Məhkəmə qərarları › İş №2(079)-226/2025

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-226/2025

03.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-226/2025 03.04.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı “17” fevral 2025-ci ildə Babək Rayon Məhkəməsinə müraciət edərək cavabdehlə birgə nikahdan olan yetkinlik yaşına çatmamış xx.xx.2019-cu il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X2 üçün Cavabdeh hər ay sabit məbləğdə hər bir uşağın saxlanması üçün 246 (iki yüz qırx altı) manat olmaqla iki uşağa cəmi 492 (dörd yüz doxsan iki) manat alimentin tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, tələbini əsaslandıraraq qeyd etmişdir ki, mən və Cavabdeh 12 noyabr 2018-ci il tarixdə Kəngərli rayon Qeydiyyat şöbəsində 123 nömrə ilə rəsmi olaraq nikaha daxil olmuşuq. Birgə nikahımızdan iki övladımız xx.xx.2019-cu il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X10 dünyaya gəlmişdirlər. Qeyd edim ki, Cavabdeh ilə ailə münasibətimiz normal olmadığından beş aydır ki, ayrı yaşayırıq. Mən övladlarımla birlikdə ata evimdə, valideynlərimin himayəsindəyəm. Övladlarımın maddi tələbatlarını təkbaşına qarşılamaqda çətinlik çəkirəm. Valideynlərimin də maddi durumu çox çətindir. Heç bir yerdə işləmirəm. Bu səbəbdən də xx.xx.2019-cu il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X1 üçün hər ay sabit məbləğdə hər uşaq üçün 246 (iki yüz qırx altı) manat olmaqla iki uşağa cəmi 492 (dörd yüz doxsan iki) alimentin cavabdehdən tutularaq mənə ödənilməsini istəyirəm. Aliment tələbi ilə bağlı ilkin mediasiya sessiyasına müraciət etsəm də, orada mübahisəmiz öz həllini tapmamışdır. Bu səbəbdən də mübahisənin həllinin məhkəmə qaydasında həll olunmasını istəyirəm. Əlavə olaraq qeyd edim ki, cavabdehin yaşayış yeri barədə arayış əldə edə bilməmişəm. Məhkəmədən xahiş edirəm bu barədə köməklik göstərəsiniz. İddiaçı məhkəmədə verdiyi izahatında cavabdehlə 7 ildir ailəli olduqlarını, 2018-ci ildə ailə qurduqlarını, birgə nikahdan 26 dekabr 2019-cu il tarixdə Əlizadə Hüseyn və 27 fevral 2021-ci il tarixdə Əlizadə Uğurun doğulduğunu, 6 aydır ki, ayrı yaşadıqlarını, cavabdehin bütün maddi-məişət qayğılarını qarşıladığını, sadəcə ailələrinin onun atasına görə dağıldığını, uşaqların onunla qaldığını, cavabdehin bu müddətdə uşaqların saxlanılmasında maddi dəstək göstərmədiyini, cavabdehin işi və gəlirləri barədə məlumatının olmadığını, birgə nikah dövründə cavabdehin Naxçıvanda ət və ət məhsulları zavodunda işlədiyini və dükanlara ət payladığını, cavabdehin aylıq əmək haqqının nə qədər olduğunu bilmədiyini, nikah müddətində özünün işləmədiyini, 6 aydır ki, uşaqları ata-anasının köməkliyi ilə saxladığını bildirmiş, sonda qanunla nəzərdə tutulmuş həddə aliment təyin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında birgə nikah dövründə “Naxçıvan Muxtar Respublikası Ət və Ət məhsulları MMC”-də işlədiyini, 2024-cü ilin mart ayında işləmək üçün Türkiyəyə getdiyini, avqust ayında isə iddiaçının küsərək atası evinə getdiyini öyrəndiyini, iddiaçının Naxçıvan şəhərində kirayədə qalmaq istədiyini, buna isə imkanının olmadığını, 246 manat aliment ödəməyə imkanının olmadığını, hər iki uşağa birlikdə 300 manat ödəmək iqtidarında olduğunu, imkanı çox olarsa artıq da verə biləcəyini, lakin hazırda o vəziyyətdə olmadığını, hazırda mülkiyyətində heç bir əmlakın olmadığını, əvvəl işlədiyi yerə qayıtmaq imkanının da artıq mövcud olmadığını, 28 dekabr 2024-cü ildə Türkiyədən qayıtdığını və hazırda işsiz olduğunu, hər uşağa 150 manat olmaqla cəmi 300 manat aliment ödəyə biləcəyini bildirmişdir. Mülki işin materiallarını işdə iştirak edən şəxslərin izahatı ilə əlaqəli şəkildə tədqiq edərək məhkəmə müəyyən edir ki, tərəflərin 12 noyabr 2018-ci ildə nikaha daxil olması, onların birgə nikahından xx.xx.2019-cu il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X7 dünyaya gəlməsi, mediasiyada alimentlə bağlı razılığın əldə olunmaması, tərəflərin ayrı yaşaması, onların birgə nikahından olan uşaqların iddiaçının yanında qalması işin mübahisəsiz hallarıdır. Bu faktların işin mübahisəsiz halları olması iddia ərizəsinə əlavə olunmuş aşağıdakı sübutlarla təsdiq olunur: - AZ-İ seriyalı, 945371 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən Cavabdeh ilə X6 arasında xx.xx.2018-ci il tarixdə Kəngərli rayon Qeydiyyat Şöbəsində nikahın bağlanması və bunun akt qeydləri kitabında 123 nömrə ilə qeyd edilməsi; - AZ-İV seriyalı, 460052 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən tərəflərin xx.xx.2019-cu il tarixdə X8 adlı övladlarının doğulması; - AZ-İV seriyalı, 627823 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən tərəflərin xx.xx.2021-ci il tarixdə X10 adlı övladlarının doğulması; - X3 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, MŞN/25-Ə-00123 nömrəli arayışdan İddiaçı mediasiya prosesinin davam etdirməyə razılıq verməməsi; - iddia ərizəsi və tərəflərin məhkəmədə verdiyi izahatlardan ayrı yaşamaları və birgə nikahdan olan uşaqların iddiaçının yanında qalması aydın olur. İddiaçının tələbi isə xx.xx.2019-cu il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay hər uşağa sabit 246 manat olmaqla cəmi 492 (dörd yüz doxsan iki) manat miqdarında alimentin tutulmasından ibarətdir. İşin bu mübahisəli halının hüquqi həlli ilə bağlı məhkəmə istinad etdiyi maddi və prosessual hüquq normaları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsində əks olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan şəxslər arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti, yəni alimenti ödəməyə borclu olur. Ailə qanunvericiliyinin tələbinə əsasən məhkəmə qaydasında alimentin tutulmasının iki qaydası müəyyən edilib: aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında və sabit pul məbləğində. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsində uşağın saxlanılması üçün alimentin sabit pul məbləğində tutulmasını əsası kimi şəxsin bu barədə olan xahişi qeyd olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də, aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd olunan maddi hüquq normalarını mülki iş materialları ilə qarşılıqlı şəkildə əlaqələndirən məhkəmə belə hesab edir ki, iddiaçının tələbi əsaslıdır. Alimentin miqdarının müəyyən edilməsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İddiaçı övladları X8 və X10 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay hər uşağa sabit 246 manat olmaqla cəmi 492 (dörd yüz doxsan iki) manat miqdarında alimentin tutulmasını tələb etsə də, bu məbləğlə bağlı öz tələbini əsaslandıran faktları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Alimentin miqdarı ilə bağlı iddiaçı tərəf öz tələbini əsaslandıran halları sübuta yetirə bilmədiyindən məhkəmə belə hesab edir ki, onun miqdarı qanunvericiliyin tələbləri və işin faktiki halları nəzərə alınmaqla müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe isə ondan ibarətdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2025-ci ildə ölkədə yaşayış minimumu uşaqlar üçün 246 (iki yüz qırx altı) manat məbləğində müəyyən edilmişdir. İddiaçının tələb etdiyi alimentin məbləği Azərbaycan Respublikasında 2025-ci il üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləği ilə eynilik təşkil etdiyindən uşağın yaşının artdıqca tələbatlarının da artmasını, azyaşlı uşaqla məktəbli uşağın yaşayış ehtiyacının eyni səviyyədə olmamasını nəzərə alan məhkəmə belə hesab edir ki, uşaqların yaşını və buna əsaslanan ehtiyaclarını, həmçinin uşaqlara münasibətdə valideynlərin bərabər hüquq və vəzifələrə malik olmasını diqqətə almadan onların hər biri üçün yaşayış minimumu həddində aliment təyin edilməsi ədalətlilik və bərabərlik prinsipinə ziddir. Məhkəmə onu da qeyd edir ki, yaşayış minimumu məbləği Azərbaycan Respublikasında bir uşağın saxlanılması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin birbaşa bu həddə müəyyən edilməsi anlamına gəlmir. Qanunvericilik aliment məbləğinin müəyyən edilməsi zamanı bir sıra halların araşdırılmalı olduğunu tələb edir. Həmçinin bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği təmin etmək bir valideynin vəzifəsi deyil, hər iki valideynin borcudur. “Elektron Məhkəmə” informasiya sistemindən çıxarılmış məlumatlardan iddiaçının və cavabdehin əmək müqaviləsi və həmçinin digər əsaslarla daimi gəlirinin olması müəyyən edilmir. Məhkəmə yuxarıda göstərilən maddi hüquq normalarını, uşaqlar barəsində valideynlərin bərabər hüquq və vəzifələrə malik olmasını, uşaqların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini, 2025-ci ildə ölkədə yaşayış minimumunun uşaqlar üçün 246 (iki yüz qırx altı) manat məbləğində və minimum əmək haqqı məbləğinin isə 400 manat məbləğində müəyyən edilməsini, uşaqların iddiaçının yanında qalmaqla, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu vaxt ərzində onun üzərinə düşməsini, uşaqların sayını, onların yaşını nəzərə alaraq belə nəticəyə gəlir ki, iddiaçının tələbi qismən təmin edilməli və yetkinlik yaşına çatmayan uşaqların saxlanılmaları üçün hər ay cavabdehdən bir uşaq üçün 160 (bir yüz altmış) manat məbləğində aliment tutulmalıdır. Alimentin hansı vaxtdan tutulması məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən şəxsin məhkəməyə müraciət etdiyi vaxtdan tutulur. Yuxarıda qeyd edilənlərin nəticəsi olaraq məhkəmə belə nəticəyə gəlir ki, tərəflərin birgə nikahından olan uşaqların saxlanılması üçün aliment Cavabdeh iddiaçının məhkəməyə müraciət etdiyi “17” fevral 2025-ci il tarixdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsində dərhal icra olunmalı qətnamələrdən biri kimi şəxsin saxlanılması üçün vəsaitlərin o cümlədən alimentlərin alınması qeyd olunduğundan qətnamə dərhal icra edilməlidir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 20 ” dekabr 2024-cü il tarixli qərarının 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Həmçinin xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən rayon (şəhər) məhkəmələrinə göndərilmiş məktubda qeyd olunmuşdur ki, aliment tutularkən alimentin hesablanmağa başlandığı (tələb barədə ərizənin verildiyi) təqvim ili ilə qətnamənin qəbul edildiyi il arasında ölkə üzrə minimum əmək haqqı məbləğində fərq olduqda, aliment ərizənin verildiyi tarixdə ölkə üzrə mövcud olmuş minimum əmək haqqına münasibətdə təyin edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq, iddianın qiyməti aliment haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyindən, iddianın (12x(246x2)=5904) təmin edilmiş hissəsinə (79.04 manat miqdarında dövlət rüsumu) mütənasib olan (12x(160x2)=3840) 51.38 manat (əlli bir manat otuz səkkiz) miqdarında dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Mülki işə baxılması zamanı isə cavabdehin dövlət rüsumu ödəməkdən azad edilməsinə əsas olan hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən, məhkəmə belə nəticəyə gəlir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu cavabdehdən tutulmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia qismən təmin olunmalı; - tərəflərin birgə nikahından olan xx.xx.2019-cu il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X7 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün “17” fevral 2025-ci il tarixdən hesablanmaqla, hər ay Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0.4 misli həddində sabit pul məbləğində aliment tutulamlıdır; - iddia qalmış hissədə rədd edilməli; - Cavabdeh 51.38 manat (əlli bir manat otuz səkkiz) miqdarında rüsum tutularaq dövlət büdcəsinə keçirilməli; - qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra olunmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin edilsin. Tərəflərin birgə nikahından olan xx.xx.2019-cu il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X7 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün “17” fevral 2025-ci il tarixdən hesablanmaqla, hər ay Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0.4 misli həddində sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 51.38 manat (əlli bir manat otuz səkkiz) miqdarında rüsum tutularaq dövlət büdcəsinə keçirilsin. İddia digər hissədə əsaslı sayılmadığından rədd olunsun. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra olunsun. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar