Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(079)-231/2020 20.08.2020 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ «20» avqust 2020-ci ildə Babək şəhərində Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı “23” iyul 2020-ci ildə iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək, xx xxxxx 2020-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 170 (bir yüz yetmiş) manat miqdarında aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdir ki, xx xxxx 2019-cu ildə rəsmi nikah qeydiyyatından keçməklə Cavabdeh ilə evlənmişəm. Birgə nikahımızdan xx xxxxx 2020-ci il tarixdə Amin adlı oğlumuz doğulmuşdur. Biz evləndiyimiz ilk gündən xasiyyətimiz uyğun gəlmədiyindən yola gedə bilmirdik. Təqribən iki ay birlikdə yaşamışıq, daha sonra mən valideynlərimin yanına qayıtmışam. Oğlum da həmin müddətdə dünyaya gəlib. Bu müddət ərzində Əhəd bizimlə ümumiyyətlə maraqlanmayıb, heç bir maddi köməklik göstərməyib. Uşaq anadan olarkən belə bütün xərcləri anam çəkib. Özüm heç yerdə işləmirəm uşağı təkbaşına böyütməkdə maddi cəhətdən çətinlik çəkirəm, ona görə də cavabdehdən uşağın saxlaması üçün aliment tələb edirəm. Məhkəmədə izahat verən İddiaçı iddiasını müdafiə edərək cavabdehlə vasitəçiliklə ailə qurduğunu, qısa müddətli tanışlıqdan sonra 2019-cu ilin iyun ayında evləndiklərini, 2020-ci ilin sentyabr ayında isə ayrıldıqlarını, Əhədlə ayrılan zaman hamilə olduğunu və bunu qarşı tərəfin bildiyini, 2020-ci ilin aprel ayında isə oğlu Aminin dünyaya gəldiyini, övladı dünyaya gələn gün cavabdehə məlumat verməsə də, sonradan Əhədin atasına zəng edərək bunu bildirdiyini, hazırda oğlu dörd aylıq olduğunu, bu günədək cavabdehin ailəsi ilə maraqlanmadığını və uşağın saxlanılmasında ona köməklik etmədiyini, özünün əvvəllər çörək sexində işlədiyini, lakin övladı balaca olduğundan hazırda işləmədiyini, buna görə də oğlu Aminin saxlanılmasında çətinlik çəkdiyini qeyd edərək yekunda iddiasının təmin edilməsini məhkəmədən xahiş etmişdi. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə iş üzrə cavabdehə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qayada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına iştirak etməmişdir. Cavabdeh məhkəmə hazırlıq iclasında verdiyi izahatında dayısının arvadı Turacın vasitəçiliyi ilə 2019-cu ilin iyun ayında Türkanə ilə ailə qurduğunu, aralarında olan narazılıqlara görə həmin ilin sentyabr ayında ayrıldıqlarını, həmin vaxt iddiaçının hamilə olduğunu bildiyini, birlikdə yaşadığı vaxt onu həkim müayinəsinə apardığını, bununla bağlı digər qayğıları ilə maraqlandığını, oğlunun dünya gəlməsindən təqribən bir ay sonra məlumatının olduğunu, məlumatı olduqdan sonra isə Türkanənin qardaşına zəng etdiyini, lakin onunla telefon danışığı zamanı mübahisə etdiyindən daha sonra uşağı ilə maraqlana bilmədiyini, həqiqətən də bu günədək oğlunun maddi tələbatının ödənilməsi üçün heç nə etmədiyini, hazırda işsiz olduğunu, iddiaçının tələb etdiyi aliment miqdarını ödəməyə imkanı olmasa da, uşağının saxlanılması üçün hər ay 120-130 manat miqdarında aliment ödəyə biləcəyini qeyd etmişdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 172.2 və 185-ci maddələrinə əsaslanaraq məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki işin materiallarını işdə iştirak edən şəxslərin izahatları, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edərək məhkəmə müəyyən edir ki, tərəflərin xx xxxx 2019-cu tarixdə nikaha daxil olması, onların birgə nikahından X7 adlı uşağın dünyaya gəlməsi, tərəflərin hazırda ayrı yaşaması və onların birgə nikahından olan övladlarının iddiaçının yanında qalması mülki işin mübahisəsiz hallarıdır. Bu faktların işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: -iş materiallarına əlavə edilmiş Culfa Rayon İcra Hakimiyyətinin Əlincə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli, AZ-İİ seriyalı, 156002 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən Cavabdeh ilə X2 xx xxxx 2019-cu il tarixdə nikaha daxil olması və nikaha daxil olduqdan sonra iddiaçının özünə cavabdehin soyadını, yəni “Məmmədova” soyadını seçməsi; -iş materiallarına əlavə edilmiş Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, AZ-İV seriyalı, 464888 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən iş üzrə tərəflərin xx xxxxx 2020-ci il tarixdə X7 adlı uşağının anadan olması; -iş üzrə tərəflərin məhkəmədə verdiyi izahatlarından və iddia tələbindən tərəflərin hazırda ayrı yaşaması və birgə nikahlarında olan uşağın İddiaçı ilə birlikdə yaşaması aydın olur. İşin mübahisəli halı isə iddiaçının cavabdehlə birgə nikahından olan övladı X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh 170 (bir yüz yetmiş) manat miqdarında aliment tutulmasını tələb etməsidir. İşin bu mübahisəli halını həlli ilə bağlı məhkəmə istinad etdiyi maddi və prosessual hüquq normaları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində və “Uşaq hüquqları haqqında Azərbaycan Respublikası Qanunun 19-cu maddəsində əks olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsində uşağın saxlanılması üçün alimentin sabit pul məbləğində tutulmasını əsası kimi şəxsin bu barədə olan xahişi qeyd olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də, aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd olunan maddi hüquq normalarını mülki iş materialları ilə qarşılıqlı şəkildə əlaqələndirən məhkəmə belə hesab edir ki, iddiaçının tələbi əsaslıdır. Alimentin miqdarının müəyyən edilməsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq, müəyyən edilir. İddiaçı X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 170 (bir yüz yetmiş) manat miqdarında aliment tələb etsə də, bu məbləğlə bağlı öz tələbini əsaslandıran faktları məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh isə xx xxxxxx 2020-ci ildə məhkəməyə təqdim etdiyi ərizəsində iddiaçı ilə birgə nikahından olan övladı X1 üçün hər ay İddiaçı 130 (bir yüz otuz) manat miqdarında aliment ödəməyə biləcəyini qeyd etmişdi. Məhkəmə iddiaçının nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi xx xxxx 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Alimentin miqdarı ilə bağlı iddiaçı tərəf öz tələbini əsaslandıran halları sübuta yetirə bilmədiyindən məhkəmə qanunvericiliyin tələbini nəzərə alaraq belə hesab edir ki, alimentin miqdarının cavabdehin məhkəməyə təqdim etdiyi ərizədə qeyd olunan məbləğdə təyin edilməsi uşağın üstün mənafeyinə cavab verir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx xxxx 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe isə ondan ibarətdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2020-ci ildə ölkədə yaşayış minimumu uşaqlar üçün 170 (bir yüz yetmiş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə yuxarıda göstərilən maddi hüquq normalarını, uşaqlar barəsində valideynlərin bərabər hüquq və vəzifələrə malik olmasını, uşağın təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını, 2020-ci ildə ölkədə yaşayış minimumunun uşaqlar üçün 170 (bir yüz yetmiş) manat məbləğində müəyyən edilməsini, uşağın iddiaçının yanında qalması, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu vaxt ərzində onun üzərinə düşməsini, aliment ödənilməli olan uşağın sayını, saxlanılması üçün aliment təyin edilməsi tələb edilən uşağın yaşını, həmçinin uşağın dünyaya gəlməsi zamanı zəruri xərclərin iddiaçı tərəfindən çəkilməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, iddiaçının tələbi qismən təmin edilməli və yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün hər ay cavabdehdən 130 (bir yüz otuz) manat məbləğində aliment tutulmalıdır. Aliment sabit pul məbləğində müəyyənləşdirilərkən o nəzərə alınmışdır ki, uşağın saxlanması üçün aliment tələb edən iş üzrə iddiaçı isə alimentin sabit pul məbləğində müəyyənləşdirilməsini xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından aydın olur ki, İddiaçı Babək Rayon Məhkəməsinə “23” iyul 2020-ci il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsində dərhal icra olunmalı qətnamələrdən biri kimi şəxsin saxlanılması üçün vəsaitlərin o cümlədən alimentlərin alınması qeyd olunduğundan qətnamə dərhal icra edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq, iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyindən, iddianın (12x170=2040) təmin edilmiş hissəsinə (12x130=1560) münasib olan 23,10 manat miqdarında rüsum cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq, cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia qismən təmin olunmalı; -“23” iyul 2020-ci il tarixdən hesablanmaqla, xx xxxxx 2020-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh 130 (bir yüz otuz) manat miqdarında aliment tutularaq, uşağın anası İddiaçı ödənilməli; - iddia digər hissədə rədd olunmalı; - Cavabdeh 23,10 manat (iyirmi üç manat, on qəpik) miqdarında rüsum tutularaq dövlət büdcəsinə keçirilməli; - qətnamə alimentə dair hissədə dərhal icra olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin edilsin. “23” iyul 2020-ci il tarixdən hesablanmaqla, xx xxxxx 2020-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh 130 (bir yüz otuz) manat miqdarında aliment tutularaq uşağın anası İddiaçı ödənilsin. İddia digər hissədə rədd olunsun. Cavabdeh 23,10 (iyirmi üç manat, on qəpik) manat miqdarında rüsum tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentə dair hissədə dərhal icra olunsun. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №2(079)-231/2020
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-231/2020
20.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver