Məhkəmə qərarları › İş №2(079)-141/2021

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-141/2021

19.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(079)-141/2021 19.03.2021 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx xxxx 2009-cu il tarixdə doğulmuş X2 və xx xxxxxx 2013-cü il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşaq üçün 175 manat olmaqla, iki uşaq üçün cəmi 350 (üç yüz əlli) manat alimentin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq bildirmişdir ki, 2008-ci ildə el adəti ilə toy edərək Cavabdeh ilə evlənmiş, xx xxxxxx 2009-cu il tarixdə Babək rayon İcra Hakimiyyətinin Qoşadizə kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyində nikahlarını 08 nömrə ilə qeydiyyatdan keçirmişlər, birgə nikahdan birgə yaşadıqları müddətdə 2 övladları xx xxxx 2009-cu il təvəllüdlü X4, xx xxxxxx 2013-cü il təvəllüdlü X5 doğulmuşdur. Ailə qurduqları ilk vaxtlardan normal yola getsələr də sonradan münasibətləri pozulmuş, 5 aydan artıqdır ki, birlikdə yaşamaq mümkün olmadığından uşaqlarını da götürərək ata evinə qayıtmış, Cavabdeh həmin müddətdə uşaqları ilə maraqlanmamış, onlara heç bir maddi kömək göstərməmiş, özü heç bir yerdə işləmədiyindən uşaqları ilə valideyinlərinin köməkliyi ilə yaşadığını bildirmiş, cavabdehin pompa beton maşını idarə etdiyini, kifayət qədər qazancı olduğunu, könüllü olaraq uşaqlarına maddi yardım göstərmədiyinə və aylıq gəliri qeyrimüntəzəm, dəyişkən olduğuna görə Cavabdeh sabit məbləğdə aliment tutulmasını istədiyini bildirmişdir. İddiaçı izahatında Cavabdeh ilə nikahlarını xx xxxxxx 2009-cu ildə rəsmiləşdirdiyini, birgə yaşadıqları müddətdə iki övladlarının dünyaya gəldiyini, uşaqların hər ikisinin hazırda məktəbə getdiyini, 6 aydan artıqdır ki, uşaqları ilə birlikdə atasının evində yaşadığını, cavabdehin anasının da onun ailəsinə olan laqeyd münasibətindən narazı olduğunu, Nailin yalnız anasının həyatda olduğunu, ona da bir dəstəyinin olmadığını, Naxçıvana gəldikdən sonra uşaqların təhsilinə ara verməli olduqlarını, həmin müddətdə cavabdehin nə maddi, nə mənəvi cəhətdən uşaqları ilə maraqlanmadığını, uşaqların saxlanmasında iştirak etmədiyini, özünün heç bir yerdə işləmədiyini, cavabdehin ondan ayrılmaq şərtilə uşaqlara aliment ödəməyə razı olduğunu bidirdiyini, uşaqlarla birlikdə onların dərslərinə davam etməsi üçün Bakıya qayıdacaqlarını, cavabdehin başqa ailəsi və aliment ödədiyi uşaqlarının olmadığını, hazırda uzun müddətdir ki, Naxçıvanda olduğundan və cavabdehin işi şəxsi iş olduğundan onun iş yeri və gəlirləri barədə məhkəməyə sübut təqdim edə bilmədiyini, cavabdehin illərdir pompa beton maşını idarə etdiyini və aylıq 1000-1500 manat aralığında əmək haqqı aldığını, cavabdehin sağlam olduğunu, heç bir xəstəliyinin olmadığını, Bakıda həyatın bahalı olduğunu və uşaqların hər ikisinin məktəbə getməsi və xərclərinin çox olması nəzərə alınaraq yaşayış minimumu həddində hər ay bir uşaq üçün 175 manat olmaqla, iki uşaq üçün cəmi 350 (üç yüz əlli) manat alimentin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdiyini bildirmişdir. İddiaçı nümayəndəsi Nümayəndə izahatında qızının Naillə 2008-ci ildə ailə qurduğunu, həmin nikahdan 2 (iki) övladlarının doğulduğunu, hazırda altı aydan artıqdır ki, qızının uşaqları ilə birlikdə ata evində olduğunu, uşaqların getdiyi məktəblərdən onların gəlmədiyi təqdirdə çıxarılacağı barədə xəbərdarlıq olunduğundan qızının uşaqları da götürərək yenidən Bakıya qayıtdığını, atalarının uşaqların ehtiyacları ilə maraqlanmadığını, birlikdə yaşadıqları müddətdə də evə gec-gec gəldiyini və qızının və uşaqların xərclərini özlərinin qarşıladıqlarını, uşaqların Bakıda məktəbə getməsinin çox xərc tələb etdiyini, bütün bunların nəzərə alınmaqla iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdiyini bildirmişdir. İş üzrə Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclaslarında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə müvafiq olaraq məhkəmə cavabdehin iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. Mülki işin materiallarını tədqiq edərək məhkəmə qeyd edir ki, tərəflərin xx xxxxxx 2009-cu il tarixdə nikaha daxil olması və onların bu nikahından iki övladlarının doğulması işin mübahisəsiz halıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Babək Rayon İcra Hakimiyyətinin Qoşadizə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2009-cu il tarixli, AZ-İ seriyalı 420202 nömrəli nikah haqqında şəhadətnamənin surətindən İddiaçı ilə Cavabdeh arasında xx xxxxxx 2009-cu il tarixdə nikah bağlanması aydın olur. İş materiallarına əlavə edilmiş AZ-İİ seriyalı, 339907 nömrəli və AZ-İİ seriyalı, 854412 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən iş üzrə tərəflərin xx xxxx 2009-cu il tarixdə X4 və xx xxxxxx 2013-cü il tarixdə X5 adlı uşaqlarının doğulması öz təsdiqini tapır. İş üzrə iddiaçının və iddiaçının nümayəndəsinin izahatlarından isə ər-arvadın hazırda ayrı yaşaması, uşaqların analarının yanında qalmaları və cavabdehin uşaqlarını saxlamaq vəzifəsini yerinə yetirmədiyi məlum olur. Məhkəmə uşaqların yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün cavabdehdən hər ay bir uşaq üçün 175 (bir yüz yetmiş beş) manat olmaqla cəmi 350 (üç yüz əlli) manat məbləğində sabit pul məbləğində alimentin alınaraq iddiaçıya verilməsi ilə bağlı tələbi barədə aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Ailə Məcəlləsi (bundan sonra “AM”) uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. AM-in 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə qanunvericiliyində məhkəmə qaydasında alimentin tutulmasının 2 qaydası müəyyən edilmişdir: - aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında; - sabit pul məbləğində. Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Göründüyü kimi qanunverici göstərilən maddədə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin sabit məbləğdə tutulmasının bir neçə əsasını müəyyən etmişdir. Bu əsaslardan hər hansı biri mövcud olduqda alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Məhkəmə, alimenti qazancın (gəlirin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır. Qanunvericinin yuxarıda göstərilən maddədə müəyyən etdiyi əsas şərtlərdən biri də ondan ibarətdir ki, alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir. (Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin qərarı). Məhkəmə cavabdehin qazancı və ya sair gəliri barədə sübutların məhkəməyə təqdim olunmamasını nəzərə alaraq və sübutetmə yükünün bölüşdürülməsinin ümumi qaydasını rəhbər tutaraq alimentin sabit məbləğdə tutulması ilə bağlı iddiaçının tələbini əsaslı sayır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (77.3). Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir (78.1). Məhkəmə tərəfindən tərəflərə cavabdehin əmək haqqı və iş yeri barədə məlumatları təsdiq edən sübutların təqdim olunması ilə bağlı edilmiş təklif isə nəticəsiz qalmışdır. Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair qərarına əsasən işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. AM-in 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə alır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Mülki Prosessual Məcəllənin 13.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə mübahisələri Azərbaycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, qanunlara, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına, habelə Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə əsasən həll edir. Bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir (Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin qərarı). Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda sadalananlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia bu hissədə qismən təmin edilməli və yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün hər ay bir uşağa görə 130 (bir yüz otuz) manat olmaqla, ümumilikdə isə iki uşağa görə 260 (iki yüz altmış) manat məbləğində aliment tutulmalıdır. AM-in 55.2-ci maddəsinə əsasən aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. Yetkinlik yaşına çatmayanların ananın yanında saxlanılması ilə bağlı məhkəmənin mövqeyini və yuxarıda qeyd edilən normanın mahiyyətini nəzərə alan məhkəmə qeyd edir ki, uşaqların saxlanılması üçün müəyyən edilən aliment məbləği cavabdehin sərəncamına daxil olmalı, aliment uşaqların anasına ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçının iddia ərizəsi isə Babək Rayon Məhkəməsinin icraatına xx xxxxxx 2021-ci il tarixdə daxil olmuşdur. Aliment tələbinin icra edilməsi anı ilə bağlı isə məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsində dərhal icra olunmalı qətnamələrdən biri kimi şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması qeyd olunmuşdur. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia qismən təmin edilsin. xx xxxxxx 2021-ci il tarixdən hesablanmaqla, xx xxxx 2009-cu il tarixdə anadan olmuş X4 və xx xxxxxx 2013-cü il tarixdə anadan olmuş X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün iş üzrə Cavabdeh hər ay bir uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla, ümumilikdə iki uşağa görə 260 (iki yüz altmış) manat miqdarında aliment tutulub uşaqların anası İddiaçı ödənilsin. İddia digər hissədə rədd olunsun. Qətnamə dərhal icra olunsun. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay İsmayıl

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar