Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-242/2022 21.06.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı “05” may 2022-ci il tarixdə iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək, 12 avqust 2012-ci il tarixdə doğulmuş X2 və 07 aprel 2020-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay ataları Cavabdeh qazancının (və ya başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında alimentin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdir ki, Cavabdeh 21 oktyabr 2019cu ildə nikah bağlamışıq. Birgə yaşadığımız müddətdə bizim 12 avqust 2012-ci il tarixdə X4 və 07 aprel 2020-ci il tarixdə X5 adlı iki övladımız doğulmuşdur. Şahinlə ailə qurandan onun atasının evində yaşamışıq. Evli olduğumuz müddətdə Şahinlə normal yola getsək də, kənar şəxslərin ailə işlərimizə müdaxiləsi nəticəsində münasibətlərimiz pozulmuşdur. Sonuncu dəfə 30 mart 2022-ci il tarixdə ailədə olan söz-söhbətə görə mən Şahinlə birgə yaşadığımız evdən çıxaraq uşaqlarımla birlikdə öz atamın evində yaşamağa başlamışam. Ayrı yaşadığımız müddətdə Şahin uşaqlarını gəlib görsə də onların saxlanılması üçün mənə heç bir maddi köməklik etməmişdi. Böyük övladım Şəhla dördüncü sinifdə oxuyur, balaca övladım Xanım isə 2 yaşınadır. Mən özüm Nehrəm 1 nömrəli tam orta məktəbdə ibtidai sinif müəlliməsi işləməklə hər ay üçün 530 manat əmək haqqı alıram, Şahin isə Babək Rayon Su İdarəsində işləyir, lakin onun aylıq qazancının nə qədər olması barədə məlumatım yoxdur. Mən hesab edirəm ki, uşaqları saxlamaq, onların qayğısına qalmaq mənim olduğu qədər, bir ata kimi Şahinin də borcudur. Bununla bağlı mən ilkin olaraq mediasiya xidmətinə müraciət etsəm də, orada bizim mübahisəmiz həll olunmadığından, həmin orqan tərəfindən məhkəməyə müraciət etməyim tövsiyə olundu. Ona görə də cavabdehdən uşaqların saxlanılması üçün onun qazancının (gəlirinin) hissəsi kimi aliment tələb edirəm və hesab edirəm ki, cavabdehin də uşaqlarının saxlanılması üçün aliment ödəməyə maddi imkanı çatar. İddiaçı məhkəmədə verdiyi izahatında iddia ərizəsində qeyd edilənləri bildirməklə yanaşı, cavabdeh ilə uzaq qohum olduğunu, onunla 2011-ci ildə ailə qurduğunu, 2016-cı ildə Şahinlə aralarında olan nikahın pozulduğunu, 2019-cu ildə cavabdeh ilə barışaraq yenidən ailəni bərpa etdiklərini, birgə nikahlarından iki uşağın dünyaya gəldiyini, hazırda Şahinlə ayrıldığını, aralarında bağlanmış nikah pozulmadığını, cavabdehin uşaqlarla maraqlanmadığını, onlara qarşı laqeyd olduğunu qeyd edərək, yekunda iddiasının təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə həm cavabdehin yaşadığı ünvana məhkəmə bildirişi, həmçinin Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə onun məhkəməyə təqdim edilmiş mobil telefon nömrələrinə SMS bildiriş göndərilsə Cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və məhkəməyə iddia tələbinə dair öz etiraz təqdim etməmişdi. “Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın 240-cı bəndinə əsasən bəndinə görə Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi işdə iştirak edən şəxsin məlumatlandırılması məhkəmə sənədinin rəsmi qaydada verilməsi hesab edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 172 və 185-ci maddələrinə müvafiq olaraq məhkəmə cavabdehin iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. Mülki işin materiallarını işdə iştirak edən şəxsin izahatı ilə əlaqəli şəkildə tədqiq edərək məhkəmə müəyyən edir ki, tərəflərin 21 oktyabr 2019-cu tarixdə nikaha daxil olması, onların birgə nikahından iki uşağın dünyaya gəlməsi, tərəflərin hazırda ayrı yaşaması, birgə nikahından olan uşaqların anası, yəni iş üzrə iddiaçının yanında qalması işin mübahisəsiz hallarıdır. Bu faktların işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: -iddia ərizəsinə əlavə edilmiş və Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 21 oktyabr 2019-cu il tarixli, AZ-İİ seryalı, 157331 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən Cavabdeh ilə İddiaçı arasında nikah bağlanması, bunun nikahın bağlanması haqqında akt qeydləri kitabında 210 nömrə ilə qeyd edilməsi; -iddia ərizəsinə əlavə edilmiş və Babək rayon qeydiyyatı şöbəsi tərəfindən verilmiş 01 oktyabr 2012-ci il tarixli, AZ-İİ seriyalı, 853099 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən iş üzrə tərəflərin 12 avqust 2012-ci ildə X4 adlı uşağın anadan olması; -iddia ərizəsinə əlavə edilmiş və Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 24 aprel 2020-ci il tarixli, AZ-İV seriyalı, 464176 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən iş üzrə tərəflərin 07 aprel 2020-ci il tarixdə X5 adlı uşağın doğulması; -iddia ərizəsindən və iddiaçının məhkəmədə verdiyi izahatından onların hazırda ayrı yaşaması, birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşaqların İddiaçı yanında qalmaları aydın olur. İşin mübahisəli halı isə iddiaçının cavabdehdən uşaqların saxlanılması üçün aliment tələb etməsidir. İşin mübahisəli halını həlli ilə bağlı məhkəmə istinad etdiyi maddi və prosessual hüquq normaları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsində əks olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan şəxslər arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti, yəni alimenti ödəməyə borclu olur. Ailə qanunvericiliyinin tələbinə əsasən məhkəmə qaydasında alimentin tutulmasının iki qaydası müəyyən edilib: aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında və sabit pul məbləğində. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsində uşağın saxlanılması üçün alimentin sabit pul məbləğində tutulmasını əsası kimi şəxsin bu barədə olan xahişi qeyd olunmuşdur. Qeyd olunan maddi hüquq normalarını mülki iş materialları ilə qarşılıqlı şəkildə əlaqələndirən məhkəmə belə hesab edir ki, iddiaçının tələbi əsaslıdır və təmin olunmalıdır. Alimentin miqdarının müəyyən edilməsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsində uşağın saxlanılması üçün alimentin sabit pul məbləğində tutulmasını əsası kimi şəxsin bu barədə olan xahişi qeyd olunmuşdur. Hazırki vəziyyətdə iddiaçı tərəfindən məhkəməyə belə bir xahiş ünvanlanmadığından və ya iddia ərizəsində belə bir tələb qeyd olunmadığından, iş materialları ilə tərəflərin iki uşağının olması sübuta yetirildiyindən məhkəmə qeyd edir ki, həmin Məcəllənin 76.1.2-ci maddəsinə əsasən 2 uşağa görə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulmalıdır. Alimentin hansı vaxtdan tutulması məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından aydın olur ki, İddiaçı Babək Rayon Məhkəməsinə 05 may 2022-ci il tarixdə müraciət etmişdir. Buna görə də alimentin tutulmasının əvvəli həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsində dərhal icra olunmalı qətnamələrdən biri kimi şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması qeyd olunduğundan qətnamə dərhal icra edilməlidir. Məhkəmə həmçinin onu da qeyd edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq, cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Mülki işə baxılması zamanı isə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsində göstərilən cavabdehin dövlət rüsumu ödəməkdən azad edilməsinə əsas olan hər hansı bir sübut məhkəməyə təqdim olunmadığından, məhkəmə belə nəticəyə gəlir ki, iddianın təmin edilmiş hissəsinə münasib olaraq dövlət rüsumu cavabdehdən tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1, 8.1.1 və 8.1.2-ci maddələrində məhkəməyə verilən iddia ərizələri üzrə iddia qiyməti 1000 manatadək olduqda 30 manat, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda isə 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməsi nəzərdə tutulmuşdu. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1 və 112.1.3-cü maddələrinin tələbinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Hazırki vəziyyətdə cavabdehin gəlirlərinin miqdarı barədə məhkəməyə hər hansı bir sübut təqdim edilmədiyindən, bu da özü-özlüyündə bir il ərzində ödənilməli olan alimentin miqdarının müəyyən edilməsində çətinlik yaratdığından, "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatda isə onun aylıq əmək haqqının 367 (üç yüz altmış yeddi) manat olması qeyd edildiyindən, bunun isə iddiaçının tələbinə müvafiq olaraq bir illik ödəməsinin məcmusu 1464 (bir min dörd yüz altmış dörd) manat təşkil etdiyindən, məhkəmə belə nəticəyə gəlir ki, cavabdehdən 34 (otuz dörd) manat, 64 (altmış dörd) qəpik məbləğində dövlət rüsum tutulmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin olunmalı; -05 may 2022-ci il tarixdən hesablanmaqla, 12 avqust 2012-ci ildə anadan olan X2 və 07 aprel 2020-ci ildə anadan olan X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutularaq uşaqların anası İddiaçı ödənilməli; - Cavabdeh 34 (otuz dörd) manat, 64 (altmış dörd) qəpik miqdarında rüsum tutularaq dövlət büdcəsinə keçirilməli; - qətnamə alimentə dair hissədə dərhal icra olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. 05 may 2022-ci il tarixdən hesablanmaqla, 12 avqust 2012-ci ildə anadan olan X2 və 07 aprel 2020-ci ildə anadan olan X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutularaq uşaqların anası İddiaçı ödənilsin. Cavabdeh 34 (otuz dörd) manat, 64 (altmış dörd) qəpik miqdarında rüsum tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentə dair hissədə dərhal icra olunsun. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №2(079)-242/2022
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-242/2022
21.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver