Məhkəmə qərarları › İş №2(079)-142/2023

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-142/2023

03.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-142/2023 03.04.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı “03” fevral 2023-cü ildə iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək, 18 yanvar 2017-ci il tarixdə anadan olan X2 və 17 aprel 2021-ci il tarixdə anadan olan X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay bir uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla, ümumilikdə iki uşağa görə 440 (dörd yüz qırx) manat miqdarında aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O, tələbini əsaslandıraraq qeyd etmişdir ki, Babək rayonu, Nehrəm qəsəbə sakini Cavabdeh ilə 05 iyul 2012-ci il tarixdə Babək rayon qeydiyyat şöbəsində nikahımızı rəsmləşdirərək evlənmişik. Bizim birgə nikahımızdan birgə yaşadığımız müddətdə 18 yanvar 2017-ci il tarixdə X7 və 17 aprel 2021-ci ildə tarixdə isə X8 adında iki övladımız doğulub. Dağlarla ailə qurandan sonra Nehrəm qəsəbəsində, daha sonra isə Bakı şəhərində yaşamışıq. Ailə qurduğumuz ilk vaxtlardan münasibətlərimiz normal olmamış, daim aramızda problem yaşanmışdır. Buna səbəb isə Dağların ailəsinə laqeyd münasibəti, qazancını ailəsinə və uşaqlarına deyil, kənar şəxslərə xərcləməsi, bütün günü yeməkxanalara gedib spirtli içki qəbul etməsi, məni döyüb incitməsi, ən nəhayət nalayiq sözlərlə təhqir etməsindən qaynaqlanıb. Bu kimi hallar evli olduğumuz 11 ilə yaxın müddətdə bizim ailədə dəfələrlə baş vermiş, hər dəfəsində mən Dağlara güzəştə gedərək ailənin dağılmasını istəməmişəm. Sonuncu dəfə eyni səbəblərdən aramızda olan mübahisəyə görə mən 09 mart 2022-ci il tarixdə əvvəlcə qayınatamın Babək rayonu, Nehrəm qəsəbəsində olan evinə, 27 sentyabr 2022-ci il tarixdə isə öz atamın evinə getməyə məcbur oldum. Mən hazırda uşaqlarla birlikdə öz atamın evində yaşayıram. Bu müddətdə mənim Dağlarla əlaqəm olmadığı kimi, o da uşaqlarının saxlanılmasında mənə maddi köməklik etməmişdir. Lakin mən alimentlə bağlı aidiyyəti orqanlara müraciət etdikdən sonra Dağlar uşaqlara əyin-baş almış, böyük oğlum Vahidin müalicəsi və ad günü üçün bir dəfə 170 manat pul vermişdir. Əlavə olaraq qeyd edim ki, Dağların tırı var, yəni o, yük maşını sürücüsü işləyir, aylıq qazancı yüksəkdir. X4, Türkiyə və Belarusiya Respublikaları istiqamətində və əks tərəfə yük aparıb gətirəndə özünün dediyinə görə onun aylıq qazancı 2500-3000 manat təşkil edir. Özüm heç bir yerdə işləmirəm, uşaqların zəruri tələbatlarını isə anamın pensiya pulu ilə bir təhər qarşılayıram. Mən hesab edirəm ki, uşaqları saxlamaq, onların zəruri ehtiyaclarını ödəməklə qayğılarına qalmaq mənim olduğu qədər, bir ata kimi Dağların da borcudur. Tərəfimdən mediasiyaya müraciət edilmiş, lakin heç bir müsbət nəticə almadığımdan məhkəməyə müraciət etməyim tövsiyyə olunmuşdur. İddiaçı məhkəmədə verdiyi izahatında tələbini müdafiə etdiyini, atası ilə cavabdehin uzaq qohumluq əlaqələrinin olduğunu, onunla elə bu vasitə ilə tanış olub 2012-ci ildə ailə qurduğunu, ailə qurmasının demək olar ki, bir ayın içində baş verdiyini, Dağlarla ailə qurduqdan sonra onunla birlikdə 5 il Bakı şəhərində yaşadığını, daha sonra isə həmin şəhərə yaşamaq üçün gedib qayıtdığını, cavabdehlə ailə qurduqdan sonra onunla aralarında mübahisələr yarandığını, bunun əsasən Dağların spirtli içki qəbul etməsindən sonra onu döyməsi və təhqir etməsindən qaynaqlandığını, dörd il uşaqlarının olmadığını, bəlkə uşaqları olandan sonra Dağların düzələcəyini ümid etdiyini, lakin birgə nikahlarından iki uşaq dünyaya gəlsə də aralarında dəyişən heç nə olmadığını, cavabdehin yenə də əvvəlki qaydada spirtli içki qəbul etdiyini, evə gec saatlarda gəldiyini, onu söyüb, təhqir etdiyini, bu səbəbdən də 2022-ci ilin mart ayının 5-dən onunla ayrıldığını, 2022-ci ilin dekabr ayınadək Dağların uşaqlara maraqlanmadığını, həmçinin onların saxlanılması üçün maddi cəhətdən köməklik etmədiyini, 2022-ci ilin dekabr ayında hazırki tələblə bağlı mediasiya orqanına müraciət etdikdən sonra Dağlar uşaqlara əyin-baş aldığını, böyük oğlu Vahidin müalicəsi və ad günü üçün bir dəfə 170 manat pul verdiyini, həmçinin 06 mart 2023-cü ildə 200 dollar pul göndərdiyini, birgə yaşadıqları vaxt ərzində cavabdehin uşaqların qayğısına lazımınca qaldığını, demək olar ki, onların hər istədiyini aldığını, Dağlardan eşitdiyinə görə onun hər ay 2500-3000 manat qazanc əldə etdiyini, lakin bu barədə sübutunun olmadığını, Dağlar yük maşını sürücüsü işlədiyini, yaxşı qazanc əldə etdiyini, özünün isə işsiz olduğunu, uşaqlara baxmaqda çətinlik çəkdiyini bildirərək, yekunda iddiasının təmin edilməsini məhkəmədən xahiş etmişdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclaslarında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə əvvəlcədən məlumat verməmişdi. Həmin Məcəllənin 172 və 185-ci maddələrinə əsaslanan məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdi. Mülki işin materiallarını işdə iştirak edən şəxsin izahatı ilə qarşılıqlı şəkildə tədqiq edən məhkəmə müəyyən edir ki, 05 iyul 2012-ci il tarixdə tərəflər arasında nikah bağlanması, onların birgə nikahından X7 və X5 anadan olması, tərəflərin hazırda ayrı yaşaması və onların birgə nikahlarından doğulmuş uşaqların anası, yəni iş üzrə iddiaçının yanında qalması işin mübahisəsiz hallarıdır. Bu faktların işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: - iddia ərizəsinə əlavə olunmuş və Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 31 yanvar 2023-cü il tarixli, AZ-İ seriyalı, 603707 nömrəli akt qeydindən çıxarışdan Cavabdeh ilə X3 arasında 05 iyul 2012-ci il tarixdə nikah bağlanması, bunun nikahın bağlanması haqqında akt qeydləri kitabında 30 nömrə ilə qeyd edilməsi, nikahın bağlanması zamanı iddiaçının özünə cavabdehin soyadını, yəni “Muradova” soyadını seçməsi; - iddia ərizəsinə əlavə edilmiş və Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilən 03 mart 2017-ci il tarixli, AZ-İİİ seriyalı, 749532 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən tərəflərin 18 yanvar 2017-ci il tarixdə X7 adlı övladının dünyaya gəlməsi; - iddia ərizəsinə əlavə edilmiş və 2 saylı Bakı “ASAN” xidmət mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilən 03 may 2021-ci il tarixli, AZ-İV seriyalı, 582927 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən tərəflərin 17 aprel 2021-ci il tarixdə X8 adlı övladının dünyaya gəlməsi; -iddia tələbindən və iddiaçının məhkəmədə verdiyi izahatdan tərəflərin ayrı yaşaması, onların birgə nikahından olan uşaqların hazırda anası, yəni iş üzrə iddiaçının yanında qalması aydın olur. Sonuncu qeyd edilən halla bağlı məhkəmə yalnız iddiaçının qeyd etdiklərinə əsaslanması ilə bağlı bildirir ki, 03 fevral 2023-cü il tarixli məktubla iddia ərizəsinin surəti ona əlavə edilən sübutlarla birlikdə cavabdehə göndərərək ona Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 154.1-ci maddəsinin tələbinə əsasən iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etiraz və ərizəyə əlavə olunmuş sənədlərə münasibəti, həmçinin iddiaya etiraz və ona əlavə olunmuş sənədlərin surətləri iddiaçıya və məhkəməyə təqdim edə bilməsi, sübutların və etirazın təqdim edilməməsi işdə mövcud olan sübutlar əsasında işə baxılmasına mane olmaması izah olunsa da, Cavabdeh tərəfindən iddia tələbinə qarşı hər hansı bir etiraz daxil olmamışdı. Mülki iş materiallarına əlavə edilmiş sifarişli poçt göndərişinin verilməsi haqqında xəbərnamədən müəyyən olunur ki, yuxarıda qeyd edilən məhkəmə sənədləri cavabdehə 08 fevral 2023-cü il tarixdə təqdim edilmişdi. İddiaçının tələbi isə cavabdehlə birgə nikahından olan övladları X2 və X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay Cavabdeh bir uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla, iki uşağa görə cəmi 440 (dörd yüz qırx) manat miqdarında aliment tutulmasını tələb etməsidir. İddiaçının tələbinin hüquqi həlli ilə bağlı məhkəmə istinad etdiyi maddi və prosessual hüquq normaları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsində əks olunmuşdur. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan şəxslər arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti, yəni alimenti ödəməyə borclu olur. Ailə qanunvericiliyinin tələbinə əsasən məhkəmə qaydasında alimentin tutulmasının iki qaydası müəyyən edilib: aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında və sabit pul məbləğində. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsində uşağın saxlanılması üçün alimentin sabit pul məbləğində tutulmasını əsası kimi şəxsin bu barədə olan xahişi qeyd olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də, aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd olunan maddi hüquq normalarını mülki iş materialları ilə qarşılıqlı şəkildə əlaqələndirən məhkəmə belə hesab edir ki, iddiaçının tələbi əsaslıdır. Alimentin miqdarının müəyyən edilməsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İddiaçı övladları X2 və X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay bir uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla, iki uşağa görə 440 (dörd yüz qırx) manat miqdarında aliment tutulmasını tələb edərək, bunu cavabdehin yük maşını sürücüsü işləməsi və yüksək miqdarda qazanc əldə etməsi ilə əsaslandırsa da, bu məbləğlə bağlı öz tələbini əsaslandıran faktlarla bağlı məhkəməyə sübut təqdim edə bilməmişdi. Lakin məhkəmə qeyd edir ki, "Elektron Məhkəmə" informasiya sistemindən cavabdehin sürücülük hüququ olması, onun mülkiyyətində nəqliyyat vasitəsinin olmasa da, hazırda istifadəsində “Krone SDP 27” markalı yarımqoşqu olması, həmçinin onun barəsində çıxarılmış sərhəd keçmə məlumatlarından onun ölkə ərazisindən tez-tez çıxış etməsi müəyyən edilir. Bunlar isə cavabdehin qazancı barədə mötəbər sübut sayılmasa da, onun hazırda yük maşını idarə etməsini təsdiq edəcək sübut sayılır. Məhkəmə iddiaçının nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Alimentin miqdarı ilə bağlı iddiaçı tərəf öz tələbini əsaslandıran halları sübuta yetirə bilmədiyindən məhkəmə belə hesab edir ki, alimentin miqdarı qanunvericiliyin tələbləri və işin faktiki halları nəzərə alınmaqla müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe isə ondan ibarətdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2023-cü ildə ölkədə yaşayış minimumu uşaqlar üçün 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə yuxarıda göstərilən maddi hüquq normalarını, uşaqlar barəsində valideynlərin bərabər hüquq və vəzifələrə malik olmasını, uşaqların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını, 2023-cü il üzrə ölkədə yaşayış minimumunun uşaqlar üçün müəyyən edilmiş məbləğini və uşaqların ananın yanında qalması, uşağa qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu vaxt ərzində onun üzərinə düşməsini, onların yaşını, uşaqlar arasında olan yaş fərqini və buna əsaslanan tələbatlarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Cavabdeh hər ay 18 yanvar 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 165 (bir yüz altmış beş) manat və 17 aprel 2021-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün 130 (bir yüz otuz) manat olmaqla, ümumilikdə iki uşağa görə 295 (iki yüz doxsan beş) manat miqdarında aliment tutulması məqsədəmüvafiqdir Alimentin hansı vaxtdan tutulmasına gəldikdə isə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından aydın olur ki, İddiaçı Babək Rayon Məhkəməsinə 03 fevral 2023-cü il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsində dərhal icra olunmalı qətnamələrdən biri kimi şəxsin saxlanılması üçün vəsaitlərin o cümlədən alimentlərin alınması qeyd olunduğundan qətnamə dərhal icra edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq, iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyindən, iddianın (12x(220x2)=5280) təmin edilmiş hissəsinə (12x295=3180) mütənasib olan 48,78 (qırx səkkiz manat, yetmiş səkkiz qəpik) manat miqdarında dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Mülki işə baxılması zamanı isə cavabdehin dövlət rüsumu ödəməkdən azad edilməsinə əsas olan hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən, məhkəmə belə nəticəyə gəlir ki, iddianın təmin edilmiş hissəsinə münasib olaraq dövlət rüsumu cavabdehdən tutulmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia qismən təmin olunmalı; - 03 fevral 2023-cü il tarixdən hesablanmaqla, Cavabdeh hər ay 18 yanvar 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 165 (bir yüz altmış beş) manat və 17 aprel 2021-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün 130 (bir yüz otuz) manat olmaqla, ümumilikdə iki uşağa görə 295 (iki yüz doxsan beş) manat miqdarında aliment tutularaq uşaqların anası İddiaçı ödənilməli; - iddia digər hissədə əsaslı sayılmadığından rədd olunmalı; - Cavabdeh 48,78 (qırx səkkiz manat, yetmiş səkkiz qəpik) manat miqdarında rüsum tutularaq dövlət büdcəsinə keçirilməli; - qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin edilsin. 03 fevral 2023-cü il tarixdən hesablanmaqla, Cavabdeh hər ay 18 yanvar 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 165 (bir yüz altmış beş) manat və 17 aprel 2021-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün 130 (bir yüz otuz) manat olmaqla, ümumilikdə iki uşağa görə 295 (iki yüz doxsan beş) manat miqdarında aliment tutularaq uşaqların anası İddiaçı ödənilsin. İddia digər hissədə əsaslı sayılmadığından rədd olunsun. Cavabdeh 48,78 (qırx səkkiz manat, yetmiş səkkiz qəpik) manat miqdarında rüsum tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra olunsun. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar