Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 2(079)-301/2022 24.05.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ İddia ərizəsinin qaytarılması haqqında Babək Rayon Məhkəməsinin hakimi Əliyev X2 Aynur Dilsuz qızının Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsini ona əlavə edilmiş sənədlərlə birlikdə məhkəmənin inzibati binasında nəzərdən keçirərək müəyyən e t d i: İddiaçı “24” may 2022-ci ildə Babək Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh birgə nikahlarından olan 28 sentyabr 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 300 manat miqdarında aliment tutulması və uşağın müayinə və müalicə olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdi. İddiaçının tələbini və ona ərizə əlavə edilmiş sənədləri qanunvericiliyin tələbləri daxilində nəzərdən keçirən məhkəmə qeyd edir ki, iddia ərizəsi və ya hər hansı icraat növü üzrə ərizə daxil olduqda hakim onun verilməsi zamanı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilibverilməməsini yoxlayır. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri qanunvericiliyin tələbləri daxilində nəzərdən keçirən məhkəmə aşağıdakıları qeyd edir. Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinin tələbinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki prosessual qanunvericiliyin tələbindən də göründüyü kimi hər hansı bir şəxs hüququnun müdafiəsini məhkəmə qaydasında həyata keçirirsə müvafiq qaydalara əməl etməlidir. Bunun üçün ilkin olaraq müvafiq ərizə ilə məhkəməyə müraciət etməli və onu Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə əməl etməklə tərtib etməlidir. Buna əməl edilməməsi isə müvafiq prosessual nəticələrə səbəb olur. Elə bu məqsədlə də məhkəməyə iddia ərizəsi daxil olduqda hakim onun verilməsi zamanı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri qanunvericiliyin tələbləri daxilində nəzərdən keçirən məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-cu maddəsində iddia ərizəsinin forma və məzmunu öz əksini tapıb. Həmin maddəyə əsasən iddia ərizəsində onun verildiyi məhkəmənin adı, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları), iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat, ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. İddiaçı iddia ərizəsini yuxarıda qeyd edilən prosessual normanın tələbi daxilində yoxladıqda müəyyən edilir ki, iddiaçı sözü gedən prosessual sənədin tərtib edilməsi zamanı onun forma və məzmununa əməl etməmişdi. Belə ki, sözü gedən prosessual sənəddə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir (Mülki Prosessual Məcəllə 149.2, 149.2.3 və 149.2.5-ci maddələr) 09 iyul 2021-ci il tarixli, 363-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə qəbul edilmiş və 01 oktyabr 2021-ci il tarixdən qüvvəyə minmiş əlavəyə əsasən). İddiaçı isə qeyd edilən prosessual normanın tələbinə əməl etməmiş, tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısını iddia ərizəsində göstərməlidir. Məhkəmə iddiaçının nəzərinə çatdırır ki, mülki prosessual qanunvericiliyin tələbinə uyğun olaraq iddia ərizəsi ona əlavə edilmiş sübutlarla birlikdə qarşı tərəfə göndərilərək, ona özünü müdafiəsinə hazırlaşmaq, həmçinin iddia tələbinə qarşı etiraz etmək imkanı yaradılır. Elə bu səbəbdən də prosessual sənəd kimi iddia ərizəsi özündə cavabdehə qarşı olan tələbin əsaslandırmasını və bunu təsdiq edəcək sübutları özündə əks etdirməlidir. Sübutların siyahısının göstərilməməsi isə cavabdehin hansı sübutu hansı faktın təsdiq etməsindən məhrum etməklə bərabər, ona iddia tələbinə qarşı vaxtında etiraz etmək imkanından da məhrum edir. Yuxarıda qeyd edilənlər isə özlüyündə İddiaçı iddia ərizəsinin forma və məzmununa əməl etməməsini təsdiq edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1 və 152.1.1-ci maddələrinə əsasən iddia ərizəsinin həmin Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan əlavə iddia ərizəsindən aydın olur ki, onu iddiaçı ilə bərabər onun nümayəndəsi qismində Nümayəndə da imzalamışdı. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericilik şəxsin məhkəməyə nümayəndə vasitəsi ilə müraciət etmək imkanını da istisna etmir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 69.1-ci maddəsi ilə müəyyən olunur ki, hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Nümayəndə vasitəsi ilə məhkəməyə müraciət edildikdə isə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş bir sıra tələblər yerinə yetirilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 69.1-1-ci maddəsinin tələbinə əsasən fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Həmçinin həmin Məcəllənin 89.3-cü maddəsində qeyd edilir ki, yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. İddiaçı isə qanunvericiliyin yuxarıda qeyd edilən tələbinə əməl etməyərək AR-İİ seriyalı 616933 nömrəli, 19 mart 2022-ci il tarixli etibarnamənin surətini iddia ərizəsinə əlavə etmiş, həmçinin nümayəndə ilə onu yaxın qohumluğunu və ya onun vəkili olmasını təsdiq edən sənədi iddia ərizəsinə əlavə etməmişdi. Bundan başqa iddiaçı tələbində 28 sentyabr 2018-ci il təvəllüdlü X1 müayinə və müalicə olunması vəzifəsinin Cavabdeh üzərinə qoyulmasını da qeyd edir. Məhkəmə onun tələbinin bu hissəsi ilə bağlı qeyd edir ki, valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81-ci maddəsi ilə tənzimlənir. Həmin normanın tələbinə görə alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Qeyd edilən maddi hüquq normasının mahiyyətindən də görünür ki, bu aliment tələbindən əlavə olaraq valideyni uşağın yaranan əlavə xərclərin cəlb edilməsini nəzərdə tutur. Məhkəmə isə bunun qaydasını hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edir. İddiaçı isə cavabdehə qarşı bu tələblə deyil, onun üzərinə müayinə və müalicə olunması vəzifəsinin qoyulmasını tələb edir ki, bu da qanunvericiliyin tələbinə uyğun deyil. Həmçinin məhkəmə belə hesab edir ki, yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün aliment tələbi ilə onun əlavə xərclərində iştirakı bir tələbdə birləşdirmək mülki prosessual qanunvericiliyin tələbinə ziddir. Belə ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 172-ci maddəsində işlərin baxılması və həll edilməsi müddətləri öz əksini tapıb. Həmin maddənin tələbinə görə işə ağlabatan müddətdə, lakin ərizə məhkəməyə daxil olduğu vaxtdan işə bərpa, aliment tutulmasına dair işlərə 2 ay, ipoteka müqaviləsindən irəli gələn mübahisələrə və iflas haqqında işlərə 3 ay, digər mübahisələrə dair işlərə 4 ay müddətində müddətlərdən gec olmayaraq baxılmalı və işin həllinə dair qətnamə və ya qərardad çıxarılmalıdır. Göründüyü kimi aliment tələbinə dair işlərə 2 ay müddətində baxıldığı halda, digər tələblərə bundan daha uzun müddətdə baxılır. Şəxsin mülki prosessual qanunvericiliklə baxılması üçün fərqli müddətlər müəyyən etdiyi tələbləri birləşdirməsi isə onun pozulmasına gətirib çıxarması ilə nəticələnir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə belə hesab edir ki, İddiaçı Cavabdeh oğluna qarşı aliment tələbinə dair ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrində həmin Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa dövlət rüsumu geri qaytarılmalı olması nəzərdə tutulduğundan, məhkəmə qeyd edir ki, hazırki tələb üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan bu məsələnin həllinə ehtiyac qalmır. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı olduğundan İddiaçı izah edilsin ki, ərizənin qaytarılmasına dair nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanları, Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və hakimlər haqqında Qanun”un 5-ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.2, 152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qərara aldı : İddiaçı Cavabdeh oğluna qarşı aliment tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddiaçı izah edilsin ki, iddia ərizəsinin qaytarılmasına dair nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Babək Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №2(079)-301/2022
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-301/2022
24.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver