Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(079)-264/2020 02.09.2020 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsi hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı və cavabdeh X4 iştirakı ilə, İddiaçı X7 qarşı “aliment” tələbinə dair mülki işə Babək Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı xx xxxxxx 2020-ci il tarixdə iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək cavabdeh X3 xx xxxxxx 2013-cü ildə doğulmuş X8, xx xxxxxx 2014-cü ildə doğulmuş X9, xx xxxxxxxx 2018-ci ildə doğulmuş X10 və xx xxxxxxxx 2018-ci ildə doğulmuş X5 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər bir uşaq üçün hər ay 100 manat olmaqla, ümumilikdə 400 manat miqdarında sabit pul məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirdi ki, Cavabdeh ilə 2012-ci ildə rəsmi nikah bağlayaraq ailə qurubdu, həmin nikahdan dörd övladı vardır, cavabdeh ilə ailə qurduqdan bir müddət sonra münasibətləri pozulubdur, buna səbəb isə cavabdehin anasının onların ailə işinə müdaxilə etməsidir. Cavabdeh hər dəfə mübahisə olanda onu döyüb, söyüb təhqir edibdir, onu dəflərlə evdən qovubdur, axırıncı dəfə də Cavabdeh onu döyüb, evdən qovubdur, o da məcbur qalıb atasının evində qalır, o özü heç yerdə işləmir, uşaqlarını atası saxlayır, cavabdeh isə marşrut şoferidir yüksək qazancı var, əlavə olaraq Cavabdeh 2 ha torpaq sahəsində qarpız əkibdir, həmin qarpız sahəsinin salınmasında o da işləyib əziyyət çəkibdir, cavabdeh isə həmin qarpız sahəsindən yaxşı qazanc əldə edibdir. O hal-hazırda atasına məxsus evdə dörd övladı ilə yaşayır, cavabdeh isə onlara maddi yardım etmir, o da məcbur qalıb məhkəməyə müraciət edibdir, sonda İddiaçı deyilənlərin nəzərə alaraq məhkəmədən uşaqların saxlanılması üçün aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə sualları cavablandıran İddiaçı bildirdi ki, cavabdehlə bir aya yaxındır ayrı yaşayırlar, o övladları ilə birlikdə atasına məxsus evdə yaşayır, bu müddət ərzində Cavabdeh onlara heç bir yardım göstərməyib və maraqlanmayıbdır, Cavabdeh aylıq gəlirləri barədə onda hər hansı bir sənəd və ya sübut yoxdur. O dörd uşağın saxlanılması üçün cavabdeh Saqif Tağıyevdən sabit məbləğində aliment ödəməsini istəyir. Məhkəmə iclasında cavabdeh qismində iştirak edən X11 izahatında bildirdi ki, həqiqətən də İddiaçı ilə 2010-cu ildə el adəti ilə evlənib, 2012-ci ildə rəsmi nikaha daxil olublar, onların nikahlarından dörd övladları vardır. İddiaçının dediyi kimi o İddiaçı evdən qovmayıbdır, iddiaçı ilə onun arasında kiçik mübahisə olubdur, o iddiaçını dövməyibdir, əvvəllər İddiaçı ilə onlar mehriban yaşayıblar, onların münasibətlərinin pozulmasına səbəb ailələrinin arasında olan mübahisədir, hətta o İddiaçı görə anası ilə küsülüdür. O İddiaçı ilə övladlarının onunla birlikdə qalmalarını istəyir, sadəcə iddiaçının atası məcbur edir ki, onlar ayrılsınlar və onun ödədiyi alimenti özü üçün xərcləsin, iddiaçının dediyi kimi, onun elə də yüksək gəliri yoxdur, əvvəllər o Babək rayonu ilə Naxçıvan şəhəri arasında marşrutda işləyib, hal-hazırda yeni marşrut xətti açıldığından onun aylıq gəliri azalıbdır, o ayda 200-300 manat arası gəlir əldə edə bilir. İddiaçının dediyi kimi o qarpız satışından da yüksək gəlir əldə etməyibdir, qarpız yığımı mövsümü işdir, çox da gəlirli sahə deyil, o ailəsinin dağılmasını istəmir, o içki içmir, heç bir pis əməllə məşğul olmur. O iddiaçı ilə barışıb əvvəlki kimi bir yerdə yaşamaq istəyir. Sonda Cavabdeh qeyd edilənləri nəzərə alıb məhkəmədən iddianın rədd olunması barədə qərar qəbul edilməsinin xahiş etmişdir. Məhkəmədə sualları cavablandıran Cavabdeh bildirdi ki, İddiaçı uşaqları ilə birlikdə bir aya yaxın olar ki, Babək rayonu, Nehrəm qəsəbəsində yerləşən iddiaçının atasına məxsus evdə yaşayırlar, iddiaçının tələb etdiyi bir uşağa görə 100 manat pulu o ödəmək imkanında deyil, onun bir uşağa görə 70 manat aliment ödəmək imkanı vardır, onun daimi iş yeri yoxdur, onun bir ədəd “mersedec” markalı mikroavtobusu var, iş olanda işləyir, başqa gəlirləri yoxdur. İş materiallarına əlavə olunmuş AZ-İ seriyalı 687300 nömrəli nikah haqqında çıxarışdan görünür ki, X11 və İddiaçı arasında nikah xx xxxxxx 2012-ci ildə bağlanmış, bu barədə akt qeydləri kitabında 205 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Babək Rayon Qeydiyyat Şöbəsi tərəfindən AZ-İİ seriyalı 855077 nömrəli doğum haqqında çıxarışdan görünür ki, X8 xx xxxxxx 2013-cü il tarixdə doğulmuş, doğum haqqında şəhadətnamənin ata qrafasında X11, ana qrafasında İddiaçı qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Babək Rayon Qeydiyyat Şöbəsi tərəfindən AZ-İİİ seriyalı 081857 nömrəli doğum haqqında çıxarışdan görünür ki, X9 xx xxxxxx 2014-cü il tarixdə doğulmuş, doğum haqqında şəhadətnamənin ata qrafasında X11, ana qrafasında İddiaçı qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Babək Rayon Qeydiyyat Şöbəsi tərəfindən AZ-İV seriyalı 162072 nömrəli doğum haqqında çıxarışdan görünür ki, X10 xx xxxxxxxx 2018-ci il tarixdə doğulmuş, doğum haqqında şəhadətnamənin ata qrafasında X11, ana qrafasında İddiaçı qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Babək Rayon Qeydiyyat Şöbəsi tərəfindən AZ-İV seriyalı 162071 nömrəli doğum haqqında çıxarışdan görünür ki, X12 xx xxxxxxxx 2018-ci il tarixdə doğulmuş, doğum haqqında şəhadətnamənin ata qrafasında X11, ana qrafasında İddiaçı qeyd edilmişdir. İş materiallarında olan Babək Rayon İcra Hakimiyyətinin Nehrəm qəsəbə İƏD üzrə Nümayəndəliyinin verdiyi xx xxxxxx 2020-ci il tarixli 105 nömrəli arayışından görünür ki, İddiaçı Babək rayonu, Nehrəm qəsəbəsində yaşayır. İş materiallarında olan Babək Rayon İcra Hakimiyyətinin Nehrəm qəsəbə İƏD üzrə Nümayəndəliyinin verdiyi xx xxxxxx 2020-ci il tarixli 405 nömrəli arayışından görünür ki, X1 rayonu, Nehrəm qəsəbəsində yaşayır. Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddələrində isə qeyd olunur ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Həmin Məcəllənin 172.2.-ci maddəsinin tələbinə görə işə bərpa, aliment tutulması, dövlət orqanlarının, ictimai birliklərin, vəzifəli şəxslərin qərarlarının, hərəkətlərinin (və ya hərəkətsizliklərinin) düzgün olmaması barədə işlərə 1 ay müddətində baxılır və həll edilir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə ilk növbədə qeyd etmək istəyir ki, mülki işin materialları və həmçinin tərəflərin izahatları ilə tərəflərin xx xxxxxx 2012-ci il tarixdə nikaha daxil olmaları, onların birgə nikahından xx xxxxxx 2013-cü ildə doğulmuş X8, xx xxxxxx 2014-cü ildə doğulmuş X9, xx xxxxxxxx 2018-ci ildə doğulmuş X10 və xx xxxxxxxx 2018-ci ildə doğulmuş X5 olması, uşaqların İddiaçı yanında qalması işin mübahisəsiz hallarıdır. İşin mübahisəli halı isə iddiaçının tələb etdiyi alimentin miqdarı ilə bağlıdır. Belə ki, iddiaçı iddia ərizəsində övladları Xədicə, Firuzə, Rəhman və Rəhim yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər bir uşaq üçün hər ay cavabdehdən 100 manat olmaqla, ümumilikdə 400 manat miqdarında sabit pul məbləğində aliment tutulmasını tələb etməsi, cavabdehin isə həmin məbləğinin yüksək olduğunu, hər bir uşağa görə 70 manat aliment ödəyə biləcəyini bildirməsidir. İşin bu mübahisəli halının həlli ilə bağlı məhkəmə istinad etdiyi maddi və prosessual hüquq normaları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində və “Uşaq hüquqları haqqında Azərbaycan Respublikası Qanunun 19-cu maddəsində əks olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsində uşağın saxlanılması üçün alimentin sabit pul məbləğində tutulmasını əsası kimi şəxsin bu barədə olan xahişi qeyd olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də, aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd olunan maddi hüquq normalarını mülki iş materialları ilə qarşılıqlı şəkildə əlaqələndirən məhkəmə belə hesab edir ki, iddiaçının tələbi əsaslıdır. Alimentin miqdarının müəyyən edilməsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq, müəyyən edilir. İddiaçı övladları X8, X9, X10 və X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdeh X3 hər bir uşaq üçün hər ay 100 manat olmaqla, ümumilikdə 400 manat miqdarında sabit məbləğdə aliment tələb etsə də, İddiaçı Cavabdeh aylıq qazancı barədə məhkəməyə sübut təqdim etməmiş və tələb etdiyi məbləğlə bağlı öz tələbini əsaslandıran faktları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iddiaçının nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 209.1-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işdə iştirak edən şəxslərdən onların məhkəmə tədqiqatının materiallarını daha nə ilə tamamlamağı arzu etdiklərini soruşsa da, tərəflərin hər hansı başqa sübut növlərinin təmin olunmasına dair vəsatətləri olmamışdır. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi xx xxxx 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Alimentin miqdarının ilə bağlı iddiaçı tərəf öz tələbini əsaslandıran halları sübuta yetirə bilmədiyindən məhkəmə belə hesab edir ki, alimentin miqdarı qanunvericiliyin tələbləri və işin faktiki halları nəzərə alınmaqla müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx xxxx 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe isə ondan ibarətdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2020-ci ildə ölkədə yaşayış minimumu uşaqlar üçün 170 (bir yüz yetmiş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə yuxarıda göstərilən maddi hüquq normalarını, uşaqlar barəsində valideynlərin bərabər hüquq və vəzifələrə malik olmasını, uşaqların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını, 2020-ci ildə ölkədə yaşayış minimumunun uşaqlar üçün 170 (bir yüz yetmiş) manat məbləğində müəyyən edilməsini, uşaqların iddiaçının yanında qalması, uşaqlara qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşaqların himayəsində olduğu vaxt ərzində onun üzərinə düşməsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, iddiaçının tələbi qismən təmin edilməli xx xxxxxx 2013-cü ildə doğulmuş X8, xx xxxxxx 2014-cü ildə doğulmuş X9, xx xxxxxxxx 2018-ci ildə doğulmuş X10 və xx xxxxxxxx 2018-ci ildə doğulmuş X5 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər uşaq üçün hər ay sabit məbləğdə 85 manat olmaqla, ümumilikdə 340 manat miqdarında alimentin cavabdeh X3 alınıb İddiaçı verilməlidir. Aliment sabit pul məbləğində müəyyənləşdirilərkən o nəzərə alınmışdır ki, uşaqların saxlanılmaları üçün aliment tələb edən iş üzrə iddiaçı alimentin sabit pul məbləğində müəyyənləşdirilməsini xahiş etmişdir. Məhkəmə iddianı qismən təmin edərkən həmçinin onu nəzərə alır ki, valideynlər uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olmaqla, hər iki valideyn uşaqlarını saxlamağa borcludur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Odur ki, hazırki qətnamə ilə müəyyən edilən aliment məbləği iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx xxxxxx 2020-ci il tarixdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsində dərhal icra olunmalı qətnamələrdən biri kimi şəxsin saxlanılması üçün vəsaitlərin o cümlədən alimentlərin alınması qeyd olunduğundan qətnamə dərhal icra edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq, iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyindən, iddianın (4x12x100)=4800) təmin edilmiş hissəsinə (4x12x85)=4080) münasib olan 25,50 (iyirmi beş manat, 50 qəpik) manat miqdarında dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Mülki işə baxılması zamanı isə cavabdehin dövlət rüsumu ödəməkdən azad edilməsinə əsas olan hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən, məhkəmə belə nəticəyə gəlir ki, iddianın təmin edilmiş hissəsinə münasib olaraq dövlət rüsumu cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq. məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx xxxxxx 2013-cü ildə doğulmuş X8, xx xxxxxx 2014-cü ildə doğulmuş X9, xx xxxxxxxx 2018-ci ildə doğulmuş X10 və xx xxxxxxxx 2018-ci ildə doğulmuş X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər uşaq üçün hər ay sabit pul məbləğində 85 (səksən beş) manat olmaqla, ümumilikdə 340 (üç yüz qırx) manat miqdarında aliment cavabdeh X3 alınıb İddiaçı verilsin. Alimentin tutulmasının əvvəli xx xxxxxx 2020-ci ildən hesablansın. Qətnamənin alimentə dair hissəsi dərhal icra olunsun. İddia tələbi qalan hissədə təmin edilməsin. X3 25,50 (iyirmi beş manat, 50 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №2(079)-264/2020
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-264/2020
02.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver