Məhkəmə qərarları › İş №2(079)-300/2021

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-300/2021

01.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-300/2021 01.07.2021 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən е t d i: İddiaçı “03” iyun 2021-ci ildə iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 21 noyabr 2018-ci il təvəllüdlü X1 və 21 fevral 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün bir uşağa görə 175 (bir yüz yetmiş beş) manat olmaqla, iki uşaq üçün 350 (üç yüz əlli) manat məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O, tələbini əsaslandıraraq qeyd etmişdir ki, Cavabdeh ilə 08 may 2017-ci il tarixində nikah bağlayaraq ailə həyatı qurmuşam. Birgə nikahımızdan 21 noyabr 2018-ci il təvəllüdlü X5 və 21 fevral 2020-ci il təvəllüdlü X6 dünyaya gəlmişdir. Təxminən bir aya yaxındır ki, mən və uşaqlarım cavabdehdən ayrı yaşayırıq. Hal-hazırda yetkinlik yaşına çatmayan övladlarımız X5 və X6 mənim himayəmdədir. Mən onları təkbaşına böyüdürəm, cavabdeh uşaqlarımıza maddi köməklik göstərməmiş, onların saxlanılması üçün bu günədək heç bir köməklik etməmiş və aliment ödəməmişdir. Uşaqlarımızın maddi təminatını artıq ödəməkdə çətinliklər çəkirəm. Onlar elə yaş həddindədir ki, onların saxlanmasına və diğər xərclərinə, müalicəsinə də pul lazım olur. Tək qadın olaraq mən bunların öhdəsindən yalnız başıma gəlməkdə əziyyət çəkirəm. Övladlarımın saxlanması üçün maddi köməkliyə ehtiyacım vardır. Cavabdeh hazırda Naxçıvan şəhərində qapı pəncərə sexində işləyir və 600 (altı yüz) manatadək aylıq qazanc əldə edir. Bu səbəbdən də hesab edirəm ki, ayda 175 (yüz yetmiş beş) manat olmaqla iki uşaq üçün 350 (üç yüz əlli) manat aliment yetərli olar və cavabdehin də bu məbləği ödəmək imkanı vardır. İddiaçı tələbini müdafiə edərək 2017-ci ildə Məhərrəmlə tanış olub ailə qurduğunu, birgə nikahlarından iki oğlan övladının dünyaya gəldiyini, cavabdehlə ailə qurduqdan sonra bir müddət normal yola getdiklərini, sonradan isə aralarında olan münasibətlərin pozulduğunu, onunla tez-tez mübahisə etdiyini, bunun isə Məhərrəmin söyüşkən olması, onu və yaxınlarını təhqir etməsi, həmçinin ailəsi və uşaqlarının qayğısına qalmamasından qaynaqlandığını, cavabdeh onu söyən zamana özü ona cavab qaytardığından aralarında olan mübahisələrin daha da kəskinləşdiyini, aralarında yaranan mübahisəyə görə 2021-ci ilin may ayından ayrı yaşadıqlarını, birgə nikahlarından olan uşaqların öz yanında qaldığını, heç bir yerdə işləmədiyini, işə düzəlmək üçün övladalırı uşaq uşaqları bağçasına qoymaq istəsə də, bunun üçün cavabdehin şəxsiyyət vəsiqəsinin surətinin ondan istənildiyini, bununla bağlı Məhərrəmə müraciət etdikdə isə həmin sənədi verməkdən yayındığını, hazırda işsiz olduğu üçün uşaqların tələbatını qarşılamaqda çətinlik çəkdiyini, cavabdehin isə qapı-pəncərə sexində işlədiyini, ayda 500 manata yaxın qazanc əldə etdiyini, uşaqların saxlanılması üçün Məhərrəmdən hər ay bir uşaq üçün 175 manat məbləğində aliment tutulmasını istədiyini qeyd edərək, yekunda iddiasının təmin edilməsini məhkəmədən xahiş etmişdi. Cavabdeh isə məhkəmədə verdiyi izahatından 2017-ci ildə Lamiyə tanış olub ailə qurduğunu, birgə nikahlarından iki övladının dünyaya gəldiyini, demək olar ki, iddiaçının sakit olduğu müddət ərzində onunla normal yola getdiyini, Lamiyənin onu bir qadına yaraşmayan qaydada kişi söyüşləri ilə təhqir etməsini qəbul edə bilmədiyini, sonuncu dəfə aralarında uşağın xəstələnməsi zamanı iddiaçının ondan boğaz ağrısı dərmanı istəməsi, özünün isə həmin dərmanı tapa bilməməsi, bundan sonra isə Lamiyənin ondan dərman almaq üçün pul istəməsi ilə bağlı mübahisə yarandığını və işdən evə qayıtdıqdan sonra onun uşaqlarını və əşyalarını da götürüb evdən getdiyini gördüyünü, 2021-ci ilin may ayının 24-dən ayrı yaşadıqlarını, uşaqların isə iddiaçının yanında qaldığını, onlarla görüşmək istəsə də, Lamiyənin buna imkan vermədiyini, iddiaçının həqiqətən də ondan şəxsiyyət vəsiqəsini istədiyini, lakin onu məhkəməyə vermək üçün istədiyini düşündüyündən həmin sənədi Lamiyəyə vermədiyini, çünki iddiaçının əvvəllər də bir neçə dəfə məhkəməyə müraciət etdiyini, bundan əlavə ona sosial şəbəkələrdən istifadə etməməsini bildirsə də buna əhəmiyyət vermədiyini, özünün hazırda beynində olan genişlənmə səbəbindən işdən çıxdığını, səhhətində problemlin olduğunu, cavabdehin tələb etdiyi miqdarda alimenti ödəyə bilmədiyini, anasının ikinci qrup əlil olduğunu, ona da özünün baxdığını bildirərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdi. Mülki işin materiallarını və tərəflərin məhkəmədə verdiyi izahatları bir-biri ilə əlaqəli şəkildə tədqiq edərək məhkəmə müəyyən edir ki, onların 08 may 2017-ci ildə nikaha daxil olması, birgə nikahından 21 noyabr 2018-ci il təvəllüdlü X5 və 21 fevral 2020-ci il təvəllüdlü X2 anadan olması, tərəflərin hazırda ayrı yaşaması, onların birgə nikahından olan uşaqların anası, yəni iddiaçının yanında qalması işin mübahisəsiz hallarıdır. Bu faktların işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: - iddia ərizəsinə əlavə edilən və Naxçıvan şəhər nikah evi tərəfindən verilən 08 may 2017-ci il tarixli, AZ-İ seriyalı, 944612 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən Cavabdeh ilə X4 arasında 08 may 2017-ci il tarixdə nikah bağlanması, bunun nikahın bağlanması haqqında akt qeydləri kitabında 129 nömrə ilə qeyd edilməsi və nikahın bağlanması zamanı iddiaçının özünə cavabdehin soyadını, yəni “Sadıxova“ soyadını seçməsi; - iddia ərizəsinə əlavə edilən və Naxçıvan şəhər nikah evi tərəfindən verilən 07 dekabr 2018-ci il tarixli, AZ-İİİ seriyalı, 965980 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən tərəflərin 21 noyabr 2018-ci ildə X5 adlı övladlarının dünyaya gəlməsi; - iddia ərizəsinə əlavə edilən və Naxçıvan şəhər qeydiyyat şöbəsi tərəfindən verilən 25 mart 2020-ci il tarixli, AZ-İV seriyalı, 460713 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən tərəflərin 21 fevral 2020-ci ildə X6 adlı övladlarının dünyaya gəlməsi; -iddia tələbindən və tərəflərin məhkəmədə verdiyi izahatlardan onların ayrı yaşaması, onların birgə nikahından olan uşaqların hazırda anası, yəni iş üzrə iddiaçının yanında qalması aydın olur. İşin mübahisəli halı isə iddiaçının tələb etdiyi alimentin miqdarı ilə bağlıdır. Belə ki, o, iddia ərizəsində övladları X1 və X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay cavabdehdən bir uşaq üçün 175 (bir yüz yetmiş beş) manat olmaqla, iki uşağa görə cəmi 350 (üç yüz əlli) manat alimentin sabit pul məbləğində tutulmasını tələb etsə də, cavabdeh həmin məbləğdə alimenti ödəyə bilməyəcəyini bildirmişdi. İşin bu mübahisəli halının həlli ilə bağlı məhkəmə istinad etdiyi maddi və prosessual hüquq normaları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan şəxslər arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti, yəni alimenti ödəməyə borclu olur. Ailə qanunvericiliyinin tələbinə əsasən məhkəmə qaydasında alimentin tutulmasının iki qaydası müəyyən edilib: aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında və sabit pul məbləğində. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində və “Uşaq hüquqları haqqında Azərbaycan Respublikası Qanunun 19-cu maddəsində əks olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsində uşağın saxlanılması üçün alimentin sabit pul məbləğində tutulmasını əsası kimi şəxsin bu barədə olan xahişi qeyd olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də, aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd olunan maddi hüquq normalarını mülki iş materialları ilə qarşılıqlı şəkildə əlaqələndirən məhkəmə belə hesab edir ki, iddiaçının tələbi əsaslıdır. Alimentin miqdarının müəyyən edilməsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İddiaçı övladları X1 və X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay bir uşaq üçün 175 (bir yüz yetmiş beş) manat olmaqla, ümumilikdə iki uşaq üçün 350 (üç yüz əlli) manat miqdarında aliment tələb etsə də, bu məbləğlə bağlı öz tələbini əsaslandıran faktları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iddiaçının nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Alimentin sabit pul məbləğində tutulmasıin miqdarı ilə bağlı iddiaçı tərəf öz tələbini əsaslandıran halları sübuta yetirə bilmədiyindən məhkəmə belə hesab edir ki, alimentin sabit pul məbləğində tutulmasıin miqdarı qanunvericiliyin tələbləri və işin faktiki halları nəzərə alınmaqla müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe isə ondan ibarətdir ki, alimentin sabit pul məbləğində tutulması ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2021-ci ildə ölkədə yaşayış minimumu uşaqlar üçün 175 (bir yüz yetmiş beş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə yuxarıda göstərilən maddi hüquq normalarını, uşaqlar barəsində valideynlərin bərabər hüquq və vəzifələrə malik olmasını, uşaqların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını, 2021-ci ildə ölkədə yaşayış minimumunun uşaqlar üçün 175 (bir yüz yetmiş beş) manat məbləğində müəyyən edilməsini, uşaqların iddiaçının yanında qalması, uşaqlara qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşaqların himayəsində olduğu vaxt ərzində onun üzərinə düşməsini, uşaqların sayını, onların yaşını nəzərə alaraq belə nəticəyə gəlir ki, iddiaçının tələbi qismən təmin edilməli və yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün hər ay bir uşağa görə 95 (doxsan beş) manat olmaqla, ümumilikdə iki uşaq üçün 190 (bir yüz doxsan) manat məbləğində aliment tutulmalıdır. Alimentin sabit pul məbləğində tutulması müəyyənləşdirilərkən o nəzərə alınmışdır ki, iddiaçı uşaqların saxlanması üçün alimentin sabit pul məbləğində tutulmasını məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə görə alimentin sabit pul məbləğində tutulması məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından aydın olur ki, İddiaçı Babək Rayon Məhkəməsinə “03” iyun 2021-ci il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsində dərhal icra olunmalı qətnamələrdən biri kimi şəxsin saxlanılması üçün vəsaitlərin o cümlədən alimentlərin alınması qeyd olunduğundan qətnamə dərhal icra edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, alimentin sabit pul məbləğində tutulması alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq, iddianın qiyməti alimentin sabit pul məbləğində tutulması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyindən, iddianın (12x(175x2)=4200) təmin edilmiş hissəsinə (12x(95x2)=2280) münasib olan 16 (on altı) manat, 20 (iyirmi) qəpik miqdarında dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq, cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Mülki işə baxılması zamanı isə cavabdehin dövlət rüsumu ödəməkdən azad edilməsinə əsas olan hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən, məhkəmə belə nəticəyə gəlir ki, iddianın təmin edilmiş hissəsinə münasib olaraq dövlət rüsumu cavabdehdən tutulmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia qismən təmin olunmalı; - “03” iyun 2021-ci il tarixdən hesablanmaqla, 21 noyabr 2018-ci il tarixdə anadan olan X5 və 21 fevral 2020-ci il tarixdə anadan olan X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay Cavabdeh bir uşaq üçün 95 (doxsan beş) manat olmaqla, ümumilikdə iki uşağa görə 190 (bir yüz doxsan) manat miqdarında aliment tutularaq, uşaqların anası İddiaçı ödənilməli; - iddia digər hissədə əsaslı sayılmadığından rədd olunmalı; - Cavabdeh 16 (on altı) manat, 20 (iyirmi) qəpik miqdarında rüsum tutularaq, dövlət büdcəsinə keçirilməli; - qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia qismən təmin edilsin. “03” iyun 2021-ci il tarixdən hesablanmaqla, 21 noyabr 2018-ci il tarixdə anadan olan X5 və 21 fevral 2020-ci il tarixdə anadan olan X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay Cavabdeh bir uşaq üçün 95 (doxsan beş) manat olmaqla, ümumilikdə iki uşağa görə 190 (bir yüz doxsan) manat miqdarında aliment tutularaq, uşaqların anası İddiaçı ödənilsin. İddia digər hissədə əsaslı sayılmadığından rədd olunsun. Cavabdeh 16 (on altı) manat, 20 (iyirmi) qəpik miqdarında rüsum tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra olunsun. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar