Məhkəmə qərarları › İş №2(079)-191/2022

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-191/2022

12.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-191/2022 12.05.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən е t d i: İddiaçı «31” mart 2022-ci ildə iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək, 09 may 2006-cı il tarixdə doğulmuş X6, 12 iyul 2008-ci il tarixdə doğulmuş X5 və 21 aprel 2015-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün Cavabdeh hər ay bir uşaq üçün 193 (bir yüz doxsan üç) manat olmaqla, ümumilikdə üç uşağa görə 579 (beş yüz yetmiş doqquz) manat məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O, tələbini əsaslandıraraq qeyd etmişdir ki, Cavabdeh ilə 02 sentyabr 2003-cü il tarixdə nikah bağlamışdıq. Birgə nikahımızdan birgə yaşadığımız müddətdə 09 may 2006cı il tarixdə X6, 12 iyul 2008-ci il tarixdə X5 və 21 aprel 2015-ci ildə isə X7 adlı övladlarımız dünyaya gəlib. Cavabdehlə xasiyyətimiz tutmadığından Babək Rayon Məhkəməsinin 2(079)-118/2020 nömrəli, 28 avqust 2020-ci il tarixli qətnaməsi ilə nikahımız pozulmuş, azyaşı övladlarımızın mənim yanımda qalması qət olunmuşdur. Elxanla aramızda olan nikah pozularkən maddi vəziyyətimə, uşaqların azyaşlı olmalarına və onun maddi durumuna görə aliment tələbim olmamışdı. Lakin hazırda uşaqlar böyüdüyündən onların maddi tələbatları da artır. Elxan isə könüllü şəkildə uşaqların saxlanılması üçün mənə heç bir maddi köməklik etmir, ayda-ildə uşaqlara 5-10 manat pul göndərməklə atalıq borcunu yerinə yetirdiyini hesab edir. Mən hazırda Naxçıvan şəhəri, 16 nömrəli tam orta məktəbdə xadimə işləməklə hər ay 280 manat əmək haqqı alıram. Aldığım əmək haqqı ilə uşaqların maddi tələbatlarını qarşılamaqda çətinlik çəkirəm. Elxanla birgə nikahımızdan dünyaya gəlmiş övladlarımızın saxlanılması üçün ilkin olaraq mediasiya xidmətinə müraciət etsəm də, orada bizim mübahisəmiz həll olunmadığından, həmin orqan tərəfindən məhkəməyə müraciət etməyim tövsiyə olundu. Hesab edirəm ki, cavabdehin uşaqlarının saxlanılması üçün aliment ödəməyə maddi imkanı vardır. O, fərdi qaydada usta kimi işləyərək yaxşı qazanc əldə etsə də, onun aylıq qazancını müəyyən etmək mümkün deyildir. Cavabdehin qazanc və gəlirləri barədə məhkəməyə təqdim edə biləcəyim hər hansı bir sübut yoxdur. İddiaçı məhkəmədə verdiyi izahatında iddia tələbini müdafiə etdiyini, Elxanla 2003cü ildə ailə qurduğunu, onunla birgə nikahından üç uşağın olduğunu, aralarında bağlanmış nikahın 2020-ci ildə pozulduğunu, məhkəmə qətnaməsi əsasında uşaqların öz yanında qaldığını, cavabdehlə aralarında bağlanmış nikahın pozulması ilə bağlı işə baxılarkən ondan böyük oğlunun istəyi əsasında aliment tələb etmədiyini, belə ki, oğlu Nurxanın ona atasının maddi vəziyyətinin yaxşı olmadığını və ona aliment ödəyə bilməyəcəyini bildirib cavabdehdən aliment istəməməsini xahiş etdiyini, özünün də bu səbəbdən Elxandan aliment tələb etmədiyini, hazırda 2 ildir ki, cavabdehlə ayrıldığını, bu vaxt ərzində uşaqların saxlanılmasında öz valideynlərinin, qardaş-bacılarının ona köməklik etdiyini, həmçinin özünün xadimə işlədiyini, uşaqların günü-gündən tələbatları artdığından onları saxlamaqda çətinlik çəkdiyini, cavabdehin isə ona 2-3 aydan bir 50-100 manat pul göndərdiyini, lakin bunun uşaqların tələbatını qarşılamadığını bildirərək yekunda məhkəmədən iddiasının təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliklə nəzərdə tutulmuş qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmişdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla məhkəmə cavabdehin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə hazırlıq iclasında verdiyi izahatında iddianı qəbul etmədiyini, 2003-cü ildə Tamara ilə ailə qurduğunu, birgə nikahlarından ikisi oğlan, biri qız olmaqla üç uşağın dünyaya gəldiyini, 2020-ci ildə aralarında olan nikahın məhkəmə qətnaməsi əsasında pozulduğunu, birgə nikahdan olan uşaqların hazırda iddiaçının yanında qaldığını, ayrı yaşadıqları vaxt ərzində hər ay konkret məbləğ olmasa da, gücünün çatdığı miqdarda uşaqların saxlanılması üçün iddiaçıya pul göndərdiyini, özünün fəhlə işlədiyini, elə də yüksək qazanc əldə etmədiyini, valideynləri ilə iddiaçıya görə mübahisə etdiyindən hazırda qalmağa belə yerinin olmadığını, fəhləlik etdiyi inşaat yerlərində gecələdiyini, hər ay bir uşaq üçün 50-60 manat ancaq aliment ödəyə biləcəyini qeyd etmişdi. Mülki işin materiallarını işdə iştirak edən şəxslərin izahatları ilə qarşılıqlı şəkildə tədqiq edən məhkəmə müəyyən edir ki, 02 sentyabr 2003-cü ildə tərəflər arasında nikah bağlanması, onların birgə nikahından X6, X5 və X7 adlı uşaqların dünyaya gəlməsi, tərəflər arasında bağlanmış nikahın Babək Rayon Məhkəməsinin 28 avqust 2020-ci il tarixli, 2(079)-118/2020 nömrəli qətnaməsi ilə pozulması, tərəflərin ayrı yaşaması və birgə nikahlarından doğulmuş uşaqların anası, yəni iş üzrə iddiaçının yanında qalması işin mübahisəsiz hallarıdır. Bu faktların işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: - iddia ərizəsinə əlavə edilmiş və Babək Rayon Məhkəməsinin 28 avqust 2020-ci il tarixli, 2(079)-118/2020 nömrəli qətnaməsinin təsdiq edilmiş surətindən tərəflər arasında 02 sentyabr 2003-cü ildə nikah bağlanması; - iddia ərizəsinə əlavə edilmiş və Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilən 06 oktyabr 2020-ci il tarixli, AZ-İ seriyalı, 221757 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən tərəflər arasında bağlanmış nikahın pozulması; - iddia ərizəsinə əlavə edilmiş və Babək rayonu, Vayxır kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən 02 iyun 2006-cı il tarixli, AZ-İ seriyalı, 789479 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən tərəflərin 09 may 2006-cı il tarixdə X6 adlı övladının dünyaya gəlməsi; - iddia ərizəsinə əlavə edilmiş və Babək rayonu, Vayxır kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən 01 sentyabr 2008-ci il tarixli, AZ-İİ seriyalı, 170371 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən tərəflərin 12 iyul 2008-ci il tarixdə X5 adlı övladının dünyaya gəlməsi; - iddia ərizəsinə əlavə edilmiş və Babək rayonu, Vayxır kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən 20 may 2015-ci il tarixli, AZ-İİİ seriyalı, 079792 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən tərəflərin 21 aprel 2015-ci il tarixdə X7 adlı övladının dünyaya gəlməsi; -iddia tələbindən, tərəflərin məhkəmədə verdikləri izahatlardan, həmçinin Babək Rayon Məhkəməsinin 2(079)-118/2020 nömrəli, 28 avqust 2020-ci il tarixli qətnaməsinin təsdiq edilmiş surətindən tərəflərin ayrı yaşaması, birgə nikahından olan uşaqların hazırda anası, yəni iş üzrə iddiaçının yanında qalması aydın olur. Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bundan əlavə olaraq məhkəmə onu da qeyd edir ki, “Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunur ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazın predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Məhkəmənin yuxarıda qeyd olunan normativ hüquqi aktları qeyd etməkdə məqsədi tərəflərinin nəzərinə Babək Rayon Məhkəməsinin 2(079)-118/2020 nömrəli, 28 avqust 2020-ci nömrəli qətnaməsi ilə müəyyən edilmiş halların hazırki vəziyyətdə işə baxan məhkəmə üçün məcburi xarakter daşımasını çatdırmaqdır. İşin mübahisəli halı isə iddiaçının tələb etdiyi alimentin miqdarı ilə bağlıdır. Belə ki, iddiaçı tələbində övladları X6, X5 və X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay cavabdehdən bir uşaq üçün 193 (bir yüz doxsan üç) manat olmaqla, ümumilikdə üç uşağa görə 579 (beş yüz yetmiş doqquz) manat miqdarında aliment tutulmasını tələb etsə də, cavabdeh bu məbləği qəbul etməyək onun yüksək olduğunu və ona ödəmək üçün maddi imkanın olmadığını bildirmişdi. İşin bu mübahisəli halının həlli ilə bağlı məhkəmə istinad etdiyi maddi və prosessual hüquq normaları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsində əks olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan şəxslər arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti, yəni alimenti ödəməyə borclu olur. Ailə qanunvericiliyinin tələbinə əsasən məhkəmə qaydasında alimentin tutulmasının iki qaydası müəyyən edilib: aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında və sabit pul məbləğində. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsində uşağın saxlanılması üçün alimentin sabit pul məbləğində tutulmasını əsası kimi şəxsin bu barədə olan xahişi qeyd olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də, aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd olunan maddi hüquq normalarını mülki iş materialları ilə qarşılıqlı şəkildə əlaqələndirən məhkəmə belə hesab edir ki, iddiaçının tələbi əsaslıdır. Alimentin miqdarının müəyyən edilməsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İddiaçı övladları X3, X1 və X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay bir uşaq üçün 193 (bir yüz doxsan üç) manat olmaqla, üç uşaq üçün 579 (beş yüz yetmiş doqquz) manat miqdarında alimentin tutulmasını tələb etsə də, bu məbləğlə bağlı öz tələbini əsaslandıran faktları məhkəməyə təqdim edə bilməmişdi. Məhkəmə iddiaçının nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Alimentin miqdarı ilə bağlı iddiaçı tərəf öz tələbini əsaslandıran halları sübuta yetirə bilmədiyindən məhkəmə belə hesab edir ki, onun miqdarı qanunvericiliyin tələbləri və işin faktiki halları nəzərə alınmaqla müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe isə ondan ibarətdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2022-ci ildə ölkədə yaşayış minimumu uşaqlar üçün 193 (bir yüz doxsan üç) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə yuxarıda göstərilən maddi hüquq normalarını, uşaqlar barəsində valideynlərin bərabər hüquq və vəzifələrə malik olmasını, uşaqların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını, 2022-ci ildə ölkədə yaşayış minimumunun uşaqlar üçün 193 (bir yüz doxsan üç) manat məbləğində müəyyən edilməsini, uşaqların iddiaçının yanında qalması, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu vaxt ərzində onun üzərinə düşməsini, uşaqların sayını, onların yaşını, tərəflər arasında bağlanmış nikah pozulan zaman iddiaçının qarşı tərəfin maddi vəziyyətinin aşağı olması səbəbindən ondan aliment tələb etməməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, iddiaçının tələbi qismən təmin edilməli və yetkinlik yaşına çatmayan uşaqların saxlanmasları üçün hər ay cavabdehdən bir uşaq üçün 95 (doxsan beş) manat məbləğində aliment tutulmalıdır. Alimentin hansı vaxtdan tutulmasına gəldikdə isə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından aydın olur ki, İddiaçı Babək Rayon Məhkəməsinə 31 mart 2022ci il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsində dərhal icra olunmalı qətnamələrdən biri kimi şəxsin saxlanılması üçün vəsaitlərin o cümlədən alimentlərin alınması qeyd olunduğundan qətnamə dərhal icra edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq, iddianın qiyməti aliment haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyindən, iddianın (12x(193x3)=6948) təmin edilmiş hissəsinə (12x(95x3)=3420) mütənasib olan 43 (qırx üç) manat 84 (səksən dörd) qəpik miqdarında dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Mülki işə baxılması zamanı isə cavabdehin dövlət rüsumu ödəməkdən azad edilməsinə əsas olan hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən, məhkəmə belə nəticəyə gəlir ki, iddianın təmin edilmiş hissəsinə münasib olaraq dövlət rüsumu cavabdehdən tutulmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia qismən təmin olunmalı; - 31 mart 2022-ci il tarixdən hesablanmaqla, 09 may 2006-cı il tarixdə anadan olan X6, 12 iyul 2008-ci il tarixdə anadan olan X5 və 21 aprel 2015-ci il tarixdə anadan olan X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay Cavabdeh bir uşaq üçün 95 (doxsan beş) manat olmaqla, ümumilikdə üç uşağa görə 285 (iki yüz səksən beş) manat miqdarında aliment tutularaq uşaqların anası İddiaçı ödənilməli; - iddia digər hissədə əsaslı sayılmadığından rədd olunmalı; - Cavabdeh 43 (qırx üç) manat 84 (səksən dörd) qəpik miqdarında rüsum tutularaq dövlət büdcəsinə keçirilməli; - qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin edilsin. 31 mart 2022-ci il tarixdən hesablanmaqla, 09 may 2006-cı il tarixdə anadan olan X6, 12 iyul 2008-ci il tarixdə anadan olan X5 və 21 aprel 2015-ci il tarixdə anadan olan X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay Cavabdeh bir uşaq üçün 95 (doxsan beş) manat olmaqla, ümumilikdə üç uşağa görə 285 (iki yüz səksən beş) manat miqdarında aliment tutularaq uşaqların anası İddiaçı ödənilsin. İddia digər hissədə əsaslı sayılmadığından rədd olunsun. Cavabdeh 43 (qırx üç) manat 84 (səksən dörd) qəpik miqdarında rüsum tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra olunsun. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar