Məhkəmə qərarları › İş №2(079)-192/2022

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-192/2022

13.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-192/2022 13.05.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı 31 mart 2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh övladları 29 iyun 2012-ci il təvəllüdlü X1 və 16 oktyabr 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay sabit məbləğdə bir uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat alimentin alınaraq ona, İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq bildirmişdir ki, Cavabdeh ilə 05 iyun 2011-ci il tarixdə evlənmişik. Lakin müəyyən səbəblərdən nikahımızı rəsmləşdirməmişik. Birgə yaşadığımız müddətdə bizim 29 iyun 2012-ci il tarixdə X4 və 16 oktyabr 2015-ci ildə isə X5 adında övladlarımız doğulmuşlar. Cavabdeh məni nikaha salmadığından onunla aramızda mübahisə olduğundan biz 2019-cu ilin aprel ayından ayrı yaşayırıq. Ayrı yaşadığımız müddətdə Yunis uşaqların saxlanılması üçün mənə heç bir maddi köməklik göstərməmişdir. Mən özüm heç bir yerdə işləmirəm, buna səbəb isə uşaqların azyaşlı olmalarıdır. Elə bu səbəbdən də onların maddi tələbatlarını qarşılamaqda maddi cəhətdən çox çətinlik çəkirəm. Uşaqları saxlamaq, onların qayğısına qalmaq mənim olduğu qədər, bir ata kimi cavabdehin də borcudur. Mən Yunislə evliliyimizdən dünyaya gəlmiş övladlarımızın saxlanılması üçün ilkin olaraq Mediasiya xidmətinə müraciət etsəm də, orada bizim mübahisəmiz həll olunmadığından, mənim həmin orqan tərəfindən məhkəməyə müraciət etməyim tövsiyə olundu. Ona görə də mən övladlarımın saxlanılması üçün ataları Cavabdeh aliment tutulması ilə bağlı məhkəməyə müraciət etmişəm. Hesab edirəm ki, cavabdehin də uşaqlarının saxlanılması üçün aliment ödəməyə maddi imkanı vardır. Lakin cavabdeh fərdi qaydada usta kimi işləyərək qazanc əldə etsə də, onun aylıq qazancını müəyyən etmək mümkün deyildir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini nəzərə alaraq mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə baxışı iclasında izahat verərək 05 iyun 2011-ci il tarixdə Cavabdeh ilə el adəti ilə toy edərək ailə qurduqlarını, özünün birinci, cavabdehin isə ikinci evliliyi olduğunu, belə ki, cavabdehin Rusiyadan ailəsindən ayrılıb Naxçıvana gəldiyini, ailə qurduqdan sonra Zeynəddin kəndində öz atasına məxsus olan evdə yaşadıqlarını, cavabdeh Rusiya Federasiyası vətəndaşı olduğundan nikahlarını rəsmiləşdirə bilmədiklərini, onların birgə nikahlarından 29 iyun 2012-ci ildə Məhəmməd və 16 oktyabr 2015-ci ildə Mehdi adlı övladlarının dünyaya gəldiyini, ailəli olduqları müddətdə də cavabdehin uşaqların saxlanılmasında iştirak etmədiyini, ailəni öz atasının və Rusiyada işləyən qardaşının köməkliyi ilə tək saxladığını, cavabdehin ailəsinə qarşı hər zaman məsuliyyətsiz biri olduğunu, iş olmadığını bəhanə edib işləmədiyini, 2017-ci ildən isə Türkiyə Respublikasına getdiyini, qayıtdıqdan sonra onu bağışladığını və ailəni yenidən bərpa etdiklərini, bundan sonra cavabdehin iflic xəstəliyindən əziyyət çəkdiyini, onun müalicəsinə külli miqdarda pul xərclədiklərini, Bakıdakı torpaq sahələrini satıb onun müalicəsinə xərclədiyini, həmçinin qardaşlarının da köməkliyi ilə cavabdehi sağaltdıqlarını, cavabdehin sağalan kimi 2019-cu ildə yenidən Türkiyə Respublikasına getdiyini və onlarla maraqlanmadığını, buna görə də 2019-cu il aprel ayından ayrı yaşadıqlarını, hazırda özü uşaqları ilə birlikdə anasının yanında qaldığını, atasının isə rəhmətə getdiyini, uşaqlar balaca olduqlarından və öz ayağında sümük yeyilməsi xəstəliyi olduğundan işləyə bilmədiyini, böyük oğlu Məhəmmədin 4-cü, kiçik oğlu Mehdinin isə 1-ci sinifdə oxuduqlarını, böyük oğlunun məktəbdən əlavə ödənişli kursa getdiyini, uşaqların sağlam olduğunu və heç bir xəstəliklərinin olmadığını, onların zəruri ehtiyaclarını atasından qalan bağda təsərrüfatla məşğul olaraq həmçinin anasının pensiyası ilə qarşıladığını, ayrıldıqdan sonra cavabdehin uşaqlara heç bir maddi köməklik etmədiyini, 4 ilə yaxın müddətdə uşaqlara tək baxdığını, cavabdehin ikinci qrup əlil kimi pensiya aldığını, həmçinin artıq sağaldığını və əmək qabiliyyətli olduğunu, müxtəlif yerlərdə fəhlə kimi işlədiyini, həmçinin işləmək üçün Türkiyəyə də getdiyini və qazanc əldə etdiyini nəzərə alaraq iddiasının təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə hazırlıq iclasında izahat verərək iddiaçı ilə 05 iyun 2011-ci il el adəti ilə toy edib, ailə qurduqlarını, onların birgə nikahlarından Məhəmməd və Mehdi adlı iki övladlarının dünyaya gəldiyini, onlar ailəli olduqları müddətdə iddiaçının atasına məxsus Zeynəddin kəndində yerləşən evində yaşadıqlarını, o Rusiya vətəndaşı olduğu üçün nikahlarını rəsmiləşdirə bilmədiklərini, Moskva şəhərində də ailəsinin olduğunu, Sara ilə ailə qurduqdan sonra əlindən gəldiyi qədər ailəsinə baxmağa çalışdığını, lakin davamlı gəliri olan bir iş tapa bilmədiyini, həyəti əkib məhsulunu satsa da, normal qazanc əldə edə bilmədiyini, məcbur qalıb İstanbul şəhərinə qardaşının yanına işləmək üçün getdiyini, bir müddət işləyib geri qayıtdığını, qayıtdıqdan sonra ailə-məişət zəminində olan mübahisələrə görə xəstələndiyini və bir il yarım əlil arabasında olduğunu, müalicə üçün Türkiyəyə getdiyini, bu müddət ərzində qardaşı və onun həyat yoldaşının onun sağalmağı üçün əllərindən gələni etdiklərini, sağaldıqdan sonra Naxçıvana qayıtdığını, lakin iddiaçının xəstə olduğu üçün onu qəbul etmədiyini, uşaqlara yaxınlaşanda uşaqların ondan qaçdıqlarını, iddiaçının uşaqları ona qarşı öyrətdiyini, Türkiyəyə müalicəyə gedəndə oğlu Məhəmmədə onunla əlaqə saxlamasını bildirsə də iddiaçının buna imkan vermədiyini, hal-hazırda onun bir ayağının tamamilə işləmədiyini, bir böyrəyinin də fəaliyyətini dayandırdığını, 2-ci qrup əlil olduğunu və 180 manat müavinət aldığını, Kapital Banka ayda 80 manat kredit ödədiyini, özünə ayda 100 manat qaldığını, müalicəsinin də davam etdiyini, arabir qardaşının Türkiyədən ona pul göndərdiyini, heç bir şəraiti olmayan birotaqlı evdə tək yaşadığını, bir ata kimi uşaqları saxlamaq vəzifəsini başa düşdüyünü, amma tələb olunan alimenti ödəməyə gücünün çatmadığını, arabir fəhlə olaraq evlərdə işlədiyini, müavinətindən qalan 100 (bir yüz) manatı da uşaqlara verməyə etirazının olmadığını bildirərək bunların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Mülki işin materiallarını tədqiq edən məhkəmə qeyd edir ki, tərəflərin 05 iyun 2011-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçmədən faktiki ailə münasibətlərinə daxil olmaları, 29 iyun 2012-ci il təvəllüdlü X4 və 16 oktyabr 2015-ci il təvəllüdlü X5 adlı 2 (iki) övladlarının dünyaya gəlməsi, hər iki uşağın hazırda ananın yanında qalması, tərəflərin aralarında uşaqların saxlanma qaydası ilə bağlı razılıq olmaması, cavabdehin isə uşaqların saxlanılmasında iştirak etmədiyi işin mübahisəsiz hallarıdır. İş materiallarına əlavə edilmiş AZ-İİ seriyalı, 668945 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən belə məlum olur ki, 24 dekabr 2012-ci il təvəllüdlü X1 atası olaraq Cavabdeh, anası olaraq İddiaçı göstərilmişdir. İş materiallarına əlavə edilmiş AZ-İİİ seriyalı 531313 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən belə məlum olur ki, 18 dekabr 2015-ci il təvəllüdlü X3 atası olaraq Cavabdeh, anası olaraq İddiaçı göstərilmişdir. İş materiallarına əlavə edilmiş AZ-İ seriyalı, 156185 nömrəli, 24 avqust 2012ci il tarixli və AZ-İ seriyalı, 135294 nömrəli, 18 dekabr 2015-ci il tarixli atalığın müəyyən edilməsi haqqında şəhadətnamələrin təsdiq olunmuş surətindən 29 iyun 2012-ci il təvəllüdlü X4 və 16 oktyabr 2015-ci il təvəllüdlü X3 atalarının Cavabdeh olduğu öz təsdiqini tapır. İş üzrə iddiaçının və cavabdehin izahatlarından isə faktiki nikah münasibətlərində olmuş ər-arvadın hazırda ayrı yaşaması, hər iki uşağın analarının yanında qalmaları və cavabdehin uşaqlarını saxlamaq vəzifəsini yerinə yetirmədiyi məlum olur. Məhkəmə uşaqların yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün cavabdehdən hər ay bir uşaq üçün 193 (bir yüz doxsan üç) manat olmaqla cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində alimentin alınaraq iddiaçıya verilməsi ilə bağlı tələbi barədə aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Ailə Məcəlləsi (bundan sonra “AM”) uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. AM-in 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə qanunvericiliyində məhkəmə qaydasında alimentin tutulmasının 2 qaydası müəyyən edilmişdir: - aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında; - sabit pul məbləğində. Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsaitin tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Göründüyü kimi qanunverici göstərilən maddədə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin sabit məbləğdə tutulmasının bir neçə əsasını müəyyən etmişdir. Bu əsaslardan hər hansı biri mövcud olduqda alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Məhkəmə, alimenti qazancın (gəlirin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır. Qanunvericinin yuxarıda göstərilən maddədə müəyyən etdiyi əsas şərtlərdən biri də ondan ibarətdir ki, alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir. (Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin qərarı). Məhkəmə alimentin sabit pul məbləğində tutulmasından imtina üçün əsasların müəyyən edilməməsini, cavabdehin qazancı və ya sair gəlirinin olması barədə sübutların məhkəməyə təqdim olunmamasını, əksinə tərəflərin cavabdehin gəlirlərinin qeyri-müntəzəm (dəyişən) olması barədə üst-üstə düşən izahatlarını nəzərə alaraq və sübutetmə yükünün bölüşdürülməsinin ümumi qaydasını rəhbər tutaraq alimentin sabit məbləğdə tutulması ilə bağlı iddiaçının tələbini əsaslı sayır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (77.3). Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir (78.1). Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Konstitusiyasının 125ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair qərarına əsasən işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. AM-in 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə alır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Mülki Prosessual Məcəllənin 13.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə mübahisələri Azərbaycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, qanunlara, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına, habelə Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə əsasən həll edir. Bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir (Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin qərarı). Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə ilk olaraq Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. İddiaçının aliment məbləğinin yaşayış minimumu həddində təyin olunması ilə bağlı tələbinə münasibətdə isə məhkəmə qeyd edir ki, yaşayış minimumu məbləği Azərbaycan Respublikasında bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin bu həddə müəyyən edilməsi anlamına gəlmir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Həmçinin ali qanunun 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Bundan əlavə “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. ”İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Yuxarıda qeyd edilən maddi hüquq normaları, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində əks olunmuş bərabərlik hüququnun mahiyyətindən belə məlum olur ki, uşaqlara münasibətdə valideynlər bərabər hüquq və vəzifələrə malikdir. Bu isə onu deməyə əsas verir ki, hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcləri ilə təmin edilməsində hər iki valideyn bərabər və eyni öhdəliyə sahibdir. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təmini üçün hər iki valideynin uşaqların saxlanılmasında ümumi və eyni məsuliyyət daşıması prinsipini nəzərə almaqla minimum dolanacaq xərcləri həddində məbləğin bir valideynin üzərinə qoyulmasını məhkəmə məqsədəuyğun hesab etmir. Azərbaycan Respublikası Məhkəmələrinin “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən çıxarışdan belə məlum olur ki, Cavabdeh İİ qrup əliliiyə görə 180 (bir yüz səksən) manat sosial müavinət alır. Yuxarıda sadalananlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli və yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün hər ay bir uşağa görə 100 (bir yüz) manat olmaqla, ümumilikdə isə iki uşağa görə 200 (iki yüz) manat məbləğində aliment tutulmalıdır. AM-in 55.2-ci maddəsinə əsasən aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. Yetkinlik yaşına çatmayanların ananın yanında saxlanılması və yuxarıda qeyd edilən normanın mahiyyətini nəzərə alan məhkəmə qeyd edir ki, uşaqların saxlanılması üçün müəyyən edilən aliment məbləği iddiaçının sərəncamına daxil olmalı, aliment uşaqların anasına ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçının iddia ərizəsi isə Babək Rayon Məhkəməsinin icraatına 31 mart 2022-ci il tarixdə daxil olmuşdur. Aliment tələbinin icra edilməsi anı ilə bağlı isə məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsində dərhal icra olunmalı qətnamələrdən biri kimi şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması qeyd olunmuşdur. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, MPM-in 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda 41.60 (qırx bir manat altmış qəpik) məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. 12X180=2160 30+(1160X100%)=41.60 Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia qismən təmin edilsin. 31 mart 2022-ci il tarixdən hesablanmaqla, 29 iyun 2012-ci il tarixdə anadan olmuş X4 və 16 oktyabr 2015-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün iş üzrə Cavabdeh hər ay bir uşaq üçün 100 (bir yüz) manat olmaqla, ümumilikdə iki uşağa görə 200 (iki yüz) manat miqdarında aliment tutulub uşaqların anası İddiaçı ödənilsin. İddia digər hissədə rədd olunsun. Qətnamə alimentə dair hissədə dərhal icra olunsun. Cavabdeh 41.60 manat (qırx bir manat altmış qəpik) məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar