Məhkəmə qərarları › İş №2(079)-241/2022

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-241/2022

13.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-241/2022 13.06.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı 05.05.2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12 mart 2013-cü il tarixdə anadan olmuş X4 və 29 dekabr 2014-cü ildə anadan olmuş X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər uşaq üçün hər ay sabit məbləğdə 193 manat olmaqla, ümumilikdə 386 manat alimentin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq bildirmişdir ki, Babək rayonu, Gülşənabad kənd sakini Cavabdeh ilə 20 avqust 2009-cu il tarixdə nikah bağlayaraq evlənmişik. Bizim birgə nikahımızdan birgə yaşadığımız müddətdə 12 mart 2013-cü il tarixdə X7 və 29 dekabr 2014-cü il tarixdə X8 adında iki övladımız doğulmuşlar. Elçinlə ailə qurandan Gülşənabad kəndində atasının evində yaşamışıq. Əvvəllər münasibətlərimiz normal olsa da, sonradan pozulmağa başlamışdır. Bunun nəticəsində biz təqribən 3 ay olar ki, ayrılmışıq. Mən uşaqlarla birlikdə öz anamın evində, Elçin isə öz atasının evində yaşayırıq. Ayrı yaşadığımız müddət ərzində cavabdeh uşaqların da saxlanılmasında iştirak etməmişdir. Əlavə olaraq bildirirəm ki, mən özüm heç bir yerdə işləmirəm, anamın himayəsində yaşamaqla uşaqların maddi tələbatlarını onun etdiyi maddi köməkliklə birtəhər qarşılayıram. Uşaqları saxlamaq, onların qayğısına qalmaq mənim olduğu qədər, bir ata kimi Elçinin də borcudur. Ancaq hesab edirəm ki, Elçin uşaqlarının qarşısında öz öhdəliyini könüllü şəkildə yerinə yetirmək istəmir. Bununla bağlı mən ilkin olaraq Mediasiya xidmətinə müraciət etsəm də, orada bizim mübahisəmiz həll olunmadığından, mənim həmin orqan tərəfindən məhkəməyə müraciət etməyim tövsiyə olundu. Ona görə də mən övladlarımın saxlanılması üçün ataları Cavabdeh aliment tutulması ilə bağlı məhkəməyə müraciət etmişəm. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-ci maddəsinin tələbini nəzərə almaqla bildirirəm ki, tələbimi təsdiq edən sübutlar: - Babək rayon Payız kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş AZ-İ seryalı, 420242 nömrəli, 20 avqust 2009-cu il tarixli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surəti; - Babək rayon Payız kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş AZ-İİ seryalı, 505850 nömrəli, 26 yanvar 2015-ci il tarixli və Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seryalı, 857705 nömrəli, 01 iyul 2013-cli il tarixli doğum haqqında şəhadətnamələrin təsdiq olunmuş surətləri; - Mediasiya xidməti tərəfindən verilmiş 04 may 2022-ci il tarixli, N-275 nömrəli müraciətlə bağlı arayış və qəbzdir. Cavabdehin qazanc və gəlirləri barədə məhkəməyə təqdim edə biləcəyim hər hansı bir sübutum yoxdur. İddiaçı məhkəmə baxışı iclasında verdiyi izahatında bildirmişdir ki, cavabdehlə 20 avqust 2009-cu ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşuq. Ailə qurduqdan sonra Babək rayonu, Gülşənabad kəndində qayınanam və qayınatamla birlikdə yaşamışıq. Bizim birgə nikahımızdan 12 mart 2013-cü ildə Gülçin və 29 dekabr 2014-cü ildə Xəyal adlı 2 övladımız olub. Yoldaşımla ciddi problemlərimiz olmayıb, psixi xəstədir və 2-ci qrup əlildir. Hər nə qədər ögey atamın təkidi ilə bundan xəbərsiz ailə qursam da sonradan onun xəstəliyini qəbul edərək orada yaşamışam. Əsasən cavabdehin ailə üzvləri qayınanam, qayınatam və qaynımla mübahisələrimiz olub. Buna görə də 2021-ci ilin sentyabr ayında ərim Cavabdeh ilə birlikdə həmin evdən çıxıb anamın evində yaşamağa başladıq. Həmin müddətdə yoldaşımın əlilliyə görə aldığı müavinətin ödəmə kartı bizdə idi və uşaqların ehtiyaclarını onunla qarşılayırdıq. Daha sonra Elçin ailəsinin təkidi ilə atasının evinə qayıtdı. Həmin vaxtdan etibarən məndə olan kart üzrə ödəməni dayandırdılar. Hazırda dörd aydır ki, Elçinlə ayrı yaşayırıq. Bu müddət ərzində o, uşaqların saxlanılması üçün mənə heç bir maddi yardım göstərməyib. Əlilliyinə görə ayda 268 manat sosial müavinət alır. Həmçinin xəstəliyi onun işləməsinə mane olacaq səviyyədə deyil, o, fəhləlik edə və mal-qara otara bilir. Ayrı yaşadığımız müddətdə cavabdeh və onun ailəsi uşaqlarla maraqlanmayıblar. Onların bütün ehtiyaclarını anamın köməkliyi ilə ödəyirəm. Anam yaşadığımız kəndin məktəbində xadimə işləyir və 300 manat əmək haqqı alır. Mən isə heç bir yerdə işləmirəm. Uşaqlar Payız kənd tam orta məktəbində Gülçin 1-ci, Nadir isə 2ci sinifdə oxuyur. Onlara məktəb ləvazimatları lazım olur, həmçinin bu il ödənişli hazırlığa gedəcəklər. Mən onların maddi ehtiyaclarını tək qarşılaya bilmirəm. Birlikdə yaşadığımız müddətdə maddi cəhətdən əziyyət çəkməmişik, bizim əsas problemimiz yoldaşımın əqli qüsuruna görə qayınanam, qayınatam və qaynımın məni idarə etməyə çalışmalarından qaynaqlanıb. Həmin dövrdə uşaqların yaşadığı mənzil şəraiti normal idi, həmçinin cavabdehin özü və ailə üzvlərinin köməyi ilə gündəlik tələbatları normal səviyyədə qarşılanırdı. Uşaqların əlavə xərc tələb edən xroniki xəstəliyi yoxdur, sağlamdırlar. Onların gündəlik qayğıları mənim işləməyimə mane olur. Uşaqların saxlanılması üçün iddianın təmin olunmasını xahiş edirəm. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini nəzərə alaraq mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işin materiallarını tədqiq edən məhkəmə qeyd edir ki, tərəflərin 20 avqust 2020-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə münasibətlərinə daxil olmaları, birgə nikahdan 12 mart 2013-cü il təvəllüdlü X7 və 29 dekabr 2014cü il təvəllüdlü X8 adlı 2 (iki) övladlarının dünyaya gəlməsi, hər iki uşağın hazırda ananın yanında qalması, tərəflərin aralarında uşaqların saxlanma qaydası ilə bağlı razılıq olmaması işin mübahisəsiz hallarıdır. İş materiallarına əlavə edilmiş AZ-İ seriyalı, 420242 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən belə məlum olur ki, Cavabdeh ilə X1 arasında 20 avqust 2009-cu il tarixdə Babək rayon Payız kənd İnzibati ərazi Dairəsi üzrə Nümayəndəliyində 06 nömrə ilə qeydə alınmış nikah bağlanmış; İş materiallarına əlavə edilmiş AZ-İİ seriyalı, 505850 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən belə məlum olur ki, tərəflərin birgə nikahından 12 mart 2013-cü il təvəllüdlü X7 doğulmuş; İş materiallarına əlavə edilmiş AZ-İİ seriyalı, 857705 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən belə məlum olur ki, tərəflərin birgə nikahından 29 dekabr 2014-cü il təvəllüdlü X8 doğulmuş; İş üzrə iddiaçının izahatından isə ər-arvadın hazırda ayrı yaşaması, hər iki uşağın analarının-iddiaçının yanında qalmaları və cavabdehin uşaqlarını saxlamaq vəzifəsini yerinə yetirmədiyi məlum olur. Məhkəmə uşaqların yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün cavabdehdən hər ay bir uşaq üçün 193 (bir yüz doxsan üç) manat olmaqla cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində alimentin alınaraq iddiaçıya verilməsi ilə bağlı tələbi barədə aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Ailə Məcəlləsi (bundan sonra “AM”) uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. AM-in 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə qanunvericiliyində məhkəmə qaydasında alimentin tutulmasının 2 qaydası müəyyən edilmişdir: - aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında; - sabit pul məbləğində. Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsaitin tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Göründüyü kimi qanunverici göstərilən maddədə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin sabit məbləğdə tutulmasının bir neçə əsasını müəyyən etmişdir. Bu əsaslardan hər hansı biri mövcud olduqda alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Məhkəmə, alimenti qazancın (gəlirin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır. Qanunvericinin yuxarıda göstərilən maddədə müəyyən etdiyi əsas şərtlərdən biri də ondan ibarətdir ki, alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir. (Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin qərarı). İddiaçının məhkəməyə təqdim etdiyi arayışdan belə məlum olur ki, Nadirov X6 Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsin Babək Rayon şöbəsində 2-ci dərəcə əlilliyə görə müddətsiz əmək pensiyaçısı kimi qeydiyyatda durur, əmək pensiyasının aylıq məbləği 268.61 manat (iki yüz altmış səkkiz manat altmış bir qəpik) təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növlərinin siyahısında həmçinin faktiki alınan pensiyası da nəzərdə tutulmuşdur. Məhkəmə sözügedən halın sabit pul məbləğində aliment təyin edilməsindən imtina üçün əsas sayıla bilməyəcəyini bununla əsaslandırır ki, cavabdehin qazancı və ya sair gəliri barədə təqdim edilmiş sübutlardan belə məlum olur ki, onun aylıq gəliri aldığı 268.61 manat (iki yüz altmış səkkiz manat altmış bir qəpik) pensiya məbləğindən ibarətdir. Belə olan halda 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment təyin edilə biləcəyi nəzərə alındıqda bu tərəflərdən birinin, yəni uşaqların yanında olduğu ananın marağının əhəmiyyətli dərəcədə pozulması ilə nəticələnəcəkdir. Belə ki, Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Beləliklə məhkəmə alimentin sabit pul məbləğində tutulmasından imtina üçün əsasların müəyyən edilməməsini, sübutetmə yükünün bölüşdürülməsinin ümumi qaydası nəzərə alınmaqla cavabdehin müəyyən edilmiş qazancı və ya sair gəlirlərindən müəyyən hissə kimi tutulmasının iddiaçının və dolayısı ilə uşaqların marağının əhəmiyyətli dərəcədə pozulması ilə nəticələnə biləcəyini nəzərə alaraq və sübutetmə yükünün bölüşdürülməsinin ümumi qaydasını rəhbər tutaraq alimentin sabit məbləğdə tutulması ilə bağlı iddiaçının tələbini əsaslı sayır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (77.3). Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir (78.1). Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Konstitusiyasının 125ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair qərarına əsasən işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. AM-in 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə alır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Mülki Prosessual Məcəllənin 13.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə mübahisələri Azərbaycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, qanunlara, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına, habelə Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə əsasən həll edir. Bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir (Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin qərarı). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə ilk olaraq Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. İddiaçının aliment məbləğinin yaşayış minimumu həddində təyin olunması ilə bağlı tələbinə münasibətdə isə məhkəmə qeyd edir ki, yaşayış minimumu məbləği Azərbaycan Respublikasında bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin bu həddə müəyyən edilməsi anlamına gəlmir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Həmçinin ali qanunun 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Bundan əlavə “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. ”İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Yuxarıda qeyd edilən maddi hüquq normaları, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində əks olunmuş bərabərlik hüququnun mahiyyətindən belə məlum olur ki, uşaqlara münasibətdə valideynlər bərabər hüquq və vəzifələrə malikdir. Bu isə onu deməyə əsas verir ki, hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcləri ilə təmin edilməsində hər iki valideyn bərabər və eyni öhdəliyə sahibdir. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təmini üçün hər iki valideynin uşaqların saxlanılmasında ümumi və eyni məsuliyyət daşıması prinsipini nəzərə almaqla minimum dolanacaq xərcləri həddində məbləğin bir valideynin üzərinə qoyulmasını məhkəmə məqsədəuyğun hesab etmir. Bununla belə, məhkəmə uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın yanında olduğu valideynin üzərinə düşməsini nəzərə alaraq və yuxarıda sadalananlara əsasən belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli və yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün hər ay bir uşağa görə 120 (bir yüz iyirmi) manat olmaqla, ümumilikdə isə iki uşağa görə 240 (iki yüz qırx) manat məbləğində aliment tutulmalıdır. AM-in 55.2-ci maddəsinə əsasən aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. Yetkinlik yaşına çatmayanların ananın yanında saxlanılması və yuxarıda qeyd edilən normanın mahiyyətini nəzərə alan məhkəmə qeyd edir ki, uşaqların saxlanılması üçün müəyyən edilən aliment məbləği iddiaçının sərəncamına daxil olmalı, aliment uşaqların anasına ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçının iddia ərizəsi isə Babək Rayon Məhkəməsinin icraatına 05 may 2022-ci il tarixdə daxil olmuşdur. Aliment tələbinin icra edilməsi anı ilə bağlı isə məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsində dərhal icra olunmalı qətnamələrdən biri kimi şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması qeyd olunmuşdur. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, MPM-in 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda 58.80 (əlli səkkiz manat səksən qəpik) məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. 12X240=2880 30+(2880X1%)=58.80 Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, 05 may 2022-ci il tarixdən hesablanmaqla, 12 mart 2013-cü il təvəllüdlü X7 və 29 dekabr 2014-cü il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün iş üzrə Cavabdeh hər ay bir uşaq üçün 120 (bir yüz iyirmi) manat olmaqla, ümumilikdə iki uşağa görə 240 (iki yüz qırx) manat miqdarında aliment tutulub uşaqların anası İddiaçı ödənilməli, iddia qalmış hissədə rədd olunmalı, qətnamə alimentə dair hissədə dərhal icra olunmalı, Cavabdeh 58.80 manat (əlli səkkiz manat səksən qəpik) məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia qismən təmin edilsin. 05 may 2022-ci il tarixdən hesablanmaqla, 12 mart 2013-cü il təvəllüdlü X7 və 29 dekabr 2014-cü il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün iş üzrə Cavabdeh hər ay bir uşaq üçün 120 (bir yüz iyirmi) manat olmaqla, ümumilikdə iki uşağa görə 240 (iki yüz qırx) manat miqdarında aliment tutulub uşaqların anası İddiaçı ödənilsin. İddia qalmış hissədə rədd olunsun. Qətnamə alimentə dair hissədə dərhal icra olunsun. Cavabdeh 58.80 manat (əlli səkkiz manat səksən qəpik) məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar