Məhkəmə qərarları › İş №2(079)-300/2024

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-300/2024

13.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-300/2024 13.05.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 23 noyabr 2022-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh aylıq qazancının dörddə biri miqdarında alimentin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq bildirmişdir ki, mən 19 may 2021-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə Cavabdeh ilə evlənmişəm. Birgə nikahdan 23 noyabr 2022-ci ildə X3 adlı bir övladımız olmuşdur. Xasiyyətimiz uyğun gəlmədiyindən yola gedə bilmirik. Ona görə də fevral ayının əvvəllərindən ayrı yaşayırıq. Bu müddət ərzində Cavabdeh bizimlə maraqlanmır. Uşağına heç bir maddi yardım göstərmir. Hazırda Şirinov X4 MR Fövqəladə Hallar Nazirliyində işləyir. Normal əmək haqqı alır. Mən alimentin əmək haqqının dörddə biri miqdarında müəyyən olunmasını istəyirəm. Mən özüm heç bir yerdə işləmirəm. Mən uşağımı valideynlərimin maddi köməkliyi ilə böyüdürəm. Təkbaşına maddi cəhətdən uşağı böyütməkdə çətinlik çəkirəm. Tələbimin əsası kimi istinad etdiyim fakt və halların sübutlar siyahısı olaraq nikah haqqında və doğum haqqında şəhadətnamələrin surətini ərizəmə əlavə edirəm. Həmçinin bildirirəm ki, Mediasiya haqqında Azərbaycan Respublikası qanununa uyğun olaraq Cavabdeh 19 mart 2024-cü il tarixdə keçirilən ilkin mediasiya sessiyasında iştirak etməkdən imtina etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə mülki işə tərəfllərin iştirakı olmadan baxmışdır. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında verdiyi izahatında cavabdehin ailəsinin yaxşı ailə olduğunu, sadəcə olaraq cavabdehin anasına həddindən artıq bağlı olduğunu, qızının əsəblərini pozduqlarını, gəlini ailədə özlərinə yad hesab etdiklərini, bu kimi səbəblərdən tərəflərin 2024-cü ilin fevral ayının 1-dən ayrı yaşadıqlarını, bu müddət ərzində cavabdehin uşağın saxlanmasında köməklik göstərmədiyini, qızının gəlirinin olmadığını, əvvəllər də qızının 7 ay ərzində onlarda qaldığını, cavabdehin onda da köməklik etmədiyini, nəvəsinin 1 yaş 5 aylıq olduğunu, uşağı saxlamaqda iddiaçının çətinlik çəkdiyini, belə ki, ali təhsilli olsa da hələ ki iş tapa bilmədiyini və yalnız özünün gəliri hesabına dolandıqlarını, artıq boşanma ilə bağlı cavabdehin mediasiya təşkilatına müraciət etdiyini, cavabdehin Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyində zabit kimi işləyib qızına dediyinə görə 600 manat əmək haqqı aldığını, əmək haqqının hissəsi məbləğində aliment təyin edilməsini xahiş etdiyini bildirmişdir. Cavabdeh məhkəmə hazırlıq iclasında verdiyi izahatında problemlərin hamısının uşağın baxımı ilə bağlı olduğunu, belə ki, iddiaçının uşağa baxmadığını, uşağa onun anasının baxdığını, aliment verməyə etiraz etmədiyini, hazırda nikahın pozulmasına dair iddia ilə mediasiya təşkilatına müraciət etdiyini, bundan qabaq da boşanmaq üçün Mediasiya prosesindən keçmək istədiyini, lakin uşaq balaca olduğu üçün bunun baş tutmadığını, atası ilə danışdığını, ondan sonra qızını götürüb apardığını, 2024-cü ilin fevralından ayrıldıqlarını, bu müddətdə uşağa maddi köməklik etmədiyini, özünün ali təhsilli olmaqla Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyində zabit kimi xidmət etdiyini, aylıq əmək haqqının 794 manat miqdarında olduğunu, aliment tələbinə heç bir etirazının olmadığını bildirmişdir. Mülki işin materiallarını tədqiq edən məhkəmə qeyd edir ki, 23 noyabr 2022-ci il təvəllüdlü X1 atasının Cavabdeh, anasının isə İddiaçı olduğu işin mübahisəsiz hallarıdır. Belə ki, iş materiallarına əlavə edilmiş AZ-İİ seriyalı, 214521 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən belə məlum olur ki, tərəflər arasında rəsmi nikah münasibətləri mövcuddur. Həmçinin iş materiallarına əlavə edilmiş AZ-İV seriyalı, 786544 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən belə məlum olur ki, atası Cavabdeh, anası İddiaçı olan X3 xx.xx.2022-ci ildə doğulmuşdur. Məhkəmə araşdırması nəticəsində isə cavabdehin uşağı saxlamaq vəzifəsini yerinə yetirmədiyi məlum olur. Belə ki, cavabdeh tərəfindən iddiaya qarşı etiraz irəli sürülməmiş, əmək haqqının ¼ hissəsi miqdarında alimentin tutulması ilə bağlı iddia tələbini qəbul etdiyini bildirmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi həmçinin AM-in 75.1-ci maddəsində və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsində əks olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra - “AM”) 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, AM-in 75.1 və 75.2ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. AM-in 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. AM-in 76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: - 76.1.1-ci maddəsinə əsasən 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; - 76.1.2-ci maddəsinə əsasən 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; - 76.1.3-cü maddəsinə əsasən 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. AM-in 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə cavabdehin uşağın saxlanılmasında iştirak etmədiyini nəzərə alaraq iddiaçının tələbini əsaslı sayır. İş materialları ilə tərəflərin yetkinlik yaşına çatmamış uşağın olması müəyyən edildiyindən məhkəmə hesab edir ki, həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulmalıdır. Məhkəmə tərəflərin ailə və maddi vəziyyətini nəzərə alaraq belə hesab edir ki, sözügedən payların miqdarının hazırki vəziyyətdə dəyişdirilməsi (azaldılması və ya artırılması) üçün hər hansı diqqətəlayiq hallar müəyyən olunmamışdır. AM-in 55.2-ci maddəsinə əsasən aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. Yetkinlik yaşına çatmayan uşağın ananın (iddiaçının) yanında saxlanılmasını və yuxarıda qeyd edilən normanın mahiyyətini nəzərə alan məhkəmə qeyd edir ki, uşağın saxlanılması üçün müəyyən edilən aliment məbləği iddiaçının sərəncamına daxil olmalı, aliment uşağın anasına ödənilməlidir. AM-in 77-ci maddəsinə əsasən uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. AM-in 100.2-ci maddəsinin tələbinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçının iddia ərizəsi isə Babək Rayon Məhkəməsinin icraatına xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. Aliment tələbinin icra edilməsi anı ilə bağlı isə məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsində dərhal icra olunmalı qətnamələrdən biri kimi şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması qeyd olunmuşdur. MPM-in 112.1 və 112.1.3-cü maddələrinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 və 9.1.2-ci maddələrinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. MPM-in 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh 44 (qırx dörd) manat miqdarında dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, xx.xx.2024-cü il tarixdən hesablanmaqla, 23 noyabr 2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün iş üzrə Cavabdeh hər ay qazancının və (və ya) başqa gəlirlərinin 1/4 hissəsi məbləğində aliment tutulub uşağın anası İddiaçı ödənilməli, qətnamə alimentə dair hissədə dərhal icra olunmalı, Cavabdeh 44 (qırx dörd) manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. Alimentin tutulmasının əvvəli 03 aprel 2024-cü il tarixdən hesablanmaqla, 23 noyabr 2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün iş üzrə Cavabdeh hər ay qazancının və (və ya) başqa gəlirlərinin 1/4 hissəsi məbləğində aliment tutulub uşağın anası İddiaçı ödənilsin. Qətnamə alimentə dair hissədə dərhal icra olunsun. Cavabdeh 44 (qırx dörd) manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar