Məhkəmə qərarları › İş №2(079)-361/2023

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-361/2023

10.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 2(079)-361/2023 10.07.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Ərizənin baxılmamış saxlanması haqqında Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı “01” iyun 2023-cü ildə iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək 04 iyul 2015-ci il tarixdə anadan olan X1 və 15 may 2021-ci il tarixdə anadan olan X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay bir uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla, ümumilikdə iki uşağa görə 440 (dörd yüz qırx) manat miqdarında aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O, tələbini əsaslandıraraq bildirmişdi ki, Cavabdeh ilə 17 iyun 2016-cı il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə nikahımızı rəsmiləşdirmişik. Bizim birgə nikahımızdan 04 iyul 2015-ci il təvəllüdlü X4 və 15 may 2021-ci il təvəllüdlü X5 dünyaya gəlmişdir. Ailə həyatı qurandan münasibətlərimiz yaxşı olmuşdur. Hər ikimiz normal yola gedirdik. Lakin hazırda cavabdeh içki içir və məni döyür, təhqir edir, ümumiyyətcə ailəsinə və uşaqlara baxmır. 2023-cü ilin təxminən fevral ayından azyaşlı övladlarımla birlikdə atamın evində yaşayıram. Atamın sayəsində uşaqları saxlayıram. Həmin zamandan uşağın saxlanılmasına cavabdeh köməklik etmir. Uşaq balaca olduğundan özüm heç bir yerdə işləmirəm. Cavabdeh isə övladımızın saxlanılmasında heç bir maddi olaraq köməklik etmir. Mediasiyaya müraciət etdim mediasiya prosesində cavabdeh iştirak etmədiyi üçün mediasiya arayış verərək məhkəməyə müraciət etməli olduğum bildirildi. İddia ərizəsi Babək Rayon Məhkəməsinin 01 iyun 2023-cü il tarixli qərardadı ilə icraata qəbul edilmiş, iş üzrə məhkəmə hazırlıq iclası 24 iyun 2023-cü il tarixə Babək Rayon Məhkəməsinin inzibati binasına təyin edilmişdi. Həmin hazırlıq iclasında tərəflər iştirak etmiş və iş üzrə məhkəmə baxışı iclası 10 iyul 2023-cü il tarixə, saat 1000-a Babək Rayon Məhkəməsinin inzibatina binasına təyin edilmişdi. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə tərəflərə 24 iyun 2023-cü il tarixli məhkəmə bildirişi məhkəmə hazırlıq iclasından sonra onlara şəxsən təqdim edilmiş, həmçinin iddiaçıya "Elektron Məhkəmə" informasiya sistemi vasitəsi SMS bildiriş göndərilmişdi. İddiaçı isə məhkəmə baxışı iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdi. Məhkəmə baxışı iclasında iştirak edən cavabdeh isə işin baxılmasını tələb etməmişdi. İşin qeyd edilən faktiki halını nəzərə alan məhkəmə bildirir ki, hazırki vəziyyətdə yaranmış hüquqi şərait İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə baxılmasına imkan vermir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0 və 259.0.7ci maddələrinin tələbinə görə işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh məhkəmə təqdim etdiyi ərizədən aydın olur ki, o, işə baxılmasını tələb etmir. Məhkəmə işin yuxarıda qeyd olunan hallarını və qanunvericiliyin sadalanan tələblərinin nəzərə alaraq hesab edir ki, hazırki vəziyyətdə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsi tətbiq olunmalı və İddiaçı verdiyi iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Çünki iş materiallarından aydın olur ki, hazırki iş üzrə iddiaçı məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırılmış, o, məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılıb-baxılmaması barədə məhkəməyə məlumat verməmişdi. İddiaçıya izah olunmalıdır ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 260.5-ci maddəsinə müvafiq olaraq məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzrlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, həmin Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.5-ci maddələrinə əsasən ərizənin baxılmamış saxlanılması dövlət rüsumunun geri qaytarılmasının əsaslarından biri kimi qeyd edildiyindən, İddiaçı iddia ərizəsi baxılmamış saxlanılmalı olduğundan və aliment tələbinə dair iddia tələbləri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarından, hazırda həmin məsələnin hüquqi həllinə ehtiyac yaranmır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r v e r d i: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçıya izah olunsun ki, onlar məhkəmə iclasında iştirak etməməsinin və bu haqda məhkəməyə məlumat verməməsinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim edərsə, bu zaman məhkəmə ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Qərardaddan o, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Babək Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar