Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-149/2025 24.02.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı “16” yanvar 2025-ci ildə Babək Rayon Məhkəməsinə müraciət edərək 21 aprel 2018-ci il təvəllüdlü X7, 17 noyabr 2019-cu il təvəllüdlü X6 və 22 yanvar 2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay hər uşağa sabit 246 manat olmaqla cəmi 738 (yeddi yüz ortuz səkkiz) manat miqdarında (ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən edilməklə) aliment tutularaq mənə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, tələbini əsaslandıraraq qeyd etmişdir ki, mənim, Cavabdeh ilə aramızda 13 aprel 2018-ci il tarixdə Babək rayonu Qeydiyyat şöbəsində bağlanmış nikahımız Babək rayon Məhkəməsinin 2(079)-586/2023 nömrəli, 06 dekabr 2023-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Birgə nikahımızdan olan 21 aprel 2018-ci il təvəllüdlü X7, 17 noyabr 2019-cu il təvəllüdlü X6 və 22 yanvar 2022-ci il təvəllüdlü X2 mənim yanımda saxlanılması və uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər uşağa sabit 120 (yüz iyirmi) manat olmaqla cəmi 360 (üç yüz altmış) manat aliment tutularaq mənim xeyrimə ödənilməsi qət olunmuşdur. Bildirirəm ki, mən keçmiş həyat yoldaşım Cavabdeh ilə barışıb birgə yaşadığımızdan mənim 26 yanvar 2024-cü il tarixli Babək rayon İcra və Probasiya şöbəsinə verdiyim ərizə əsasında icra sənədi üzrə icraata xitam verilmişdir. Lakin keçmiş həyat yoldaşım Cavabdeh 5 ay olar ki, ayrı yaşayırıq. Özüm hal-hazırda heç bir yerdə işləmirəm. Uşaq böyüdükcə tələbatı artır buna görədə mən uşağın saxlanılmasında çətinlik çəkirəm. Övladımız 21 aprel 2018-ci il təvəllüdlü X7, 17 noyabr 2019-cu il təvəllüdlü X6 və 22 yanvar 2022-ci il təvəllüdlü X1 üçün 2025-ci il uşaqlar üçün yaşayış minimumuna görə hər uşağa sabit 246 (iki yüz qırx altı) manat olmaqla cəmi sabit 738 (yeddi yüz otuz səkiz) manat miqdarında aliment ödənilməsini istəyirəm. Mübahisənin ilkin həlli ilə bağlı mediasiyaya təşkilatına aliment tələbi ilə bağlı müraciət etdim. Lakin cavabdeh ilkin mediasiya prosesində iştirak etməmişdir. Bununla bağlı müvafiq arayış alınaraq iddia ərizəmə əlavə edirəm. İddiaçı məhkəmədə verdiyi izahatında Sərxanla barışdıqları üçün alimentdən imtina etdiyini, hazırda yenə də ayrı yaşadıqlarını, bu səbəbdən aliment istədiyini, cavabdehlə aralarında olan nikahın 2023-cü ilin dekabr ayında pozulduğunu, məhkəmə qətnaməsi ilə uşaqların ananın yanında qalması və onların yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin təyin edildiyini, nikah pozulduqdan 2 ay sonra barışdıqları üçün alimentdən imtina etdiyini, həmin vaxt barışsalar da, yenidən nikaha daxil olmadıqlarını, təqribən 8-9 aydır cavabdehlə ayrı yaşadıqlarını, uşaqlarının hər üçünün onunla qaldığını, onların 3, 5 və 6 yaşları olduğunu, ayrı qaldıqları vaxt ərzində cavabdehin uşaqların saxlanılması üçün ona heç bir kömək etmədiyini, özünün işləmədiyini, övladlarına sosial yardımdan aldığı pulla baxdığını, cavabdehin əvvəl burada mühafizəçi işlədiyini, məhkəməyə müraciət etdikdən sonra işdən çıxıb Türkiyə Respublikasına getdiyini, Türkiyə Respublikasında işlədiyini, lakin qazancı barədə sübutunun olmadığını, kirayədə yaşadığını və hər ay 350 manat kirayə pulu verdiyini, övladlarından Vüsal və Nərimanın 1 nömrəli tam orta məktəbdə oxuduqlarını bildirmiş, sonda iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla cavabdehin iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. Mülki işin materiallarını iddiaçının izahatı ilə əlaqəli şəkildə tədqiq edərək məhkəmə müəyyən edir ki, tərəflərin 13 aprel 2018-ci ildə nikaha daxil olması, onların birgə nikahından xx.xx.2018-cü ildə X7, xx.xx.2019-cu ildə X6 və xx.xx.2022-ci ildə X2 dünyaya gəlməsi, tərəflər arasında bağlanmış nikahın məhkəmə qaydasında xx.xx.2023-cü il tarixdə pozulması, həmin qətnamə ilə uşaqların ananın yanında saxlanılması, sözügedən qətnamə ilə təyin olunan alimentdən iddiaçının xx.xx.2024-cü il tarixdə imtina etməsi və icra sənədi üzrə icraata xitam verilməsi, tərəflərin hazırda ayrı yaşaması, onların birgə nikahından olan uşaqların iddiaçının yanında qalması, mediasiyada alimentlə bağlı razılığın əldə olunmaması işin mübahisəsiz hallarıdır. Bu faktların işin mübahisəsiz halları olması iddia ərizəsinə əlavə olunmuş aşağıdakı sübutlarla təsdiq olunur: - Babək Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 402871 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən Əhmədov Cavabdeh Sevinc Ramiz qızı ilə nikahına Babək Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə xx.xx.2024-cü il tarixdə xitam verilməsinin qeydə alınması; - AZ-İİİ seriyalı, 961421 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən tərəflərin xx.xx.2018-ci il tarixdə X7 adlı övladlarının doğulması; - AZ-İV seriyalı, 464046 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən tərəflərin xx.xx.2019-cu il tarixdə X6 adlı övladlarının doğulması; - AZ-İV seriyalı, 630536 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən tərəflərin xx.xx.2022-ci il tarixdə X5 adlı övladlarının doğulması; - Babək Rayon Məhkəməsinin 2(079)-586/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə alimentin tutulmasının əvvəli 16 oktyabr 2023-cü il tarixdən hesablanmaqla xx.xx.2018-ci il təvəllüdlü X7, xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2022-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh hər uşaq üçün 120 (bir yüz iyirmi) manat olmaqla, üç uşaq üçün cəmi 360 (üç yüz altmış) amant sabit pul məbləpğində alimentin tutularaq uşaqların anası İddiaçı ödənilməsinin qət edilməsi; - iddia ərizəsinə əlavə olunmuş və Babək Rayon İcra və Probasiya Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş icraata xitam verilməsi haqqında qərardan İddiaçı alimentdən könüllü olaraq imtina etməsi nəticəsində icra sənədi üzrə icraata xitam verilməsi; - iddia ərizəsinə əlavə olunmuş və X3 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, MŞN/24- Ə-01357 nömrəli arayışdan Cavabdeh ilkin mediasiya sessiyasında itirak etməməsi; - iddia ərizəsi və iddiaçının məhkəmədə verdiyi izahatlardan tərəflərin ayrı yaşaması və birgə nikahdan olan uşaqlarının hazırda iddiaçının yanında qalması aydın olur. İddiaçı tələbi isə 21 aprel 2018-ci il təvəllüdlü X7, 17 noyabr 2019-cu il təvəllüdlü X6 və 22 yanvar 2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay hər uşağa sabit 246 manat olmaqla cəmi 738 (yeddi yüz otuz səkkiz) manat miqdarında alimentin tutulmasından ibarətdir. İşin bu mübahisəli halının hüquqi həlli ilə bağlı məhkəmə istinad etdiyi maddi və prosessual hüquq normaları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsində əks olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan şəxslər arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti, yəni alimenti ödəməyə borclu olur. Ailə qanunvericiliyinin tələbinə əsasən məhkəmə qaydasında alimentin tutulmasının iki qaydası müəyyən edilib: aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında və sabit pul məbləğində. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də, aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd olunan maddi hüquq normalarını mülki iş materialları ilə qarşılıqlı şəkildə əlaqələndirən məhkəmə belə hesab edir ki, iddiaçının tələbi əsaslıdır. Alimentin miqdarının müəyyən edilməsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İddiaçı övladları X7, X6 və X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay hər uşağa sabit 246 manat olmaqla cəmi 738 (yeddi yüz ortuz səkkiz) manat miqdarında alimentin tutulmasını tələb etsə də, bu məbləğlə bağlı öz tələbini əsaslandıran faktları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Alimentin miqdarı ilə bağlı iddiaçı tərəf öz tələbini əsaslandıran halları sübuta yetirə bilmədiyindən məhkəmə belə hesab edir ki, onun miqdarı qanunvericiliyin tələbləri və işin faktiki halları nəzərə alınmaqla müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe isə ondan ibarətdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2025-ci ildə ölkədə yaşayış minimumu uşaqlar üçün 246 (iki yüz qırx altı) manat məbləğində müəyyən edilmişdir. Qeyd edilən maddi hüquq normasının tələbini, həmçinin uşağın yaşının artdıqca tələbatların artmasını, azyaşlı uşaqla məktəbli uşağın yaşayış ehtiyacının eyni səviyyədə olmamasını nəzərə alan məhkəmə belə hesab edir ki, uşaqların yaşını və buna əsaslanan ehtiyaclarını, həmçinin uşaqlara münasibətdə valideynlərin bərabər hüquq və vəzifələrə malik olmasını diqqətə almadan onların hər biri üçün yaşayış minimumu həddində aliment təyin edilməsi ədalətlilik və hər bərabərlik prinsipinə ziddir. Məhkəmə onu da qeyd edir ki, yaşayış minimumu məbləği Azərbaycan Respublikasında bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin birbaşa bu həddə müəyyən edilməsi anlamına gəlmir. Qanunvericilik aliment məbləğinin müəyyən edilməsi zamanı bir sıra halların araşdırılmalı olduğunu tələb edir. Həmçinin bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği təmin etmək bir valideynin vəzifəsi deyil, hər iki valideynin borcudur. "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatlardan iddiaçının işsiz olduğu müəyyən edilir. Cavabdehin ********** VÖEN nömrəli, kommivoyajorlar tərəfindən satış fəaliyyəti ilə məşğul olan, fəaliyyətini müvəqqəti dayandırmış fərdi sahibkar olduğu aydın olur. Məhkəmə yuxarıda göstərilən maddi hüquq normalarını, uşaqlar barəsində valideynlərin bərabər hüquq və vəzifələrə malik olmasını, uşaqların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını, uşaqların iddiaçının yanında qalması, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu vaxt ərzində onun üzərinə düşməsini, uşaqların sayını, onların yaşını nəzərə alaraq belə nəticəyə gəlir ki, iddiaçının tələbi qismən təmin edilməli və yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün hər ay cavabdehdən bir uşaq üçün 130 (bir yüz otuz) manat məbləğində aliment tutulmalıdır. Alimentin hansı vaxtdan tutulması məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən şəxsin məhkəməyə müraciət etdiyi vaxtdan tutulur. Yuxarıda qeyd edilənlərin nəticəsi olaraq məhkəmə belə nəticəyə gəlir ki, tərəflərin birgə nikahından olan uşaqların saxlanılması üçün aliment Cavabdeh iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan tutulmalıdır. İş materiallarından aydın olur ki, İddiaçı Babək Rayon Məhkəməsinə “16” yanvar 2025-ci il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsində dərhal icra olunmalı qətnamələrdən biri kimi şəxsin saxlanılması üçün vəsaitlərin o cümlədən alimentlərin alınması qeyd olunduğundan qətnamə dərhal icra edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3cü maddəsinə müvafiq olaraq, iddianın qiyməti aliment haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyindən, iddianın (12x(246x3)=8856) təmin edilmiş hissəsinə mütənasib olan (12x(130x3)=4680) 52 (əlli iki) manat 84 (səksən dörd) qəpik miqdarında dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Mülki işə baxılması zamanı isə cavabdehin dövlət rüsumu ödəməkdən azad edilməsinə əsas olan hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən, məhkəmə belə nəticəyə gəlir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu cavabdehdən tutulmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia qismən təmin olunmalı; - tərəflərin birgə nikahından olan xx.xx.2018-cü il təvəllüdlü X7, xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün “16” yanvar 2025-ci il tarixdən hesablanmaqla, hər ay Cavabdeh bir uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla, ümumilikdə üç uşağa görə 390 (üç yüz doxsan) manat miqdarında aliment tutularaq uşaqların anası İddiaçı ödənilməli; - iddia digər hissədə əsaslı sayılmadığından rədd olunmalı; - Cavabdeh 52 (əlli iki) manat 84 (səksən dörd) qəpik miqdarında rüsum tutularaq dövlət büdcəsinə keçirilməli; - qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra olunmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin edilsin. Tərəflərin birgə nikahından olan xx.xx.2018-cü il təvəllüdlü X7, xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün “16” yanvar 2025-ci il tarixdən hesablanmaqla, hər ay Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0.32 misli həddində sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 52 (əlli iki) manat 84 (səksən dörd) qəpik miqdarında rüsum tutularaq dövlət büdcəsinə keçirilsin. İddia qalan hissədə rədd olunsun. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra olunsun. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(079)-149/2025
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-149/2025
24.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver