalarını, uşaqlar barəsində valideynlərin bərabər hüquq və vəzifələrə malik olmasını, uşaqların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini, 2024-cü ildə ölkədə yaşayış minimumunun uşaqlar üçün 235 (iki yüz otuz beş) manat məbləğində müəyyən edilməsini, yetkinlik yaşına çatmayan uşaqların hazırda ananın yanında yaşamaqla məişət qayğılarının onun üzərinə düşməsini, yetkinlik yaşına çatmayan uşaqların yaşı nəzərə alınmaqla təhsil xərclərini, tərəflərin gəlirlərini və əmlak vəziyyətini nəzərə alaraq, belə nəticəyə gəlir ki, yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün Cavabdeh hər ay bir uşağın saxlanılması üçün 115 (bir yüz on beş) manat olmaqla, üç uşağın saxlanılması üçün 345 (üç yüz qırx beş) manat sabit pul məbləğində aliment tutularaq uşaqların anasına ödənilməlidir. AM-in 100.2-ci maddəsinin tələbinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçının iddia ərizəsi isə Babək Rayon Məhkəməsinin icraatına xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. Aliment tələbinin icra edilməsi anı ilə bağlı isə məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsində dərhal icra olunmalı qətnamələrdən biri kimi şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması qeyd olunmuşdur. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, MPM-in 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda 69.6 (altmış doqquz manat altmış qəpik) manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. 12X345=4140 30+(3140X1%)=61.4 Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, xx.xx.2024-cü il tarixdən hesablanmaqla, xx.xx.2009-cu il təvəllüdlü X1, xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün iş üzrə Cavabdeh bir uşaq üçün 115 (bir yüz on beş) manat olmaqla, üç uşağın saxlanılması üçün 345 (üç yüz qırx beş) manat sabit pul məbləğində aliment tutulub uşaqların anası İddiaçı ödənilməli, iddia qalmış hissədə rədd olunmalı, qətnamə alimentə dair hissədə dərhal icra olunmalı, Cavabdeh 61.4 (altmış bir manat qırx qəpik) manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin edilsin. xx.xx.2024-cü il tarixdən hesablanmaqla, xx.xx.2009-cu il təvəllüdlü X1, xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün iş üzrə Cavabdeh bir uşağın saxlanılması üçün 115 (bir yüz on beş) manat olmaqla, üç uşağın saxlanılması üçün 345 (üç yüz qırx beş) manat sabit pul məbləğində aliment tutulub uşaqların anası İddiaçı ödənilsin. İddia qalmış hissədə rədd edilsin. Qətnamə alimentə dair hissədə dərhal icra olunsun. Cavabdeh 61.4 manat (altmış bir manat qırx qəpik) məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar