Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-140/2023 17.03.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı müəyyən olunmuş alimentin məbləğinin dəyişdirilməsi (alimentin tutulma qaydasının dəyişdirilməsi) tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12 fevral 2010-cu il tarixdə doğulmuş X2 və 03 mart 2011-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay qazancının (və başqa gəlirlərinin) üçdə bir hissəsi məbləğində alimentin tutulması barədə Babək Rayon Məhkəməsinin 01 iyul 2014-cü il tarixli, 2(079)-212/2014 nömrəli məhkəmə əmri ilə müəyyən olunmuş aliment məbləğinin dəyişdirilərək Cavabdeh hər ay hər uşağa 180 manat olmaqla ümumilikdə 360 manat alimentin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq bildirmişdir ki, Cavabdeh ilə 06 mart 2009-cu ildə rəsmi nikah qeyd etdirərək evlənmişik. Birgə nikahdan iki övladımız olmuşdur: 12 fevral 2010-cu il təvəllüdlü X4, 03 mart 2011-ci il təvəllüdlü X5. Bildirirəm ki, cavabdehlə Babək Rayon Məhkəməsinin 16 noyabr 2015-ci il tarixli qətnaməsi ilə nikahımız pozulmuş, övladlarımın mənim yanımda saxlanılması müəyyən edilmişdir. Həmçinin ərizəmə əsasən Babək rayon Məhkəməsinin 01 iyul 2014-cü il tarixi məhkəmə əmri ilə Mahir və Musa Quliyevlərin yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən qazancının üçdə bir hissəsi miqdarında alimentin alınıb mənə verilməsi müəyyən edilmiş, cavabdeh hər ay iki uşağa 120 manat aliment ödəyir. Hörmətli məhkəmə bildirirəm ki, cavabdeh tərəfindən ödənilən bu aliment onların günü-gündən artan tələbatını ödəmir. Belə ki, mən özüm Nehrəm qəsəbə 1 saylı tam orta məktəbdə katibə vəzifəsində işləyərək hər ay 285 manat əmək haqqı alıram. Evim olmadığından ayda 200 manat ödəməklə kirayə evdə yaşayırıq. Uşaqlarımı hər ay 90 manat ödəməklə hazırlıqlara qoyuram. Mənim əmək haqqım kirayə və hazırlıq ödənişlərinə sərf olunur. Cavabdeh tərəfindən verilən alimentlə uşaqların digər lazım olan tələbatlarını layiqincə ödəyə bilmirəm. Cavabdeh Türkiyə Respublikasında yaşayır və işləyir. Bildiyimiz kimi Türkiyədə işləyən şəxslər yüksək məbləğdə əmək haqqı alırlar. Buna baxmayaraq Famil uşaqlara verdiyi alimentlə kifayətlənir. Bu aliment uşaqların tələbatlarını ödəmədiyindən alimentin miqdarının artırılaraq cavabdeh tərəfindən hər ay hər bir uşağa 180 manat aliment ödəməsini istəyirəm. Tələbimin əsası kimi istinad etdiyim fakt və halları sübutlar siyahısı olaraq təsdiq edilmiş, nikahın pozulması haqqında, doğum haqqında şəhadətnamələrin surətini, Babək rayon Məhkəməsinin 01 iyul 2014-cü il tarixli əmrinin surətini və mediasiya arayışını ərizəmə əlavə edirəm. Həmçinin bildirirəm ki, ”Mediasiya haqqında“ Azərbaycan Respublikası Qanuna uyğun olaraq cavabdeh 23 yanvar 2023-cü il tarixdə keçirilən ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında 06 mart 2009-cu il tarixdən 2015-ci ilədək cavabdehlə ailə kimi birlikdə yaşadıqlarını, həmin müddət ərzində 2010 və 2011-ci il təvəllüdlü iki oğlunun dünyaya gəldiyini, ailəli olduğu müddətdə Familin şofer, kafel vurmaq üzrə fərdi işlərdə usta olaraq işlədiyini, aylıq gəlirinin 1000 manatdan yuxarı olduğunu, nikah pozulduqdan sonra uşaqların ananın yanında saxlanılmasının qərara alındığını, həmin vaxt alimentin məbləğinin əmr icraatı qaydasında həmin dövrün tələblərinə uyğun olaraq, həmçinin cavabdehin gəlirləri müəyyən olunmadan bir uşaq üçün 60 manat olmaqla müəyyən edildiyini, 2023-cü ildə iki uşağın saxlanılması üçün cəmi 120 manat alimentin çox aşağı məbləğ olduğunu, Mahirin 7-ci, Musanın isə 6-cı sinifdə 1 saylı Nehrəm qəsəbə orta məktəbində təhsil aldığını, özünün də həmin məktəbdə katibə işləyib 325 manat əmək haqqı aldığını, Nehrəm qəsəbəsində kirayədə yaşadığını və aylıq 200 manat ödədiyini, həmçinin uşaqların ingilis dili və riyaziyyat fənlərindən hazırlığa getdiyini, hər kursa görə 30 manat olmaqla ayda 120 manat ödəniş etdiyini, böyük oğlu Mahirin başında damar sıxılması və miqren olduğundan müalicəyə aparmalı olduğunu, cavabdehin ikinci dəfə ailə həyatı qurmadığını, 1 ildən artıqdır ki, Türkiyədə yaşayıb işlədiyini, 4 aydır ki, ümumiyyətlə aliment ödəmədiyini, hər ikisinin orta təhsilli olduğunu, evli olduqları vaxtlar cavabdehin ata evində yaşadıqlarını, onun öz mülkü olmadığını bildirmiş, alimentin miqdarının artırılması üçün tutulma qaydasının dəyişdirilməsini və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini nəzərə alan məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarına əlavə edilmiş AZ İİ seriyalı, 338358 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən belə məlum olur ki, atası Cavabdeh, anası İddiaçı olan X4 12 fevral 2010-cu il tarixdə doğulmuşdur. Mülki iş materiallarına əlavə edilmiş AZ İİ seriyalı, 661012 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən belə məlum olur ki, atası Cavabdeh, anası İddiaçı olan X5 03 mart 2011-ci il tarixdə doğulmuşdur. Mülki iş materiallarına əlavə edilmiş Babək Rayon Məhkəməsinin 01 iyul 2014-ci il tarixli, 2(079)-212/2014 nömrəli əmrindən belə məlum olur ki, əmrlə xx xxxx 1979-cu ildə Babək rayonu, Nehrəm kəndində doğulmuş, iş yeri məlum olmayan, Babək rayonu, Nehrəm kəndində yaşayan Cavabdeh qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında alimentin 01 iyul 2014-cü il tarixdən başlayaraq alınıb 12 fevral 2010-cu il tarixdə doğulmuş Mahirin və 03 mart 2011-ci il tarixdə doğulmuş Musanın yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün anaları İddiaçı ödənilməsi əmr edilmişdir. Mülki iş materiallarına əlavə edilmiş nikahın pozulması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən belə məlum olur ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikahın ləğvi 28 noyabr 2016-ci ildə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında qeydə alınmışdır. Beləliklə mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, 12 fevral 2010-cu il təvəllüdlü X4 və 03 mart 2011-ci il təvəllüdlü X3 atası Cavabdeh, anası isə İddiaçıdır, uşaqlar hazırda anasının yanında yaşayır və məhkəmə əmri ilə uşaqların yetkinlik yaşına yatanadək saxlanılması üçün Cavabdeh aylıq qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi məbləğində alimentin alınıb İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmə iddia tələbi barədə ilk növbədə onu qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsi ilə onun tutulması qaydasının dəyişdirilməsini eyniləşdirmək olmaz. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsində məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmənin əsasları öz əksini tapıb. İstər həmin maddənin adından, istərsə də onun mahiyyətindən görünür ki, sözügedən norma məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsini özündə ehtiva edir. Məhkəmə sözügedən halı nəzərə almaqla iddia tələbi ilə bağlı aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Ailə Məcəlləsi (bundan sonra “AM”) uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. AM-in 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə qanunvericiliyində məhkəmə qaydasında alimentin tutulmasının 2 qaydası müəyyən edilmişdir: - aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında; - sabit pul məbləğində. Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Göründüyü kimi qanunverici göstərilən maddədə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin sabit məbləğdə tutulmasının bir neçə əsasını müəyyən etmişdir. Bu əsaslardan hər hansı biri mövcud olduqda alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Məhkəmə, alimenti qazancın (gəlirin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır. Qanunvericinin yuxarıda göstərilən maddədə müəyyən etdiyi əsas şərtlərdən biri də ondan ibarətdir ki, alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir. (Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin qərarı). Məhkəmə cavabdehin sabit qazancı və ya sair gəlirinin olmamasının müəyyən olunduğunu nəzərə alaraq alimentin tutulma qaydasının dəyişdirilərək sabit pul məbləğində müəyyən olunması ilə bağlı iddiaçının tələbini əsaslı sayır. AM-in 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Məhkəmə nəzərə alır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Mülki Prosessual Məcəllənin 13.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə mübahisələri Azərbaycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, qanunlara, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına, habelə Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə əsasən həll edir. Bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir (Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin qərarı). Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2023-ci il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. İddiaçının aliment məbləğinin dəyişdirilərək yaşayış minimumu həddində təyin olunması ilə bağlı tələbinə münasibətdə isə məhkəmə qeyd edir ki, yaşayış minimumu məbləği Azərbaycan Respublikasında bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin bu həddə müəyyən edilməsi anlamına gəlmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə ilk olaraq Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Həmçinin ali qanunun 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Bundan əlavə “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. ”İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Məhkəmə araşdırması zamanı iddiaçının izahatı və elektron məhkəmə informasiya sisteminin məlumatları əsasında müəyyən olunmuşdur ki, iddiaçı işəgötürəni “Babək rayon Təhsil şöbəsi” olmaqla “katibə” vəzifəsində çalışır və aylıq əmək haqqı 325 manatdır. Yuxarıda qeyd edilən maddi hüquq normaları, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində əks olunmuş bərabərlik hüququnun mahiyyətindən belə məlum olur ki, uşaqlara münasibətdə valideynlər bərabər hüquq və vəzifələrə malikdir. Bu isə onu deməyə əsas verir ki, hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcləri ilə təmin edilməsində hər iki valideyn bərabər və eyni öhdəliyə sahibdir. Uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququnun mövculuğunu, uşaqların saxlanılmasında hər iki valideynin məsuliyyətinin bərabərliyini, bununla bərabər yetkinlik yaşına çatmayan uşaqların ananın yanında saxlanılmaqla məişət qayğılarının onun üzərinə düşməsini, iddiaçının gəlirlərini, cavabdehin gəlirləri barədə sübutların təqdim olunmamasını, eyni zamanda cavabdehin iddiaya qarşı etirazının olmamasını, 2023-cü ildə uşaqların saxlanılması üçün müəyyən olunmuş yaşayış minimumunun miqdarını nəzərə alan məhkəmə belə hesab edir ki, aliment miqdarı bir uşaq üçün 150 manat olmaqla, iki uşaq üçün 300 manat məbləğində müəyyən olunmalıdır. AM-in 55.2-ci maddəsinə əsasən aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. Yetkinlik yaşına çatmayanların ananın yanında saxlanılmasını və yuxarıda qeyd edilən normanın mahiyyətini nəzərə alan məhkəmə qeyd edir ki, uşaqların saxlanılması üçün müəyyən edilən aliment məbləği iddiaçının sərəncamına daxil olmalı, aliment uşaqların anasına ödənilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Plenum qərarının mahiyyətindən irəli gələn hal odur ki, əgər yetkinlik yaşına çatmayan uşağa başqa əsasla ödənilən daha əvvəl müəyyən olunmuş aliment mövcuddursa ödənilən aliment məbləğinin dəyişdirilməsinə səbəb olan yeni məhkəmə qətnaməsi yalnız qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. İş üzrə Babək Rayon Məhkəməsinin 01 iyul 2014-ci il tarixli, 2(079)-212/2014 nömrəli məhkəmə əmri ilə müəyyən edilmiş aliment hazırki iddia tələbi ilə məhkəməyə müraciət edildikdən indiyə qədər tutulmuşdur. Beləliklə məhkəmə hesab edir ki, dəyişdirilmiş aliment miqdarı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə müvafiq olaraq (iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır) həmin məcəllənin 112.1 və 112.1.6-cı maddələri əsas götürülməklə iddianın təmin edilmiş hissəsinə münasib olaraq 30 (otuz) manat miqdarında dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, Babək Rayon Məhkəməsinin 01 iyul 2014-ci il tarixli, 2(079)-212/2014 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin tutulması qaydası dəyişdirilməli, 12 fevral 2010-cu il təvəllüdlü X4 və 03 mart 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh hər ay bir uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla iki uşağın saxlanılması üçün 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutulmaqla uşağın anası İddiaçı ödənilməli, Cavabdeh 30 (otuz) manat miqdarında rüsumu alınaraq dövlət büdcəsinə keçirilməli, dəyişdirilmiş aliment miqdarı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, iddia qalmış hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin olunsun. Babək Rayon Məhkəməsinin 01 iyul 2014-ci il tarixli, 2(079)-212/2014 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin tutulması qaydası dəyişdirilsin. 12 fevral 2010-cu il təvəllüdlü X4 və 03 mart 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh hər ay bir uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla iki uşağın saxlanılması üçün 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutulmaqla uşağın anası İddiaçı ödənilsin. İddia qalmış hissədə rədd edilsin. Dəyişdirilmiş aliment miqdarı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 30 (otuz) manat miqdarında rüsum alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(079)-140/2023
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-140/2023
17.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver