Məhkəmə qərarları › İş №2(079)-378/2025

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-378/2025

23.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-378/2025 23.06.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı 12 may 2025-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, uşaqları xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2022-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün atası Cavabdeh hər ay sabit pul məbləğində bir uşağa 246 (iki yüz qırx altı) manat olmaqla, 2 uşağa ümumilikdə 492 (dörd yüz doxsan iki) manat miqdarında (ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində) alimentin alınaraq anası- İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq qeyd etmişdir ki, mən-İddiaçı Cavabdeh ilə xx.xx.2011ci ildə Babək rayonu Böyükdüz kənd İƏDÜİN-də rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşuq. Bizim nikahı rəsmi olaraq davam etsə də, faktiki olaraq ayrı yaşayırıq. Birgə nikahımızdan 2 uşağımız var: 1. xx.xx.2016-cı il təvəllüdlü X2 2. xx.xx.2022-ci il təvəllüdlü X6. Qeyd edim ki, ər-arvad kimi faktiki olaraq 2 aydır ki, ayrı yaşayırıq və uşaqlarım mənimlə qalırlar və valideyinlərimin yardımıyla onlara özüm tək baxıram, həmçinin onların maddi tələbatlarını özüm qarşılayıram. Cavabdeh bir ata kimi övladlarının saxlanılmasında iştirak etmir və övladları ilə maraqlanmır. Maddi sıxıntı səbəbindən qızım Şərqiyyə İsmayılovanı oxuduğu Vayxır kənd orta məktəbinə göndərməkdə çətinlik çəkirəm. Qızım yaşadığımız şiddət səbəbindən atasından qorxduğuna görə mənsiz məktəbə getmək istəmir. Uşağı isə faktiki yaşadığım ata evimin yaxınlığındakı məktəbə təhsilini davam etdirmək üçün gətirməyimə razılıq vermir. Ümumiyyətlə cavabdeh uşaqlarının nə təhsili ilə, nə də ki, onların maddi vəziyyətləri ilə qəti maraqlanmır, həmçinin heç bir maddi köməklik göstərmir. Mən də məcbur qalaraq aliment tələbi ilə bağlı məhkəməyə müraciət edirəm Məsələnin məhkəmədənkənar həlli üçün müvafiq Mediasiya Təşkilatına müraciət edilsə də, heç bir müsbət nəticə əldə olunmadı və nəticədə alimentin təyin olunması üçün mən məhkəməyə müraciət edirəm. Uşaqlarımın normal saxlanması üçün bir uşağa 246 (iki yüz qırx altı) AZN olmaqla iki uşaq üçün sabit pul məbləğində 492 (dörd yüz doxsan iki) AZN alimentin təyin olunmasını istəyirəm. İddiaçı məhkəmə iclasında verdiyi izahatında Ayazla 2011-ci ildə nikah bağladıqlarını, cavabdeh hərbçi işlədiyi üçün ailə qurduqdan sonra Naxçıvan şəhərində yaşadıqlarını, daha sonra Babək rayonu, Vayxır kəndində yaşamağa başladıqlarını, 9 il olar ki, onun pensiyaya çıxdığını, hazırda Babək rayonu, Xal-Xal kəndində bağban işlədiyini və 550 manat əmək haqqı aldığını, qışda isə Babək rayonu, Vayxır kəndində qazanxanada işlədiyini, Ayazla aralarında dəfələrlə söz-söhbətlərin olduğunu və hazırda da davam etdiyini, sonuncu dəfə 21 mart 2025-ci ildə evdən çıxdığını, uşaqların onunla qaldığını, qızı Şərqiyyənin 9, İncinin isə 3 yaşı olduğunu, cavabdehlə 3 aydır ki, ayrı yaşadıqlarını və cavabdehin bu müddət ərzində uşaqlarla maddi və sair cəhətdən maraqlanmadığını, heç bir gəlirinin olmadığını, yalnız ona dövlət tərəfindən kirayə pulunun verildiyini bildirmiş, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında 15 il hərbidə xidmət etdiyini, həmçinin xəstə halı ilə fəhlə işləyib övladlarına baxdığını, səhhəti işləməyə imkan verməsə də, uşaqlarına görə məcbur işlədiyini, iddiaçı ilə 2 ay 17 gündür ayrı yaşadıqlarını, bu müddət ərzində uşaqların saxlanılması üçün iddiaçıya maddi köməklik etmədiyini, 850 manat pensiya aldığını, həmçinin fəhlə işlədiyini və günəmuzd 20 manat əmək haqqı aldığını, aliment ödəmək fikrində olmadığını, bunun üçün ilk olaraq nikahın pozulmalı olduğunu bildirmiş, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mülki işin materiallarını işdə iştirak edən şəxsin izahatı ilə qarşılıqlı şəkildə tədqiq edən məhkəmə müəyyən edir ki, 14 iyul 2011-ci il tarixdə tərəflər arasında nikahın bağlanması, onların birgə nikahından xx.xx.2016-cı il təvəllüdlü X1 və xx.xx.2022-ci il təvəllüdlü X5 doğulması, hazırda onların ayrı yaşaması və onların birgə nikahlarından doğulmuş uşaqların anası, yəni iş üzrə iddiaçının yanında qalması və cavabdehin uşaqların saxlanılmasında iştirak etməməsi işin mübahisəsiz hallarıdır. Bu faktların işin mübahisəsiz halları olması iddia ərizəsinə əlavə olunmuş aşağıdakı sübutlarla təsdiq olunur: - Naxçıvan şəhər Nikah Evi tərəfindən verilmiş 07 aprel 2025-ci il tarixli, AZ-İ seriyalı, 515405 nömrəli nikah akt qeydləri kitabdan çıxarışdan Cavabdeh ilə İddiaçı arasında 14 iyul 2011-ci il tarixdə nikahın bağlanması, bunun nikah akt qeydləri kitabının 7-ci səhifəsində qeyd edilməsi, arvada “İsmayılova” soyadının verilməsi; - Naxçıvan şəhər Nikah Evi tərəfindən verilmiş 07 aprel 2025-ci il tarixli, AZ-İİİ seriyalı, 535299 nömrəli doğum akt qeydləri kitabdan çıxarışdan tərəflərin birgə nikahından xx.xx.2016-cı il təvəllüdlü X2 adlı uşağın dünyaya gəlməsi; - Naxçıvan şəhər Nikah Evi tərəfindən verilmiş 07 aprel 2024-cü il tarixli, AZ-İV seriyalı, 629 nömrəli doğum akt qeydləri kitabdan çıxarışdan tərəflərin birgə nikahından xx.xx.2022-ci il təvəllüdlü X6 adlı uşağın dünyaya gəlməsi; - X3 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, MŞN/25-İ-00418 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan cavabdehin mediasiyada iştirak etməməsi səbəbindən sessiyanın baş tutmaması; - iddia tələbindən və tərəflərin məhkəmədə verdiyi izahatlardan tərəflərin ayrı yaşaması, onların birgə nikahından olan uşaqların hazırda anası, yəni iş üzrə iddiaçının yanında qalması və cavabdehin uşaqların saxlanılmasında iştirak etməməsi müəyyən olunur. İşin mübahisəli halı övladları xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2022-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdehdən alimentin tutulması qaydası və məbləği ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsində əks olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan şəxslər arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti, yəni alimenti ödəməyə borclu olur. Ailə qanunvericiliyinin tələbinə əsasən məhkəmə qaydasında alimentin tutulmasının iki qaydası müəyyən edilib: aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında və sabit pul məbləğində. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də, aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd olunan maddi hüquq normalarını mülki iş materialları ilə qarşılıqlı şəkildə əlaqələndirən məhkəmə belə hesab edir ki, iddiaçının alimentin sabit pul məbləğində tutulması ilə bağlı tələbi əsaslıdır. Belə ki, cavabdehin müəyyən olunan pensiya məbləği nəzərə alınmaqla iki uşağa görə onun gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin tutulması iddiaçının marağının əhəmiyyətli dərəcədə pozulması ilə nəticələnə bilər. Alimentin miqdarının müəyyən edilməsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Elektron Məhkəmə” informasiya sistemindən çıxarılmış məlumatlardan cavabdehin 2ci qrup əlil olması və 858.43 manat pensiya alması müəyyən edilmişdir. Bundan əlavə, cavabdeh tərəfindən təqdim olunmuş əlilliyin 05 iyun 2025-ci il tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdilmiş elektron informasiya sistemindən əlilliyin qiymətləndirilməsi haqqında arayışdan aydın olur ki, Cavabdeh xx.xx.2021-ci tarixdə hərbi xidmət dövrü ilə əlaqədar “Gözdən əlilliyi olan şəxs, Binokulyar görmənin digər pozğunluqları” diaqnozu qoyularaq 5 il müddətinə ikinci qrup əlillik təyin edilmişdir. Həmçinin növbəti əlilliyin qiymətləndirilməsi barədə 05 iyun 2025-ci il tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdilmiş elektron informasiya sistemindən pensiya haqqında arayışdan aydın olur ki, Cavabdeh xx.xx.2026-cı il tarixə qədər əlilliyinə görə 858.43 manat pensiya verilməsi nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən cavabdehin gəlirləri müəyyən edilməmişdir. İddiaçı övladları 2xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2022-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay bir uşaq üçün 246 (iki yüz qırx altı) manat olmaqla, ümumilikdə iki uşaq üçün 492 (dörd yüz doxsan iki) manat miqdarında aliment tutulmasını tələb etsə də, bu məbləğlə bağlı öz tələbini əsaslandıran faktları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iddiaçının nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Alimentin miqdarı ilə bağlı iddiaçı tərəf öz tələbini əsaslandıran halları sübuta yetirə bilmədiyindən məhkəmə belə hesab edir ki, onun miqdarı qanunvericiliyin tələbləri və işin faktiki halları nəzərə alınmaqla müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe isə ondan ibarətdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2025-ci ildə ölkədə yaşayış minimumu uşaqlar üçün 246 (iki yüz qırx altı) manat məbləğində müəyyən edilmişdir. İddiaçının tələb etdiyi alimentin məbləği Azərbaycan Respublikasında 2025-ci il üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləği ilə eynilik təşkil etdiyindən uşağın yaşının artdıqca tələbatlarının da artmasını, azyaşlı uşaqla məktəbli uşağın yaşayış ehtiyacının eyni səviyyədə olmamasını nəzərə alan məhkəmə belə hesab edir ki, uşaqların yaşını və buna əsaslanan ehtiyaclarını, həmçinin uşaqlara münasibətdə valideynlərin bərabər hüquq və vəzifələrə malik olmasını diqqətə almadan onların hər biri üçün yaşayış minimumu həddində aliment təyin edilməsi ədalətlilik və bərabərlik prinsipinə ziddir. Məhkəmə onu da qeyd edir ki, yaşayış minimumu məbləği Azərbaycan Respublikasında bir uşağın saxlanılması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin birbaşa bu həddə müəyyən edilməsi anlamına gəlmir. Qanunvericilik aliment məbləğinin müəyyən edilməsi zamanı bir sıra halların araşdırılmalı olduğunu tələb edir. Həmçinin bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği təmin etmək bir valideynin vəzifəsi deyil, hər iki valideynin borcudur. Məhkəmə yuxarıda göstərilən maddi hüquq normalarını, uşaqlar barəsində valideynlərin bərabər hüquq və vəzifələrə malik olmasını, uşaqların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini, 2025-ci ildə ölkədə yaşayış minimumunun uşaqlar üçün 246 (iki yüz qırx altı) manat məbləğində və minimum əmək haqqı məbləğinin isə 400 manat məbləğində müəyyən edilməsini, uşaqların iddiaçının yanında qalmaqla, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu vaxt ərzində onun üzərinə düşməsini, uşaqların sayını, onların yaşını, iddiaçının gəlirlərini və cavabdehin gəlirinin olmamasını nəzərə alaraq belə nəticəyə gəlir ki, iddiaçının tələbi qismən təmin edilməli və uşaqların saxlanılmaları üçün hər ay cavabdehdən bir uşaq üçün 180 (bir yüz səksən) manat məbləğində aliment tutulmalıdır. Alimentin hansı vaxtdan tutulması məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən şəxsin məhkəməyə müraciət etdiyi vaxtdan tutulur. Yuxarıda qeyd edilənlərin nəticəsi olaraq məhkəmə belə nəticəyə gəlir ki, tərəflərin birgə nikahından olan uşaqların saxlanılması üçün aliment Cavabdeh iddiaçının məhkəməyə müraciət etdiyi “12” may 2025-ci il tarixdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsində dərhal icra olunmalı qətnamələrdən biri kimi şəxsin saxlanılması üçün vəsaitlərin o cümlədən alimentlərin alınması qeyd olunduğundan qətnamə dərhal icra edilməlidir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 20 ” dekabr 2024cü il tarixli qərarının 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq, iddianın qiyməti aliment haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyindən, iddianın (12x(246x2)=5904) təmin edilmiş hissəsinə (79.04 manat miqdarında dövlət rüsumu) mütənasib olan (12x(180x2)=3840) 57.83 manat (əlli yedi manat səksən üç qəpik) miqdarında dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Mülki işə baxılması zamanı isə cavabdehin dövlət rüsumu ödəməkdən azad edilməsinə əsas olan hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən, məhkəmə belə nəticəyə gəlir ki, iddianın təmin edilmiş hissəsinə münasib olaraq dövlət rüsumu cavabdehdən tutulmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, tərəflərin birgə nikahından olan xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2022ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün “12” may 2025-ci il tarixdən hesablanmaqla, hər ay Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0.45 misli həddində sabit pul məbləğində aliment tutulmalı, iddia qalmış hissədə rədd edilməli, Cavabdeh 57.83 manat (əlli yedi manat səksən üç qəpik) miqdarında rüsum tutularaq dövlət büdcəsinə keçirilməli, qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra olunmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin edilsin. Tərəflərin birgə nikahından olan xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2022-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün “12” may 2025-ci il tarixdən hesablanmaqla, hər ay Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0.45 misli həddində sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 57.83 manat (əlli yeddi manat səksən üç qəpik) miqdarında rüsum tutularaq dövlət büdcəsinə keçirilsin. İddia digər hissədə rədd olunsun. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra olunsun. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar