Məhkəmə qərarları › İş №2(079)-281/2020

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-281/2020

21.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(079)-281/2020 21.09.2020 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə Babək Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı xx xxxxxx 2020-ci il tarixdə iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh xx xxxxxxxx 2008-ci il tarixdə doğulmuş X4 və xx xxxx 2011-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün qazancının və başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında, işləmədiyi təqdirdə isə hər uşaq üçün 350 manat olmaqla, cəmi olaraq iki uşaq üçün 700 manat sabit pul məbləğində alimentin onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsinin xahiş etmişdir. Babək Rayon Məhkəməsinin ünvanına xx xxxxxx 2020-ci il tarixdə İddiaçı tərəfindən iddia tələbinin dəyişdirilməsi barədə ərizə daxil olmuş, ərizə məhkəmə iclasında müzakirə edilmiş, İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələbinə uyğun olduğundan qəbul edilmiş, mülki işə İddiaçı Cavabdeh xx xxxxxxxx 2008-ci il tarixdə doğulmuş X4 və xx xxxx 2011-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün qazancının və başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında alimentin onun xeyrinə ödənilməsi tələbi çərçivəsində baxılmışdır. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Cavabdeh ilə xx.xx.2007-ci il tarixdə rəsmi qaydada evləniblər, onların birgə evliliklərindən xx.xx.2008-ci il tarixdə X4 və xx.xx.2011-ci il tarixdə X6 adlı övladları anadan olubdur, lakin 2020-ci il fevral ayının altısında aralarında olan münaqişə zəminində o Bakı şəhərindən övladları ilə birlikdə Naxçıvan Muxtar Respublikasına təyyarə ilə yola salınıb və həmin aydan Nehrəm kəndində ata evində atasının himayəsində yaşamaqdadırlar. Birgə yaşadıqları dövrdə Sahil onun və övladlarının çox yüksək səviyyədə təminatlarını yerinə yetiribdir, Sahil bu yeddi ay ərzində onların təminatı üçün yalnız cəmi 520 manat pul göndəribdir, amma bu pulla heç bir ayda iki uşağın tələbatını ödəmək mümkün deyildir, həyat yoldaşı Cavabdeh Dövlət Gömrük Komitəsinin Bakı Gömrük İdarəsində inspektor vəzifəsində işləyir və aylıq məvacibi ***-**** manat bəzən də 2400 manat olmaqla qeyrimüntəzəm dəyişən məbləğdə olmaqla kart vasitəsilə məvacibi almaqdadır, bu barədə sübut təqdim edə bilmədiyindən həmin sübutun məhkəmə tərəfindən Dövlət Gömrük Komitəsinə sorğu verilərək alınmasını xahiş edir. Bunları nəzərə alaraq o məcbur qalıb övladlarının saxlanılması üçün və boşanmaq istəmədiyindən aliment tələb etmək qərarına gəlibdir, övladları az yaşlı olduğundan onların saxlanması, üzərilərində nəzarəti o yerinə yetirdiyindən məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etməkdədir. Sonda iddiaçı qanunvericiliyin bir sıra normalarına istinad edərək məhkəmədən, Cavabdeh xx.xx.2008-ci il tarixdə doğulmuş X4 və xx.xx.2011-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh işlədiyi təqdirdə qazancının və başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında, işləmədiyi təqdirdə isə hər uşaq üçün 350 manat olmaqla, cəmi olaraq iki uşaq üçün 700 manat sabit pul məbləğində alimentin onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsinin xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, İddiaçı məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ünvanlandığı iddia ərizəsində övladları az yaşlı olduğundan onların saxlanması, üzərilərində nəzarəti o yerinə yetirdiyindən məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Bunu nəzərə alan məhkəmə işə İddiaçı iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində şəxsiyyət vəsiqəsi haqqında məlumatdan görünür ki, Cavabdeh Babək rayonu, Nehrəm kəndində qeydiyyatdadır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Babək rayonu, Nehrəm kəndində qeydiyyatdadır. İş materiallarında olan Babək rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, AZ-İ seriyalı, 170948 nömrəli nikah haqqında çıxarışdan görünür ki, Cavabdeh ilə X3 arasında nikah xx xxxxxx 2007-ci il tarixdə Babək rayon Nehrəm KİN-də bağlanmış, bu barədə nikahın bağlanması haqqında kitabında 83 nömrə ilə qeyd edilmiş, nikahdan sonra qadına “Cəfərova” soyadı verilmişdir. İş materiallarında olan AZ-İİ seriyalı, 170948 nömrəli doğum haqqında çıxarışdan görünür ki, X4 xx xxxxxxxx 2008-ci ildə doğulmuş, doğum haqqında şəhadətnamənin ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. İş materiallarında olan AZ-İİ seriyalı, 662018 nömrəli doğum haqqında çıxarışdan görünür ki, X6 xx xxxx 2011-ci ildə doğulmuş, doğum haqqında şəhadətnamənin ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. Məhkəmə iddiaçının ərizəsini, iş materiallarını araşdırıb, toplanmış sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. İddiaçı Cavabdeh aylıq qazancının 2000-2200 manat olduğunu bildirsə də bu barədə məhkəməyə hər-hansı sübut təqdim etməsə də məhkəmədən həmin sübutların təmin edilməsini xahiş etmişdir. Bunu nəzərə alan məhkəmə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə Cavabdeh Dövlət Gömrük Komitəsindən xidmət edib-etməməsi, eyni zamanda xidmət keçirsə aylıq gəlirləri barədə məlumat verilməsi barədə sorğu vermişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən məhkəmənin ünvanına daxil olmuş arayışa əsasən Cavabdeh Bakı Baş Gömrük İdarəsinin Mobil Gömrük Şöbəsində inspektor vəzifəsində işləyir və onun əmək haqqı gəliri 792 AZN, əmək haqqına əlavəsi 1372.41 AZN təşkil edir. Göstərilənlər ilə bağlı məhkəmə ilk olaraq qeyd etmək istəyir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Odur ki, qazancının olub-olmamasından və ya qazancının məbləğindən asılı olmayaraq cavabdeh uşağın yaşayışı üçün zəruri olan xərclərinin minimum səviyyədə ödənilməsi üçün məsuliyyət daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitinin təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.2.-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda 2 uşağa görə uşağın valideynlərindən qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulur. Beləliklə məhkəmə hesab edir ki, uşaqların analarının himayəsində yaşamalarını, onların yaşlarını, gündəlik tələbatları nəzərə alınaraq xx xxxxxxxx 2008-ci il tarixdə doğulmuş X4 və xx xxxx 2011-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh aylıq qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı verilməlidir. xx xxxxxxxx 2008-ci il tarixdə doğulmuş X4 və xx xxxx 2011-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün aliment tutulması ilə əlaqədar nəticəyə gələrkən məhkəmə onu nəzərə almışdır ki, iddiaçı iddia tələbində alimentin cavabdehin aylıq qazancının müəyyən bir hissəsi kimi tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Odur ki, hazırki qətnamə ilə müəyyən edilən aliment məbləği iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx xxxxxx 2020-ci il tarixdən tutulmalıdır. Məhkəmə bu nəticəyə gələrkən “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarını da nəzərə almışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2-ci maddəsinə əsasən qətnamə dərhal icra olunmalıdır. Məhkəmə tutulacaq dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyindən, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq, iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutularaq, dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. xx xxxxxxxx 2008-ci il tarixdə doğulmuş X4 və xx xxxx 2011-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh aylıq qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı verilsin. Qətnamənin alimentə dair hissəsi dərhal icra olunsun. Alimentin tutulmasının əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar