Məhkəmə qərarları › İş №2(079)-190/2023

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-190/2023

12.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-190/2023 12.04.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh hər ay 220 (iki yüz iyirmi) manat miqdarında sabit pul məbləğində alimentin alınıb 10 oktyabr 2011-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün ona ödənilməsi, həmçinin ilkin mediasiya sessiyası xərci olan 50 (əlli) manatın cavabdehdən alınıb verilməsi qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq bildirmişdir ki, mən Cavabdeh ilə 2 dekabr 1998-ci ildə nikah bağlayıb, 1999-cu ildə ailə qurmuşam. 10 oktyabr 2011-ci ildə bizim Nərmin adlı bir qızımız doğulubdur. Cavabdeh 5 ildən çoxdur ki, Bakı şəhərində mənə məlum olmayan ünvanda yaşayır. Sonuncu dəfə 2022-ci ildə yaşadığımız Didivar kəndinə gəlib və həmin ilin mart ayının 30-da yenidən Bakı şəhərinə gedibdir. Həmin vaxtdan biz ayrı yaşayırıq. Mən hazırda “Novruzəli oğulları” çörək sexində işləyirəm və aylıq qazancım 140-150 manat olur. Cavabdeh isə harada işləməsini bilmirəm. Mənim onun qazancı (başqa gəlirləri) barədə məlumat əldə etmək və məhkəməyə təqdim etmək imkanım yoxdur. X8 rayon Didivar kənd tam orta məktəbinin V sinfində oxuyur və onun tələbatları günbəgün artır. Mən onun qidalanması, geyimlə təmin olunması, təhsil alması və başqa xərclərinin qarşılanması iqtidarında deyiləm. Cavabdeh isə bir ata kimi uşağının saxlanması üçün mənə könüllü heç bir maddi köməklik göstərmir, heç bir vəsait vermir. Sonucu dəfə 2022-ci ilin iyul ayının 14-də cəmi 50 manat pul yollayıbdır. İddiaçı məhkəmə iclasında izahat verərək bildirmişdir ki, cavabdehlə 02 dekabr 1998-ci il tarixdə nikah bağlayıb, 1999-cu ildə ailə həyatı qurduğunu, hazırda nikahda olduqlarını, birgə nikahdan 10 oktyabr 2011-ci il tarixdə Nərmin adlı qızının dünyaya gəldiyini, cavabdehin 5 ildir ki, Bakı şəhərinə gedib ailəsi ilə maraqlanmadığını, Nərminin 12 yaşında olduğunu, Didivar kənd orta məktəbində 5ci sinifdə oxuduğunu, onun bütün ehtiyaclarını özünün qarşladığını, mədə-bağırsaq problemi olmasına baxmayaraq maddi imkansızlıq ucbatından həkimə apara bilmədiyini, cavabdehin isə uşağın saxlanmasında bir ata kimi iştirak etmədiyini, dərs ilinin başlanğıcında məktəb paltarı alınması üçün cavabdehdən pul göndərməsini istədiyini, onun 1 həftəyə pul göndərəcəyini bildirsə də, heç bir məbləğ göndərmədiyini, dəfələrlə belə yalanlar dediyini, birlikdə yaşadığı vaxtlar isə “Ləzzət” firmasında anbardar müdiri kimi çalışıb 1000 manata yaxın əmək haqqı aldığını, sonuncu dəfə 2022-ci ilin 24 iyun tarixində 50 manat pul göndərdiyini, qızının ehtiyaclarını tək qarşılamağın çətin olduğunu, uşağın ehtiyacları ilə bağlı əlavə borcları olduğunu, onları qaytara bilmədiyini, cavabdehin Bakı şəhərində başqa bir qadınla qeyri-rəsmi nikahda yaşadığını, cavabdehin gəlirləri barədə sübutunun olmadığını, lakin cavabdehin qızına telefonda dediyinə görə hazırda Zəngilan rayonunda anbardar olaraq çalışıb ayda 600-700 manata yaxın əmək haqqı aldığını, Didivar kəndində yerləşən evi birgə nikah dövründə aldıqlarını, lakin evin sənədləşdirilmədiyini, hazırda orada yaşadıqlarını, özünün isə 1 ay bundan qabaq çörək sexində işləyib ayda 140-150 manat əmək haqqı almasına baxmayaraq hazırda qızının azyaşlı olması və qayğılarına görə işə gedə bilmədiyini və qazancının olmadığını bildirmiş, cavabdehin gəlirləri, qızının yaşı və ehtiyacları nəzərə alınmaqla iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edirəm. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxmışdır. Mülki işin materiallarını tədqiq edən məhkəmə qeyd edir ki, 10 oktyabr 2011ci il təvəllüdlü X1 atasının Cavabdeh, anasının isə İddiaçı olduğu işin mübahisəsiz hallarıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Vİ-JQ seriyalı, 493704 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən belə məlum olur ki, tərəflər arasında rəsmi nikah münasibətləri mövcuddur. Həmçinin iş materiallarına əlavə edilmiş AZ-İİ seriyalı 507173 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən belə məlum olur ki, atası Cavabdeh, anası İddiaçı olan X4 xx.xx.2014-cü ildə doğulmuşdur. Məhkəmə araşdırması nəticəsində isə cavabdehin uşağı saxlamaq vəzifəsini yerinə yetirmədiyi məlum olur. Cavabdeh tərəfindən iddiaya qarşı etiraz irəli sürülməmişdir. Məhkəmə uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən hər ay bir uşaq üçün 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin alınaraq iddiaçıya verilməsi ilə bağlı tələbi barədə aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Ailə Məcəlləsi (bundan sonra - “AM”) uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. AM-in 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə qanunvericiliyində məhkəmə qaydasında alimentin tutulmasının 2 qaydası müəyyən edilmişdir: - aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında; - sabit pul məbləğində. Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsaitin tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Göründüyü kimi qanunverici göstərilən maddədə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin sabit məbləğdə tutulmasının bir neçə əsasını müəyyən etmişdir. Bu əsaslardan hər hansı biri mövcud olduqda alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Məhkəmə, alimenti qazancın (gəlirin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır. Qanunvericinin yuxarıda göstərilən maddədə müəyyən etdiyi əsas şərtlərdən biri də ondan ibarətdir ki, alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir. (Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin qərarı). Məhkəmə alimentin sabit pul məbləğində tutulmasından imtina üçün əsasların müəyyən edilməməsini nəzərə alaraq və sübutetmə yükünün bölüşdürülməsinin ümumi qaydasını rəhbər tutaraq alimentin sabit məbləğdə tutulması ilə bağlı iddiaçının tələbini əsaslı sayır. AM-in 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Konstitusiya Məhkəməsinin yuxarıda adı çəkilən qərarına əsasən məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Sözügedən halların araşdırılmasının nəticəsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Məhkəmələrinin Elektron Məhkəmə İnformasiya Sistemindən cavabdehin gəlir məlumatları üzrə çıxarışdan cavabdehin "xxxx" Qapalı Səhmdar Cəmiyyətində inşaat fəhləsi vəzifəsində çalışaraq 345 manat əmək haqqı aldığı müəyyən olunur. Azərbaycan Respublikası Məhkəmələrinin Elektron Məhkəmə İnformasiya Sistemindən iddiaçının gəlir məlumatları üzrə çıxarışdan cavabdehin “X3” adlı fərdi sahibkar yanında “çörək xəmiri qarışdıran” işlədiyi, 345 manat əmək haqqı aldığı müəyyən olunur. Azərbaycan Respublikası Məhkəmələrinin Elektron Məhkəmə İnformasiya Sistemindən cavabdehin qohumluq münasibətləri üzrə çıxarışdan hazırda yetkinlik yaşına çatmayan tək uşağının Nərmin Seyidova olduğu müəyyən olunur. Azərbaycan Respublikası Məhkəmələrinin Elektron Məhkəmə İnformasiya Sistemindən tərəflərin əmlak məlumatları üzrə çıxarışdan onların mülkiyyətində daşınmaz əmlak və yol-nəqliyyat vasitəsinin olmadığı müəyyən olunur. İddiaçının izahatı əsasında müəyyən olunmuşdur ki, X4 hazırda anası ilə qalır və uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi iş üzrə iddiaçının üzərinə düşür. Uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə alır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. MPM-in 13.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə mübahisələri Azərbaycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, qanunlara, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına, habelə Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə əsasən həll edir. Bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir (Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin qərarı). Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə ilk olaraq Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Həmçinin ali qanunun 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Bundan əlavə “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. ”İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Yuxarıda qeyd edilən maddi hüquq normaları, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində əks olunmuş bərabərlik hüququnun mahiyyətindən belə məlum olur ki, uşaqlara münasibətdə valideynlər bərabər hüquq və vəzifələrə malikdir. Bu isə onu deməyə əsas verir ki, hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcləri ilə təmin edilməsində hər iki valideyn bərabər və eyni öhdəliyə sahibdir. Məhkəmə yuxarıda göstərilən maddi hüquq normalarını, uşaqlar barəsində valideynlərin bərabər hüquq və vəzifələrə malik olmasını, uşaqların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini, 2023-cü ildə ölkədə yaşayış minimumunun uşaqlar üçün 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilməsini, yetkinlik yaşına çatmayan uşağın hazırda ananın yanında yaşamaqla məişət qayğılarının onun üzərinə düşməsini, yetkinlik yaşına çatmayan uşağın yaşı nəzərə alınmaqla təhsil xərclərini, tərəflərin gəlirlərini və əmlak vəziyyətini nəzərə alaraq, belə nəticəyə gəlir ki, yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün Cavabdeh hər ay bir uşaq üçün 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq uşağın anasına ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçının iddia ərizəsi isə Babək Rayon Məhkəməsinin icraatına xx.xx.2023ci il tarixdə daxil olmuşdur. Aliment tələbinin icra edilməsi anı ilə bağlı isə məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsində dərhal icra olunmalı qətnamələrdən biri kimi şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması qeyd olunmuşdur. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, MPM-in 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda 54 (əlli dörd) manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. 12X200=2400 30+(2400X1%)=54 Məhkəmə həmçinin iddia tələbinin ilkin mediasiya sessiyası xərci olan 50 (əlli) manatın cavabdehdən alınıb verilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia həmin hissədə təmin olunmalı, 50 (əlli) manat məbləğində mediasiya xərci cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 115.0 və 115.0.9-cu maddələrinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmçinin Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinə əlavə olunmuş 112629 nömrəli mədaxil qəbzindən belə məlum olur ki, iddiaçı xx.xx.2023-cü il tarixdə ilkin mediasiya xərci olan 50 (əlli) manatı ödəmişdir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, xx.xx.2023-ci il tarixdən hesablanmaqla, 10 oktyabr 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün iş üzrə Cavabdeh bir uşaq üçün 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutulub uşağın anası İddiaçı ödənilməli, 50 (əlli) manat məbləğində mediasiya xərci cavabdehdən alınaraq iddiaçıya ödənilməli, iddia qalmış hissədə rədd olunmalı, qətnamə alimentə dair hissədə dərhal icra olunmalı, Cavabdeh 54 (əlli dörd) manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin edilsin. xx.xx.2023-ci il tarixdən hesablanmaqla, 10 oktyabr 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün iş üzrə Cavabdeh bir uşaq üçün 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutulub uşağın anası İddiaçı ödənilsin. İddia qalmış hissədə rədd edilsin. Qətnamə alimentə dair hissədə dərhal icra olunsun. Cavabdeh 54 (əlli dörd) manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Cavabdeh 50 (əlli) manat məbləğində mediasiya xərci alınaraq İddiaçı ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar