Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-229/2024 08.04.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı müəyyən olunmuş aliment məbləğinin dəyişdirilərək artırılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Babək rayon Məhkəməsinin 15 dekabr 2020-ci il tarixli, 2(079)-280/2020 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək 13 mart 2017-ci il təvəllüdlü X6 və 16 avqust 2018ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay, hər birinə 235 manat olmaqla cəmi birlikdə iki uşağa görə 470 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq bildirmişdir ki, mən Cavabdeh ilə 27 avqust 2014-cü il tarixdə nikahımızı rəsmiləşdirib ailə qurmuşam. Bizim həmin nikahdan 2 nəfər övladımız doğulmuşdur: 1. X6:-xx.xx.2017-ci il təvəllüdlü; 2. X4:-xx.xx.2018-cu il təvəllüdlü. Lakin aramızda olan nikah cavabdehin iddiası əsasında Babək rayon Məhkəməsinin 15 dekabr 2020-ci il tarixli, 2(079)-280/2020 saylı qətnaməsi ilə pozulmuş və bizim birgə nikahımızdan doğulmuş övladlarımız 13 mart 2017-ci il təvəllüdlü X6 və 16 avqust 2018-ci il təvəllüdlü X2 mənim yanımda saxlanılması və X6 və X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutularaq mənə ödənilməsi barədə qətnamə qət olunmuşdur. Özüm heç bir yerə işləmirəm, hər bir əşyanın qiymətində davamlı artım müşahidə olunur və bu da bizim ailə büdcəmizə təsir edir. Belə ki, övladlarım artıq məktəbə gedir və təhsil və təlimlə bağlı xərcləri yetərincə artmışdır. Bu səbəbdən də onların saxlanması təhsili, təlimi, inkişafı və gələcəyi üçün cavabdehin ödəyəcəyi alimentin məbləğinin artırılmasını istəyirəm. Alimentin artırılması üçün ilkin mediasiya sessiyasında iştirak eləsəm də orada məsələ öz müsbət həllini tapmadığından artıq məhkəməyə müraciət etmək qərarına gəlmişəm. İddiaçı məhkəmə iclasında alimentin 2020-ci ildə təyin olunduğunu, aylıq ona bir uşaq üçün 90 manat olmaqla 180 manat aliment ödənildiyini, uşaqların əvvəllər məktəbə getmədikləri üçün təyin edilən alimentin kifayət etdiyini, lakin hazırda məktəbə getdiklərini və maddi tələbatlarının artdığını, ləvazimatları almaqda maddi çətinlik çəkdiyini, bu səbəbdən sabit məbləğdə olmaqla uşaqların alimentinin artırılmasını istədiyini, özünün işləmədiyini, cavabdehin gəliri barədə məlumatının olmadığını, uşaqların özü ilə birlikdə qaldıqlarını, hazırda oğlu Hüseynin 1-ci sinifə, qızı Sevincin isə məktəbəqədər hazırlıq kurslarına getdiyini, cavabdehin uşaqların mənəvi tələbatları ilə qətiyyən maraqlanmadığını, arabir nənə-babasının uşaqları aparıb saxladıqlarını, uşaqlarının gələcəyi üçün dərslərinə yaxşı hazırlaşmalarının şərt olduğunu, ödənilən alimentin hazırda heç nəyə yetmədiyini, cavabdehin iki ildir Türkiyədə işlədiyini, hər halda vəziyyətinin yaxşı olduğunu, qazanclı olmasa indiyə qədər qayıdıb gəlməli olduğunu, uşaqların onsuz da atadan məhrum olduğunu, heç olmasa alimenti normal ödəməsinin təmin olunmasının zəruri olduğunu bildirmiş, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında verdiyi izahatında iddiaçının tələbi ilə məhkəmə qətnaməsi əsasında qızılların dəyərinin, həmçinin birgə nikah dövündə qazanılan maşının dəyərinin yarısının ona ödənilməsi müəyyən edildiyini, bundan əlavə uşaqların saxlanması üçün hər birinə 90 manat olmaqla aylıq 180 manat aliment ödənildiyini, qeyd edilən əmlakların pulunu ödəmək üçün bankdan kredit götürdüyünü, oğlu Samirin aliment təyin olunan zaman Naxçıvanda Gəmiqayada elektrik montyoru işlədiyini, alimentlə birlikdə krediti çatdırıb ödəyə bilmədiyinə, həmçinin iş yerində iş günü 15 gündən bir olmaqla əmək haqqı azaldıldığına görə işləmək üçün Türkiyəyə getdiyini, hazırda oğlunun orada günəmuzd fəhlə olaraq işlədiyini, onun gündəlik daimi işinin olmadığını, həmçinin mədəsində problem olduğunu, hazırda ailə qurduğunu və yoldaşı ilə birlikdə Türkiyədə qayınatasıgildə qaldığını, bu yaxınlarda 1 aydan sonra övladının da olacağını, Samirin buradakı işindən ayrıldığını, Türkiyədə isə aylıq gəlirinin 500-600 manat olduğunu, uşaqlara nənə-baba olaraq lazımi diqqət və qayğını göstərdiklərini, onları 2 həftədən bir gətirib yanlarında saxladıqlarını, lazım olan palpaltarı aldıqlarını, aylıq alimenti də öz pensiyaları ilə ödədiklərini, uşaqların ataları ilə daimi olaraq ünsiyyətdə olduqlarını, Samirin ailəsi ilə birlikdə Türkiyədə müvəqqəti qaldığını, onun da uşaqlarını görmək istədiyini, lakin işsizlik ucbatından orada qalmağa məcbur olduğunu, oğlunun uşaqların hər ikisinə birlikdə 220 manat ödəməyə etiraz etmədiyini bildirmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini nəzərə alaraq mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işin materiallarını tədqiq edən məhkəmə qeyd edir ki, tərəflərin birgə nikahdan 13 mart 2017-ci il təvəllüdlü X6 və 16 avqust 2018-ci il təvəllüdlü X4 adlı 2 (iki) övladlarının dünyaya gəlməsi, Babək Rayon Məhkəməsinin hazırda qüvvədə olan 15 dekabr 2020-ci il tarixli qətnaməsi ilə tərəflərin nikahının pozulması, uşaqların analarının yanında saxlanılması, uşaqların saxlanılmaları üçün hər ay Cavabdeh qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutularaq, uşaqların anası X5 ödənilməsinin müəyyən edilməsi birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlarla mübahisəsiz qaydada müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş AZ-İ seriyalı, 400225 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən belə məlum olur ki, Cavabdeh ilə X7 arasında bağlanmış nikahın pozulması xx.xx.2021-ci il tarixdə qeydə alınmış, qadına “Novruzova” soyadı verilmiş; İş materiallarına əlavə edilmiş AZ-İİİ seriyalı, 748320 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən belə məlum olur ki, tərəflərin birgə nikahından 13 mart 2017-ci il təvəllüdlü X6 doğulmuş; İş materiallarına əlavə edilmiş AZ-İİİ seriyalı, 960768 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən belə məlum olur ki, tərəflərin birgə nikahından 16 avqust 2018-ci il təvəllüdlü X4 doğulmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsində məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmənin əsasları öz əksini tapıb. İstər həmin maddənin adından, istərsə də onun mahiyyətindən görünür ki, sözügedən norma məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsini özündə ehtiva edir. Məhkəmə sözügedən halı nəzərə almaqla iddia tələbi ilə bağlı aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Ailə Məcəlləsi (bundan sonra “AM”) uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. AM-in 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə qanunvericiliyində məhkəmə qaydasında alimentin tutulmasının 2 qaydası müəyyən edilmişdir: - aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında; - sabit pul məbləğində. Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Göründüyü kimi qanunverici göstərilən maddədə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin sabit məbləğdə tutulmasının bir neçə əsasını müəyyən etmişdir. Bu əsaslardan hər hansı biri mövcud olduqda alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Məhkəmə, alimenti qazancın (gəlirin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır. Qanunvericinin yuxarıda göstərilən maddədə müəyyən etdiyi əsas şərtlərdən biri də ondan ibarətdir ki, alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir. İddiaçının izahatı əsasında müəyyən olunmuşdur ki, hazırda cavabdeh hər ay bir uşaq üçün 90 manat olmaqla, ümumilikdə 180 manat aralığında aliment ödəyir. Müəyyən olunmuş sözügedən hal cavabdehin nümayəndəsi tərəfindən mübahisə olunmamışdır. Həmçinin cavabehin gəlir məlumatları üzrə Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan onun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində elektrik montyoru olaraq işləməsi, əmək haqqının 450 manat olması, başqa gəlirlərinin isə olmadığı müəyyən olunur. Lakin iddiaçı və cavabdehin nümayəndəsinin üst-üstə düşən izahatları əsasında cavabdehin hazırda həmin işdən ayrıldığı və Türkiyə Respublikasında işləyib qazanc əldə etdiyi müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, hazırda ödənilən bir uşaq üçün 90 manat olmaqla 180 manat aliment miqdarı uşaqların qorunmalı olan yüksək mənafeyinə zidd olmaqla iddiaçının, dolayısı ilə uşaqların marağını pozur. Məhkəmə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulmasının tərəflərdən birinin-iddiaçının marağını əhəmiyyətli dərəcədə pozduğu qənaətinə gələrək alimentin tutulma qaydasının dəyişdirilərək sabit pul məbləğində müəyyən olunması ilə bağlı iddiaçının tələbini əsaslı sayır. AM-in 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Məhkəmə araşdırması zamanı tərəflərin izahatları və elektron məhkəmə informasiya sisteminin məlumatları əsasında müəyyən olunmuşdur ki, iddiaçı heç bir yerdə işləmir və gəliri yoxdur. Mülki-Prosessual Məcəllənin 13.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə mübahisələri Azərbaycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, qanunlara, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına, habelə Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə əsasən həll edir. Bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir (Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin qərarı). Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə ilk olaraq Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmçinin sözügedən qərarda məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanılmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. (Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin qərarı). Alimentin yaşayış minimumu həddində təyin olunması tələbinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Həmçinin ali qanunun 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Bundan əlavə “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. ”İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Yuxarıda qeyd edilən maddi hüquq normaları, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində əks olunmuş bərabərlik hüququnun mahiyyətindən belə məlum olur ki, uşaqlara münasibətdə valideynlər bərabər hüquq və vəzifələrə malikdir. Bu isə onu deməyə əsas verir ki, hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcləri ilə təmin edilməsində hər iki valideyn bərabər və eyni öhdəliyə sahibdir. Uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququnun mövcudluğunu, uşaqların saxlanılmasında hər iki valideynin məsuliyyətinin bərabərliyini, bununla bərabər yetkinlik yaşına çatmayan uşaqların ananın yanında saxlanılmaqla məişət qayğılarının onun üzərinə düşməsini, iddiaçının gəlirlərinin olmamasını, cavabdehin gəlirlərini, 2024-cü ildə uşaqların saxlanılması üçün müəyyən olunmuş yaşayış minimumunun miqdarını nəzərə alan məhkəmə belə hesab edir ki, aliment miqdarı bir uşaq üçün 140 manat olmaqla, iki uşaq üçün 280 manat məbləğində müəyyən olunmalıdır. AM-in 55.2-ci maddəsinə əsasən aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. Yetkinlik yaşına çatmayan uşaqların ananın yanında saxlanılmasını və yuxarıda qeyd edilən normanın mahiyyətini nəzərə alan məhkəmə qeyd edir ki, uşağın saxlanılması üçün müəyyən edilən aliment məbləği iddiaçının sərəncamına daxil olmalı, aliment uşağın anasına ödənilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8- 2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Plenum qərarının mahiyyətindən irəli gələn hal odur ki, əgər yetkinlik yaşına çatmayan uşağa başqa əsasla ödənilən daha əvvəl müəyyən olunmuş aliment mövcuddursa ödənilən aliment məbləğinin dəyişdirilməsinə səbəb olan yeni məhkəmə qətnaməsi yalnız qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. İş üzrə məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment hazırki iddia tələbi ilə məhkəməyə müraciət edildikdən indiyə qədər tutulmuşdur. Beləliklə məhkəmə hesab edir ki, dəyişdirilmiş aliment miqdarı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, Babək Rayon Məhkəməsinin 15 dekabr 2020-ci il tarixli, 2(079)-280/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin tutulması qaydası dəyişdirilməli, 13 mart 2017-ci il təvəllüdlü X6 və 16 avqust 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün iş üzrə Cavabdeh hər ay bir uşaq üçün 140 (bir yüz qırx) manat olmaqla, iki uşaq üçün 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment alınaraq tutulmaqla uşaqların anası İddiaçı ödənilməli, dəyişdirilmiş aliment miqdarı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, iddia qalmış hissədə rədd olunmalıdır. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, MPM-in 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda 58.40 (əlli səkkiz manat qırx qəpik) məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. 12X280=3840 30+(2840X1%)=58.40 Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin edilsin. 23 fevral 2024-cü il tarixdən hesablanmaqla, 13 mart 2017-ci il təvəllüdlü X6 və 16 avqust 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün iş üzrə Cavabdeh hər ay bir uşaq üçün 140 (bir yüz qırx) manat olmaqla, iki uşaq üçün 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment tutulub uşaqların anası İddiaçı ödənilsin. İddia qalmış hissədə rədd olunsun. Dəyişdirilmiş aliment miqdarı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansısn. Cavabdeh 58.40 manat (əlli səkkiz manat qırx qəpik) məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(079)-229/2024
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-229/2024
08.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver