Məhkəmə qərarları › İş №2(079)-136/2021

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-136/2021

17.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(079)-136/2021 17.03.2021 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı xx xxxxxx 2021-ci il tarixdə Babək Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Babək Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(079)- 187/2019 saylı qətnaməsi ilə sabit pul məbləğində (hər bir uşaq üçün 90 (doxsan) manat olmaqla, cəmi 270 (iki yüz yetmiş) manat) müəyyən olunmuş aliment miqdarının dəyişdirilərək xx xxxxxxx 2012-ci il tarixdə doğulmuş X1, xx xxxxxx 2014-cü il tarixdə doğulmuş X2 və xx xxxxxx 2016-cı il tarixdə doğulmuş X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün aldığı əmək haqqının yarısı miqdarında alimentin qət olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O, iddiasını əsaslandıraraq əvvəllər işlədiyini, qazancının yaxşı olduğuna görə alimenti vaxtlı-vaxtında ödədiyini, lakin indi maddi imkanı aşağı olduğundan qət olunmuş alimenti çatdırıb ödəyə bilmədiyini, hal-hazırda "Naxçıvan Lift Xidməti" publik hüquqi şəxsində liftçi işlədiyini, aylıq əmək haqqının 294 (iki yüz doxsan dörd) manat, xalis olaraq 261 (iki yüz altmış bir) manat olduğunu, səhhəti ilə bağlı ağır iş yerlərində işləyə bilmədiyini, ata kimi övladlarını çox istədiyini, valideynlik borcunun nədən ibarət olduğunu çox yaxşı başa düşdüyünü, lakin maddi vəziyyətinin müəyyən olunmuş miqdarda aliment ödəməyə imkan vermədiyini bildirmişdir. İddia ərizəsi Babək Rayon Məhkəməsinin icraatına qəbul edilmiş, xx xxxx 2021-ci il tarixdə məhkəmə hazırlıq iclası keçirilmiş və mülki iş xx xxxx 2021-ci il tarixdə məhkəmə baxışı iclasında baxılmağa təyin edilmişdir. xx xxxx 2021-ci ildə İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddia qaldırdığını, lakin hazırda iddiadan imtina etdiyini bildirmiş və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 14.3-cü maddəsinə əsasən məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. MPM-in 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında vurğulamışdır ki, dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunur. Bu prinsipə əsasən hakim deyil, yalnız tərəflər mülki prosesin başlanması, onun predmetinin dairəsi və mülki prosesin yekunlaşdırılması barədə qərar qəbul edir. Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Belə ki, iş yalnız şəxsin ərizə və ya şikayəti əsasında başlanır (Mülki Prosessual Məcəllənin 5.1-5.3-cü maddələri). İddiaçı iddiadan imtina edə bilər, cavabdeh iddianı etiraf edə bilər, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla tamamlaya bilər (Mülki Prosessual Məcəllənin 5.4, 52.1- 52.3-cü maddələri). MPM-in 191.1-ci maddəsinə əsasən iddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Bununla belə nəzərə almaq lazımdır ki, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır (maddə 52.5). Məhkəmə İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddiasından imtina etməsi haqqında ərizəsini müzakirə edib, belə nəticəyə gəlir ki, işdə iddiadan imtinanın qəbul edilməməsinə əsas verən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən hallar yoxdur. Bu səbəbdən də, İddiaçı iddiadan imtinası məhkəmə tərəfindən qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. MPM-in 191.2-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. MPM-in 261.0 və 261.0.4-cü maddələrinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. MPM-in 114.1 və 114.1.4-cü maddələrinin tələbinə görə, həmin Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, İddiaçı iddia qaldırılarkən X9 Səhmdar Cəmiyyətinə xx.xx.2021ci il tarixdə 2604 nömrəli qəbzlə ödədiyi 30 (otuz) manat miqdarında dövlət rüsumu ona geri qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r v e r d i: İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair mülki iş üzrə iddiaçının iddiadan imtinası qəbul olunsun və iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfindən iddia qaldırılarkən X9 Səhmdar Cəmiyyətinə xx.xx.2021-ci il tarixdə 2604 nömrəli qəbzlə ödədiyi 30 (otuz) manat miqdarında dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər. Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Sədrlik edən: Günay İsmayıl

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar