Məhkəmə qərarları › İş №2(079)-374/2024

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-374/2024

03.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 2(079)-374/2024 03.06.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Ərizənin baxılmamış saxlanması haqqında Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı “06” may 2024-cü ildə iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 26 dekabr 2008-ci il təvəllüdlü X6, 06 mart 2010-cu il təvəllüdlü X4, 21 may 2011-ci il təvəllüdlü X7, 10 may 2013-cü il təvəllüdlü X5 və 13 may 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay bir uşağa görə 235 (iki yüz otuz beş) manat olmaqla, ümumilikdı beş uşaq üçün cəmi 1175 (min yüz yetmiş beş) manat miqdarında aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O, tələbini əsaslandıraraq qeyd etmişdir ki, Cavabdeh ilə 20 aprel 2020-ci il tarixdə Babək rayon qeydiyyat şöbəsində 26 nömrəli aktla nikahımız pozulmuşdur. Bizim birgə nikahımızdan 20 avqust 1999-cu il təvəllüdlü X2, 28 fevral 2001-ci il təvəllüdlü X9, 26 dekabr 2008-ci il təvəllüdlü X6, 06 mart 2010-cu il təvəllüdlü X4, 21 may 2011-ci il təvəllüdlü X7,10 may 2013-cü il təvəllüdlü X5 və 13 may 2014-cü il təvəllüdlü X8 doğulmuşdur. Nikah pozulduqdan sonra Babək rayon Məhkəməsinin 2(079)-329/2020 nömrəli, 02 oktyabr 2020-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh 5 (beş) uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün aylıq qazancının (başqa gəlirlərinin) yarısı miqdarında aliment tutularaq mənə ödənilməsi qət olunmuşdur. Mən Cavabdeh ilə öz aramızda razılaşmağımıza əsasən mən Babək Rayon İcra və Probasiya şöbəsinə ərizə verərək aliment tələbimdən imtina etmişdim. Lakin 3 (üç) il olar ki, Cavabdeh uşaqlarla maraqlanmır və heç bir maddi köməklik etmir. Özüm hal-hazırda heç bir yerdə işləmirəm. Uşaqlar böyüdükcə məktəb və təhsil xərcləri artır buna görə də mən onların saxlanılmasında çətinlik çəkirəm. 26 dekabr 2008-ci il təvəllüdlü X6, 06 mart 2010-cu il təvəllüdlü X4, 21 may 2011-ci il təvəllüdlü X7, 10 may 2013-cü il təvəllüdlü X5 və 13 may 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay sabit pul məbləğ olmaqla yaşayış minimumu həddində hər uşağa 235 (iki yüz otuz beş) manat olmaqla, cəmi 1175 (min yüz yetmiş beş) manat aliment ödənilməsini istəyirəm. Mediasiyaya aliment tələbi ilə bağlı müraciət etdim. Lakin cavabdeh ilkin mediasiya prosesində iştirak etmədiyi üçün mediasiya arayış verərək məhkəməyə müraciət etməli olduğum bildirildi. İddia ərizəsi Babək Rayon Məhkəməsinin 07 may 2024-cü il tarixli qərardadı ilə icraata qəbul edilmiş, iş üzrə məhkəmə hazırlıq iclası 03 iyun 2024-cü il tarixə Babək Rayon Məhkəməsinin inzibati binasına təyin edilmişdi. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə iddiaçıya 07 may 2024-cü il tarixli məhkəmə bildirişi, həmçinin SMS bildirişlə məlumat verilsə də, İddiaçı məhkəmə hazırlıq iclasında iştirak etmiş və bunun səbəbləri barədə məhkəməyə əvvəlcədən məlumat verməmişlər. Belə ki, sifarişli poçt göndərişinin verilməsi haqqında xəbərnamədən və "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatdan məhkəmə bildirişinin iddiaçıya rəsmi qaydada təqdim edilməsi müəyyən edilir. İşin yuxarıda qeyd edilən faktiki hallarına əsaslanan məhkəmə tərəflərə bildirir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0 və 259.0.7-ci maddələrinin tələbinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh məhkəmə təqdim etdiyi ərizədən aydın olur ki, o, işə baxılmasını tələb etmir. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “31” mart 2011-ci il tarixli, 3 nömrəli qərarının 2-ci bəndinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Məhkəmə işin yuxarıda qeyd olunan hallarını və qanunvericiliyin sadalanan tələblərinin nəzərə alaraq hesab edir ki, hazırki vəziyyətdə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsi tətbiq olunmalı və İddiaçı verdiyi iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Çünki iş materiallarından aydın olur ki, hazırki iş üzrə iddiaçı məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırılmış, o, məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılıb-baxılmaması barədə məhkəməyə məlumat verməmişdi. Yəni hazırki vəziyyətdə yaranmış hüquqi şərait mülki işə baxmağa imkan vermir. İddiaçıya izah olunmalıdır ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 260.5-ci maddəsinə müvafiq olaraq məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzrlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, həmin Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.5-ci maddələrinə əsasən ərizənin baxılmamış saxlanılması dövlət rüsumunun geri qaytarılmasının əsaslarından biri kimi qeyd edildiyindən, İddiaçı iddia ərizəsi baxılmamış saxlanılmalı olduğundan və aliment tələbinə dair iddia tələbləri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarından, hazırda həmin məsələnin hüquqi həllinə ehtiyac yaranmır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r v e r d i: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçıya izah olunsun ki, o, məhkəmə iclasında iştirak etməməsinin və bu haqda məhkəməyə məlumat verməməsinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim edərsə, bu zaman məhkəmə ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Qərardaddan o, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Babək Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar