Məhkəmə qərarları › İş №2(079)-378/2020

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-378/2020

13.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(079)-378/2020 13.11.2020 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh Zeyqəm oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh Zeyqəm oğluna qarşı “aliment” tələbinə dair mülki işə Babək Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı xx xxxxxxx 2020-ci il tarixdə iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh Zeyqəm oğlundan xx xxxxxx 2004-cü ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat miqdarında sabit pul məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirdi ki, Cavabdeh Zeyqəm oğlu ilə xx xxxxx 2003-cü il tarixdə rəsmi nikah bağlamaqla ailə həyatı qurublar, onların birgə nikahlarından xx xxxxxx 2002-ci il tarixdə doğulmuş X5 və xx xxxxxx 2004-cü il tarixdə doğulmuş X6 adlı uşaqları vardır, üç aya yaxındır o uşaqları ilə cavabdehdən ayrı yaşayır, buna səbəb isə cavabdehin evi tərk edib getməsi və məhkəmədə nikahlarının pozulması barədə iddia qaldırmasıdır, qızı İncinin xx xxxxxx 2020-ci il tarixdə 18 yaşı tamam olacağı üçün o qızı İncinin saxlanması üçün aliment tələb etməyir, digər övladı Surxay isə yetkinlik yaşına çatmayıbdır və halhazırda hər iki övladı onun himayəsindədir, o üç aydan çoxdur ki, uşaqlarını tək saxlayır, cavabdeh onlara heç bir maddi yardım etməyir, uşaqları artıq böyükdürlər və onların tələbatlarını o təkbaşına qarşılaya bilmir, Cavabdeh “X8 Sənayə Kompleksin”də işləyir və aylıq 600 manat əmək haqqı alır, cavabdehin oğlu Sunaya hər ay 170 manat aliment ödəmək imkanı vardır, övladının atası Cavabdeh bir ata kimi övladını saxlamağa borcludur, cavabdehin qazancı barədə onun məhkəməyə təqdim edəcək sübutu olmadığından məhkəmədən uşağının yaşını və ehtiyaclarının nəzərə alınaraq iddiasının təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmədə sualları cavablandıran İddiaçı bildirdi ki, cavabdehin gəlirləri barədə onda hər-hansı bir sübut yoxdur, xx xxxxxx 2020-ci il və xx xxxxxxxx 2020-ci il tarixlərdə o oğlu Sunayı əməliyyat etdiribdi, həmin imkansızlığından qızıllarını satıbdır uşağını müalicə etdiribdir, cavabdeh bir ata kimi uşağının sağlamlığı ilə maraqlanmayıbdır, əlavə uşağın digər xərclərində iştirakı ilə bağlı tələbi yoxdur. Məhkəmə iclasında cavabdeh qismində iştirak edən Cavabdeh Zeyqəm oğlu izahatında bildirdi ki, həqiqətən də İddiaçı ilə rəsmi nikahdadır və onların nikahlarından İnci və Sunay adlı övladları vardır, iddiaçı ilə ayrı yaşayır, övladları isə anaları İddiaçı yanında qalır, o İddiaçı ilə aralarında olan nikahın pozulması barədə məhkəmədə iddia qaldırıbdır, hal-hazırda o Babək rayonu, Zeynəddin kəndindəki evlərini tərk edib qardaşının yanında qalır, iddiaçı isə övladları ilə birlikdə həmin evdə yaşayırlar, onun qalmağa yeri yoxdur, hal-hazırda o “X8 Sənayə Kompleksin”də işləyir və onun əmək haqqısı sabit deyil, ilin noyabr - mart aylarında o 15 gün işləyir, ona görə də onun əmək haqqısı aşağı olur, o oğlu Sunay ilə maraqlanır, oğlunun məktəbli paltarını alıbdır, əlavə olaraq oğluna cib xərcliyi üçün arada imkanı olduğu qədər 3-5 manat verir, onun iddiaçının tələb etdiyi 170 manat alimenti ödəmək imkanı yoxdur, sonda Cavabdeh iddiaçının tələb etdiyi alimentin məbləğinin yüksək olduğunu, onun 100 manat aliment ödəmək imkanının olduğunu, bu barədə məhkəməyə ərizə təqdim etdiyini qeyd edən cavabdeh məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş etdi. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində olan məlumatdan görünür ki, İddiaçı Babək rayonu, Zeynəddin kəndində qeydiyyatdadır. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində olan məlumatdan görünür ki, Hacıyev X7 rayonu, Zeynəddin kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş AZ-İİ seriyalı 034779 nömrəli nikah haqqında çıxarışdan görünür ki, Cavabdeh Zeyqəm oğlu və İddiaçı arasında nikah xx xxxxx 2003-cü ildə bağlanmış, bu barədə akt qeydləri kitabında 68 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Babək Rayon Qeydiyyat Şöbəsi tərəfindən AZ-İ seriyalı, 471577 nömrəli doğum haqqında çıxarışdan görünür ki, X6 xx xxxxxx 2004-cü il tarixdə doğulmuş, doğum haqqında şəhadətnamənin ata qrafasında Cavabdeh Zeyqəm oğlu, ana qrafasında İddiaçı qeyd edilmişdir. İş materiallarında olan Babək Rayon İcra Hakimiyyətinin Zeynəddin kənd İƏDN-nin verdiyi xx xxxxxxx 2020-ci il tarixli 845 nömrəli arayışından görünür ki, İddiaçı Babək rayonu, Zeynəddin kəndində yaşayır. İş materiallarında olan Babək Rayon İcra Hakimiyyətinin Zeynəddin kənd İƏDN-nin verdiyi xx xxxxxxx 2020-ci il tarixli 847 nömrəli arayışından görünür ki, Hacıyev X7 rayonu, Zeynəddin kəndində yaşayır. Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddələrində isə qeyd olunur ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Həmin Məcəllənin 172.2.-ci maddəsinin tələbinə görə işə bərpa, aliment tutulması, dövlət orqanlarının, ictimai birliklərin, vəzifəli şəxslərin qərarlarının, hərəkətlərinin (və ya hərəkətsizliklərinin) düzgün olmaması barədə işlərə 1 ay müddətində baxılır və həll edilir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə ilk növbədə qeyd etmək istəyir ki, mülki işin materialları ilə və həmçinin tərəflərin izahatları ilə tərəflərin xx xxxxx 2003-cü il tarixdə nikaha daxil olmaları, onların birgə nikahından xx xxxxxx 2004-cü ildə doğulmuş X3 olması, uşağın İddiaçı yanında qalması işin mübahisəsiz hallarıdır. İşin mübahisəli halı isə iddiaçının tələb etdiyi alimentin miqdarı ilə bağlıdır. Belə ki, iddiaçı iddia ərizəsində övladı X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdehdən 170 (bir yüz yetmiş) manat miqdarında sabit pul məbləğində aliment tutulmasını tələb etmişdir. Cavabdeh isə bu məbləğin yüksək olduğunu, onu 100 manat aliment ödəyə biləcəyini bildirmişdir. İşin bu mübahisəli halını həlli ilə bağlı məhkəmə istinad etdiyi maddi və prosessual hüquq normaları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində və “Uşaq hüquqları haqqında Azərbaycan Respublikası Qanunun 19-cu maddəsində əks olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsində uşağın saxlanılması üçün alimentin sabit pul məbləğində tutulmasını əsası kimi şəxsin bu barədə olan xahişi qeyd olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də, aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd olunan maddi hüquq normalarını mülki iş materialları ilə qarşılıqlı şəkildə əlaqələndirən məhkəmə belə hesab edir ki, iddiaçının tələbi qismən əsaslıdır. Alimentin miqdarının müəyyən edilməsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq, müəyyən edilir. İddiaçı X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh Zeyqəm oğlundan hər ay 170 (bir yüz yetmiş) manat miqdarında aliment tələb etsə də, İddiaçı Cavabdeh aylıq qazancı barədə məhkəməyə sübut təqdim etməmiş və tələb etdiyi məbləğlə bağlı öz tələbini əsaslandıran faktları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iddiaçının nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 209.1-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işdə iştirak edən şəxslərdən onların məhkəmə tədqiqatının materiallarını daha nə ilə tamamlamağı arzu etdiklərini soruşsa da, tərəflərin hər hansı başqa sübut növlərinin təmin olunmasına dair vəsatətləri olmamışdır. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi xx xxxx 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Alimentin miqdarının ilə bağlı iddiaçı tərəf öz tələbini əsaslandıran halları sübuta yetirə bilmədiyindən məhkəmə belə hesab edir ki, alimentin miqdarı qanunvericiliyin tələbləri və işin faktiki halları nəzərə alınmaqla müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx xxxx 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe isə ondan ibarətdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2020-ci ildə ölkədə yaşayış minimumu uşaqlar üçün 170 (bir yüz yetmiş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə yuxarıda göstərilən maddi hüquq normalarını, uşaqlar barəsində valideynlərin bərabər hüquq və vəzifələrə malik olmasını, uşaqların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını, 2020-ci ildə ölkədə yaşayış minimumunun uşaqlar üçün 170 (bir yüz yetmiş) manat məbləğində müəyyən edilməsini, uşağın iddiaçının yanında qalması, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu vaxt ərzində onun üzərinə düşməsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, iddiaçının tələbi qismən təmin edilməli xx xxxxxx 2004-cü ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit məbləğdə 100 (bir yüz) manat miqdarında alimentin Cavabdeh Zeyqəm oğlundan alınıb İddiaçı verilməlidir. Aliment sabit pul məbləğində müəyyənləşdirilərkən o nəzərə alınmışdır ki, uşağın saxlanması üçün aliment tələb edən iş üzrə iddiaçı alimentin sabit pul məbləğində müəyyənləşdirilməsini xahiş etmişdir. Məhkəmə iddianı qismən təmin edərkən həmçinin onu nəzərə alır ki, valideynlər uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olmaqla, hər iki valideyn uşaqlarını saxlamağa borcludur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Odur ki, hazırki qətnamə ilə müəyyən edilən aliment məbləği iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx xxxxxxx 2020-ci il tarixdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsində dərhal icra olunmalı qətnamələrdən biri kimi şəxsin saxlanılması üçün vəsaitlərin o cümlədən alimentlərin alınması qeyd olunduğundan qətnamə dərhal icra edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq, iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyindən, iddianın (12x170)=2040) təmin edilmiş hissəsinə (12x100)=1200) münasib olan 17.65 (on yeddi manat, 65 qəpik) manat miqdarında dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Mülki işə baxılması zamanı isə cavabdehin dövlət rüsumu ödəməkdən azad edilməsinə əsas olan hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən, məhkəmə belə nəticəyə gəlir ki, iddianın təmin edilmiş hissəsinə münasib olaraq dövlət rüsumu cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq. məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx xxxxxx 2004-cü ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit məbləğdə 100 (bir yüz) manat miqdarında alimentin Cavabdeh Zeyqəm oğlundan alınıb İddiaçı verilsin. Alimentin tutulmasının əvvəli xx xxxxxxx 2020-ci ildən hesablansın. Qətnamənin alimentə dair hissəsi dərhal icra olunsun. Cavabdeh Zeyqəm oğlundan 17.65 (on yeddi manat, 65 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar