Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 2(079)-216/2022 03.06.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı 19 aprel 2022-ci il tarixdə Babək Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 21 noyabr 2018-ci il təvəllüdlü oğlu X3 və 21 fevral 2020-ci il təvəllüdlü oğlu X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa sabit məbləğdə 193 (bir yüz doxsan üç) manat olmaqla, ümumilikdə 386 (üç yüz səksən altı) manat alimentin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O, iddia ərizəsini belə əsaslandırmışdır ki, 08 may 2017-ci il tarixdə Naxçıvan şəhər Nikah evində rəsmi nikah qeydiyyatından keçməklə Cavabdeh ilə ailə həyatı qurmuşuq. Nikahımız 129 nömrə ilə qeydə alınmışdır. Birgə nikahdan 21 noyabr 2018-ci il tarixdə X3 və 21 fevral 2020-ci il tarixdə X4 doğulmuşlar. Ailə həyatı qurduqdan sonra 2-3 ay mehriban yaşasaq da sonradan münasibətlərimiz pisləşmişdir. Hətta birinci övladım doğulduqdan sonra Məhərrəm ilə faktiki olaraq ayrılaraq atam evində yaşamışam. Sonradan barışıb bir yerə yığışsaq da təxminən 2 aydan artıqdır ki, aramızda olan münasibətlər pozulub. Hal-hazırda 2 övladımla faktiki olaraq atamın himayəsində Didivar kəndində yaşayıram. Bu müddət ərzində Məhərrəm övladlarımıza 1 manat da olsun maddi yardım etməmişdir. Məhərəm qapı-pəncərə sexində özəl fəaliyyətlə məşğul olur. Aylıq gəliri 800 manatdan artıqdır. Aliment tələbi ilə bağlı Mediasiyaya müraciət olunsa da Məhərrəm mediasiyada övladlarımıza aliment ödənilməsi ilə bağlı razılığa gəlmədi. İddia ərizəsi Babək Rayon Məhkəməsinin icraatına qəbul edilmiş, 16 may 2022-ci il tarixdə cavabdehin iştirakı ilə iddiaçının iştirakı olmadan məhkəmə hazırlıq iclası keçirilmiş və mülki iş 03 iyun 2022-ci il tarixə məhkəmə baxışı iclasında baxılmağa təyin edilmişdir. Mülki iş üzrə məhkəmə baxışı iclasının 03 iyun 2022-ci il tarixə təyin olunması haqqında məhkəmə bildirişi iddiaçıya rəsmi qaydada verilmiş (mülki iş materiallarına əlavə edilmiş sifarişli poçt göndərişinin verilməsi haqqında xəbərnamədən aydın olur ki, məhkəmə bildirişi iddiaçıya 24 may 2022-ci il tarixdə verilmişdir), cavabdehə isə məhkəmə iclasında şəxsən təqdim olunmuşdur. Buna baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Həmçinin mülki iş üzrə tərəflərə iddia ərizəsində qeyd olunmuş əlaqə nömrələri üzərindən AZEMİS vasitəsilə sms xəbərdarlıqlar göndərilmişdir. İşin yuxarıda qeyd edilən faktiki hallarına əsaslanan məhkəmə tərəflərə bildirir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinin tələbinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.4-cü maddəsinə görə isə tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Məhkəmə işin yuxarıda qeyd olunan hallarını və qanunvericiliyin sadalanan tələblərini nəzərə alaraq hesab edir ki, hazırki vəziyyətdə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.1 və 259.0.6-cı maddələri tətbiq olunmalı və iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0 və 259.0.6-cı maddələrinin tələbinə görə tərəflər məhkəməyə gəlmədikdə və işə onların iştirakı olmadan baxılmasını xahiş etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. İş materiallardan da aydın olur ki, hazırki iş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırılmış, onlar isə məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılıb-baxılmaması barədə məhkəməyə rəsmi qaydada məlumat verməmişlər. Yəni hazırki vəziyyətdə yaranmış hüquqi şərait mülki işə baxmağa imkan vermir. Həmçinin tərəflərə izah olunmalıdır ki, Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 260.5-ci maddəsinə müvafiq olaraq məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzrlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, həmin Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının MPM-in 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r v e r d i: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Tərəflərə izah olunsun ki, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim edərsə, bu zaman məhkəmə ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Qərardaddan şikayət, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər.
Məhkəmə qərarları › İş №2(079)-216/2022
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-216/2022
03.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver