Məhkəmə qərarları › İş №2(079)-188/2020

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-188/2020

17.07.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(079)-188/2020 17.07.2020 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsi hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı, Cavabdeh və cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbi”nə dair mülki işə Babək Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı xx xxxx 2020-ci il tarixdə iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh xx xxxx 2007-ci ildə doğulmuş X3, xx xxxxxx 2009-cu ildə doğulmuş X4, xx xxxxxx 2014-cü ildə doğulmuş X5 və xx xxxxxx 2017-ci ildə doğulmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər bir uşaq üçün hər ay 170 manat olmaqla, ümumilikdə 680 manat miqdarında sabit pul məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirdi ki, Cavabdeh ilə el adəti ilə toy edərək evlənib, 2008-ci il tarixdə nikahları rəsmi qeydiyyata alınıb, birgə nikahlarından onların xx xxxx 2007-ci il təvəllüdlü X3, xx xxxxxx 2009-cu il təvəllüdlü X4, xx xxxxxx 2010-cu il təvəllüdlü X5 və xx xxxxxx 2017-ci il təvəllüdlü X6 adlı 4 övladı doğulubdur. Ailə qurduqları vaxtdan onların ailə işlərinə kənar müdaxilə olunub və həyat yoldaşı Cavabdeh ilə bu illər ərzində narahatlıqlar içərisində yaşayıblar. Cavabdeh ilə 3 ay olar ki, ayrı yaşayırlar, onların münasibətlərinin pozulmasının səbəbkarı cavabdehin anasıdır, Cavabdeh anası onların ailə işlərinə çox qarışır, cavabdehdə anasının sözlərinə inanır, buna görə də evdə tez-tez mübahisə baş verir, axırıncı dəfə Cavabdeh anası qazı açaraq bacısı gilə gedib, qaz açıq vəziyyətdə evə dolubdur, həmin vaxt o evdə olmayıb, evə gələndə isə evdən qaz iyisinin gəldiyini bilibdir, cavabdehin anasına deyəndə ki, niyə belə edirsən, “özümü öldürəcəm” deyə cavab verir. O hər an həmin evdə uşaqlarının başına bir hadisə gələcəyindən qorxur, ona görə o evdə yaşamaq istəmir, çünki qayınanası onlara xəsarət yetirə bilər, qayınanasında psixi xəstəlik var, dəfələrlə qayınatasını da polisə verib tutdurub, bu səbəbdən də o qayınanası ilə birlikdə yaşamaq istəmir, cavabdeh kənd təsərrüfatı ilə məşğul olur və onun qazancı kifayət qədərdir. Sonda İddiaçı deyilənlərin nəzərə alaraq məhkəmədən uşaqların saxlanması üçün aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə sualları cavablandıran İddiaçı bildirdi ki, cavabdehlə ayrı yaşadıqları müddət ərzində Cavabdeh onlara heç bir yardım göstərməyib və maraqlanmayıbdır, Cavabdeh aylıq gəlirləri barədə onda hər hansı bir sənəd və ya sübut yoxdur. O dörd uşağın saxlanılması üçün Cavabdeh sabit məbləğində aliment ödəməsini istəyir. Məhkəmə iclasında cavabdeh qismində iştirak edən Cavabdeh izahatında bildirdi ki, həqiqətən də İddiaçı ilə rəsmi nikahdadır və onların nikahlarından Gülşən, Nurşən, Xəyalə və Xəyal adlı övladları vardır, iddiaçı ilə aralarında elə bir ciddi problem olmayıb, xx xxxxx 2020-ci il tarixdə iddiaçı ilə onun anası arasında sözsöhbət olubdur, o isə həmin vaxt çöldə olubdur, buna görə də iddiaçı uşaqları ilə birlikdə, iddiaçının atası evinə, yəni Babək rayonu, Xəlilli kəndində gedibdir, halhazırda İddiaçı uşaqları ilə birlikdə həmin evdə yaşayırlar. İddiaçı əvvəldə bir neçə dəfə boşanma ilə bağlı məhkəməyə müraciət edibdir, lakin məhkəmədə onlar barışıb birlikdə yaşamağa başlayıblar. İddiaçı evdən gedəndən sonra da o barışmaq üçün iddiaçının atası evinə gedib, lakin İddiaçı ata-anası ona Xəlilli kəndində torpaq almasını və ev tikməsi şərti ilə qızlarının barışacağını deyiblər, o isə anasının tək övladı olduğunu anasını tək qoya bilməyəcəyini bildiribdir. Əlavə olaraq Cavabdeh bildirdi ki, anası qazı açıq qoymayıb, qaz özü sönüb, atasını isə polisə verməsinin səbəbi atasının həddən artıq çox içki içməsi olub, iddiaçı ilə aralarında elə də ciddi problem yoxdur, o özü neçə dəfə iddiaçının arxasınca gedib onunla barışmağa çalışıbdır, onlar iddiaçı ilə əvvəl olan mübahisədən sonra anasından ayrı yaşayırlar. O Payız kəndində olan evi iki yerə bölübdür, hətta həmin evdə mətbəxi də ayırıbdır, iddiaçının onunla söz-söhbəti olmayıbdır. İddiaçın valideynlərinin istəyi onların Xəlilli kəndinə köçüb orada yaşamalarıdır, o isə Payız kəndində yaşamaq istəyir. O iddiaçı ilə barışıb əvvəlki kimi bir yerdə yaşamaq istəyir. Sonda Cavabdeh qeyd edilənləri nəzərə alıb məhkəmədən iddianın qismən təmin olunması barədə qərar qəbul edilməsinin xahiş etmişdir. Məhkəmədə sualları cavablandıran Cavabdeh bildirdi ki, İddiaçı uşaqları ilə birlikdə 2020-ci il aprel ayından Babək rayonu, Xəlilli kəndində yerləşən iddiaçının atasına məxsus evdə yaşayırlar, iddiaçının tələb etdiyi bir uşağa görə 170 manat pulu o ödəmək imkanında deyil, onun bir uşağa görə 70 manat aliment ödəmək imkanı vardır, onun daimi iş yeri yoxdur, onun bir ədəd köhnə traktoru var, iş olanda işləyir, olmayanda isə işləmir, uşaqlara maddi yardım kimi isə, o İddiaçı Xəlilli kəndində işlədiyinə görə ona borclu olan şəxslərdən 350 manat pulun alıb uşaqlara xərcləməsini deyibdir, o iddiaçıya və ya uşaqlara bundan başqa maddi yardım etməyibdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil izahatında bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi Cavabdeh işin təfərrüatı barədə geniş məlumat verdiyini, cavabdehin mövsümü işlərdə işlədiyini, traktor işlətdiyini, işinin daimi olmadığını, mövsümü iş olduğunu, üç ay işlədiyini, hər ay 200 manat gəlirinin olduğunu, cavabdehin gəliri barədə onlarda hər-hansı sübutun olmadığını, qeyd edilənləri nəzərə alaraq iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə olunmuş AZ-İ seriyalı 416486 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh və İddiaçı arasında nikah xx xxxx 2008-ci ildə bağlanmış, bu barədə akt qeydləri kitabında 111 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Babək Rayon Qeydiyyat Şöbəsi tərəfindən AZ-İİ seriyalı 167486 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X3 xx xxxx 2007-ci il tarixdə doğulmuş, doğum haqqında şəhadətnamənin ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Babək Rayon Qeydiyyat Şöbəsi tərəfindən AZ-İİ seriyalı 331451 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X4 xx xxxxxx 2009-cu il tarixdə doğulmuş, doğum haqqında şəhadətnamənin ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Babək Rayon Qeydiyyat Şöbəsi tərəfindən AZ-İİİ seriyalı 305064 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X5 xx xxxxxx 2014-cü il tarixdə doğulmuş, doğum haqqında şəhadətnamənin ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Babək Rayon Qeydiyyat Şöbəsi tərəfindən AZ-İİİ seriyalı 749673 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X6 xx xxxxxx 2017-ci il tarixdə doğulmuş, doğum haqqında şəhadətnamənin ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. İş materiallarında olan Babək Rayon İcra Hakimiyyətinin Payız kənd İƏDNnın verdiyi xx xxxx 2020-ci il tarixli 285 nömrəli arayışından görünür ki, İddiaçı Babək rayonu, Payız kəndində yaşayır. İş materiallarında olan Babək Rayon İcra Hakimiyyətinin Payız kənd İƏDNnın verdiyi xx xxxx 2020-ci il tarixli 286 nömrəli arayışından görünür ki, Cavabdeh Babək rayonu, Payız kəndində yaşayır. İş materiallarında olan AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Babək rayonu, Payız kəndində qeydiyyatdadır. Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddələrində isə qeyd olunur ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Həmin Məcəllənin 172.2.-ci maddəsinin tələbinə görə işə bərpa, aliment tutulması, dövlət orqanlarının, ictimai birliklərin, vəzifəli şəxslərin qərarlarının, hərəkətlərinin (və ya hərəkətsizliklərinin) düzgün olmaması barədə işlərə 1 ay müddətində baxılır və həll edilir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə ilk növbədə qeyd etmək istəyir ki, mülki işin materialları ilə və həmçinin tərəflərin izahatları ilə tərəflərin xx xxxx 2008-ci il tarixdə nikaha daxil olmaları, onların birgə nikahından xx xxxx 2007-ci ildə doğulmuş X3, xx xxxxxx 2009-cu ildə doğulmuş X4, xx xxxxxx 2014-cü ildə doğulmuş X5 və xx xxxxxx 2017ci ildə doğulmuş X2 olması, uşaqların İddiaçı yanında qalması işin mübahisəsiz hallarıdır. İşin mübahisəli halı isə iddiaçının tələb etdiyi alimentin miqdarı ilə bağlıdır. Belə ki, iddiaçı iddia ərizəsində övladları Gülşən, Nurşən, Xəyalə və Xəyalın yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər bir uşaq üçün hər ay cavabdehdən 170 manat olmaqla, ümumilikdə 680 manat miqdarında sabit pul məbləğində aliment tutulmasını tələb etmişdir. Cavabdeh isə bu məbləğin yüksək olduğunu, hər bir uşağa görə 70 manat aliment ödəyə biləcəyini bildirmişdir. İşin bu mübahisəli halının həlli ilə bağlı məhkəmə istinad etdiyi maddi və prosessual hüquq normaları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində və “Uşaq hüquqları haqqında Azərbaycan Respublikası Qanunun 19-cu maddəsində əks olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsində uşağın saxlanılması üçün alimentin sabit pul məbləğində tutulmasını əsası kimi şəxsin bu barədə olan xahişi qeyd olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də, aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd olunan maddi hüquq normalarını mülki iş materialları ilə qarşılıqlı şəkildə əlaqələndirən məhkəmə belə hesab edir ki, iddiaçının tələbi əsaslıdır. Alimentin miqdarının müəyyən edilməsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq, müəyyən edilir. İddiaçı övladları X3, X4, X5 və X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər bir uşaq üçün hər ay 170 manat olmaqla, ümumilikdə 680 manat miqdarında sabit məbləğdə aliment tələb etsə də, İddiaçı Cavabdeh aylıq qazancı barədə məhkəməyə sübut təqdim etməmiş və tələb etdiyi məbləğlə bağlı öz tələbini əsaslandıran faktları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iddiaçının nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 209.1-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işdə iştirak edən şəxslərdən onların məhkəmə tədqiqatının materiallarını daha nə ilə tamamlamağı arzu etdiklərini soruşsa da, tərəflərin hər hansı başqa sübut növlərinin təmin olunmasına dair vəsatətləri olmamışdır. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi xx xxxx 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Alimentin miqdarının ilə bağlı iddiaçı tərəf öz tələbini əsaslandıran halları sübuta yetirə bilmədiyindən məhkəmə belə hesab edir ki, alimentin miqdarı qanunvericiliyin tələbləri və işin faktiki halları nəzərə alınmaqla müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx xxxx 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe isə ondan ibarətdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2020-ci ildə ölkədə yaşayış minimumu uşaqlar üçün 170 (bir yüz yetmiş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə yuxarıda göstərilən maddi hüquq normalarını, uşaqlar barəsində valideynlərin bərabər hüquq və vəzifələrə malik olmasını, uşaqların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını, 2020-ci ildə ölkədə yaşayış minimumunun uşaqlar üçün 170 (bir yüz yetmiş) manat məbləğində müəyyən edilməsini, uşaqların iddiaçının yanında qalması, uşaqlara qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşaqların himayəsində olduğu vaxt ərzində onun üzərinə düşməsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, iddiaçının tələbi qismən təmin edilməli xx xxxx 2007-ci ildə doğulmuş X3, xx xxxxxx 2009-cu ildə doğulmuş X4, xx xxxxxx 2014-cü ildə doğulmuş X5 və xx xxxxxx 2017-ci ildə doğulmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər uşaq üçün hər ay sabit məbləğdə 90 manat olmaqla, ümumilikdə 360 manat miqdarında alimentin Cavabdeh alınıb İddiaçı verilməlidir. Aliment sabit pul məbləğində müəyyənləşdirilərkən o nəzərə alınmışdır ki, uşaqların saxlanılmaları üçün aliment tələb edən iş üzrə iddiaçı alimentin sabit pul məbləğində müəyyənləşdirilməsini xahiş etmişdir. Məhkəmə iddianı qismən təmin edərkən həmçinin onu nəzərə alır ki, valideynlər uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olmaqla, hər iki valideyn uşaqlarını saxlamağa borcludur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Odur ki, hazırki qətnamə ilə müəyyən edilən aliment məbləği iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx xxxx 2020-ci il tarixdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsində dərhal icra olunmalı qətnamələrdən biri kimi şəxsin saxlanılması üçün vəsaitlərin o cümlədən alimentlərin alınması qeyd olunduğundan qətnamə dərhal icra edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq, iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyindən, iddianın (4x12x170)=8160) təmin edilmiş hissəsinə (4x12x90)=4320) münasib olan 15,90 (on beş manat, 90 qəpik) manat miqdarında dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Mülki işə baxılması zamanı isə cavabdehin dövlət rüsumu ödəməkdən azad edilməsinə əsas olan hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən, məhkəmə belə nəticəyə gəlir ki, iddianın təmin edilmiş hissəsinə münasib olaraq dövlət rüsumu cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq. məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx xxxx 2007-ci ildə doğulmuş X3, xx xxxxxx 2009-cu ildə doğulmuş X4, xx xxxxxx 2014-cü ildə doğulmuş X5 və xx xxxxxx 2017-ci ildə doğulmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər uşaq üçün hər ay sabit pul məbləğində 90 (doxsan) manat olmaqla, ümumilikdə 360 (üç yüz altmış) manat miqdarında aliment Cavabdeh alınıb İddiaçı verilsin. Alimentin tutulmasının əvvəli xx xxxx 2020-ci ildən hesablansın. Qətnamənin alimentə dair hissəsi dərhal icra olunsun. Cavabdeh 15,90 (on beş manat, 90 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar