Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(079)-142/2021 18.03.2021 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən е t d i: İddiaçı xx xxxxxx 2021-ci ildə ı iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh X1 və X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 175 (bir yüz yetmiş beş) manat olmaqla, ümumilikdə 350 (üç yüz əlli) manat miqdarında aliment alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O, tələbini əsaslandıraraq qeyd etmişdir ki, Cavabdeh ilə xx xxxxxxx 2012-ci il tarixdə nikah bağlamışıq. Birgə yaşadığımız müddətdə bizim Şəfiqə və Hüseyn adlı iki övladımız dünyaya gəlmişdi. Cəmillə ailə qurandan onun atasının Babək rayonu, Babək şəhərində olan evində yaşamışıq. Evli olduğumuz təxminən 9 ilə yaxın müddətində demək olar ki, normal yola getməmişik, daim aramızda mübahisələr olub. Ailədə olan problemin əsas səbəbi isə cavabdehin müntəzəm işsizliyi, ailəyə qarşı laqeydsizliyi, qazandığı pulu öz ailəsinə və uşaqlarına xərcləməməsindən qaynaqlanır. Cəmillə evli olduğum müddətdə dəfələrlə onunla küsüb-barışmışam. Sonuncu dəfə 2020-ci ilin iyul ayında aramızda eyni səbəblərdən mübahisə olduğundan biz ayrılmışıq və hazırda da ayrı-ayrı ünvanlarda yaşayırıq. Ayrı yaşadığımız müddət ərzində bizim heç bir əlaqəmiz olmamış, Cəmil uşaqlarının saxlanması üçün mənə heç bir maddi köməklik etmir. Uşaqlar hazırda məktəblidir. Qızım Şəfiqə 2-ci, oğlum Hüseyn isə 1-ci sinifdə oxuyur. Mən özüm heç bir yerdə işləmirəm. Uşaqların zəruri ehtiyaclarını isə valdeynlərimin etdiyi maddi köməklik nəticəsində bir təhər qarşılayıram. İddiaçı tələbini müdafiə edərək 2012-ci ildə Cəmillə tanış olub ailə qurduğunu, birgə nikahlarından iki övladının dünyaya gəldiyini, cavabdehlə ailə qurduqdan sonra təqribən 4- 5 ay normal yola getdiklərini, sonradan isə aralarında olan münasibətlərin pozulduğunu, bunun isə Cəmilin müntəzəm işsizliyi, ailəsinə qarşı diqqət və qayğı göstərməməsindən qaynaqlandığnı, cavabdehlə aralarında yaranmış mübahisələrə görə onunla dörd - beş dəfə ayrılıb yenidən barışdığını, sonuncu dəfə isə aralarında yananmış mübahisəyə görə 2020-ci ilin iyul ayından ayrı yaşadıqlarını, birgə nikahlarından olan övladlarının isə öz yanında qaldığını, 2021-ci ilin mart ayının 3-dək müddətli əmək müqaviləsi əsasında dayə işlədiyini, hazırda isə işsiz olduğunu, uşaqların maddi tələbatlarını qarşılamaqda çətinlik çəkdiyini, hazırda onların tələbatlarını atasının qarşıladığını, Cəmilin isə uşaqların saxlanılmasında iştirak etmədiyini, onunla evli olduğu müddət ərzində Cəmilin fəhləlik etməklə pul qazandığını, qazandığını isə özünə xərclədiyini, onunla birlikdə yaşadığı müddət ərzində isə qayınatasının uşaqların saxlanılmasında ona maddi cəhətdən köməklik etdiyini, uşaqların saxlanılması üçün Cəmildən hər ay bir uşaq üçün 175 manat məbləğində aliment tutulmasını istədiyini qeyd edərək, yekunda iddiasının təmin edilməsini məhkəmədən xahiş etmişdi. Cavabdeh isə məhkəmədə verdiyi izahatından 2012-ci ildə Qənimətlə tanış olub ailə qurduğunu, birgə nikahlarından bir qız, biri oğlan olmaqla iki övladının dünyaya gəldiyini, iddiaçı ailə qurduqdan sonra təqribən 4-5 il normal yola getdiklərini, daha sonra aralarında olan münasibətlərin pozulduğunu, bunun isə Qənimətin valideynlərinin onların ailə işlərinə daimi müdaxilə etməsindən qaynaqlandığını, nəticədə 2020-ci ilin iyul ayından ayrı yaşadıqlarını, birgə nikahlarından olan uşaqların iddiaçının yanında yaşadığını, ayrı yaşadıqları müddət ərzində uşaqların saxlanılmasında Qənimətə köməklik edə bilmədiyini, buna isə özünün hazırda işsiz olmasının səbəb olduğunu, əvvəllər Gəmiqaya MMC-də operator işlədiyini, 550 manat əmək haqqı aldığını, təqribən bir il yarım olar ki, işsiz olduğunu, buna görə Qənimətin tələb etdiyi aliment miqdarını ödəyə bilməyəcəyini qeyd edərək, yekunda məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdi. Mülki işin materiallarını və tərəflərin məhkəmədə verdiyi izahatları bir-biri ilə əlaqəli şəkildə tədqiq edərək məhkəmə müəyyən edir ki, tərəflərin xx xxxxxxx 2012-ci ildə nikaha daxil olması, onların birgə nikahından xx xxxxxx 2013-cü il təvəllüdlü X4 və xx xxxxxxx 2014-cü il təvəllüdlü X2 anadan olması, tərəflərin hazırda ayrı yaşaması, onların birgə nikahından olan uşaqların hazırda anası, yəni iş üzrə iddiaçının yanında qalması işin mübahisəsiz hallarıdır. Bu faktların işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: - iş materiallarına əlavə olunmuş Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli, AZ-İ seriyalı, 687250 nömrəli nikah haqqında akt qeydindən çıxarışdan Cavabdeh ilə X5 arasında xx xxxxxxx 2012-ci il tarixdə nikahın bağlanması, bunun nikahın bağlanması haqqında akt qeydləri kitabında 172 nömrə ilə qeyd edilməsi və nikahı bağlanması zamanı iddiaçının özünə cavabdehin soyadını, yəni “Məmmədova” soyadını seçməsi; - iş materiallarına əlavə olunmuş Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli, AZ-İİİ seriyalı, 077300 nömrəli doğum haqqında akt qeydindən çıxarışdan iş üzrə tərəflərin xx xxxxxx 2013-cü ildə X4 adlı övladlarının doğulması; - iş materiallarına əlavə olunmuş Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli, AZ-İİİ seriyalı, 303651 nömrəli doğum haqqında akt qeydindən çıxarışdan iş üzrə tərəflərin xx xxxxxxx 2014-cü ildə X6 adlı övladlarının doğulması; -iddia tələbindən və tərəflətin məhkəmədə verdiyi izahatlardan onların ayrı yaşaması, onların birgə nikahından olan uşaqların hazırda anası, yəni iş üzrə iddiaçının yanında qalması aydın olur. İşin mübahisəli halı isə iddiaçının tələb etdiyi alimentin miqdarı ilə bağlıdır. Belə ki, iddiaçı iddia ərizəsində övladları X1 və X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdehdən bir uşaq üçün 175 (bir yüz yetmiş beş) manat olmaqla, iki uşaq üçün cəmi 350 (üç yüz əlli) manat alimentin sabit pul məbləğində tutulmasını tələb etsə də, cavabdeh işsiz olduğundan onu ödəyə bilməyəcəyini bildirmişdi. İşin bu mübahisəli halının həlli ilə bağlı məhkəmə istinad etdiyi maddi və prosessual hüquq normaları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan şəxslər arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti, yəni alimenti ödəməyə borclu olur. Ailə qanunvericiliyinin tələbinə əsasən məhkəmə qaydasında alimentin tutulmasının iki qaydası müəyyən edilib: aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında və sabit pul məbləğində. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində və “Uşaq hüquqları haqqında Azərbaycan Respublikası Qanunun 19-cu maddəsində əks olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsində uşağın saxlanılması üçün alimentin sabit pul məbləğində tutulmasını əsası kimi şəxsin bu barədə olan xahişi qeyd olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də, aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd olunan maddi hüquq normalarını mülki iş materialları ilə qarşılıqlı şəkildə əlaqələndirən məhkəmə belə hesab edir ki, iddiaçının tələbi əsaslıdır. Alimentin miqdarının müəyyən edilməsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İddiaçı övladları X1 və X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay bir uşaq üçün 175 (bir yüz yetmiş beş) manat olmaqla, ümumilikdə iki uşaq üçün 350 (üç yüz əlli) manat miqdarında aliment tələb etsə də, bu məbləğlə bağlı öz tələbini əsaslandıran faktları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iddiaçının nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Alimentin sabit pul məbləğində tutulmasıin miqdarı ilə bağlı iddiaçı tərəf öz tələbini əsaslandıran halları sübuta yetirə bilmədiyindən məhkəmə belə hesab edir ki, alimentin sabit pul məbləğində tutulmasıin miqdarı qanunvericiliyin tələbləri və işin faktiki halları nəzərə alınmaqla müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx xxxx 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe isə ondan ibarətdir ki, alimentin sabit pul məbləğində tutulması ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2021-ci ildə ölkədə yaşayış minimumu uşaqlar üçün 175 (bir yüz yetmiş beş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə yuxarıda göstərilən maddi hüquq normalarını, uşaqlar barəsində valideynlərin bərabər hüquq və vəzifələrə malik olmasını, uşaqların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını, 2021-ci ildə ölkədə yaşayış minimumunun uşaqlar üçün 175 (bir yüz yetmiş beş) manat məbləğində müəyyən edilməsini, uşaqların iddiaçının yanında qalması, uşaqlara qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşaqların himayəsində olduğu vaxt ərzində onun üzərinə düşməsini, uşaqların sayını, onların yaşını nəzərə alaraq, belə nəticəyə gəlir ki, iddiaçının tələbi qismən təmin edilməli və yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün hər ay bir uşağa görə 105 (bir yüz beş) manat olmaqla, ümumilikdə iki uşaq üçün 210 (iki yüz on) manat məbləğində aliment sabit pul məbləğində tutulmalıdır. Alimentin sabit pul məbləğində tutulması müəyyənləşdirilərkən o nəzərə alınmışdır ki, iddiaçı uşaqların saxlanması üçün alimentin sabit pul məbləğində tutulmasını məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə görə alimentin sabit pul məbləğində tutulması məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından aydın olur ki, İddiaçı Babək Rayon Məhkəməsinə “24” fevral 2021ci il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsində dərhal icra olunmalı qətnamələrdən biri kimi şəxsin saxlanılması üçün vəsaitlərin o cümlədən alimentin sabit pul məbləğində tutulmasılərin alınması qeyd olunduğundan qətnamə dərhal icra edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, alimentin sabit pul məbləğində tutulması alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq, iddianın qiyməti alimentin sabit pul məbləğində tutulması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyindən, iddianın (12x(175x2)=4200) təmin edilmiş hissəsinə (12x(105x2)=2520) münasib olan 18,00 manat miqdarında dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq, cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Mülki işə baxılması zamanı isə cavabdehin dövlət rüsumu ödəməkdən azad edilməsinə əsas olan hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən, məhkəmə belə nəticəyə gəlir ki, iddianın təmin edilmiş hissəsinə münasib olaraq dövlət rüsumu cavabdehdən tutulmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia qismən təmin olunmalı; - “24” fevral 2021-ci il tarixdən hesablanmaqla, xx xxxxxx 2013-cü il tarixdə anadan olan X4 və xx xxxxxxx 2014-cü il tarixdə anadan olan X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay Cavabdeh bir uşaq üçün 105 (bir yüz beş) manat olmaqla, ümumilikdə iki uşağa görə 210 (iki yüz on) manat miqdarında aliment tutularaq, uşaqların anası İddiaçı ödənilməli; - iddia digər hissədə əsaslı sayılmadığından rədd olunmalı; - Cavabdeh 18 (on səkkiz) manat miqdarında rüsum tutularaq, dövlət büdcəsinə keçirilməli; - qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin edilsin. “24” fevral 2021-ci il tarixdən hesablanmaqla, xx xxxxxx 2013-cü il tarixdə anadan olan X4 və xx xxxxxxx 2014-cü il tarixdə anadan olan X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay Cavabdeh bir uşaq üçün 105 (bir yüz beş) manat olmaqla, ümumilikdə iki uşağa görə 210 (iki yüz on) manat miqdarında aliment tutularaq, uşaqların anası İddiaçı ödənilsin. İddia digər hissədə əsaslı sayılmadığından rədd olunsun. Cavabdeh 18 (on səkkiz) manat miqdarında rüsum tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra olunsun. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №2(079)-142/2021
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-142/2021
18.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver