Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-127/2025 13.02.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı “08” yanvar 2025-ci ildə iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək övladı xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün atası-Cavabdeh hər ay sabit məbləğdə 245 (iki yüz qırx beş) manat alimentin tutularaq mənə-İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixində hazırki iş üzrə cavabdehlə Gəncə ASAN Xidmət Mərkəzində rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşuq. Bizim birgə nikahımızdan bir övladımız - xx.xx.2022-ci il təvəllüdlü X3 dünyaya gəlmişdir. Cavabdehlə mən faktiki olaraq 2023-cü ilin aprel ayından ayrı yaşayırıq. O Şəmkir rayonunda yaşayır və ailəsi ilə maraqlanmır. Mən övladıma özüm baxıram. Rəsmi nikah münasibətlərimiz davam etsə də , faktiki olaraq ayrı yaşayırıq. Mən övladımın maddi tələbatlarının ödənilməsi və qarşılanmasında ciddi çətinliklər çəkirəm. Cavabdehin də bir ata kimi övladımızın maddi tələbatlarının qarşılanmasında iştirak etməsini istəyirəm. Buna görə də aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışam. Aliment tələbi üçün tərəfimdən Medasiyaya da müraciət edilmiş, lakin Mediasiya heç bir müsbət nəticə verməmişdir. Cavabdeh mediasiya sessiyasında iştirak etməmiş və mübahisənin məhkəmədən kənar həlli mümkün olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında 16 aprel 2023-cü ildə zorla yaşadıqları Şəmkir rayonundakı evdən çıxarıldığını və həmin tarixdən cavabdehlə ayrı yaşadıqlarını, 16 aprel 2023-cü ildə Bakı şəhərinə, oradan isə 16 aprel 2024-cü ildə Babək rayonu, Nəzərabad kəndində ata evinə qayıtdığını, həmin vaxtdan övladının saxlanılmasında valideynlərinin və qardaşının ona kömək etdiklərini, övladını çətinliklə saxladığını, cavabdehin uşaqla maraqlanmadığını, bu səbəbdən də övladının saxlanılması üçün cavabdehdən aliment tələb etdiyini, Elşənlə aralarında olan nikahın pozulmadığını, birgə nikahlarından 1 uşaqlarının olduğunu, övladının özü ilə qaldığını, ayrı qaldıqları vaxt ərzində cavabdehin uşağın saxlanılması üçün ona köməklik etmədiyini, qarşı tərəfin rəsmi iş yeri olmasa da təmir-tikinti işi üzrə usta işlədiyini, birgə yaşadıqları vaxt cavabdehin aylıq qazancının 1000 manatdan yüksək olduğunu, Elşənlə ailə qurduqdan sonra Şəmkir rayonunda yaşadıqlarını, birgə yaşadıqları vaxt ərzində də cavabdehin uşağın saxlanılmasında iştirak etmədiyini, anasının 2-3 aydan bir uşağın ehtiyaclarını alıb gətirib yaxud poçt vasitəsilə göndərdiyini, özünün hazırda hərbidə operator işləyib 760 manat əmək haqqı aldığını, qızı Həmayənin 3 yaşın içində olduğunu, Həmayənin uşaq bağçasına getdiyini, cavabdehin valideynlərinin də pensiya aldığını, həmçinin cavabdehin anasının müəllimə işlədiyini, özünün də usta işlədiyini, iddia tələbində qeyd etdiyi alimenti ödəməyə maddi imkanının olduğunu, övladının hər hansı xətəliyinin olmadığını, qarşı tərəfin qazancı və gəliri barədə sübutunun olmadığını, həmçinin cavabdehin aliment ödədiyi başqa uşağının da olduğunu və bildiyi qədərilə ona 200 manat aliment ödədiyini bildirmişdir. Mülki işin materiallarını işdə iştirak edən şəxsin izahatı ilə qarşılıqlı şəkildə tədqiq edən məhkəmə müəyyən edir ki, 10 sentyabr 2021-ci il tarixdə tərəflər arasında nikahın bağlanması, onların birgə nikahından X1 doğulması, tərəflərin hazırda ayrı yaşaması və onların birgə nikahlarından doğulmuş uşağın anası, yəni iş üzrə iddiaçının yanında qalması işin mübahisəsiz hallarıdır. Bu faktların işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: - iddia ərizəsinə əlavə olunmuş və Gəncə ”ASAN” Xidmət Mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən tərəfindən verilmiş 10 sentyabr 2021-ci il tarixli, AZ-İİ seriyalı, 449237 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən Cavabdeh ilə X4 arasında nikah bağlanmışdır, bunun nikahın bağlanması haqqında akt qeydləri kitabında 1528 nömrə ilə qeyd edilməsi, iddaçının özünə “Piriyeva” soyadını götürməsi; - iddia ərizəsinə əlavə edilmiş və Şəmkir rayon Qeydiyyat Şöbəsi tərəfindən verilən 16 aprel 2022-ci il tarixli, AZ-İV seriyalı, 725211 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən tərəflərin 01 aprel 2022-ci il tarixdə X3 adlı övladının dünyaya gəlməsi; - iddia tələbindən və iddiaçının məhkəmədə verdiyi izahatdan tərəflərin ayrı yaşaması, onların birgə nikahından olan uşağın hazırda anası, yəni iş üzrə iddiaçının yanında qalması aydın olur. İşin mübahisəli halı isə iddiaçının övladı X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdehdən bir uşaq üçün 245 (iki yüz qırx beş) manat miqdarında aliment tutulmasını tələb etməsidir. İşin bu mübahisəli halının həlli ilə bağlı məhkəmə istinad etdiyi maddi və prosessual hüquq normaları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsində əks olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan şəxslər arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti, yəni alimenti ödəməyə borclu olur. Ailə qanunvericiliyinin tələbinə əsasən məhkəmə qaydasında alimentin tutulmasının iki qaydası müəyyən edilib: aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında və sabit pul məbləğində. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsində uşağın saxlanılması üçün alimentin sabit pul məbləğində tutulmasını əsası kimi şəxsin bu barədə olan xahişi qeyd olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də, aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd olunan maddi hüquq normalarını mülki iş materialları ilə qarşılıqlı şəkildə əlaqələndirən məhkəmə belə hesab edir ki, iddiaçının tələbi əsaslıdır. Alimentin miqdarının müəyyən edilməsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İddiaçı övladı X1 yetkinlik yaşlaına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 245 (iki yüz qırx beş) manat miqdarında aliment tutulmasını tələb etsə də, bu məbləğlə bağlı öz tələbini əsaslandıran faktları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iddiaçının nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Alimentin miqdarı ilə bağlı iddiaçı tərəf öz tələbini əsaslandıran hallarla bağlı sübut təqdim etmədiyindən məhkəmə belə hesab edir ki, alimentin miqdarı qanunvericiliyin tələbləri və işin faktiki halları nəzərə alınmaqla müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe isə ondan ibarətdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə onu da qeyd edir ki, yaşayış minimumu məbləği Azərbaycan Respublikasında bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin bu həddə müəyyən edilməsi anlamına gəlmir. Qanunvericilik aliment məbləğinin müəyyən edilməsi zamanı bir sıra halların araşdırılmalı olduğunu tələb edir. Konstitusiya Məhkəməsinin yuxarıda adı çəkilən qərarına əsasən məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Məhkəmə tərəfindən “AZEMİS”dən cavabdehin sorğulanmış gəlir məlumatları üzrə çıxarışdan əmək müqaviləsi əsasında gəlirinin olması müəyyən olunmur, həmçinin cavabdeh vətən müharibəsi iştirakçısıdır və 80 manat təqaüd alır. Cavabdehin izahatından müddətdən artıq xidmət edən hərbi qulluqçu – kargüzar işlədiyi və 760 manat əmək haqqı aldığı müəyyən olunur. Azərbaycan Respublikası Məhkəmələrinin Elektron Məhkəmə İnformasiya Sistemindən cavabdehin qohumluq münasibətləri üzrə çıxarışdan hazırda aliment tələb olunan uşaqdan başqa yetkinlik yaşına çatmayan bir uşağının da olduğu və onun saxlanılması üçün 180 (bir yüz səksən) manat aliment ödədiyi müəyyən olunur. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2025-ci ildə ölkədə yaşayış minimumu uşaqlar üçün 246 (iki yüz qırx altı) manat məbləğində müəyyən edilmişdir. İddiaçının tələb etdiyi alimentin məbləği Azərbaycan Respublikasında 2025-ci il üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləği ilə eynilik təşkil etdiyindən məhkəmə onun nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.1-ci maddəsinə əsasən 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 20 ” dekabr 2024cü il tarixli qərarının 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Məhkəmə Plenum qərarının sözügedən bəndlərini, uşaqlar barəsində valideynlərin bərabər hüquq və vəzifələrə malik olmasını, uşaqların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini, 2025-ci il üzrə ölkədə yaşayış minimumunun uşaqlar üçün müəyyən edilmiş məbləğini və uşağın ananın yanında qalması, uşağa qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu vaxt ərzində onun üzərinə düşməsini, uşağın yaşını və sayını, iddiaçının gəlirlərinin müəyyən olunmadığını, eyni zamanda onun aliment tələb olunan uşaqdan başqa aliment ödədiyi uşağının olmasını nəzərə alaraq belə nəticəyə gəlir ki, sabit pul məbləğinin miqdarı 160 manat həddində müəyyən olunmalıdır. Alimentin hansı vaxtdan tutulmasına gəldikdə isə məhkəmə bildirir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından aydın olur ki, İddiaçı Babək Rayon Məhkəməsinə 08 yanvar 2025-ci il tarixdə müraciət etmişdir. Məhkəmə sonda belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli və yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün hər ay Cavabdeh İddiaçı xeyrinə hər ay bir uşaq üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.40 misli həddində olmaqla sabit pul məbləğində aliment tutulmalı, iddia qalmış hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsində dərhal icra olunmalı qətnamələrdən biri kimi şəxsin saxlanılması üçün vəsaitlərin o cümlədən alimentlərin alınması qeyd olunduğundan qətnamə dərhal icra edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq, iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyindən, iddianın (12x(245x1)=2940) təmin edilmiş hissəsinə (12x(160x1)=1920) mütənasib olan 32.26 (otuz iki manat, iyirmi altı qəpik) manat miqdarında dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Mülki işə baxılması zamanı isə cavabdehin dövlət rüsumu ödəməkdən azad edilməsinə əsas olan hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən, məhkəmə belə nəticəyə gəlir ki, iddianın təmin edilmiş hissəsinə münasib olaraq dövlət rüsumu cavabdehdən tutulmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin edilsin. Tərəflərin birgə nikahından olan 01 aprel 2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 08 yanvar 2025-ci il tarixdən hesablanmaqla hər ay Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0.40 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddia digər hissədə rədd olunsun. Cavabdeh 32.26 (otuz iki manat, iyirmi altı qəpik) manat miqdarında rüsum tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra olunsun. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(079)-127/2025
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-127/2025
13.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver