Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(079)-116/2021 25.02.2021 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən е t d i: İddiaçı xx xxxxxx 2021-ci ildə iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək, xx xxxx 2019-cu il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay sabit pul məbləğində 170 manat miqdarında alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdir ki, Cavabdeh ilə xx xxxxx 2019-cu il tarixində nikah qeydiyyatından keçməklə nikahımızı rəsmiləşdirmişik. Birgə nikahımızdan xx xxxx 2019-cu il təvəllüdlü X3 dünyaya gəlmişdir. Ümid mən və övladımıza qarşı həmişə məsuliyətsiz olmuşdur. O, həmişə məni döyür təhqir edir, hazırda mən hamiləyəm. Ümid isə bu uşağın dünyaya gəlməsini istəmir. Mən də buna razı olmadığımdan həmişə qaynanam, yoldaşım məni döyüb, təhqir edirdi. Mən də məcbur qalıb valideyinlərimi görmək bəhanəsi ilə sentyabr ayında yaşadığım Bakı şəhərindən Cəhri qəsəbəsinə gəlmişəm. Həmin vaxtdan atam evində yaşayıram. Cavabdeh uşağa heç bir maddi köməklik göstərməmiş, övladımızın saxlanılması üçün bu günədək yardım etməmiş, aliment ödəməmişdir. Qeyd edim ki, uşağı saxlamaq hər iki valideyinin həm hüququ, həm də vəzifəsidir. Cavabdeh müstəqil qazancı yoxdur. Amma onun fərdi əmək fəaliyyəti göstərərək yaxşı qazanc əldə etdiyini bilirəm. Hesab edirəm ki, bu gün bir uşağın saxlanılması üçün ayda 170 (bir yüz yetmiş) manat yetərli olar və cavabdehin də bu məbləği ödəmək imkanı var. Əlavə olaraq bildirmək istəyirəm ki, özüm hamilə olduğumdan heç bir yerdə işləmirəm. Dolanışığımız çətindir, övladımın saxlanması üçün maddi köməkliyə ehtiyacım vardır. İddiaçı məhkəmədə verdiyi izahatında cavabdeh ilə qayınanasının vasitəçiliyi ilə tanış olduğunu, 2018-ci ildə el adəti ilə toy edib ailə qurduqlarını, nikahlarını isə 2019cu ilin aprel ayında rəsmiləşdirdiklərini, birgə nikahlarından bir uşağın dünyaya gəldiyini, Ümidlə ailə qurduqdan sonra təqribən 7-8 ay normal yola getdiklərini, lakin sonradan aralarında olan münasibətlərin pozulduğunu, bunun isə cavabdehin onu döyüb, təhqir etməsindən qaynaqlandığını, həmçinin özünün hazırda hamilə olduğunu, lakin Ümid və onun valideynlərinin bu uşağı dünyaya gətirməsinə razı olmadığını, buna görə aralarında mübahisə yarandığını, nəticədə 2020-ci ilin sentyabr ayından ayrı yaşadıqlarını, Ümidin Bakı şəhərində, özünün isə Babək rayonu, Cəhri qəsəbəsində yaşadığını, birgə nikahlarından olan qızının da öz yanında qaldığını, lakin cavabdehin uşağın saxlanılmasında iştirak etmədiyini, ona maddi cəhətdən köməklik etmədiyini, hazırda hamilə olduğunu, heç bir yerdə işləmədiyini, cavabdehin isə ev təmiri ilə məşğul olaraq yaxşı qazanc əldə etdiyini qeyd edərək, yekunda iddiasının təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilsə də o, məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 172.2 və 185-ci maddələrinin tələblərinə əsaslanaraq məhkəmə işə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki işin materiallarını işdə iştirak edən şəxsin izahatı ilə əlaqəli şəkildə tədqiq edərək məhkəmə müəyyən edir ki, tərəflərin xx xxxxx 2019-cu tarixdə nikaha daxil olması, onların ayrı yaşaması, xx xxxx 2019-cu il təvəllüdlü X1 hazırda iddiaçının yanında qalması mülki işin mübahisəsiz hallarıdır. Bu faktların işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: -iddia ərizəsinə əlavə edilmiş Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli AZ-İİ seriyalı, 215424 nömrəli nikah haqında akt qeydindən çıxarışdan tərəflərin xx xxxxx 2019-cu il tarixdə nikah bağlanması, bunun akt qeydləri kitabında 64 nömrə ilə qeyd edilməsi, nikah bağlanması zamanı iddiaçının özünə cavabdehin soyadını, yəni “Qənbərova” soyadını seçməsi; -iddia ərizəsinə əlavə edilmiş Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli, AZ-İV seriyalı, 167415 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən iş üzrə tərəflərin xx xxxx 2019-cu ildə X3 adlı uşağın anadan olması; -iddia tələbindən və iddiaçının məhkəmədə verdiyi izahatdan tərəflərin ayrı yaşaması və onların birgə nikahından olan uşağın iddiaçının yanında yaşaması aydın olur. İşin mübahisəli halı isə iddiaçının cavabdehlə birgə nikahından olan övladı X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh 170 (bir yüz yetmiş) manat miqdarında aliment tutulmasını tələb etməsidir. İşin bu mübahisəli halını həlli ilə bağlı məhkəmə istinad etdiyi maddi və prosessual hüquq normaları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan şəxslər arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti, yəni alimenti ödəməyə borclu olur. Ailə qanunvericiliyinin tələbinə əsasən məhkəmə qaydasında alimentin tutulmasının iki qaydası müəyyən edilib: aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında və sabit pul məbləğində. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində və “Uşaq hüquqları haqqında Azərbaycan Respublikası Qanunun 19-cu maddəsində əks olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsində uşağın saxlanılması üçün alimentin sabit pul məbləğində tutulmasını əsası kimi şəxsin bu barədə olan xahişi qeyd olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də, aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd olunan maddi hüquq normalarını mülki iş materialları ilə qarşılıqlı şəkildə əlaqələndirən məhkəmə belə hesab edir ki, iddiaçının tələbi əsaslıdır. Alimentin miqdarının müəyyən edilməsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq, müəyyən edilir. İddiaçı övladı X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 170 (bir yüz yetmiş) manat miqdarında aliment tələb edib, bunu onun ev təmiri ilə məşğul olub yaxşı gəlir əldə etməsi ilə əsaslandırsa da, bu məbləğlə bağlı öz tələbini əsaslandıran faktları təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iddiaçının nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi xx xxxx 2019cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Alimentin miqdarı ilə bağlı iddiaçı tərəf öz tələbini əsaslandıran halları sübuta yetirə bilmədiyindən məhkəmə qanunvericiliyin tələbini nəzərə alaraq belə hesab edir ki, alimentin miqdarının qanunvericiliyin tələbləri nəzərə alınmaqla təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx xxxx 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe isə ondan ibarətdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, həmin Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2021-ci ildə ölkədə yaşayış minimumu uşaqlar üçün 175 (bir yüz yetmiş beş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə yuxarıda göstərilən maddi hüquq normalarını, uşaqlar barəsində valideynlərin bərabər hüquq və vəzifələrə malik olmasını, uşağın təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını, 2021-ci ildə ölkədə yaşayış minimumunun uşaqlar üçün 175 (bir yüz yetmişbeş) manat məbləğində müəyyən edilməsini, uşağın iddiaçının yanında qalması, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu vaxt ərzində onun üzərinə düşməsini, aliment ödənilməli olan uşağın sayını, saxlanılması üçün aliment təyin edilməsi tələb edilən uşağın yaşını nəzərə alaraq belə nəticəyə gəlir ki, iddiaçının tələbi qismən təmin edilməli və yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün hər ay cavabdehdən 100 (bir yüz) manat məbləğində aliment tutulmalıdır. Aliment sabit pul məbləğində müəyyənləşdirilərkən o nəzərə alınmışdır ki, uşaqların saxlanması üçün aliment tələb edən iş üzrə iddiaçı isə alimentin sabit pul məbləğində müəyyənləşdirilməsini xahiş edir. Alimentin hansı vaxtdan tutulması məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından aydın olur ki, İddiaçı Babək Rayon Məhkəməsinə xx xxxxxx 2021-ci il tarixdə müraciət etmişdir, buna görə də alimentin tutulmasının əvvəli həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsində dərhal icra olunmalı qətnamələrdən biri kimi şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması qeyd olunduğundan qətnamə dərhal icra edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq, iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyindən, iddianın (12x170=2040) təmin edilmiş hissəsinə (12x100=1200) münasib olan 17,70 manat miqdarında dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq, cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia qismən təmin olunmalı; -xx xxxxxx 2021-ci il tarixdən hesablanmaqla, xx xxxx 2019-cu ildə anadan olan X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh 100 (bir yüz) manat miqdarında aliment tutulmaqla uşağın anası İddiaçı Nəsrulla qızına ödənilməli; - Cavabdeh 17 (on yeddi) manat, 70 (yetmiş) qəpik miqdarında rüsum tutularaq dövlət büdcəsinə keçirilməli; - qətnamə alimentə dair hissədə dərhal icra olunmalı; - iddia qalan hissədə əsaslı olmadığından təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin edilsin. “03” fevral 2021-ci il tarixdən hesablanmaqla, xx xxxx 2019-cu ildə anadan olan X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh 100 (bir yüz) manat miqdarında aliment tutularaq uşağın anası İddiaçı Nəsrulla qızına ödənilsin. Cavabdeh 17 (on yeddi) manat, 70 (yetmiş) qəpik miqdarında rüsum tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentə dair hissədə dərhal icra olunsun. İddia qalan hissədə əsaslı olmadığından təmin edilməsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №2(079)-116/2021
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-116/2021
25.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver