Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Babək şəhəri İş № 2(079)-326/2021 17.06.2021 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Mən, Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq oğlu Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 72/49 ünvanında yerləşən kreditor «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin “23” mart 1981-ci ildə Babək rayonu, Zeynəddin kəndində doğulan, həmin kənddə qeydiyyatda olan, Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumata əsasən işsiz Borclu qarşı borcun tutulması barədə məhkəmə əmrinin verilməsinə dair ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: Kreditor “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti “17” iyun 2021-ci ildə məhkəməyə ərizə ilə müraciət edərək 25 sentyabr 2020-ci il tarixli, ******* nömrəli müqavilə üzrə 1322.52 (bir min üç yüz iyirmi iki manat, əlli iki qəpik) manat əsas, 132 (bir yüz otuz iki) manat miqdarında cərimə borcu olmaqla, ümumilikdə 1454.52 (bir min dörd yüz əlli dörd manat, əlli iki qəpik) manat məbləğində borcun, həmçinin ərizənin verilməsi ilə bağlı ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun Borclu onun xeyrinə tutulması barədə məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Kreditor ərizəsini onunla əsaslandırmışdır ki, Borclu 25 sentyabr 2020-ci il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən modeli Samsung 55 olan və dəyəri isə 1445,50 manat təşkil edən televizor ilkin 123 manat ödəməklə, qalan 1322,52 manat məbləğində pulu 12 ay ərzində hissə-hissə ödəmək şərti ilə almışdır. Televizor işlək vəziyyətdə borcluya təqdim edilmiş, bu barədə tərəflər arasında akt tərtib edilərək imzalanmışdır. Lakin borclu həmin müqavilə üzrə öhdəliyi icra etməməklə müqavilənin 6-cı bəndində göstərilən tələbləri pozmuşdur. Hal-hazırda müqavilə üzrə əsas borc 1322.52 (bir min üç yüz iyirmi iki manat, əlli iki qəpik) manat, əsas məbləğin 10 faizi miqdarında cərimə isə 132 (bir yüz otuz iki) manat təşkil edir. Müqavilənin 11-ci bəndinə uyğun olaraq tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, dəfələrlə edilmiş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq, borclu müxtəlif bəhanələrlə müqavilə üzrə yaranmış borcunu ödəməkdən yayınaraq kreditor “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ciddi ziyan vurmuşdur. Kreditorun məhkəmə təqdim etdiyi sənədləri qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə aşağıdakıları qeyd edir. Məhkəmə ilk olaraq iş üzrə kreditor və borclunun nəzərinə çatdırır ki, “xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin Borclu qarşı olan tələbi, dairəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 276-cı maddəsi ilə müəyyən edilmiş tələblərdən biri olduğundan və kreditorun müraciəti mülki işə əmr icraatı formasında baxılması ilə bağlı olduğundan, işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 275.1-ci maddəsinə əsasən əmr icraatı qaydasında sadələşdirilmiş icraat formasında baxılmışdır. Həmin Məcəllənin 280-ci maddəsinin tələbinə görə isə məhkəmə əmri, irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılmalı olması qeyd olunduğundan məhkəmə iş üzrə tərəflərin iştirakı olmadan işə baxmışdır. Məhkəmə kreditor “xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin ərizəsini qanunvericiliyin tələbləri daxilində tədqiq edərək belə hesab edir ki, onun tələbi təmin olunmalı və məhkəmə əmri çıxarılmalıdır. Belə ki, məhkəmə əmrinin verilməsi şərtləri Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 275.1 və 276.1-ci maddələri ilə müəyyən edilir. Həmin maddələrin mahiyyətinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının sadələşdirilmiş qaydasına yol verilir. Prosessual normanın tələbindən göründüyü kimi kreditorun tələbi pul və ya əmlak tələbi ilə bağlı olmalıdır. Ərizə və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, “xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə Borclu qarşı pul tələbi ilə bağlı müraciət etmişdi. Həmçinin yuxarıda qeyd edilən normalardan da görünür ki, məhkəmə əmrin verilməsinin əsas şərtlərindən biri də kreditorun tələbi aşkar olması və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanmasıdır. Bundan əlavə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 262.2-ci maddəsində məhkəmə əmrinin verilə biləcəyi halların dairəsi müəyyən edilmişdir ki, həmin Məcəllənin 276.2.2-ci maddəsinə əsasən, tələbin sadə yazılı formada bağlanmış əqdə əsaslanmasıdır. Ərizəni və ona əlavə edilmiş sənədləri yuxarıda qeyd edilən prosessual normaların tələbləri daxilində nəzərdən keçirən məhkəmə qeyd edir ki, iş materiallarından 25 sentyabr 2020-ci il tarixdə kreditor və Borclu arasında alqı-satqı müqaviləsinin bağlanılması aydın olur. Bu isə o deməkdir ki, kreditorun tələbi borclu ilə arasında bağlanmış yazılı əqdə əsaslanır. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi isə bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Göründüyü kimi mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, Borclu ilə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 25 sentyabr 2020-ci il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsi bağlanmış və həmin müqavilə üzrə aşağıda qeyd edilən iş üçün əhəmiyyətli olan şərtlər barədə razılığa gəlmişlər: - 1-ci bəndinə əsasən satıcı SAMSUNG 55 markalı televizoru alıcının mülkiyyətinə verməyi, alıcı əşyanı qəbul edib əvəzinə müqavilənin 3.1-ci bəndində qeyd edilən pul məbləğini (qiyməti) müqavilədə göstərilmiş qaydada və müddətdə ödəməyi öhdəsinə götürür; - 2.2-ci bəndinin tələbinə görə müqavilə imzalandıqdan dərhal sonra satıcı müqavilənin 1.1-ci bəndində göstərilən əşyanı alıcıya verir. Satıcı əşya ilə birlikdə onun ləvazimatını, habelə əşyaya aid olan texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və bu müqaviləyə əlavə edilən digər sənədləri alıcıya verir; - 3.1-3.4-cü bəndlərdə qeyd edilir ki, satılan əşyanın qiyməti 1445,5 (bir min dörd yüz qırx beş manat, əlli qəpik) manat təşkil edir. Satılan əşyanın qiyməti nağd pulla ödəmə əməliyyatlarının aparılması üçün quraşdırılmış terminallar vasitəsi ilə ödənilir . Terminalların dislokasiyası və onlar vasitəsi ilə pulun ödənilməsi qaydasına dair təlimat bu müqavilə ilə birlikdə satıcı tərəfindən alıcıya təqdim olunur. Alıcı satılan əşyanın qiymətini birbaşa satıcının olduğu yerdə də nağd qaydada ödəyə bilər. Satılan əşyanın qiyməti alıcı tərəfindən satıcıya hissə-hissə 12 (on iki) ay müddətində ödənilir. Ödənişlərin vaxtı və məbləğləri müqaviləyə əlavə edilən cədvələ uyğun tənzimlənir. Əşyanın qiymətinin sonradan dəyişməsi yenidən hesablaşmaya səbəb ola bilməz; - 5.1, 5.1.1, 5.1.5 və 5.1.6-cı bəndlərə əsasən müqavilənin predmeti olan əşyanı müqavilə imzalandıqdan dərhal sonra ləvazimatı, habelə əşyaya aid olan texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatı və qaimə ilə birlikdə alıcıya vermək, satılan əşyanı müəyyən edilmiş tələblərə və bu müqaviləyə uyğun miqdarda, çeşiddə və keyfiyyətdə alıcı vermək və qarantiya müddəti ərzində qüsurlar aşkar edilmiş əşyanı (komplekləşdirici məmulatı) təmin etmək və ya əvəz etmək satıcının vəzifəsidir; -6.1, 6.1.1-6.1.3 və 6.1.7-ci bəndlərində qeyd edilir ki, satılan əşyanı müqavilə imzalandıqdan dərhal sonra satıcıdan qəbul etmək, müqavilə və müvafiq cədvəl ilə müəyyən edilmiş müddətdə, miqdarda və qaydada satılan əşyanın qiymətini satıcıya ödəmək, ödənişin vaxtında həyata keçirilməməsi təqdirdə alıcı satıcıya vaxtı keçmiş məbləğdən hər gün üçün 0,01% olmaqla cərimə ödəməsi xəbərdarlığını qəbul etmək və satılan əşyanın qiymətinin ödənilməsini, o cümlədən vaxtından əvvəl ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını təmin etmək məqsədi ilə satıcının məhkəməyə, digər hüquq- mühafizə orqanlarında, əlaqədar qurumlara müraciət etməsi ilə bağlı məhkəmə xərclərini və digər məsrəfləri ödəmək alıcının vəzifəsidir; - 7.1-ci bəndə görə satılan əşya üzərində mülkiyyət hüququ, habelə onun təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski bu müqavilə imzalandığı andan alıcıya keçir. Müqavilə imzalandıqdan əşyanın qiyməti tam ödənilən müddətədək əşyanın alıcının təqsiri olub-olmamasından asılı olmayaraq məhv olması və ya zədələnməsi, alıcını əşyanın qiymətinin tam məbləğdə ödəməsi vəzifəsindən azad etmir; - 11.2-ci bəndin tələbinə görə mübahisələri danışıq yolları ilə həll etmək mümkün olmadıqda, onlar məhkəmə qaydasında həll olunur; -müqaviləyə əlavə edilmiş 1 nömrəli əlavəyə görə Borclu müqavilə ilə satılmış əşyanın dəyəri üçün “ödəniş cədvəli” əsasında 24 oktyabr 2020-ci ildən başlayaraq 12 ay ərzində “xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə hər ay 110.21 (bir yüz on manat, iyirmi qəpik) manat ödəməyi öhdəsinə götürür. Tərəflər arasında olan razılaşmadan aydın olur ki, onlar arasında əşyanın dəyərinin hissə-hissə ödənilməsi şərti ilə nisyə alqı-satqı müqaviləsi bağlanılıb. Kreditorun tələbinin aşkarlılığı və ya borculunun mübahisə edilməyən vəzifəsinə əsaslanması ilə bağlı şərtlərin mövcudluğuna gəldikdə isə məhkəmə bildirir ki, iş materiallarından aydın olur ki, kreditor və borclu arasında alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən əşya nisyə satılaraq onun dəyərinin hissə-hissə ödənilməsi nəzərdə tutulmuş və nəticədə Borclu kreditora borcu yaranmışdı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568-ci maddəsində satıcının əşyanı vermək vəzifəsi müəyyən edilir ki, həmin maddənin tələbinə görə satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Qeyd edilən Məcəllənin 601.2-ci maddəsinə görə isə hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edildiyindən, həmin Məcəllənin 600.4-cü maddəsinə istinad edərək, qeyd olunur ki, həmin maddəyə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddi hüquq normalarının məzmunundan da aydın olur ki, satıcıya qarşı olan öhdəliyin icrası üsulunu seçmək hüququ satıcıya məxsusdur və o isə verilmiş əşyanın dəyərinin ödənilməsini tələb edir. Tərəflər arasında bağlanmış alqı-satqı müqavilədən aydın olur ki, razılaşma üzrə iddiaçının müqavilədə göstərilən malı cavabdehə verməsi, cavabdehin isə müqavilə üzrə müəyyən edilmiş qaydada onun dəyərini hissə-hissə ödəməsi onların müqavilədən irəli gələn əsas öhdəliyidir. Öhdəliklərin icra etməsini sübut etmək vəzifəsinə gəldikdə isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbini rəhbər tutan məhkəmə tərəflər bildirir ki, hər bir tərəf öz öhdəliyinin icrasını yerinə yetirdiyini sübut etmək vəzifəsi daşıyır. Belə ki, həmin maddəyə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Kreditor “xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin öz öhdəliyi icra edərək məişət əşyasını borcluya verməsi təhvil-təslim aktından aydın olur. Belə ki, məhkəməyə təqdim edilmiş 25 sentyabr 2020-ci il tarixli, 6076 nömrəli təhvil-təslim aktından, yəni müqaviləyə əlavədən “xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin Borclu 25 sentyabr 2020-ci il tarixli, ******* nömrəli müqavilə üzrə SAMSUNG 55 markalı televizoru təhvil verməsi müəyyən edilir. Ərizəyə əlavə edilmiş 28 aprel 2021-ci il tarixli, 34 nömrəli pretenziya məktubundan isə görünür ki, Borclu 25 sentyabr 2020-ci il tarixli, ******* nömrəli müqavilədən irəli gələn öhdəliklərini lazımınca icra etmir. Müqavilənin 2.1-ci bəndindən o da aydın olur ki, müqavilə tərəflərin razılığına əsasən imzalandığı gündən qüvvəyə minir və tərəflər üçün icrası məcburidir. Ərizəyə əlavə olunmuş sənədlərlə kreditor “xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin tələbinin aşkar olduğu, tələbin sadə yazılı formada bağlanmış əqdə və borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə bildirir ki, “xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin Borclu qarşı olan borcun qaytarılması barədə tələbi əsaslıdır. Borcun miqdarına gəldikdə isə, ərizəyə əlavə edilmiş 31 may 2021-ci il tarixli, 38 nömrəli maliyyə arayışından aydın olur ki, 25 sentyabr 2020-ci il tarixli, ******* nömrəli müqavilə üzrə əsas borc 1322.52 (bir min üç yüz iyirmi iki manat, əlli iki qəpik) manat təşkil edir. Kreditorun borcluya qarşı olan tələbində cərimənin ödənilməsini də tələb etdiyindən bununla bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinin tələbini tərəflərin nəzərinə çatdırır. Həmin maddəyə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Tərəflər arasında bağlanmış müqavilədən 8.1 və 8.2-ci bəndləri ilə müəyyən edilir ki, cərimənin ödənilməsi alıcını öhdəliklərdən azad etmir. Alıcı satılan əşyanın qiymətinin müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə gecikdirilmiş məbləğdən həmin məbləğin ödənilməli olduğu gündən ödənildiyi günədək hər gün üçün 1 (bir) faiz cərimə ödəyir. Alıcı satılan əşyanın qiymətinin müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və gecikdirilmiş məbləğ əşyanın qiymətinin 50faizindən dən artıq olduqda satıcının öz mülahizəsinə əsasən əşyanın qiymətinin vaxtından əvvəl ödənilməsini və ya əşyanın qaytarılmasını alıcıdan tələb edə bilər. Bu tələb alıcı tərəfındən 3 (üç) gün müddətində yerinə yetirilməlidir. Tələb yerinə yetirilmədikdə, alıcı hər gecikdirilmiş gün üçün əşyanın qiymətinin 1 faiz cərimə ödəyir. Qeyd edilənlərdən “xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin Borclu qarşı olan cərimə borcunun ödənilməsi tələbinin də əsaslı olması müəyyən edilir. Cərimə borcunun miqdarına gəldikdə isə, maliyyə arayışından aydın olur ki, 25 sentyabr 2020-ci il tarixli, ******* müqavilə üzrə cərimə borcu 132 (bir yüz otuz iki) manat cərimə təşkil edir. Yuxarıda qeyd olunanları qanunvericiliyin tələbləri daxilində tədqiq edərək, belə nəticəyə gəlirəm ki, kreditorun tələbi təmin olunmalı və tələb üzrə məhkəmə əmri verilməlidir. Məhkəmə tərəfindən kreditorun tələbinin əsaslı saydığından onu da bildirir ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə məhkəmə əmri verilməli olduğundan kreditor tərəfindən ərizə verilən zaman ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu borcludan alınaraq kreditora ödənilməlidir. Məhkəmə əmri verilməli olduğundan borclulara izah edilir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284.1-ci maddəsinin tələbinə görə məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Lakin məhkəmə əmrindən şikayət edilə bilməməsi borclunun kreditorun tələbini mübahisələndirməsi hüququndan məhrum etmir. Belə ki, həmin Məcəllənin 282-ci maddəsinə əsasən borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284.2-ci maddəsinin tələbəbinə görə əgər müəyyən edilmiş müddətdə məhkəməyə borclunun etirazı daxil olmazsa, hakim kreditora dərhal məhkəmənin möhürü ilə təsdiq edilmiş icrası məcburi olan məhkəmə əmrinin surətini verir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 275, 276, 280 və 281-ci maddələrini rəhbər tutaraq ə m r e t d i m: 25 sentyabr 2020-ci il tarixli, ******* nömrəli müqavilə üzrə 1322.52 (bir min üç yüz iyirmi iki manat, əlli iki qəpik) manat əsas, 132 (bir yüz otuz iki) manat cərimə borcu olmaqla, ümumilikdə 1454.52 (bir min dörd yüz əlli dörd manat, əlli iki qəpik) manat məbləğində borc və ərizənin verilməsi ilə bağlı ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu “23” mart 1981-ci ildə Babək rayonu, Zeynəddin kəndində doğulan, həmin kənddə qeydiyyatda olan, Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumata əsasən işsiz Borclu “xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün ərzində verilmiş tələbə və ya onun hissəsinə qarşı Babək Rayon Məhkəməsini yazılı xəbərdar etməklə etiraz edə bilər. Hakim: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №2(079)-326/2021
Naxçıvan MR Babək Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(079)-326/2021
17.06.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver