Məhkəmə qərarları › İş №2(079)-354/2022

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-354/2022

15.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-354/2022 15.08.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı 06 iyul 2022-ci ildə iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək cavabdehlə aralarında bağlanmış nikahları pozulmadan birgə nikahlarından doğulmuş uşaqları 28 sentyabr 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay 193 (bir yüz doxsan üç) manat məbləğində alimentin və “Mediasiya haqqı” olaraq ödədiyi 50 (əlli) manat xərcin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdir ki, Cavabdeh ilə 09 iyun 2017-ci ildə rəsmi nikaha daxil olmuşam. Bu barədə Babək rayon qeydiyyat şöbəsində olan nikahın bağlanması haqqında akt qeydləri kitabında 09 iyun 2017-ci il tarixdə 95 nömrə ilə qeyd aparılmışdır. Birgə nikahımızdan 28 sentyabr 2018-ci il təvəllüdlü X2 dünyaya gəlmişdir. Cavabdehla əvvəllər normal ailə münasibətlərimiz olub. Əvvəl Bakı şəhərində, sonra Qusar rayonunda yaşamışıq. Lakin 2021-ci ilin fevral ayında nənəmin qırx mərasimində iştirak etmək üçün Naxçıvana atamgilə getdim. Mənim ayağımda varikoz var idi. Atam bunu bilən kimi Cavabdeh zəng etdi ki, qohumlarınızın klinikasında əməliyyat etdirmək lazımdır, lakin Elxan razı olmadı. Ona görə də, atam başqa xəstəxanada əməliyyat etdirdi. Həmin vaxtdan cavabdeh məni evimizə aparmadı və mən uşağımla birlikdə atam evində qalmalı oldum. Hazırda da qeyd etdiyim ünvanda atamgillə birlikdə yaşayıram. Cavabdeh həmin vaxtdan uşağın saxlanması üçün pul göndərmir. Özüm isə tək başına uşağı saxlamaqda maddi çətinlik çəkirəm. Ayrı yaşadığım müddətdə Cavabdeh cəmi bir dəfə, 2022-ci ilin yanvar ayında uşağın cibinə 50 manat pul qoyub. Kənar adamlardan eşidirəm ki, məndən boşanmaq fikrindədir. Göründüyü kimi aramızda olan nikah pozulmamışdır. Lakin cavabdehlə 2021-ci ilin fevral ayından bu günə kimi ayrı yaşayırıq. O, uşağı ilə maraqlanmır, onun qayğısına qalmır, onun saxlanması üçün hər hansı məbləğdə vəsait göndərmir. Uşaq isə göstərdiyim kimi mənimlə birlikdə yaşayır. Cavabdehin rəsmi iş yeri yoxdur. Başqa sözlə onun qazancı (gəliri) dəyişəndir. Aramızda uşağa aliment ödənilməsi barədə saziş də bağlanmamışdır. Beləliklə də, birgə nikahımızdan doğulmuş uşağımızın saxlanması üçün yetkinlik yaşına çatana kimi hər ay minimum 193 manat sabit pul məbləğində aliment Cavabdeh tutulub mənə ödənilməlidir. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Mən də iddia qaldırmazdan əvvəl Bakı 3 saylı Mediasiya Təşkilatına müraciət etdim. Lakin razılığa gəlmədiyimizdən mənə müvafiq arayış verildi. Ondan sonra mən məhkəməyə müraciət edirəm. İş üzrə qətnamə çıxarılarkən mediasiya haqqı olaraq ödədiyim 50 (əlli) manat da, Cavabdeh tutulub mənə ödənilməlidir. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilsə də onlar məhkəmə iclasında iştirak etməmişdi. İddiaçının nümayəndəsi Nümayəndə 04 avqust 2022-ci ildə teleqramla məhkəməyə müraciət edərək hazırda qızı Aynurun himayəsində azyaşlı uşağı olduğundan, özü isə işlədiyindən onların iştirakı olmadan işə baxılmasını xahiş etdmişdi. Cavabdeh tərəf isə məhkəmə iclasında iştirak etməməsinin səbəbi barədə məhkəməyə əvvəlcədən məlumat verməmişdi. Cavabdeh 09 avqust 2022-ci ildə ərizə ilə məhkəmə müraciət edərək bildirmişdi ki, İddiaçı ilə 09 iyun 2017-ci ildə rəsmi qaydada nikaha daxil olaraq ailə qurmuşuq. Birgə nikahımızdan 28 sentyabr 2018-ci il təvəllüdlü X2 adlı övladımız doğulmuşdur. İlk vaxtlar iddiaçı ilə ailə həyatımız normal olsa da sonradan aramızdakı anlaşılmazlıqlar münasibətlərimizin kəskinləşməsinə səbəb oldu və arvadım oğlumuzu da götürərək atası evinə getdi. Hazırda orada yaşayırlar. O, nikahımız pozulmadan birgə nikahdan olan oğlumuz X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün məndən hər ay 193 (bir yüz doxsan üç) manat məbləğində alimentin tutularaq ona ödənilməsi barədə Babək Rayon Məhkəməsində iddia qaldırıb. Bildirirəm ki, mənim daimi iş yerim və sabit gəlirim yoxdur. Həmçinin bildirirəm ki, aylıq qazancım 300-400 manat təşkil edir. Ancaq buna baxmayaraq başa düşürəm ki, uşağı saxlamaq və onun qayğısına qalmaq valideynlərin borcudur. Mən də övladımızın saxlanılması üçün aliment ödəməliyəm. Ancaq iddia ərizəsində göstərildiyi kimi hər ay 193 (bir yüz doxsan üç) manat ödəməyə mənim imkanım çatmır. Mən hər ay ən çoxu 150 (bir yüz əlli) manat ödəyə bilərəm. Qeyd etdiklərimi nəzərə alıb, hər ay məndən 150 (bir yüz əlli) manata aliment tutularaq cavabdehə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edirəm. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 172.1 və 185-ci maddələrinin tələbinə əsaslanaraq işdə iştirak edən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki işin materiallarını tədqiq edərək məhkəmə müəyyən edir ki, tərəflərin 09 iyun 2017-ci tarixdə nikaha daxil olması, onların birgə nikahından X2 adlı uşağın dünyaya gəlməsi, tərəflərin hazırda ayrı yaşaması, onların birgə nikahından olan uşağın anası, yəni iş üzrə iddiaçının yanında qalması işin mübahisəsiz hallarıdır. Bu faktların işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: -iddia ərizəsinə əlavə edilən və Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 09 iyun 2017-ci il tarixli, AZ-İ seryalı, 883728 nömrəli nikah haqqında şəhadətnamənin surətindən və "Elektron Məhkəmə" informasiya sistemi çıxarılmış məlumatlardan Cavabdeh ilə X4 arasında nikah bağlanması, bunun nikahın bağlanması haqqında akt qeydləri kitabında 95 nömrə ilə qeyd edilməsi, nikah bağlanması zamanı iddiaçının özünə cavabdehin soyadını, yəni “Süleymanova” soyadını seçməsi; -iddia ərizəsinə əlavə edilmiş və Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 30 noyabr 2018-ci il tarixli, AZ-İV seriyalı, 162123 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən tərəflərin 28 sentyabr 2018-ci ildə X2 adlı uşağın dünyaya gəlməsi; -iddia tələbindən tərəflərin ayrı yaşaması və onların birgə nikahından olan uşağın iddiaçının yanında yaşaması aydın olur. İddiaçının cavabdehlə birgə nikahından olan övladı X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh 193 (bir yüz doxsan üç) manat miqdarında aliment tələb etməsi işin mübahisə halıdır. İşin mübahisəli halını həlli ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan şəxslər arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunverciliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti, yəni alimenti ödəməyə borclu olur. Ailə qanunvericiliyinin tələbinə əsasən məhkəmə qaydasında alimentin tutulmasının iki qaydası müəyyən edilib: aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında və sabit pul məbləğində. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində və “Uşaq hüquqları haqqında Azərbaycan Respublikası Qanunun 19cu maddəsində əks olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsində uşağın saxlanılması üçün alimentin sabit pul məbləğində tutulmasını əsası kimi şəxsin bu barədə olan xahişi qeyd olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də, aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd olunan maddi hüquq normalarını mülki iş materialları ilə qarşılıqlı şəkildə əlaqələndirən məhkəmə belə hesab edir ki, iddiaçının tələbi əsaslıdır. Alimentin miqdarının müəyyən edilməsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq, müəyyən edilir. İddiaçı övladı X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 193 (bir yüz doxsan üç) manat miqdarında aliment tələb etsə də, bu məbləğlə bağlı öz tələbini əsaslandıran faktları təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilməmişdi. Cavabdeh isə məhkəməyə göndərdiyi ərizədə övladının saxlanılması üçün hər ay iddiaçıya 150 (bir yüz əlli) manat ödəyə biləcəyini qeyd etmişdi. Məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövZəhraudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Alimentin miqdarı ilə bağlı iddiaçı tərəf öz tələbini əsaslandıran halları sübuta yetirə bilmədiyindən məhkəmə qanunvericiliyin tələbini nəzərə alaraq belə hesab edir ki, alimentin miqdarının qanunverciliyin tələbləri və cavabdehi ərizəsi nəzərə alınmaqla təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe isə ondan ibarətdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, həmin Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2022-ci ildə ölkədə yaşayış minimumu uşaqlar üçün 193 (bir yüz doxsan üç) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə yuxarıda göstərilən maddi hüquq normalarını, uşaqlar barəsində valideynlərin bərabər hüquq və vəzifələrə malik olmasını, uşağın təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını, 2022-ci ildə ölkədə yaşayış minimumunun uşaqlar üçün 193 (bir yüz doxsan üç) manat məbləğində müəyyən edilməsini, uşağın iddiaçının yanında Bakı şəhərində qalması, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu vaxt ərzində onun üzərinə düşməsini, aliment ödənilməli olan uşağın sayını, saxlanılması üçün aliment təyin edilməsi tələb edilən uşağın yaşını və cavabdehin ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, iddiaçının tələbi qismən təmin edilməli və yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün hər ay cavabdehdən 150 (bir yüz əlli) manat məbləğində aliment tutulmalıdır. Aliment sabit pul məbləğində müəyyənləşdirilərkən o nəzərə alınmışdır ki, uşağın saxlanması üçün aliment tələb edən iş üzrə iddiaçı isə alimentin sabit pul məbləğində müəyyənləşdirilməsini xahiş edir. Alimentin hansı vaxtdan tutulması məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından aydın olur ki, İddiaçı Babək Rayon Məhkəməsinə 06 iyul 2022-ci il tarixdə müraciət etmişdir, buna görə də alimentin tutulmasının əvvəli həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsində dərhal icra olunmalı qətnamələrdən biri kimi şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması qeyd olunduğundan qətnamə dərhal icra edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq, iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyindən, iddianın (12x193=2316) təmin edilmiş hissəsinə (12x150=1800) mütənasib olan (78 faiz ) 33 (otuz üç) manat, 66 (altmış altı) qəpik miqdarında dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Bundan əlavə iddiaçı tələbində məhkəməyə müraciət etməsi ilə bağlı çəkdiyi mediasiya xərcini cavabdehdən tələb etdiyindən məhkəmə bildirir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 01 iyul 2021-ci ildən qüvvədə olan “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2019-cu il tarixli, 308 nömrəli qərarı ilə müəyyən edilir ki, ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə mediasiya xərci 50 (əlli) manatdır. İddiaçının məhkəməyə təqdim etdiyi Bakı 3 saylı Mediasiya Təşkilatının 28 aprel 2022-ci il tarixli, MŞB/3-00861 nömrəli arayışından və ona əlavə edilmiş 28 aprel 2022-ci il tarixli, 17031 nömrəli qəbzdən İddiaçı məhkəməyə müraciət etməzdən öncə ilkin mediasiya sessiyasında iştirak etməsi və bununla bağlı 50 (əlli) manat məbləğində mediasiya xərcini çəkməsi müəyyən edilir. Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsi ilə müəyyən edilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0-ci maddəsində isə işə baxılması ilə əlaqədar məsrəflərin dairəsi müəyyən edilmişdi ki, bunlara aşağıdakılar daxildir: - şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; - yerində müayinə keçirilməsi ilə əlaqədar olan xərclər; - tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər; - tərəflərin və üçüncü şəxslərin məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarə xərcləri; - nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; - vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; - cavabdehin axtarılması ilə əlaqədar xərclər; - qətnamənin icrası ilə əlaqədar xərclər; - məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər. İddiaçının 50 (əlli) manat mediasiya xərci ödəməsi onun məhkəməyə iddia tələbi ilə müraciət etməsi ilə bağlı zəruri olduğundan məhkəmə bunu işə baxılması ilə əlaqədar zəruri hesab edilən digər xərclərə aid olduğunu hesab edir. Həmçinin məhkəmə onu da nəzərə alır ki, qanunvericilik aliment tələbi ilə bağlı iddiaçını məhkəmə xərclərindən azad edir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə isə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən və hazırki vəziyyətdə məhkəmə iddiaçının tələbini qismən əsaslı saydığından İddiaçı tərəfindən ödənilmiş mediasiya xərcinin iddianın təmin edilmiş hissəsinə mütənasib olan 39 (otuz doqquz) manat hissəsi cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia qismən təmin olunmalı; -06 iyul 2022-ci il tarixdən hesablanmaqla, 28 sentyabr 2018-ci ildə anadan olan X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh 150 (bir yüz əlli) manat miqdarında aliment tutularaq uşağın anası İddiaçı ödənilməli; - iddia qalan hissədə əsaslı olmadığından rədd edilməli; - Cavabdeh 33 (otuz üç) manat, 66 (altmış altı) qəpik miqdarında rüsum tutularaq dövlət büdcəsinə keçirilməli; - iddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat miqdarında mediasiya xərcinin 39 (otuz doqquz) manat hissəsi Cavabdeh alınaraq İddiaçı verilməli; - qətnamə alimentə dair hissədə dərhal icra olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin edilsin. 06 iyul 2022-ci il tarixdən hesablanmaqla 28 sentyabr 2018-ci ildə anadan olan X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh 150 (bir yüz əlli) manat miqdarında aliment tutularaq uşağın anası İddiaçı ödənilsin. İddia qalan hissədə əsaslı sayılmadığından rədd edilsin. Cavabdeh 33 (otuz üç) manat, 66 (altmış altı) qəpik miqdarında rüsum tutularaq dövlət büdcəsinə keçirilsin. İddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat miqdarında mediasiya xərcinin 39 (otuz doqquz) manat hissəsi Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamə alimentə dair hissədə dərhal icra olunsun. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar