Məhkəmə qərarları › İş №2(079)-324/2025

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-324/2025

26.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-324/2025 26.05.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı “17” aprel 2025-ci ildə iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək 30 mart 2016-cı il təvəllüdlü X11, 10 aprel 2017-ci il təvəllüdlü X9 və 25 may 2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərin) yarısı miqdarında alimentin və işləmədiyi halda hər ay sabit məbləğdə hər bir uşağın saxlanması üçün 246 (iki yüz qırx altı) manat olmaqla üç uşağa görə 738 (yeddi yüz otuz səkkiz) manat alimentin Cavabdeh alınaraq mənə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O, tələbini əsaslandıraraq qeyd etmişdir ki, Cavabdeh ilə 07 avqust 2015-ci il tarixdə Babək rayon Qeydiyyat şöbəsində 04 nömrə ilə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşam. Birgə nikahımızdan üç övladımız - 30 mart 2016-cı il təvəllüdlü X11, 10 aprel 2017-ci il təvəllüdlü X9, 25 may 2019-cu il təvəllüdlü X10 doğulmuşdurlar. Ailə qurduğumuz ilk vaxtlarda münasibətimiz yaxşı olsa da, lakin sonradan kənar şəxslərin ailəmizə müdaxiləsi nəticəsində münasibətimiz pisləşməyə başlamışdır. Biz, artıq dörd aydır ki, cavabdehlə ayrı - ayrılıqda yaşayırıq. Qeyd edim ki, mən övladlarımla birlikdə atamın himayəsində yaşayıram. Özüm heç bir yerdə işləmirəm, heç bir yerdən də əlavə gəlirim yoxdur. Uşaqlar böyüdükcə onların təlabatı da artır. Valideynlərimin köməyi ilə birtəhər uşaqların ehtiyaclarını təmin etməyə çalışıram. Onların da maddi imkanları zəifdir. Cavabdeh uşağın saxlanılmasında iştirak etmir, heç bir maddi köməklik göstərmir. Ona görə də cavabdehin işlədiyi təqdirdə hər ay qazancının (başqa gəlirlərin) yarısı miqdarında alimentin və işləmədiyi halda hər ay sabit məbləğdə hər bir uşağın saxlanması üçün 246 (iki yüz qırx altı) manat olmaqla üç uşağa görə 738 (yeddi yüz otuz səkkiz) manat alimentin tutularaq mənə ödənilməsini istəyirəm. Qeyd etməliyəm ki, cavabdeh Naxçıvan Muxtar Respublikası Daxili Qoşunlarında maxe vəzifəsində işləyir. Avlıq 1500 manata yaxın əmək haqqı alır. Alimentin tələbi ilə bağlı məhkəmədən kənar həlli məqsədilə X2 müraciət etmişəm, lakin məsələ həll olunmamış qalmışdır, müvafiq arayışı əldə edərək iddia ərizəmə əlavə etmişəm. Məsələ ilə bağlı həll yolu tapılmadığından məhkəməyə müraciət etməli oluram. Mülki iş üzrə İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəmə hazırlıq iclasında məhkəməyə təqdim etdiyi ərizəsində iddia tələbini dəqiqləşdirərək X9, X10 və X1 üçün cavabdehdən hər ay əmək haqqının yarısı miqdarında alimentin alınıb ona ödənilməsini xahiş etmişdir. İddiaçının vəsatəti təmin olunmuş, mülki işə İddiaçı Cavabdeh qarşı əmək haqqının yarısı miqdarında aliment tələbi həddində baxılması qərara alınmışdır. İddiaçı məhkəmə iclasında verdiyi izahatında cavabdehlə 4 aydır ki, ayrı qaldıqlarını, nikahlarının pozulmadığını, heç bir gəlirinin olmadığını, bu müddətdə uşaqları atasının köməkliyi ilə saxladığını, cavabdehin isə uşaqların saxlanmasında heç bir köməklik etmədiyini, Ramiqin hazırda Babək rayonu, Didivar kənd tam orta məktəbinin 3-cü, Xədicənin isə 2-ci sinfində təhsil aldığını, Səkinənin isə məktəbəqədər hazırlıq kursuna getdiyini, cavabdehin nikah müddətində Daxili qoşunlarda maxe işləyib 1400 manat əmək haqqı aldığını bildirmiş, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahjş etmişdir. Cavabdeh məhkəmə hazırlıq iclasında verdiyi izahatında dörd aydır ki, ayrı yaşadıqlarını, bu müddətdə uşaqların saxlanmasında iştirak etmədiyini, əlavə gəlirinin olmadığını, iddiaçıya barışıb birlikdə yaşamağı təklif etdiyini, lakin onun bunu qəbul etmədiyini, yalnız nikah pozularsa aliment verə biləcəyini bildirmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxmışdır. Mülki işin materiallarını işdə iştirak edən şəxslərin izahatı ilə qarşılıqlı şəkildə tədqiq edən məhkəmə müəyyən edir ki, 07 avqust 2015-ci il tarixdə tərəflər arasında nikahın bağlanması, onların birgə nikahından X11, X9, X5 doğulması, tərəflərin hazırda ayrı yaşaması və onların birgə nikahlarından doğulmuş uşaqların anası, yəni iş üzrə iddiaçının yanında qalması işin mübahisəsiz hallarıdır. Bu faktların işin mübahisəsiz halları olması iddia ərizəsinə əlavə olunmuş aşağıdakı sübutlarla təsdiq olunur: - Babək rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 01 aprel 2016-cı il tarixli, AZ-İİ seriyalı, 069210 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən Cavabdeh ilə X7 arasında 07 avqust 2015-ci il tarixdə nikah bağlanması, bunun nikahın bağlanması haqqında akt qeydləri kitabında 04 nömrə ilə qeyd edilməsi; - Babək rayon Qeydiyyat Şöbəsi tərəfindən verilən 05 dekabr 2016-cı il tarixli, AZ-İİİ seriyalı, 753342 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən tərəflərin 30 mart 2016-cı il tarixdə X11 adlı övladının dünyaya gəlməsi; - Babək rayon Qeydiyyat Şöbəsi tərəfindən verilən 20 oktyabr 2017-ci il tarixli, AZ-İİİ seriyalı, 966615 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən tərəflərin 10 aprel 2017-ci il tarixdə X9 adlı övladının dünyaya gəlməsi; - Babək rayon Nəzərabad kənd İƏDN tərəfindən verilən 13 iyun 2019-cu il tarixli, AZ- İİİ seriyalı, 961495 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən tərəflərin 25 may 2019-cu il tarixdə X10 adlı övladının dünyaya gəlməsi; - X3 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, MŞN/25-Ə-00340 nömrəli arayışdan cavabdehin mediasiya prosesində iştirak etməməsi səbəbindən sessiyanın baş tutmaması aydın olur; - iddia tələbindən və tərəflərin məhkəmədə verdiyi izahatdan tərəflərin ayrı yaşaması, onların birgə nikahından olan uşaqların hazırda anası, yəni iş üzrə iddiaçının yanında qalması və cavabdehin uşaqların saxlanılmasında iştirak etməməsi aydın olur. Məhkəmə araşdırması nəticəsində cavabdehin uşaqları saxlamaq vəzifəsini yerinə yetirmədiyi məlum olmuşdur. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi həmçinin Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra - “AM”) 75.1-ci maddəsində və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsində əks olunmuşdur. AM-in 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. AM-in 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. AM-in 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. AM-in 76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: - 76.1.1-ci maddəsinə əsasən 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; - 76.1.2-ci maddəsinə əsasən 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; - 76.1.3-cü maddəsinə əsasən 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. AM-in 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. İş materialları ilə tərəflərin yetkinlik yaşına çatmamış üç uşaqlarının olması müəyyən edildiyindən məhkəmə hesab edir ki, AM-in 76.1.3-cü maddəsinə əsasən 3 uşağa görəqazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulmalıdır. Məhkəmə tərəflərin ailə və maddi vəziyyətini nəzərə alaraq belə hesab edir ki, sözügedən payların miqdarının hazırki vəziyyətdə dəyişdirilməsi (azaldılması və ya artırılması) üçün hər hansı diqqətəlayiq hallar müəyyən olunmamışdır. AM-in 55.2-ci maddəsinə əsasən aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. Yetkinlik yaşına çatmayan uşaqların ananın (iddiaçının) yanında saxlanılmasını və yuxarıda qeyd edilən normanın mahiyyətini nəzərə alan məhkəmə qeyd edir ki, uşaqların saxlanılması üçün müəyyən edilən aliment məbləği iddiaçının sərəncamına daxil olmalı, aliment uşaqların anasına ödənilməlidir. AM-in 77-ci maddəsinə əsasən uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. AM-in 100.2-ci maddəsinin tələbinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçının iddia ərizəsi isə Babək Rayon Məhkəməsinin icraatına xx.xx.2025-ci il tarixdə daxil olmuşdur. Aliment tələbinin icra edilməsi anı ilə bağlı isə məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 234.2.1-ci maddəsində dərhal icra olunmalı qətnamələrdən biri kimi şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması qeyd olunmuşdur. MPM-in 112.1 və 112.1.3-cü maddələrinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 və 9.1.2-ci maddələrinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. MPM-in 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh 30.00 manat (otuz manat) miqdarında dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, xx.xx.2025-ci il tarixdən hesablanmaqla, 30 mart 2016-cı il təvəllüdlü X8, 10 aprel 2017-ci il təvəllüdlü X6 və 25 may 2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün iş üzrə Cavabdeh hər ay qazancının və (və ya) başqa gəlirlərinin yarısı məbləğində aliment tutulub uşaqların anası İddiaçı ödənilməli, qətnamə alimentə dair hissədə dərhal icra olunmalı, Cavabdeh 30 manat (otuz manat) məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və MPM-in 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. xx.xx.2025-ci il tarixdən hesablanmaqla, 30 mart 2016-cı il təvəllüdlü X11, 10 aprel 2017-ci il təvəllüdlü X9 və 25 may 2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün iş üzrə Cavabdeh hər ay qazancının və (və ya) başqa gəlirlərinin yarısı məbləğində aliment tutulub uşaqların anası İddiaçı ödənilsin. Cavabdeh 30 manat (otuz manat) məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra olunsun. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar