Məhkəmə qərarları › İş №2(079)-118/2025

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-118/2025

04.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-118/2025 04.03.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçınin iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı 07 yanvar 2025-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh bir uşağın saxlanılmasına görə 350 (üç yüz əlli) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq qeyd etmişdir ki, mən- İddiaçı, Cavabdeh ilə 29 oktyabr 2018-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə nikahımızı rəsmiləşdirmişik. Bizim birgə nikahımızdan xx.xx.2024-cü il təvəllüdlü X6 dünyaya gəlmişdir. Ailə həyatı qurandan münasibətlərimiz yaxşı olmuşdur. Hal-hazırda nikahımız pozulmayıb. Cavabdeh mənə və azyaşlı övladımıza baxmadığından 10 iyun 2024-cü il tarixdən azyaşlı övladımı da götürüb atam evinə getmişəm. Özüm heç yerdə işlənirəm, atam Əbülfəzin sayəsində övladımı saxlayıram. Əlavə olaraq övladımızda mədə bağırsaq xəstəliyi var, müalicəsi üçün Bakı şəhərinə aparıram, xəstəxana xərclərini atam qarşılayır. Cavabdeh bir dəfə də olsun nə mənimlə, nə də uşaqla maraqlanmamışdır. Uşağı saxlamaq hər iki valideyinin həm vəzifəsi, həmdə borcudur. Lakin cavabdeh uşağın saxlanılmasına maddi köməklik etməyərək valideyinlik hüquq və vəzifələrini pozmaqdadır. Uşaq balaca və xəstə olduğundan həkim tərəfindən müəyyən olunmuş yeməklər alının, tək uşağın bir həftəlik yeməyi 100 manatdan çox pul tutur. Mən ancaq vaxtımı uşağa baxmağa sərf edirəm. Mediasiyaya müraciət etdim, mediasiya prosesində cavabdeh iştirak etmədiyindən mediasiya arayış verərək məhkəməyə müraciət etməli olduğum bildirildi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında qarşılıqlı iddia ərizəsində cavabdehin bildirdiklərinin əksinə olaraq müalicə məqsədilə Naxçıvana qayıtmadıqlarını, buraya gəlmələrinin səbəbinin cavabdehin anasının onların işlərinə müdaxiləsindən qaynaqlandığını, cavabdehin anasının Cəhri qəsəbəsində yerləşən evində yaşadıqlarını, daha sonra orada şərait olmadığından öz anasının Cəhri qəsəbəsində yerləşən evində 4 il yaşadıqlarını, cavabdehin arada iş düşəndə 5-10 gün dükanlarda günü 5-10 manata işlədiyini, müalicəsinin pulunun çoxunu öz ailəsinin qarşıladığını, qızıllarını da müalicə zamanı satmadığını, onları cavabdehin sataraq pulunu özünə xərclədiyini, qızıllarını ondan tələb edəcəyini, cavabdehin özünün və anasının təmizlik xəstəsi olduğunu, qapını əli ilə aça bilmədiyini, əllərini hər an yumalı olduğunu, Bakıya qayıtdıqdan və uşaq anadan olduqdan sonra ailədə problemlərin daha da artdığını, ona uşağa əl vurmağa icazə vermədiklərini, uşağı ondan uzaqlaşdırmağa başladıqlarını, xəstəxanada olarkən səhhəti ilə bağlı həkimin məsləhəti ilə uşağı xəstəxanada qoyub müalicə üçün evə gəldiyini, çünki uşağı özünün səhhətinə görə qucağına ala bilmədiyini, cavabdehin və onun anasının da bunu bəhanə edərək uşağa baxmadığını, ona tibb bacısının baxdığını dediklərini, sonra isə uşağı ondan alaraq onu və anasını evdən çıxardaraq qapını bağladıqlarını, atasının isə onun qayınatasına zəng edəndə qayınatasının onun atasına “gəl qızına sahib çıx” dediyini, cavabdehin xalası oğlunun vəkil olduğunu, hüquq mühafizə orqanlarında işləyən qohumunun olduğunu bildirdiyini, bunları deməklə ona hədəqorxu gəldiklərini, özünün bağlı saxlanıldığı vaxt evə gizli polis çağırdığını və polis vasitəsi ilə uşağı da evdən götürüb Naxçıvana qayıtdığını, cavabdehin bu müddətdə uşaqla maraqlanmadığını, bunun üçün 11 ay gözlədiyini, lakin nəticəsəsinin olmadığını, uşağın mədəbağırsağında xəstəliyin olduğunu, xüsusi yeməklər və kaşalar yediyini, ay ərzində həmin yeməklərə kifayət qədər pul sərf olunduğunu bildirmiş, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mülki işin materiallarını işdə iştirak edən şəxsin izahatı ilə qarşılıqlı şəkildə tədqiq edən məhkəmə müəyyən edir ki, 29 oktyabr 2018-ci il tarixdə tərəflər arasında nikahın bağlanması, onların birgə nikahından X4 doğulması, tərəflərin hazırda ayrı yaşaması və onların birgə nikahlarından doğulmuş uşağın anası, yəni iş üzrə iddiaçının yanında qalması işin mübahisəsiz hallarıdır. Bu faktların işin mübahisəsiz halları olması iddia ərizəsinə əlavə olunmuş aşağıdakı sübutlarla təsdiq olunur: - Naxçıvan şəhər Nikah Evi tərəfindən verilmiş 23 dekabr 2024-cü il tarixli, 557 nömrəli nikahın bağlanması haqqında arayışın təsdiq edilmiş surətindən Cavabdeh ilə İddiaçı arasında nikahın bağlanması, bunun nikahın bağlanması haqqında akt qeydləri kitabında 2617 nömrə ilə qeyd edilməsi, iddiaçının bundan sonra özünə “İsmayılova” soyadını götürməsi; - 4 saylı Bakı ASAN xidmət mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilən xx.xx.2024-cü il tarixli, AZ-V seriyalı, 021039 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən tərəflərin xx.xx.2024-cü il tarixdə X6 adlı övladının dünyaya gəlməsi; - iddia tələbindən və iddiaçının məhkəmədə verdiyi izahatdan tərəflərin ayrı yaşaması, onların birgə nikahından olan uşağın hazırda anası, yəni iş üzrə iddiaçının yanında qalması aydın olur. İşin mübahisəli halı isə iddiaçının övladı X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdehdən bir uşaq üçün 350 (üç yüz əlli) manat miqdarında aliment tutulmasını tələb etməsidir. İşin bu mübahisəli halının həlli ilə bağlı məhkəmə istinad etdiyi maddi və prosessual hüquq normaları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsində əks olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan şəxslər arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti, yəni alimenti ödəməyə borclu olur. Ailə qanunvericiliyinin tələbinə əsasən məhkəmə qaydasında alimentin tutulmasının iki qaydası müəyyən edilib: aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında və sabit pul məbləğində. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsində uşağın saxlanılması üçün alimentin sabit pul məbləğində tutulmasını əsası kimi şəxsin bu barədə olan xahişi qeyd olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də, aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd olunan maddi hüquq normalarını mülki iş materialları ilə qarşılıqlı şəkildə əlaqələndirən məhkəmə belə hesab edir ki, iddiaçının uşağın saxlanılması üçün sabit pul məbləğində aliment tələbi əsaslıdır. Alimentin miqdarının müəyyən edilməsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İddiaçı övladı X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 350 (üç yüz əlli) manat miqdarında aliment tutulmasını tələb etsə də, bu məbləğlə bağlı öz tələbini əsaslandıran sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iddiaçının nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Alimentin miqdarı ilə bağlı iddiaçı tərəf öz tələbini əsaslandıran hallarla bağlı sübut təqdim etmədiyindən məhkəmə belə hesab edir ki, alimentin miqdarı qanunvericiliyin tələbləri və işin faktiki halları nəzərə alınmaqla müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe isə ondan ibarətdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə onu da qeyd edir ki, yaşayış minimumu məbləği Azərbaycan Respublikasında bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, özüözlüyündə aliment məbləğinin bu həddə müəyyən edilməsi anlamına gəlmir. Qanunvericilik aliment məbləğinin müəyyən edilməsi zamanı bir sıra halların araşdırılmalı olduğunu tələb edir. Konstitusiya Məhkəməsinin yuxarıda adı çəkilən qərarına əsasən məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Məhkəmə tərəfindən "xxxx"dən cavabdehin sorğulanmış gəlir məlumatları üzrə çıxarışdan ″Tam Store″ Məhdud Məsuliyyətli Cəmiyyətində təhlükəsizlik xidməti üzrə qoruyucu işləyərək 556 manat əmək haqqı alması aydın olur. Azərbaycan Respublikası Məhkəmələrinin Elektron Məhkəmə İnformasiya Sistemindən cavabdehin qohumluq münasibətləri üzrə çıxarışdan hazırda aliment tələb olunan uşaqdan başqa yetkinlik yaşına çatmayan uşağının olmadığı müəyyən olunur. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2025-ci ildə ölkədə yaşayış minimumu uşaqlar üçün 246 (iki yüz qırx altı) manat məbləğində müəyyən edilmişdir. K.Fərəcov adına X1 X7 05 iyun 2024-cü il tarixli tibbi müayinə vərəqəsindən belə məlum olur ki, yenidoğulmuş İddiaçı Əli qızına “yenidoğulmuşlarda nekrozlaşan enterokolit, dəqiqləşdirilməmiş anemiya” diaqnozu qoyulmuşdur. Məhkəmə uşaqlar barəsində valideynlərin bərabər hüquq və vəzifələrə malik olmasını, uşaqların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini, 2025ci il üzrə ölkədə yaşayış minimumunun uşaqlar üçün müəyyən edilmiş məbləğini və minimum əmək haqqının məbləğini, uşağın ananın yanında qalması, uşağa qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu vaxt ərzində onun üzərinə düşməsini, uşağın yaşını, sayını və sağlamlıq vəziyyətini, iddiaçının gəlirlərini və onun aliment tələb olunan uşaqdan başqa aliment ödədiyi uşağının olmamasını nəzərə alaraq belə nəticəyə gəlir ki, sabit pul məbləğinin miqdarı 180 manat həddində müəyyən olunmalıdır. Alimentin hansı vaxtdan tutulmasına gəldikdə isə məhkəmə bildirir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından aydın olur ki, İddiaçı Babək Rayon Məhkəməsinə aliment tələbi ilə bağlı 07 yanvar 2025-ci il tarixdə müraciət etmişdir. Məhkəmə sonda belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli və yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün hər ay Cavabdeh İddiaçı xeyrinə hər ay bir uşaq üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.45 misli həddində olmaqla sabit pul məbləğində aliment tutulmalı, iddia qalmış hissədə rədd edilməlidir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 20 ” dekabr 2024-cü il tarixli qərarının 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsində dərhal icra olunmalı qətnamələrdən biri kimi şəxsin saxlanılması üçün vəsaitlərin o cümlədən alimentlərin alınması qeyd olunduğundan qətnamə dərhal icra edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3cü maddəsinə müvafiq olaraq, iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyindən, iddianın (12x(350x1)=4200) təmin edilmiş hissəsinə (12x(180x1)=2160) mütənasib olan 31.88 (otuz bir manat, səksən səkkiz qəpik) manat miqdarında dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Mülki işə baxılması zamanı isə cavabdehin dövlət rüsumu ödəməkdən azad edilməsinə əsas olan hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən, məhkəmə belə nəticəyə gəlir ki, iddianın təmin edilmiş hissəsinə münasib olaraq dövlət rüsumu cavabdehdən tutulmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin edilsin. Tərəflərin birgə nikahından olan 14 may 2024-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün 07 yanvar 2025-ci il tarixdən hesablanmaqla hər ay Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0.45 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddia digər hissədə rədd olunsun. Cavabdeh 31.88 (otuz bir manat, səksən səkkiz qəpik) miqdarında rüsum tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra olunsun. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar