Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-196/2022 12.05.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən е t d i: İddiaçı “01” aprel 2022-ci ildə iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 07 aprel 2009-cu il təvəllüdlü Yüzbaşıyev Behbud Cabir oğlunun və 12 iyun 2016-cı il təvəllüdlü Yüzbaşıyeva Fatimə Cabir qızının yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay bir uşaq üçün 193 (bir yüz doxsan üç) manat olmaqla, ümumilikdə iki uşağa görə 386 (üç yüz səksən altı) manat məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O, tələbini əsaslandıraraq qeyd etmişdir ki, Babək rayonu, Şıxmahmud kənd sakini Cavabdeh ilə 02 iyul 2008-ci il tarixdə nikah bağlayaraq evlənmişik. Bizim birgə nikahımızdan birgə yaşadığımız müddətdə 07 aprel 2009-cu il tarixdə Yüzbaşıyev Behbud Cabir oğlu və 12 iyun 2016-cı ildə Yüzbaşıyeva Fatimə Cabir qızı adında iki övladımız doğulmuşdu. Cabirlə ailə qurandan sonra Şıxmahmud kəndində yaşamışıq. Evliliyimizin ilk iki ilində, yəni böyük övladımız Behbud doğulana qədər münasibətlərimiz normal olsa da, sonradan pisləşmiş, ikinci övladımız Fatimə doğulandan sonra isə Cabirlə ailə münasibətlərimiz tamam pozulmuşdur. Aramızda olan mübahisələrə görə mən dəfələrlə Cabirlə söhbət edib problemi həll etməyə çalışsam da, mənim təşəbbüslərimin heç bir nəticəsi olmamışdır. Bu kimi səbəblərdən hazırda biz 12 iyun 2016-cı il tarixdən ayrı-ayrı ünvanlarda yaşayırıq. Ayrı yaşadığımız müddətdə Cabir tərəfindən ailənin bərpası üçün edilmiş bütün təklifləri onun səmimiyyətinə inanmadığımdan qəbul etməmişəm. Həmçinin Cabir ayrı yaşadığımız vaxt ərzində uşaqların saxlanılması üçün mənə heç bir maddi köməklik etməmiş, yalnız milli bayramlarda (Novruz, Ramazan, Qurban və.s) uşaqlara ümumilikdə 50 manat verməklə kifayətlənmişdir. Mən özüm Babək rayonu, Şıxmahmud kənd tam orta məktəbində riyaziyyat müəlliməsi işləməklə hər ay üçün 473 manat əmək haqqı alıram. Aldığım əmək haqqı ilə isə uşaqların zəruri tələbatlarını bir təhər qarşılamağa çalışıram. Uşaqları saxlamaq, onların qayğısına qalmaq mənim olduğu qədər, bir ata kimi Cabirin də borcudur. Ancaq Cabir uşaqlar qarşısında öz öhdəliyini könüllü şəkildə yerinə yetirmək istəmir. Bununla bağlı mən ilkin olaraq mediasiya xidmətinə müraciət etsəm də, orada bizim mübahisəmiz həll olunmadığından, mənim həmin orqan tərəfindən məhkəməyə müraciət etməyim tövsiyə olundu. Ona görə də mən övladlarımın saxlanılması üçün ataları Cavabdeh aliment tutulması ilə bağlı məhkəməyə müraciət etmişəm. Cabir fərdi əmək fəaliyyəti ilə məşğul olaraq qazanc əldə etsə də, onun aylıq qazancının nə qədər olması barədə məlumatım yoxdur. Ona görə də cavabdehdən uşaqların saxlanılması üçün hər ay sabit məbləğdə aliment tələb edirəm və hesab edirəm ki, cavabdehin də uşaqlarının saxlanılması üçün aliment ödəməyə maddi imkanı vardır. İddiaçı məhkəmədə verdiyi izahatında iddia ərizəsində qeyd edilənləri bildirməklə yanaşı cavabdehin, atasının bibisi nəvəsi olduğunu, onunla 2006-cı ilin iyun ayından ayrı yaşadığını lakin aralarında bağlanmış nikahın hələ də pozulmadığını, Cabirin hər il bayramlarda uşaqlarla görüşən zaman 50 manat pul göndərdiyini, lakin bu il heç onu da etmədiyini, Cabirlə birlikdə yaşadığı vaxt onun hər hansı bir yerdə işləmədiyini, yəqin ki, bunun özünün işləməsindən qaynaqlandığını və onun arxayınlaşdığını, hazırda isə cavabdehin fəhləlik etdiyini, həm də motosiklet sürdüyünü, bunu özünün hər gün Babək rayonu, Şıxmahmud kəndində olan iş yerinə gedən zaman müşahidə etdiyini, cavabdehin qazancı və gəlirləri barədə məlumatı və sübutu olmadığını bildirərək yekunda məhkəmədən iddiasının təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmişdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün saymışdı. Mülki işin materiallarını və işdə iştirak edən şəxsin məhkəmədə verdiyi izahatları bir-biri ilə əlaqəli şəkildə tədqiq edərək məhkəmə müəyyən edir ki, tərəflərin 02 iyul 2008ci ildə nikaha daxil olması, birgə nikahından Yüzbaşıyev Behbud Cabir oğlu və Yüzbaşıyeva Fatimə Cabir qızı adlı uşaqların dünyaya gəlməsi, tərəflərin hazırda ayrı yaşaması, onlar arasında bağlanmış nikahın pozulmaması, onların birgə nikahından olan uşaqların anası, yəni iddiaçının yanında qalması işin mübahisəsiz hallarıdır. Bu faktların işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: - iddia ərizəsinə əlavə edilən və Babək rayonu, Şıxmahmud kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən 02 iyul 2008-ci il tarixli, AZ-İ seriyalı, 416346 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən Cavabdeh ilə X2 arasında 02 iyul 2008-ci il tarixdə nikah bağlanması, bunun nikahın bağlanması haqqında akt qeydləri kitabında 08 nömrə ilə qeyd edilməsi və nikah bağlanması zamanı iddiaçının özünə cavabdehin soyadını, yəni “Yüzbaşıyeva“ soyadını seçməsi; - iddia ərizəsinə əlavə edilən və Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilən 01 iyun 2009-cu il tarixli, AZ-İİ seriyalı, 333221 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən tərəflərin 07 aprel 2009-cu ildə Yüzbaşıyev Behbud Cabir oğlu adlı övladlarının dünyaya gəlməsi; - iddia ərizəsinə əlavə edilən və Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilən 24 avqust 2016-cı il tarixli, AZ-İİİ seriyalı, 532499 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən tərəflərin 12 iyun 2016-cı ildə Yüzbaşıyeva Fatimə Cabir qızı adlı övladlarının dünyaya gəlməsi; -iddia tələbindən və işdə iştirak edən şəxsin məhkəmədə verdiyi izahatından tərəflərin hazırda ayrı yaşaması, onlar arasında bağlanmış nikahın pozulmaması, birgə nikahından olan uşaqların anası, yəni iddiaçının yanında qalması aydın olur. İşin mübahisəli halı isə iddiaçının övladları Yüzbaşıyev Behbud Cabir oğlu və Yüzbaşıyeva Fatimə Cabir qızının yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay cavabdehdən bir uşaq üçün 193 (bir yüz doxsan üç) manat olmaqla, iki uşağa görə 386 (üç yüz səksən altı) manat məbləğində tutulmasını tələb etməsidir. İşin bu mübahisəli halının həlli ilə bağlı məhkəmə istinad etdiyi maddi və prosessual hüquq normaları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsində əks olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan şəxslər arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti, yəni alimenti ödəməyə borclu olur. Ailə qanunvericiliyinin tələbinə əsasən məhkəmə qaydasında alimentin tutulmasının iki qaydası müəyyən edilib: aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında və sabit pul məbləğində. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsində uşağın saxlanılması üçün alimentin sabit pul məbləğində tutulmasını əsası kimi şəxsin bu barədə olan xahişi qeyd olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də, aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd olunan maddi hüquq normalarını mülki iş materialları ilə qarşılıqlı şəkildə əlaqələndirən məhkəmə belə hesab edir ki, iddiaçının tələbi əsaslıdır. Alimentin miqdarının müəyyən edilməsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İddiaçı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay bir uşaq üçün 193 (bir yüz doxsan üç) manat miqdarında aliment tələb etsə də, bu məbləğlə bağlı öz tələbini əsaslandıran faktları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Alimentin sabit pul məbləğində tutulmasının miqdarı ilə bağlı iddiaçı tərəf öz tələbini əsaslandıran halları sübuta yetirə bilmədiyindən məhkəmə belə hesab edir ki, onun miqdarı qanunvericiliyin tələbləri və işin faktiki halları nəzərə alınmaqla müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe isə ondan ibarətdir ki, alimentin sabit pul məbləğində tutulması ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2022-ci ildə ölkədə yaşayış minimumu uşaqlar üçün 193 (bir yüz doxsan üç) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə yuxarıda göstərilən maddi hüquq normalarını, uşaqlar barəsində valideynlərin bərabər hüquq və vəzifələrə malik olmasını, uşaqların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını, 2022-ci il üzrə ölkədə yaşayış minimumunun uşaqlar üçün müəyyən edilmiş məbləğini və uşaqların ananın yanında qalması, uşağa qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu vaxt ərzində onun üzərinə düşməsini, onların yaşını, uşaqlar arasında olan yaş fərqini və buna əsaslanan tələbatlarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Cavabdeh hər ay 07 aprel 2009-cu il təvəllüdlü Yüzbaşıyev Behbud Cabir oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün 125 (bir yüz iyirmi beş) manat və 12 iyun 2016-cı il təvəllüdlü Yüzbaşıyeva Fatimə Cabir qızının isə yetkinlik yaşına çatanadək saxlanılması üçün 95 (doxsan beş) manat olmaqla, ümumilikdə iki uşağa görə 220 (iki yüz iyirmi) manat miqdarında aliment tutulmalıdır. Alimentin sabit pul məbləğində tutulması müəyyənləşdirilərkən o nəzərə alınmışdır ki, iddiaçı uşaqların saxlanması üçün alimentin sabit pul məbləğində tutulmasını məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə görə alimentin sabit pul məbləğində tutulması məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından aydın olur ki, İddiaçı Babək Rayon Məhkəməsinə “01” aprel 2022-ci il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsində dərhal icra olunmalı qətnamələrdən biri kimi şəxsin saxlanılması üçün vəsaitlərin o cümlədən alimentlərin alınması qeyd olunduğundan qətnamə dərhal icra edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, alimentin sabit pul məbləğində tutulması alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq, iddianın qiyməti alimentin sabit pul məbləğində tutulması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyindən, iddianın (12x(193x2)=4632) təmin edilmiş hissəsinə (220x12=2640) münasib olan 37 (otuz yeddi) manat, 80 (səksən) qəpik miqdarında dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Mülki işə baxılması zamanı isə cavabdehin dövlət rüsumu ödəməkdən azad edilməsinə əsas olan hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən, məhkəmə belə nəticəyə gəlir ki, iddianın təmin edilmiş hissəsinə münasib olaraq dövlət rüsumu cavabdehdən tutulmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia qismən təmin olunmalı; - “01” aprel 2022-ci il tarixdən hesablanmaqla Cavabdeh hər ay 07 aprel 2009-cu il təvəllüdlü Yüzbaşıyev Behbud Cabir oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün 125 (bir yüz iyirmi beş) manat və 12 iyun 2016-cı il təvəllüdlü Yüzbaşıyeva Fatimə Cabir qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün 95 (doxsan beş) manat olmaqla, ümumilikdə iki uşağa görə 220 (iki yüz iyirmi) manat miqdarında aliment tutularaq, uşaqların anası İddiaçı ödənilməli; - iddia digər hissədə əsaslı sayılmadığından rədd olunmalı; - Cavabdeh 37 (otuz yeddi) manat, 80 (səksən) qəpik miqdarında rüsum tutularaq dövlət büdcəsinə keçirilməli; - qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia qismən təmin edilsin. “01” aprel 2022-ci il tarixdən hesablanmaqla Cavabdeh hər ay 07 aprel 2009-cu il təvəllüdlü Yüzbaşıyev Behbud Cabir oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün 125 (bir yüz iyirmi beş) manat və 12 iyun 2016-cı il təvəllüdlü Yüzbaşıyeva Fatimə Cabir qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün 95 (doxsan beş) manat olmaqla, ümumilikdə iki uşağa görə 220 (iki yüz iyirmi) manat miqdarında aliment tutularaq, uşaqların anası İddiaçı ödənilsin. İddia digər hissədə əsaslı sayılmadığından rədd olunsun. Cavabdeh 37 (otuz yeddi) manat, 80 (səksən) qəpik miqdarında rüsum tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra olunsun. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №2(079)-196/2022
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-196/2022
12.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver