Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-352/2023 19.07.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, iddiaçının nümayəndəsi Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər bir uşaq üçün sabit məbləğdə 220 (iki yüz iyirmi) manat olmaqla ümumilikdə 440 manat alimentin alınaraq ona ödənilməsi barədə qətnamə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq bildirmişdir ki, Cavabdeh ilə xx.xx.2011-ci ildə rəsmi nikah qeyd etdirərək evlənmişik. Birgə nikahdan iki övladımız xx.xx.2021-ci il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X3 doğulmuşdur. Cavabdeh ilə evləndikdən sonra 10 il övladımız olmamışdır. 13 iyul 2011-ci ildə övladlarımız doğulduqdan sonra, əməliyyat olduğum üçün xəstəxanadan evə deyil, anamın mənə qulluq etməsi üçün ata evinə getdim. Qızlarıma ad qoymaq istəyərkən Oruc onların birinə anasının adını qoyacağını bildirdi. Mən, buna razı olmadığımdan aramızda narazılıq oldu. Həmin vaxtdan artıq mən öz evimizə qayıtmadım, uşaqlarla bərabər atam evində qaldım. Bildirmək istəyirəm ki, həmin vaxtdan da bir dəfə olsun nə maddi nə də ki, mənəvi formada bizimlə maraqlanmadı. Mən, özüm analıq məzuniyyətindəyəm. Cavabdeh isə söküntü malların alqı-satqısı ilə məşğul olur. Onun gəliri barədə məlumatım olmasa da uşaqlarının normal saxlanılması üçün aliment ödəyə biləcəyini bilirəm. Hazırda uşaqların saxlanılmasında maddi cəhətdən çətinlik çəkirəm. Onların tələbatlarını valideynlərim qarşılayır. Bu səbəbdən də cavabdehdən övladlarının saxlanması üçün hər ay hər birinə 220 manat aliment alınıb verilməsini və alimentin tutulmasını 27 aprel 2023-cü ildən hesablanmasını istəyirəm. Məhkəmənin nəzərinə çatdırmaq istəyirəm ki, Cavabdeh uşaqların saxlanması üçün alimentin alınıb verilməsilə bağlı məhkəməyə müraciət edənədək tədbirlər görmüşəm. Belə ki, bununla bağlı 27 aprel 2023-cü ildə mediasiya təşkilatında baxılması üçün cavabdehə təklif göndərmişəm. Cavabdeh təklifdən aliment verəcəyini bildiyi halda buna əhəmiyyət verməmiş, 17 may 2023cü ildə keçirilən ilkin mediasiya sesiyasında aliment verməyəcəyini bildirmişdir. Tələbimin əsası kimi istinad etdiyim fakt və halları sübutlar siyahısı olaraq təsdiq edilmiş nikahın bağlanması haqqında və doğum haqqında şəhadətnamələrin surətlərini və mediasiya arayışını ərizəmə əlavə edirəm. Həmçinin bildirirəm ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanuna uyğun olaraq 17 may 2023-cü il tarixdə keçirilən ilkin mediasiya sesiyasında cavabdehlə razılığa gəlinməmişdir. İddiaçının vəkil-nümayəndəsi Vəkil məhkəmə hazırlıq iclasında iddia tələbinin həcminin artırılması ilə bağlı ərizə ilə müraciət edərək hər ay hər bir uşaq üçün sabit məbləğdə 220 (iki yüz iyirmi) manat olmaqla ümumilikdə iki uşaq üçün 440 manat məbləğində alimentin 27 aprel 2023-cü il tarixdən hesablanmaqla alınıb verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən iddia tələbinin həcminin artırılması barədə ərizə nəzərə alınmaqla mülki işə həcmi artırılmış-dəyişdirilmiş iddia elementləri nəzərə alınmaqla baxılmışdır. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. MPM-in 185-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə iddiaçının iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. İddiaçının vəkil-nümayəndəsi Vəkil məhkəmə iclasında verdiyi izahatında hüquqlarını müdafiə etdiyi İddiaçı 2011-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçərək cavabdehlə ailə həyatı qurduğunu, tərəflərin birgə nikahlarından 10 dekabr 2021-ci il tarixdə Əlmərdanova Zümra və Əlmərdanova Zümrüd adlı əkiz övladlarının dünyaya gəldiyini, iddiaçının uşaqlar anadan olduqdan sonra xəstəxanadan birbaşa anasının ona qulluq etməsi üçün ata evinə getdiyini, uşaqların birinə ad qoyma məsələsində tərəflər arasında narazılıq yarandığını, iddiaçının cavabdehin evinə qayıtmadığını, həmin vaxtdan bəri tərəflərin ayrı yaşadıqlarını, bu müddətdə cavabdehin uşaqların saxlanmasında iddiaçıya maddi yardım etmədiyini, cavabdehə mediasiya prosesinin tətbiqi barədə təkliflə müraciət olunarkən həmin vaxtdan etibarən uşaqlara aliment ödəməyi təklif etsə də onun bununla razılaşmadığını, nikah pozulmadan aliment ödəyə bilməyəcəyini bildirdiyini, halbuki xx.xx.2023-cü il tarixdən etibarən təklifi göndərməklə həmçinin cavabdehlə şifahi şəkildə alimenti ödəməyə təklif etdiyini, bu səbəbdən də alimentin tutulmasının əvvəlinin Ailə Məcəlləsinin 100.3-cü maddəsi nəzərə alınmaqla həmin vaxtdan hesablanmasını xahiş etdiyini, iddiaçının Babək rayon Vergilər İdarəsində müfəttiş işlədiyini və təxminən 800 manat civarında əmək haqqı aldığını, uşaqlar doğulduğu vaxtdan məzuniyyətdə olduğunu, işə qayıtsa da uşaqların baxımı ilə əlaqədar olaraq onların 3 yaşına qədər qismən ödənişli sosial məzuniyyətə çıxdığını, qarşı tərəfin gəlirləri barədə sübutunun olmadığını, iddiaçının bildirdiyinə görə cavabdehin söküntü mallarının satışı ilə məşğul olduğunu bildirmiş, iddia tələbinin həcminin artırılması barədə ərizə nəzərə alınmaqla iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddiaçı ilə 13 iyul 2011-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurduqlarını, birgə nikahlarından 2 əkiz övladlarının dünyaya gəldiyini, iddiaçının Babək rayon Vergilər İdarəsində müfəttiş işlədiyini, aylıq əmək haqqının 1000 manata yaxın olduğunu, iddiaçının mart ayından sosial məzuniyyətdən işə qayıtmalı olduğunu, özünün Limon marketin yaxınlığında dostu İlqar Əliyevə məxsus söküntü materialları satışı sexində sürücü işlədiyini, ayda 10 gün işə çıxdığını, gündəlik 20 manat pul aldığını, başqa heç bir gəlirinin olmadığını, həmçinin birgə nikah dövründə 8000 manat kredit götürdüklərini, krediti ödəyə bilmədiyi üçün Naxçıvan Bankın ona qarşı iddia qaldıracağını, hazırda həmin borcu ayda 268 manat olmaqla bacısı oğlunun ona borc olaraq ödədiyini, əlavə olaraq birinci nikahından olan xx.xx.2006-cı il təvəllüdlü Əlmərdanova Fatimənin saxlanılması üçün ayda 100 manat aliment ödədiyini, nikah dövründə tikdikləri evi iddiaçının bacısının adına saldırdığını, həmin evdə hazırda özünün yaşadığını, həmçinin iddiaçının adına Babək şəhərində torpaq sahəsi aldığını, əvvəllər gəlirinin yaxşı olduğunu, lakin hazırda Abadlıq və Təmir Tikinti İdarəsində işlədiyini və qazancının yaxşı olduğunu, lakin iddiaçya hamiləlik müddətində yataq şəraitində özü baxdığı üçün həmin işdən ayrıldığını, tələb olunan alimenti ödəməyə gücünün çatmadığını, mediasiya təklifinin gəldiyi vaxt nikah pozulmadan aliment ödəməyəcəyini bildirdiyini, daha sonra isə mediasiya prosesində cəmi 200 manat aliment ödəyə biləcəyini iddiaçı tərəfə bildirdiyini, lakin onun buna razı olmadığını, əgər buna razı deyildisə nikahın pozulması barədə iddia qaldırmalı olduğunu, nikahları olduğu halda ona aliment ödəməyə razı olmadığını, iddianı yalnız iki uşağa birlikdə 200 manat aliment ödəməyə dair hissədə qəbul etdiyini, 11 ildir ki, ailəli olduqlarını, bu müddətdə övladı olması üçün iddiaçını bütün müalicələrə apardığını, özünün Naxçıvan Dövlət Universitetin İqtisadiyyat Fakultəsini bitirdiyini, lakin ixtisası üzrə işləmədiyini, hazırda işsiz olduğunu, bacısı və bacısının ərinin yol qəzasında vəfat etdiyini, bunun uşaqlar doğulan ərəfəyə təsadüf etdiyini, buna görə də bir müddət ailə-uşağı ilə maraqlana bilmədiyini, iddianı qismən qəbul etdiyini bildirmişdir. Mülki işin materiallarını tədqiq edən məhkəmə qeyd edir ki, xx.xx.2021-ci il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X1 atasının Cavabdeh, anasının isə İddiaçı olduğu işin mübahisəsiz hallarıdır. Belə ki, iş materiallarına əlavə edilmiş AZ-İ seriyalı, 602681 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən belə məlum olur ki, tərəflər arasında rəsmi nikah münasibətləri mövcuddur. İş materiallarına əlavə edilmiş AZ-İV seriyalı 631636 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən belə məlum olur ki, atası Cavabdeh, anası İddiaçı olan X4 10 dekabr 2021-ci ildə doğulmuşdur. Həmçinin iş materiallarına əlavə edilmiş AZ-İV seriyalı 631635 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən belə məlum olur ki, atası Cavabdeh, anası İddiaçı olan X3 10 dekabr 2021-ci ildə doğulmuşdur. İddiaçının nümayəndəsi və cavabdehin izahatından isə cavabdehin uşaqları saxlamaq vəzifəsini yerinə yetirmədiyi məlum olur. Məhkəmə uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün cavabdehdən hər ay bir uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla, iki uşaq üçün 440 (dörd yüz qırx) manat sabit pul məbləğində alimentin alınaraq iddiaçıya verilməsi ilə bağlı tələbi barədə aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Ailə Məcəlləsi (bundan sonra - “AM”) uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. AM-in 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə qanunvericiliyində məhkəmə qaydasında alimentin tutulmasının 2 qaydası müəyyən edilmişdir: - aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında; - sabit pul məbləğində. Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsaitin tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Göründüyü kimi qanunverici göstərilən maddədə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin sabit məbləğdə tutulmasının bir neçə əsasını müəyyən etmişdir. Bu əsaslardan hər hansı biri mövcud olduqda alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Məhkəmə, alimenti qazancın (gəlirin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır. Qanunvericinin yuxarıda göstərilən maddədə müəyyən etdiyi əsas şərtlərdən biri də ondan ibarətdir ki, alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir. (Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin qərarı). Məhkəmə alimentin sabit pul məbləğində tutulmasından imtina üçün əsasların müəyyən edilməməsini nəzərə alaraq və sübutetmə yükünün bölüşdürülməsinin ümumi qaydasını rəhbər tutaraq alimentin sabit məbləğdə tutulması ilə bağlı iddiaçının tələbini əsaslı sayır. AM-in 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Konstitusiya Məhkəməsinin yuxarıda adı çəkilən qərarına əsasən məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Sözügedən halların araşdırılmasının nəticəsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. İddiaçının nümayəndəsinin və cavabdehin izahatından iddiaçının Babək rayon Vergilər idarəsində müfəttiş vəzifəsində işləyib əmək haqqı aldığı müəyyən olunur. Azərbaycan Respublikası Məhkəmələrinin Elektron Məhkəmə İnformasiya Sistemindən cavabdehin gəlir məlumatları üzrə çıxarışdan və cavabdehin izahatından onun əmək müqaviləsi bağlamadığı, pensiya və sosial ödəniş almadığı müəyyən olunmuşdur. Azərbaycan Respublikası Məhkəmələrinin Elektron Məhkəmə İnformasiya Sistemindən cavabdehin qohumluq münasibətləri üzrə çıxarışdan hazırda aliment tələb olunan uşaqlardan başqa yetkinlik yaşına çatmayan bir uşağının olduğu müəyyən olunur. Azərbaycan Respublikası Məhkəmələrinin Elektron Məhkəmə İnformasiya Sistemindən cavabdehin mülkiyyətində 67BH558 dövlət qeydiyyat nişanlı istehsal ili 2014-cü il olan CHERY T11 MİNİK avtomobilinin olduğu müəyyən olunur. Azərbaycan Respublikası Məhkəmələrinin Elektron Məhkəmə İnformasiya Sistemindən tərəflərin əmlak məlumatları üzrə çıxarışdan onların mülkiyyətində daşınmaz əmlakının olmadığı müəyyən olunur. Buna baxmayaraq cavabdehin izahatı əsasında müəyyən olunmuşdur ki, cavabdehin söküntü materialları satışı sexində sürücü işləyib əmək haqqı alır. Həmçinin iddiaçının vəkil-nümayəndəsinin izahatı əsasında müəyyən olunmuşdur ki, uşaqlar hazırda anası ilə qalır və uşaqlara qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi iş üzrə iddiaçının üzərinə düşür. Uşaqların əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə alır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. MPM-in 13.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə mübahisələri Azərbaycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, qanunlara, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına, habelə Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə əsasən həll edir. Bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir (Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin qərarı). Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə ilk olaraq Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə iddia tələbinin alimentin yaşayış minimumu həddində təyin edilməsi ilə hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Həmçinin ali qanunun 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Bundan əlavə “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. ”İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Yuxarıda qeyd edilən maddi hüquq normaları, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində əks olunmuş bərabərlik hüququnun mahiyyətindən belə məlum olur ki, uşaqlara münasibətdə valideynlər bərabər hüquq və vəzifələrə malikdir. Bu isə onu deməyə əsas verir ki, hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcləri ilə təmin edilməsində hər iki valideyn bərabər və eyni öhdəliyə sahibdir. Məhkəmə yuxarıda göstərilən maddi hüquq normalarını, uşaqlar barəsində valideynlərin bərabər hüquq və vəzifələrə malik olmasını, uşaqların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini, 2023-cü ildə ölkədə yaşayış minimumunun uşaqlar üçün 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilməsini, yetkinlik yaşına çatmayan uşaqların hazırda ananın yanında yaşamaqla məişət qayğılarının onun üzərinə düşməsini, tərəflərin gəlirlərinin vəziyyətini nəzərə alaraq, belə nəticəyə gəlir ki, yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün Cavabdeh hər ay bir uşağın saxlanılması üçün 180 (bir yüz səksən) manat, iki uşaq üçün 360 (üç yüz altmış) manat olmaqla sabit pul məbləğində aliment tutularaq uşaqların anasına ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Eyni zamanda Ailə Məcəlləsinin 100.3-ci maddəsinə görə məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. İddia ərizəsinə əlavə olunmuş mediasiya prosesinin tətbiqi barədə təklifdən belə məlum olur ki, İddiaçı vəkili vasitəsilə xx.xx.2023-cü il tarixdə cavabdehə aliment tələbinə dair təkliflə müraciət etmiş, təklif rəsmi qaydada cavabdehə göndərilmiş, xx.xx.2023-cü il tarixdə ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi arayış tərtib olunmuş, arayışda hər iki tərəfin mediasiya prosesini davam etdirməyə razılıq vermədiyi qeyd olunmuşdur. Həmçinin cavabdeh məhkəmə hazırlıq iclasında mediasiya prosesi zamanı cavabdehə nikah pozulmadan aliment ödəyə bilməyəcəyini, daha sonra isə iki uşağa birlikdə cəmi 200 manat aliment ödəyə biləcəyini bildirdiyini qeyd etməklə, tələb olunan alimenti ödəməkdən boyun qaçırdığını qismən qəbul etmiş, bunun əksini təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, indiyə qədər uşaqların saxlanılması üçün vəsait ödəmədiyini bildirmişdir. Bununla da iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırmasının müəyyən olunduğunu nəzərə alan məhkəmə belə hesab edir ki, alimentin tutulmasının əvvəli alimentin alınması üçün tədbirlərin görüldüyü xx.xx.2023-cü il tarixdən hesablanmaldır. Aliment tələbinin icra edilməsi anı ilə bağlı isə məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsində dərhal icra olunmalı qətnamələrdən biri kimi şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması qeyd olunmuşdur. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, MPM-in 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda 63.2 manat (altmış üç manat iyirmi qəpik) məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. 12X360=4320 30+(3320X1%)=63.2 Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, xx.xx.2023-ci il tarixdən hesablanmaqla, xx.xx.2021-ci il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün iş üzrə Cavabdeh hər ay bir uşağın saxlanılması üçün 180 (bir yüz səksən) manat olmaqla, iki uşaq üçün 360 (üç yüz altmış) manat olmaqla, sabit pul məbləğində aliment tutulub uşaqların anası İddiaçı ödənilməli, iddia qalmış hissədə rədd edilməli, qətnamə alimentə dair hissədə dərhal icra olunmalı, Cavabdeh 63.2 manat (altmış üç manat iyirmi qəpik) məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin edilsin. xx.xx.2023-ci il tarixdən hesablanmaqla, xx.xx.2021-ci il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün iş üzrə Cavabdeh hər ay bir uşağın saxlanılması üçün 180 (bir yüz səksən) manat olmaqla, iki uşaq üçün 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment tutulub uşaqların anası İddiaçı ödənilsin. İddia qalmış hissədə rədd edilsin. Qətnamə alimentə dair hissədə dərhal icra olunsun. Cavabdeh 63.2 manat (altmış üç manat iyirmi qəpik) məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(079)-352/2023
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-352/2023
19.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver