Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-125/2024 12.03.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı “19” yanvar 2024-cü ildə iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh ilə birgə nikahdan 17 avqust 2015-ci il tarixdə doğulmuş X2, 17 noyabr 2016-cı il tarixdə doğulmuş X5 və 23 may 2021-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay Cavabdeh aylıq qazancın ikidə biri hissəsi miqdarında alimentin alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O, tələbini əsaslandıraraq qeyd etmişdir ki, 14 sentyabr 2014-cü ildə rəsmi nikah qeydiyyatından keçməklə Cavabdeh ilə evlənmişəm. Birgə nikahımızdan 17 avqust 2015ci il tarixdə X6, 17 noyabr 2016-cı il tarixdə X10 və 23 may 2021-ci il tarixdə X8 adlı üç övladımız olmuşdur. Xasiyyətimiz uyğun gəlmədiyindən yola gedə bilmirik. Ona görə də iki aya yaxındır ayrı yaşayırıq. Bu müddət ərzində Cavabdeh bizimlə maraqlanmır, uşağına heç bir maddi yardım göstərmir. Hazırda Cavabdeh milli orduda xidmət edir və normal əmək haqqı alır. Mən alimentin əmək haqqının ½ miqdarında müəyyən olunmasını istəyirəm. Mən özüm heç bir yerdə işləmirəm, uşaqlarımı valideynlərimin maddi köməkliyi ilə böyüdürəm. Təkbaşına maddi cəhətdən uşaqları böyütməkdə çətinlik çəkirəm. Bildirirəm ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq Cavabdeh ilə 11 yanvar 2024-cü il tarixdə keçirilən ilkin mediasiya sessiyasında razılığa gələ bilməmişik. İddiaçı məhkəmədə verdiyi izahatında iddia tələbini müdafiə etdiyini, Azərlə 2014cü ildə vasitəçiliklə tanış olub ailə qurduğunu, birgə nikahlarından üç uşaq dünyaya gəldiyini, cavabdehin hərbi qulluqçu işlədiyini, onunla ailə qurduqdan sonra 2021-ci ilin aprel ayınadək Qəbələ şəhərində yaşadıqlarını, sonradan isə Babək rayonu, Məzrə kəndinə gəldiklərini, Azərlə ailə qurduqdan sonra onunla 1-2 il normal yola getdiklərini, daha sonra aralarında mübahisə yaranmağa bağladığını, buna səbəb isə Azərin ümumiyyətlə onu qəbul etməməsi olduğunu, hər mübahisədə ona “evdən çıx get” dediyini, 26 noyabr 2023-cü ildən ayrı yaşadıqlarını, uşaqların özü ilə qaldığını, Azərlə ayrı yaşadığı vaxt ərzində onun uşaqlarda bir dəfə görüşdüyünü və onlara 45 manat pul verdiyini, bundan başqa cavabdehin uşaqların saxlanılmasında iştirak etmədiyini, hazırda özünün anası ilə birlikdə qardığını və işsiz olduğunu qeyd edərək, yekunda tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdi. Cavabdeh məhkəmə verdiyi izahatında iddia tələbini qəbul etdiyini, 2014-cü ildə Aynurla ailə qurduğunu, birgə nikahlarından üç uşaq dünyaya gəldiyini, özünün hərbi qulluqçu işlədiyini, buna görə də iddiaçı ilə evləndikdən sonra 2015-ci ilədək Bakı şəhərində, 2015-2021-ci illərdə isə Qəbələ şəhərində qulluq etdiyini, daha sonra bura qayıtdıqlarını, Aynurla ailə qurduqdan sonra 3-4 il mehriban yaşadıqlarını, sonradan aralarında mübahisə yarandığını, buna səbəb isə özünün əvvəllər xüsusi təyinatlı kimi daxili qoşunlarda qulluq etdiyini, evə gələndə isə qarşı tərəfdən ancaq diqqət və qayğı gözlədiyini, amma ondan mehribanlıq və gülərüz görmədiyini, sonucu dəfə aralarında mübahisə olanda iddiaçının ona “mən gedirəm” dediyini, özünün isə “yaxşı, get” cavabını verdiyini, ailənin dağılması istəmədiyini, ayda 730 manat əmək haqqı aldığını, ayrı yaşadıqları vaxt ərzində uşaqları ilə bir dəfə görüşdüyünü, onlara 45 manat pul verməkdən başqa uşaqların saxlanılmasında qarşı tərəf maddi cəhətdən köməklik etmədiyini qeyd etmişdi. Mülki işin materiallarını tədqiq edərək məhkəmə qeyd edir ki, tərəflərin 04 sentyabr 2014-ci il tarixdə nikaha daxil olması, onların birgə nikahından üç ümumi uşağın dünyaya gəlməsi, tərəflərin hazırda ayrı yaşaması, onların birgə nikahından olan uşaqlarının İddiaçı yanında qalması işin mübahisəsiz hallarıdır. Bu faktların işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: -iddia ərizəsinə əlavə olunan və Babək rayonu, Məzrə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 04 sentyabr 2014-cü il tarixli, AZ-İ seriyalı, 783914 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən Cavabdeh ilə X3 arasında “04” sentyabr 2014-ci tarixdə nikah bağlanması, bunun akt qeydləri kitabında 04 nömrə ilə qeydə alınması, nikah bağlanması zamanı iddiaçının özünə cavabdehin soyadını, yəni “Muradova” soyadını seçməsi; - iddia ərizəsinə əlavə olunan və Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 16 sentyabr 2015-ci il tarixli, AZ-İİİ seriyalı, 307934 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən tərəflərin birgə nikahından 17 avqust 2015-ci il tarixdə X6 adlı uşağın dünyaya gəlməsi; - iddia ərizəsinə əlavə olunan və Babək rayonu, Məzrə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 07 dekabr 2016-cı il tarixli, AZ-İİİ seriyalı, 534882 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən tərəflərin birgə nikahından 17 noyabr 2016-cı il tarixdə X10 adlı uşağın dünyaya gəlməsi; - iddia ərizəsinə əlavə olunan və Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 11 avqust 2021-ci il tarixli, AZ-İV seriyalı, 627938 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən tərəflərin birgə nikahından 23 may 2021-ci il tarixdə X8 adlı uşağın dünyaya gəlməsi; -iddia tələbindən və tərəflərin məhkəmə iclasında verdiyi izahatlardan onların hazırda ayrı yaşaması, onların birgə nikahından olan uşaqları isə İddiaçı yanında qalması aydın olur. İşin mübahisəli halı isə iddiaçının cavabdehdən uşaqların saxlanılması üçün aliment tələb etməsidir. Belə ki, iddiaçı iddia ərizəsində övladları X2, X5 və X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının və (və ya başqa gəlirlərinin) ikidə bir hissəsi miqdarında aliment tutularaq ona verilməsini tələb etmişdir. İşin mübahisəli halını həlli ilə bağlı məhkəmə istinad etdiyi maddi və prosessual hüquq normaları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsində əks olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan şəxslər arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti, yəni alimenti ödəməyə borclu olur. Ailə qanunvericiliyinin tələbinə əsasən məhkəmə qaydasında alimentin tutulmasının iki qaydası müəyyən edilib: aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında və sabit pul məbləğində. Qeyd olunan maddi hüquq normalarını mülki iş materialları ilə qarşılıqlı şəkildə əlaqələndirən məhkəmə belə hesab edir ki, iddiaçının tələbi əsaslıdır və təmin olunmalıdır. Alimentin miqdarının müəyyən edilməsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsində uşağın saxlanılması üçün alimentin sabit pul məbləğində tutulmasını əsası kimi şəxsin bu barədə olan xahişi qeyd olunmuşdur. Hazırki vəziyyətdə iddiaçı tərəfindən məhkəməyə belə bir xahiş ünvanlanmadığından və ya iddia ərizəsində belə bir tələb qeyd olunmadığından, iş materialları ilə tərəflərin üç uşağının olması sübuta yetirildiyindən məhkəmə qeyd edir ki, həmin Məcəllənin 76.1.3-cü maddəsinə 3 uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulmalıdır. Alimentin hansı vaxtdan tutulması məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından aydın olur ki, İddiaçı Babək Rayon Məhkəməsinə “19” yanvar 2024-cü il tarixdə müraciət etmişdir, buna görə də alimentin tutulmasının əvvəli həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsində dərhal icra olunmalı qətnamələrdən biri kimi şəxsin saxlanılması üçün vəsaitlərin o cümlədən alimentlərin alınması qeyd olunduğundan qətnamə dərhal icra edilməlidir. Məhkəmə həmçinin onu da qeyd edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Mülki işə baxılması zamanı isə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsində göstərilən cavabdehin dövlət rüsumu ödəməkdən azad edilməsinə əsas olan hər hansı bir sübut məhkəməyə təqdim olunmadığından, məhkəmə belə nəticəyə gəlir ki, iddianın təmin edilmiş hissəsinə münasib olaraq dövlət rüsumu cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1 və 112.1.3-cü maddələrinin tələbinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1-ci maddəsində isə qiymətləndirilən iddia tələbləri üzrə dövlət rüsumunun məbləğləri müəyyən edilmişdi. Hazırki vəziyyətdə cavabdehin gəlirlərinin miqdarı barədə məhkəməyə hər hansı bir rəsmi sübut təqdim edilmədiyindən və bu da özü-özlüyündə bir il ərzində ödənilməli olan alimentin miqdarının müəyyən edilməsində çətinlik yaratdığından məhkəmə belə hesab edir ki, cavabdehin vəziyyəti ağırlaşdırıla bilməz və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qiymətləndirilən iddia tələbinə dair iddialar üzrə dövlət rüsumunun ən aşağı məbləği əsas götürülməklə, ondan 30 (otuz) manat məbləğində dövlət rüsum tutulmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin olunmalı; -tərəflərin birgə nikahından olan 17 avqust 2015-ci il təvəllüdlü X2, 17 noyabr 2016cı il təvəllüdlü X5 və 23 may 2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün “19” yanvar 2024-cü il tarixdən hesablanmaqla Cavabdeh hər ay qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutularaq uşaqların anası İddiaçı ödənilməli; - Cavabdeh 30 (otuz) manat miqdarında dövlət rüsumu tutularaq, dövlət büdcəsinə keçirilməli; - qətnamə alimentə dair hissədə dərhal icra olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. Tərəflərin birgə nikahından olan 17 avqust 2015-ci il təvəllüdlü X2, 17 noyabr 2016cı il təvəllüdlü X5 və 23 may 2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün “19” yanvar 2024-cü il tarixdən hesablanmaqla Cavabdeh hər ay qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutularaq, uşaqların anası İddiaçı ödənilsin. Cavabdeh 30 (otuz) manat miqdarında dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentə dair hissədə dərhal icra olunsun. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №2(079)-125/2024
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-125/2024
12.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver