Məhkəmə qərarları › İş №2(079)-234/2022

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-234/2022

21.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-234/2022 21.06.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı “28” aprel 2022-ci ildə iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək, 01 sentyabr 2015-ci il tarixdə doğulmuş X4 və 18 fevral 2022-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün Cavabdeh hər uşaq üçün 193 (bir yüz doxsan üç) manat olmaqla, ümumilikdə iki uşağa görə 386 (üç yüz səksən altı) manat miqdarında aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O, tələbini əsaslandıraraq qeyd etmişdir ki, Babək rayonu, Qahab kənd sakini Cavabdeh ilə 20 sentyabr 2021-ci il tarixdə nikah bağlayaraq evlənmişik. Bizim birgə nikahımızdan birgə yaşadığımız müddətdə 01 sentyabr 2015-ci il tarixdə X4 və 18 fevral 2022-ci ildə X6 adında iki övladımız doğulub. Ruhani ilə ailə qurandan sonra Qahab kəndində onun atasının evində yaşamışıq. Əvvəllər münasibətlərimiz normal olsa da, sonradan pozulmağa başlamışdır. Belə ki, ailə münasibətlərimizin pozulma səbəbi kənar müdaxilələrin təsirindəndir. 26 mart 2022-ci il tarixdən mən aramızda olan mübahisəyə görə öz atamın evinə qayıtmağa məcbur olmuşam. Ayrı yaşadığımız müddət ərzində Ruhani ailənin bərpası üçün mənə barışıq təklif etsə də, mən onun təklifini qəbul etməmişəm. O, uşaqların saxlanılmasında mənə heç bir maddi köməklik göstərməmişdir. Böyük övladım Ayxan birinci sinifdə oxuyur, balaca övladım Səma isə 3 aylıqdır. Əlavə olaraq bildirirəm ki, mən özüm heç bir yerdə işləmirəm, atamın himayəsində yaşamaqla uşaqların maddi təlabatlarını onun etdiyi maddi köməkliklə bir təhər qarşılayıram. Uşaqları saxlamaq, onların qayğısına qalmaq mənim olduğu qədər, bir ata kimi Ruhaninin də borcudur. Ancaq hesab edirəm ki, cavabdeh uşaqlarının qarşısında öz öhdəliyini könüllü şəkildə yerinə yetirmək istəmir. Bununla bağlı mən ilkin olaraq mediasiya xidmətinə müraciət etsəm də, orada bizim mübahisəmiz həll olunmadığından, mənim həmin orqan tərəfindən məhkəməyə müraciət etməyim tövsiyə olundu. Ona görə də mən övladlarımın saxlanılması üçün ataları Cavabdeh aliment tutulması ilə bağlı məhkəməyə müraciət etmişəm. Ruhani fərdi təsərrüfatla məşğul olur. Təsərrüfatında xırda buynuzlu heyvanlar saxlamaqla qazanc əldə etsə də, onun aylıq qazancının nə qədər olması barədə məlumatım yoxdur. Ona görə də cavabdehdən uşaqların saxlanılması üçün hər ay sabit məbləğdə aliment tələb edirəm və hesab edirəm ki, cavabdehin də uşaqlarının saxlanılması üçün aliment ödəməyə maddi imkanı çatar. İddiaçı məhkəmədə verdiyi izahatında tələbini müdafiə etdiyini, 2014-cü ildə vasitəçilikdə Ruhani ilə ailə qurduğunu, birgə nikahlarından iki uşağın dünyaya gəldiyini, 2016-cı ildə aralarında bağlanmış nikahın pozulduğunu, lakin 2021-ci ildə yenidən barışıb ailəni bərpa etdiklərini və nikahlarını rəsmiləşdirdiklərini, aralarında olan mübahisələrə görə 26 mart 2022-ci ildən ayrı yaşadıqlarını, birgə nikahlarından olan uşaqların özü ilə qaldığını, cavabdehlə ayrılmasına səbəb Ruhaninin anasının ailə işlərinə təsirindən qaynaqlandığını, özünün hazırda işsiz, böyük övladının isə məktəbli olduğunu, uşaqların saxlanılmasında Ruhaninin ona köməklik etmədiyini, uşaqlarının tələbatlarını atasının qarşıladığını, ayrı yaşadıqları vaxt ərzində cavabdeh uşaqlarla görüb ünsiyyətdə olsa da onların saxlanılması üçün ona maddi yardım etmədiyini, onun fərdi təsərrüfatla məşğul olduğunu, lakin Ruhaninin gəlir və qazancı barədə sübut əldə edə bilmədiyini, birlikdə yaşadığı müddətdə Ruhaninin onları elə də yüksək səviyyədə saxlayıb qayğılarına qalmadığını qeyd edərək, yekunda tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdi. Cavabdeh məhkəmədə verdiyi izahatında 2014-ci ilin oktyabr ayının 14-cə Ceyran ilə ailə qurduğunu, 2016-cı ildə onunla boşandığını, lakin 2021-ci ildə yenidən ailəni bərpa etdiklərini, birgə nikahlarından iki uşağın dünyaya gəldiyini, 2022-ci ilin mart ayından ayrı yaşadıqlarını, uşaqların iddiaçının yanında qaldığını, maddi imkanı olmadığından uşaqların saxlanılmasında Ceyrana köməklik etmədiyini, özünün əvvəllər 50 baş heyvanı olduğunu, ev tikmək üçün onların yarısını satıb Babək rayonu, Naxışnərgiz kəndində torpaq aldığını, lakin iddiaçının atasının bunu qəbul etmədiyini və qızına başqa bir yerdən torpaq alıb ev tikməsini, Ceyranın adına keçirməsini bildirdiyini, bunu da özünün qəbul etmədiyini, nəticədə Ceyranın valideynlərinin ailələrinə təsirinə görə ayrıldıqlarını, qardaşı ilə şərikli bostan əkib heyvan saxlasa da aliment ödəməyə maddi imkanının olmadığını bildirərək, yekunda iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Mülki işin materiallarını işdə iştirak edən şəxslərin izahatları ilə qarşılıqlı şəkildə tədqiq edən məhkəmə müəyyən edir ki, 20 sentyabr 2021-ci il tarixdə tərəflər arasında nikah bağlanması, onların birgə nikahından X4 və X3 anadan olması, tərəflərin hazırda ayrı yaşaması və onların birgə nikahlarından doğulmuş uşaqların anası, yəni iş üzrə iddiaçının yanında qalması işin mübahisəsiz hallarıdır. Bu faktların işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: - iddia ərizəsinə əlavə olunmuş və Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 28 aprel 2022-ci il tarixli, AZ-İİ seriyalı, 214673 nömrəli akt qeydindən çıxarışdan Cavabdeh ilə İddiaçı arasında 20 sentyabr 2021-ci il tarixdə nikah bağlanması, bunun nikahın bağlanması haqqında akt qeydləri kitabında 238 nömrə ilə qeyd edilməsi; - iddia ərizəsinə əlavə edilmiş və Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilən 04 mart 2016-cı il tarixli, AZ-İİİ seriyalı, 535188 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən tərəflərin 01 sentyabr 2015-ci il tarixdə X4 adlı övladının dünyaya gəlməsi; - iddia ərizəsinə əlavə edilmiş və Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilən 26 aprel 2022-ci il tarixli, AZ-İV seriyalı, 630584 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən tərəflərin 18 fevral 2022-ci il tarixdə X6 adlı övladının dünyaya gəlməsi; -iddia tələbindən və tərəflərin məhkəmədə verdikləri izahatlardan onların ayrı yaşaması, onların birgə nikahından olan uşaqların hazırda anası, yəni iş üzrə iddiaçının yanında qalması aydın olur. İşin mübahisəli halı isə iddiaçının tələb etdiyi alimentin miqdarı ilə bağlıdır. Belə ki, iddiaçı tələbində övladları X2 və X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay cavabdehdən bir uşaq üçün 193 (bir yüz doxsan üç) manat olmaqla, iki uşağa görə cəmi 386 (üç yüz səksən altı) manat miqdarında aliment tutulmasını tələb etsə də, cavabdeh tələbi qəbul etməyək maddi imkanın olmadığını bildirmişdi. İşin bu mübahisəli halının həlli ilə bağlı məhkəmə istinad etdiyi maddi və prosessual hüquq normaları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsində əks olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan şəxslər arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti, yəni alimenti ödəməyə borclu olur. Ailə qanunvericiliyinin tələbinə əsasən məhkəmə qaydasında alimentin tutulmasının iki qaydası müəyyən edilib: aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında və sabit pul məbləğində. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsində uşağın saxlanılması üçün alimentin sabit pul məbləğində tutulmasını əsası kimi şəxsin bu barədə olan xahişi qeyd olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də, aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd olunan maddi hüquq normalarını mülki iş materialları ilə qarşılıqlı şəkildə əlaqələndirən məhkəmə belə hesab edir ki, iddiaçının tələbi əsaslıdır. Alimentin miqdarının müəyyən edilməsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İddiaçı övladları X2 və X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay bir uşaq üçün 193 (bir yüz doxsan üç) manat olmaqla, iki uşağa görə 386 (üç yüz səksən altı) manat miqdarında aliment tutulmasını tələb etsə də, bu məbləğlə bağlı öz tələbini əsaslandıran faktları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iddiaçının nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Alimentin miqdarı ilə bağlı iddiaçı tərəf öz tələbini əsaslandıran halları sübuta yetirə bilmədiyindən məhkəmə belə hesab edir ki, alimentin miqdarı qanunvericiliyin tələbləri və işin faktiki halları nəzərə alınmaqla müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe isə ondan ibarətdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2022-ci ildə ölkədə yaşayış minimumu uşaqlar üçün 193 (bir yüz doxsan üç) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə yuxarıda göstərilən maddi hüquq normalarını, uşaqlar barəsində valideynlərin bərabər hüquq və vəzifələrə malik olmasını, uşaqların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını, 2022-ci il üzrə ölkədə yaşayış minimumunun uşaqlar üçün müəyyən edilmiş məbləğini və uşaqların ananın yanında qalması, uşağa qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu vaxt ərzində onun üzərinə düşməsini, onların yaşını, uşaqlar arasında olan yaş fərqini və buna əsaslanan tələbatlarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Cavabdeh hər ay 01 sentyabr 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 115 (bir yüz on beş) manat və 18 fevral 2022-ci il təvəllüdlü X3 isə yetkinlik yaşına çatanadək saxlanılması üçün 100 (bir yüz) manat olmaqla, ümumilikdə iki uşağa görə 215 (iki yüz on beş) manat miqdarında aliment tutulması məqsədə müvafiqdir Alimentin hansı vaxtdan tutulmasına gəldikdə isə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından aydın olur ki, İddiaçı Babək Rayon Məhkəməsinə 28 aprel 2022ci il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsində dərhal icra olunmalı qətnamələrdən biri kimi şəxsin saxlanılması üçün vəsaitlərin o cümlədən alimentlərin alınması qeyd olunduğundan qətnamə dərhal icra edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq, iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyindən, iddianın (12x(193x2)=4632) təmin edilmiş hissəsinə (12x215=2580) münasib olan 37,13 manat miqdarında dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Mülki işə baxılması zamanı isə cavabdehin dövlət rüsumu ödəməkdən azad edilməsinə əsas olan hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən, məhkəmə belə nəticəyə gəlir ki, iddianın təmin edilmiş hissəsinə münasib olaraq dövlət rüsumu cavabdehdən tutulmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia qismən təmin olunmalı; - 28 aprel 2022-ci il tarixdən hesablanmaqla, hər ay Cavabdeh 01 sentyabr 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 115 (bir yüz on beş) manat və 18 fevral 2022-ci il təvəllüdlü X3 isə yetkinlik yaşına çatanadək saxlanılması üçün 100 (bir yüz) manat olmaqla, ümumilikdə iki uşağa görə 215 (iki yüz on beş) manat miqdarında aliment tutularaq uşaqların anası İddiaçı ödənilməli; - iddia digər hissədə əsaslı sayılmadığından rədd olunmalı; - Cavabdeh 37 (otuz yeddi) manat 13 (on üç) qəpik miqdarında rüsum tutularaq dövlət büdcəsinə keçirilməli; - qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin edilsin. 28 aprel 2022-ci il tarixdən hesablanmaqla hər ay Cavabdeh 01 sentyabr 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 115 (bir yüz on beş) manat və 18 fevral 2022-ci il təvəllüdlü X3 isə yetkinlik yaşına çatanadək saxlanılması üçün 100 (bir yüz) manat olmaqla, ümumilikdə iki uşağa görə 215 (iki yüz on beş) manat miqdarında aliment tutularaq uşaqların anası İddiaçı ödənilsin. İddia digər hissədə əsaslı sayılmadığından rədd olunsun. Cavabdeh 37 (otuz yeddi) manat 13 (on üç) qəpik miqdarında rüsum tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra olunsun. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar