Məhkəmə qərarları › İş №2(079)-385/2025

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-385/2025

19.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-385/2025 19.06.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, iddiaçı X3 iştirakı ilə, X3 Cavabdeh qarşı aliment tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X7 14 may 2025-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 28 may 2012-ci il təvəllüdlü X4 və 29 sentyabr 2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər birinə sabit məbləğdə 246 manat olmaqla, ümumilikdə 492 manat alimentin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq qeyd etmişdir ki, mən Cavabdeh ilə 24 yanvar 2011ci ildə Babək rayon Qeydiyyat şöbəsində rəsmi nikah qeyd etdirərək evlənmişik. Birgə nikahdan iki övladımız olmuşdur. 1. 28 may 2012-ci il təvəllüdlü X8 2. 29 sentyabr 2014-cü il təvəllüdlü X9. Qeyd edirəm ki, Aminlə yola getmədiyimizdən 11 avqust 2023-cü ildə nikahımızın pozulması, uşaqların mənim yanımda qalması və aliment tələbi ilə bağlı Babək Rayon Məhkəməsində iddia qaldırdım. 28 noyabr 2023-cü il tarixdə alimentin tutulması barədə qərar qəbul edilərək, uşaqların yetkinlik yaşına çatanadək cavabdehdən hər bir uşağa 125 manat olmaqla ümumilikdə 250 manat aliment alınıb mənə verilməsi müəyyən edilmişdir. Göstərmək istəyirəm ki, cavabdeh vaxtlı-vaxtında aliment vermədiyindən hirslənib 27 yanvar 2025-ci il tarixdə alimentdən imtina edərək bu barədə ərizəmi Babək rayon İcra və Probasiya şöbəsinə təqdim etdim. Hörmətli məhkəmə bu beş ayda uşaqların saxlanılmasında valideynlərim köməklik etsə də, çox çətinlik çəkdim. Belə ki, övladlarımın geyimi, qidası və digər xərclərini qarşılaya bilmirəm. Cavabdeh vaxtında alimenti ödəməsə də, ən azından ödəyirdi. Buna görə yenidən məhkəməyə müraciət etmək məcburiyyətində qaldım. Bu səbəbdən də övladlarımın saxlanması üçün hər ay hər birinə sabit məbləğdə 246 manat olmaqla ümumilikdə 492 manat alimentin cavabdehdən alınıb mənə verilməsini istəyirəm. Belə ki, cavabdeh Türkiyə Respublikasında işləməklə yüksək məbləğdə gəlir əldə edir. Tələbimin əsası kimi istinad etdiyim fakt və halları sübutlar siyahısı olaraq təsdio edilmiş doğum haqqında şəhadətnamələrin surətləri, Babək rayon Məhkəməsinin 29 fevral 2024-cü il tarixli qətnaməsinin surətini, Babək rayon İcra və Probasiya şöbəsinin 28 yanvar 2025-ci il tarixli arayışını və mediasya təşkilatının arayışını ərizəmə əlavə edirəm. Hörmətli məhkəmə nəzərinizə çatdırmaq istəyirəm ki,iddia tələbimlə bağ cavabdehin qeydiyyatı barədə arayışı əldə etməkdə çətinlik çəkirəm. Bu sübutun təmin edilməsini məhkəmədən xahiş edirəm. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı X7 məhkəmə iclasında verdiyi izahatında 2 övladı olduğunu, qızının 13, oğlunun isə 10 yaşı olduğunu, onların Babək rayon Zeynəddin kənd tam orta məktəbində təhsil aldığını və hazırlığa getmədiklərini, cavabdehlə 27 iyun 2024-cü ildə nikahlarının pozulduğunu və həmin vaxt 2 uşağa görə ümumilikdə 250 manat aliment təyin edildiyini, cavabdeh alimenti ödəmədiyinə görə 15 gün həbs edildiyini, bunlara görə məcbur qalıb alimentdən imtina etdiyini, hazırda övladlarına baxmaqda çətinlik çəkdiyini, heç yerdə işləmədiyini, bu səbəbdən aliment tələb etdiyini, cavabdehin gəliri və qazancı barədə sübutunun olmadığını, sadəcə cavabdehin Türkiyə Respublikasında işlədiyini bildiyini bildirmiş, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Mülki işin materiallarını işdə iştirak edən şəxsin izahatı ilə qarşılıqlı şəkildə tədqiq edən məhkəmə müəyyən edir ki, 24 yanvar 2011-ci il tarixdə tərəflər arasında nikahın bağlanması, onların birgə nikahından 28 mart 2012-ci il təvəllüdlü X8 və 29 sentyabr 2014-cü il təvəllüdlü X6 doğulması, Babək Rayon Məhkəməsinin 2(079)-7/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikahın pozulması, uşaqların ananın yanında saxlanılması və onların saxlanılması üçün alimentin tutulma qaydasının müəyyən edilməsi, tələbkarın ərizəsi ilə icra sənədinin məhkəməyə geri qaytarılması, uşaqların hazırda iddiaçının yanında yaşaması və cavabdehin uşaqların saxlanılmasında iştirak etməməsi mülki işin mübahisəsiz hallarıdır. Bu faktların işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: - iddia ərizəsinə əlavə olunmuş Babək Rayon Məhkəməsinin 2(079)-7/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh ilə X7 arasında 24 yanvar 2011-ci tarixdə Babək rayon qeydiyyat şöbəsində bağlanmış və nikahın bağlanılması haqqında akt qeydləri kitabında 05 nömrə ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahından olan 28 mart 2012-ci il təvəllüdlü X8 və 29 sentyabr 2014-cü il təvəllüdlü X6 anaları X3 yanında qalması, 28 mart 2012-ci il təvəllüdlü X8 və 29 sentyabr 2014-cü il təvəllüdlü X1 üçün Cavabdeh uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay bir uşağa görə 125 (bir yüz iyirmi beş) manat olmaqla, ümumilikdə isə iki uşaq üçün 250 (iki yüz əlli) manat miqdarında alimentin tutularaq uşaqların anası X5 ödənilməsinin qət edilməsi; - 25 aprel 2012-ci il tarixli, AZ-İİ seriyalı, 661199 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən tərəflərin birgə nikahından 28 mart 2012-ci il tarixdə X8 adlı uşağın dünyaya gəlməsi; - 29 oktyabr 2014-cü il tarixli, AZ-İİ seriyalı, 855268 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən tərəflərin birgə nikahından 29 sentyabr 2014cü il tarixdə X9 adlı uşağın dünyaya gəlməsi; - Babək Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli, 71026/1xxxx/2024 nömrəli arayışından tələbkarın ərizəsi əsasında icra sənədinin xx.xx.2025-ci il tarixdə məhkəməyə geri qaytarılması; - iddia tələbindən və iddiaçının məhkəmədə verdiyi izahatdan tərəflərin birgə nikahından olan uşaqların hazırda anası, yəni iş üzrə iddiaçının yanında qalması, cavabdehin uşaqların saxlanılmasında iştirak etməməsi aydın olur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsində əks olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan şəxslər arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti, yəni alimenti ödəməyə borclu olur. Ailə qanunvericiliyinin tələbinə əsasən məhkəmə qaydasında alimentin tutulmasının iki qaydası müəyyən edilib: aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında və sabit pul məbləğində. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsində uşağın saxlanılması üçün alimentin sabit pul məbləğində tutulmasını əsası kimi şəxsin bu barədə olan xahişi qeyd olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də, aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd olunan maddi hüquq normalarını mülki iş materialları ilə qarşılıqlı şəkildə əlaqələndirən məhkəmə belə hesab edir ki, alimentin sabit pul məbləğində tutulmasından imtina üçün əsaslar mövcud deyildir. . Alimentin miqdarının müəyyən edilməsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. X7 övladları 28 mart 2012-ci il təvəllüdlü X8 və 29 sentyabr 2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay bir uşaq üçün 246 (iki yüz qırx altı) manat olmaqla, ümumilikdə iki uşaq üçün 492 (dörd yüz doxsan iki) manat miqdarında aliment tutulmasını tələb etsə də, bu məbləğlə bağlı öz tələbini əsaslandıran faktları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iddiaçının nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Alimentin miqdarı ilə bağlı iddiaçı tərəf öz tələbini əsaslandıran halları sübuta yetirə bilmədiyindən məhkəmə belə hesab edir ki, onun miqdarı qanunvericiliyin tələbləri və işin faktiki halları nəzərə alınmaqla müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe isə ondan ibarətdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2025-ci ildə ölkədə yaşayış minimumu uşaqlar üçün 246 (iki yüz qırx altı) manat məbləğində müəyyən edilmişdir. İddiaçının tələb etdiyi alimentin məbləği Azərbaycan Respublikasında 2025-ci il üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləği ilə eynilik təşkil etdiyindən uşağın yaşının artdıqca tələbatlarının da artmasını, uşaqların yaşını və buna əsaslanan ehtiyaclarını, həmçinin uşaqlara münasibətdə valideynlərin bərabər hüquq və vəzifələrə malik olmasını nəzərə alaraq yaşayış minimumu həddində alimentin təyin edilməsini bərabərlik prinsipinə zidd hesab edir. Belə ki, bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği təmin etmək bir valideynin vəzifəsi deyil, hər iki valideynin borcudur. “Elektron Məhkəmə” informasiya sistemindən cavabdehin gəlir məlumatları üzrə çıxarışdan cavabdehin əmək müqaviləsi və həmçinin digər əsaslarla daimi gəlirinin olması müəyyən edilmir. Məhkəmə yuxarıda göstərilən maddi hüquq normalarını, uşaqlar barəsində valideynlərin bərabər hüquq və vəzifələrə malik olmasını, uşaqların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini, 2025-ci ildə ölkədə yaşayış minimumunun uşaqlar üçün 246 (iki yüz qırx altı) manat məbləğində və minimum əmək haqqı məbləğinin isə 400 manat məbləğində müəyyən edilməsini, uşaqların iddiaçının yanında qalmaqla, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu vaxt ərzində onun üzərinə düşməsini, uşaqların sayını, onların yaşını nəzərə alaraq belə nəticəyə gəlir ki, iddiaçının tələbi qismən təmin edilməli və yetkinlik yaşına çatmayan uşaqların saxlanılmaları üçün hər ay cavabdehdən bir uşaq üçün 160 (bir yüz altmış) manat məbləğində aliment tutulmalıdır. Alimentin hansı vaxtdan tutulması məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən şəxsin məhkəməyə müraciət etdiyi vaxtdan tutulur. Yuxarıda qeyd edilənlərin nəticəsi olaraq məhkəmə belə nəticəyə gəlir ki, tərəflərin birgə nikahından olan uşaqların saxlanılması üçün aliment Cavabdeh iddiaçının məhkəməyə müraciət etdiyi “14” may 2025-ci il tarixdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsində dərhal icra olunmalı qətnamələrdən biri kimi şəxsin saxlanılması üçün vəsaitlərin o cümlədən alimentlərin alınması qeyd olunduğundan qətnamə dərhal icra edilməlidir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 20 ” dekabr 2024-cü il tarixli qərarının 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq, iddianın qiyməti aliment haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyindən, iddianın (12x(246x2)=5904) təmin edilmiş hissəsinə (79.04 manat miqdarında dövlət rüsumu) mütənasib olan (12x(160x2)=3840) 51.38 manat (əlli bir manat otuz səkkiz qəpik) miqdarında dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Mülki işə baxılması zamanı isə cavabdehin dövlət rüsumu ödəməkdən azad edilməsinə əsas olan hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən, məhkəmə belə nəticəyə gəlir ki, iddianın təmin edilmiş hissəsinə münasib olaraq dövlət rüsumu cavabdehdən tutulmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, tərəflərin birgə nikahından olan 28 mart 2012-ci il təvəllüdlü X8 və 29 sentyabr 2014-cü il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün “14” may 2025-ci il tarixdən hesablanmaqla, hər ay Cavabdeh X3 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0.4 misli həddində sabit pul məbləğində aliment tutulmalı, iddia qalmış hissədə rədd edilməli, Cavabdeh 51.38 manat (əlli bir manat, otuz səkkiz qəpik) miqdarında rüsum tutularaq dövlət büdcəsinə keçirilməli, qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra olunmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin edilsin. Tərəflərin birgə nikahından olan 28 mart 2012-ci il təvəllüdlü X8 və 29 sentyabr 2014cü il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün “14” may 2025-ci il tarixdən hesablanmaqla, hər ay Cavabdeh X3 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0.4 misli həddində sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 51.38 manat (əlli bir manat otuz səkkiz) miqdarında rüsum tutularaq dövlət büdcəsinə keçirilsin. İddia digər hissədə rədd olunsun. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra olunsun. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar