Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-324/2021 08.07.2021 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən е t d i: İddiaçı “16” iyun 2021-ci ildə Cavabdeh qarşı iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 04 dekabr 2006-cı il tarixdə doğulmuş X6, 15 yanvar 2008-ci il tarixdə doğulmuş X7 və 20 iyul 2015-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay 175 (bir yüz yetmiş beş) manat olmaqla, ümumilikdə 525 (beş yüz iyirmi beş) manat miqdarında alimentin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O, tələbini əsaslandıraraq qeyd etmişdir ki, Cavabdeh ilə 2003-cü ildə evlənib 19 oktyabr 2006-cu il tarixdə nikah bağlamışıq. Birgə yaşadığımız müddətdə bizim 04 dekabr 2006-cı il tarixdə X6, 15 yanvar 2008-ci il tarixdə X7 və 20 iyul 2015-ci il tarixdə X8 adlı üç övladımız doğulmuşdur. Camalla ailə qurandan yola gedə bilmirdik. Belə ki, Camal məni tez-tez döyüb nalayiq sözlərlə təhqir etdiyindən mənim ərizəm əsasında bizim aramızda olan nikah qeydi Babək Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 2(079)-201/2020 nömrəli qətnaməsi ilə pozulubdur. Nikahımız pozulduqdan sonra Camal daha düzələcəyinə, ailəsini incitməyəcəyinə və uşaqlarını maddi olaraq təmin edəcəyinə söz verdiyindən mən onunla faktiki olaraq barışıb bir yerdə yaşadığımızdan aliment tələbimdən imtina etdim. Biz 17 noyabr 2020-ci il tarixdən 29 may 2021-ci il tarixə kimi bir yerdə yaşasaq da Camalın mənə qarşı olan münasibətlərində heç nəyin dəyişmədiyini müşahidə etdim. Əksinə münasibətlərimiz daha da korlanmış, o, məni daha çox söyüb təhqir etmişdir. Camalın bu hərəkətlərinə görə biz 29 may 2021-ci il tarixdən faktiki olaraq ayrılmışıq və uşaqlar da mənim yanımda yaşayırlar. Hazırda mən heç bir yerdə işləmədiyim üçün övladlarımın saxlanılmasında maddi cəhətdən çox çətinlik çəkirəm. Cavabdeh isə uşaqların saxlanılmasında mənə maddi köməklik göstərmir. Mən hesab edirəm ki, uşaqların saxlanması, onların maddi tələbatlarının qarşılanması mənim olduğu qədər, Camalın da atalıq borcudur. İddiaçı tələbini müdafiə edərək 2003-cü ildə Camalla bir-birini sevərək ailə qurduqlarını, 2006-cı ildə nikahlarını rəsmiləşdirdiklərini, birgə nikahlarından üç olan övladının dünyaya gəldiyini, balaca oğlu dünyaya gələnədək cavabdehlə aralarında olan münasibətlərin normal olduğunu, daha sonra Camal başqa qadınınla münasibət qurduğundan və ona açıq-aşkar xəyanət etdiyindən aralarında olan münasibətlərin pozulduğunu, ailəsi dağılması deyə onu bağışlasa da heç nəyin dəyişmədiyini, aralarında bağlanmış nikahın Babək Rayon Məhkəməsinin qətnaməsi əsasında 27 oktyabr 2020-ci ildə pozulduğunu, həmin qətnamə ilə uşaqların saxlanılması üçün aliment də müəyyən edildiyini, lakin sonradan Camalla barışaraq ailəni bərpa etdiyindən aliment ödənilməsindən imtina etdiyini, bundan sonra aralarında yenidən münasibətlərin pozulduğunu və özünün yenidən aliment tələbi ilə məhkəməyə müraciət etdiyini və yenidən cavabdehlə barışdığından həmin tələbindən imtina etdiyini, hazırda 2021-ci ilin may ayının 29-dan ayrı yaşadıqlarını, birgə nikahlarından olan uşaqların öz yanında qaldığını, özünün işsiz olduğunu, uşaqların isə məktəbli olduğunu, bu səbəbdən də onları saxlamaqda çətinlik çəkdiyini, əvvəlki qətnamə ilə hər uşağa görə doxsan manat aliment müəyyən ediləndə valideynləri ilə birlikdə qaldığını, uşaqların saxlanılmasına onların da köməklik etdiyini, lakin Camalla barışdığına görə artıq yaxın qohumlarının ondan üz döndərdiyini, onu danışdırmadığını, bu səbəbdən də indi nənəsinin yanında qaldığını qeyd edərək, yekunda iddiasının təmin edilməsini məhkəmədən xahiş etmişdi. Cavabdeh isə məhkəmədə vermiş olduğu izahatında iddianı qəbul etmədiyini, 2003-cü ildə Aidə ilə ailə qurub, nikahlarını 2006-cı ildə rəsmiləşdirdiklərini, birgə nikahlarından üç övladının dünyaya gəldiyini, əvvəllər iddiaçı ilə münasibətləri normal olsa da, sonradan aralarında olan münasibətlərin pozulduğunu, buna isə əsasən Aidənin anası və xalasının onların ailə işlərinə mütəmadi müdaxilə etməsi səbəb olduğunu, Babək Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə aralarında bağlanmış nikah pozulsa da, sonradan barışaraq ailəni bərpa etdiklərini, barışdıqdan sonra isə aralarında münasibətlərin pozulmasına səbəb özünün oğluna hirslənməsi, bundan sonra isə iddiaçının gəlib onu itələməsi və həyətdə çığıraraq ona qarşı artıq-əskik sözlər işlətməsi olduğunu, bu səbəbdən də 2021-ci ilin may ayının 29-da ayrıldıqlarını, birgə nikahlarından olan uşaqlar üç gün öz yanında qalsa da, sonradan iddiaçının gəlib onları apardığını, uşaqların saxlanılmasında iştirak etmədiyini, çünki hazırda bir neçə banka borcu olduğunu, onları ödəyə bilmədiyini, əgər imkanı olsa onlar üçün daha artıq aliment ödəmək istədiyini qeyd edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Mülki işin materiallarını işdə iştirak edən şəxslərin izahatları ilə qarşılıqlı şəkildə tədqiq edən məhkəmə müəyyən edir ki, əvvəllər tərəflər arasında nikah bağlanması, onların birgə nikahından X6, X7 və X1 anadan olması, tərəflər arasında bağlanmış nikahın 2020-ci ildə pozulması, Babək Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 2(079)- 201/2021 nömrəli qətnaməsi ilə tərəflərin arasında olan nikahın pozulması, onların birgə nikahından doğulmuş uşaqların hazırda anası, yəni iş üzrə iddiaçının yanında qalması, qeyd edilən qətnamə ilə cavabdehdən alimentin tutulması və iddiaçının ondan imtina etməsi işin mübahisəsiz hallarıdır. Bu faktların işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: - iddia ərizəsinə əlavə edilən və Babək Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 2(079)-201/2017 nömrəli qətnaməsinin təsdiq edilmiş surətindən tərəflər arasında 19 oktyabr 2006-cı ildə nikah bağlanması; - iddia ərizəsinə əlavə edilən və Babək Rayon İcra Hakimiyyətinin Payız kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 mart 2007-ci il tarixli, AZ-İ seriyalı, 794731 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən tərəflərin 04 dekabr 2006-cı il tarixdə X6 adlı övladlarının doğulması; - iddia ərizəsinə əlavə edilən və Babək Rayon İcra Hakimiyyətinin Payız kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 13 mart 2008-ci il tarixli, AZ-İİ seriyalı, 164751 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən tərəflərin 15 yanvar 2008-ci il tarixdə X7 adlı övladlarının doğulması; - iddia ərizəsinə əlavə edilən və Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 04 noyabr 2015-ci il tarixli, AZ-İİİ seriyalı, 308095 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən tərəflərin 20 iyul 2015-ci il tarixdə X8 adlı övladlarının doğulması; -iddia tələbindən və tərəflərin məhkəmədə verdikləri izahatlardan onların ayrı yaşaması, onların birgə nikahından olan uşaqların hazırda anası, yəni iş üzrə iddiaçının yanında qalması; -iş materiallarına əlavə edilən Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Babək rayon icra və probasiya şöbəsinin 17 noyabr 2020-ci il tarixli qərarının təsdiq edilmiş surətindən Babək Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 2(079)- 201/2021 nömrəli qətnaməsi əsasında verilmiş cavabdehdən aliment tutulması barədə icra sənədi üzrə icraata tərəflərin barışaraq birlikdə yaşaması ilə əlaqədar iddiaçının verdiyi ərizə əsasında xitam verilməsi aydın olur. İşin mübahisəli halı isə iddiaçının tələb etdiyi alimentin miqdarı ilə bağlıdır. Belə ki, iddiaçı iddia ərizəsində övladları X2, X3 və X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay cavabdehdən bir uşaq üçün 175 (bir yüz yetmiş beş) manat olmaqla, üç uşaq üçün cəmi 525 (beş yüz iyirmi beş) manat miqdarında aliment tutulmasını tələb etsə də, cavabdeh bu məbləği qəbul etməyək onun yüksək olduğunu bildirmişdi. İşin bu mübahisəli halının həlli ilə bağlı məhkəmə istinad etdiyi maddi və prosessual hüquq normaları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində və “Uşaq hüquqları haqqında Azərbaycan Respublikası Qanunun 19-cu maddəsində əks olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsində uşağın saxlanılması üçün alimentin sabit pul məbləğində tutulmasıin sabit pul məbləğində tutulmasının əsası kimi şəxsin bu barədə olan xahişi qeyd olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara alimentin sabit pul məbləğində tutulması ödənilməsi barədə saziş yoxdursa, eləcə də, alimentin sabit pul məbləğində tutulması verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin sabit pul məbləğində tutulmasıin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin sabit pul məbləğində tutulmasıin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd olunan maddi hüquq normalarını mülki iş materialları ilə qarşılıqlı şəkildə əlaqələndirən məhkəmə belə hesab edir ki, iddiaçının tələbi əsaslıdır. Alimentin sabit pul məbləğində tutulmasıin miqdarının müəyyən edilməsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İddiaçı övladları X5, X3 və X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay bir uşaq üçün 175 (bir yüz yetmiş beş) manat olmaqla, üç uşaq üçün 525 (beş yüz iyirmi beş) manat miqdarında alimentin tutulmasını tələb etsə də, bu məbləğlə bağlı öz tələbini əsaslandıran faktları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iddiaçının nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Alimentin sabit pul məbləğində tutulmasıin miqdarı ilə bağlı iddiaçı tərəf öz tələbini əsaslandıran halları sübuta yetirə bilmədiyindən məhkəmə belə hesab edir ki, alimentin sabit pul məbləğində tutulmasıin miqdarı qanunvericiliyin tələbləri və işin faktiki halları nəzərə alınmaqla müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe isə ondan ibarətdir ki, alimentin sabit pul məbləğində tutulması ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2021-ci ildə ölkədə yaşayış minimumu uşaqlar üçün 175 (bir yüz yetmiş beş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə yuxarıda göstərilən maddi hüquq normalarını, uşaqlar barəsində valideynlərin bərabər hüquq və vəzifələrə malik olmasını, uşaqların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını, 2021-ci ildə ölkədə yaşayış minimumunun uşaqlar üçün 175 (bir yüz yetmiş beş) manat məbləğində müəyyən edilməsini, uşaqların iddiaçının yanında qalması, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu vaxt ərzində onun üzərinə düşməsini, uşaqların sayını, onların yaşını nəzərə alaraq, belə nəticəyə gəlir ki, iddiaçının tələbi qismən təmin edilməli və yetkinlik yaşına çatmayan uşaqların saxlanmasları üçün hər ay cavabdehdən bir uşaq üçün 105 (bir yüz beş) manat məbləğində aliment tutulmalıdır. Alimentin sabit pul məbləğində tutulması müəyyənləşdirilərkən o nəzərə alınmışdır ki, iddiaçı uşaqların saxlanması üçün alimentin sabit pul məbləğində tutulmasını məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə görə alimentin sabit pul məbləğində tutulması məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından aydın olur ki, İddiaçı Babək Rayon Məhkəməsinə 16 iyun 2021-ci il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsində dərhal icra olunmalı qətnamələrdən biri kimi şəxsin saxlanılması üçün vəsaitlərin o cümlədən alimentin sabit pul məbləğində tutulmasılərin alınması qeyd olunduğundan qətnamə dərhal icra edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, alimentin sabit pul məbləğində tutulması alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq, iddianın qiyməti alimentin sabit pul məbləğində tutulması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyindən, iddianın (12x(175x3)=6300) təmin edilmiş hissəsinə (12x(105x3)=3780) münasib olan 18 (on səkkiz) manat miqdarında dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq, cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Mülki işə baxılması zamanı isə cavabdehin dövlət rüsumu ödəməkdən azad edilməsinə əsas olan hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən, məhkəmə belə nəticəyə gəlir ki, iddianın təmin edilmiş hissəsinə münasib olaraq dövlət rüsumu cavabdehdən tutulmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia qismən təmin olunmalı; - 16 iyun 2021-ci il tarixdən hesablanmaqla, 04 dekabr 2006-cı il tarixdə anadan olan X6, 15 yanvar 2008-ci il tarixdə anadan olan X3 və 20 iyul 2015-ci il tarixdə anadan olan X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay Cavabdeh bir uşaq üçün 105 (bir yüz beş) manat olmaqla, ümumilikdə üç uşağa görə 315 (üç yüz on beş) manat miqdarında aliment tutularaq, uşaqların anası İddiaçı ödənilməli; - iddia digər hissədə əsaslı sayılmadığından rədd olunmalı; - Cavabdeh 18 (on səkkiz) manat miqdarında rüsum tutularaq dövlət büdcəsinə keçirilməli; - qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin edilsin. 16 iyun 2021-ci il tarixdən hesablanmaqla, 04 dekabr 2006-cı il tarixdə anadan olan X6, 15 yanvar 2008-ci il tarixdə anadan olan X3 və 20 iyul 2015-ci il tarixdə anadan olan X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay Cavabdeh bir uşaq üçün 105 (bir yüz beş) manat olmaqla, ümumilikdə üç uşağa görə 315 (üç yüz on beş) manat miqdarında aliment tutularaq, uşaqların anası İddiaçı ödənilsin. İddia digər hissədə əsaslı sayılmadığından rədd olunsun. Cavabdeh 18 (on səkkiz) manat miqdarında rüsum tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra olunsun. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №2(079)-324/2021
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-324/2021
08.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver