Məhkəmə qərarları › İş №2(079)-395/2025

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-395/2025

11.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-395/2025 11.08.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı 21 may 2025-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Babək Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(079)-142/2018 nömrəli qətnaməsi əsasında hər ay sabit pul məbləğində təyin olunmuş və Babək Rayon Məhkəməsinin e-8(079)-10/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı əsasında indeksasiya olunmuş 400 manat sabit aliment məbləğinin 148 manata azaldılması, yəni alimentin indeksasiya mislinin "0,37"-ə azaldılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdir ki, mən - İddiaçı Babək Rayon Məhkəməsinin e-8(079)-10/2025 saylı, xx.xx.2025-ci il tarixli Qərardadı qəbul olunduğu tarixədək Babək Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(079)- 142/2018 nömrəli Qətnaməsi əsasında hər ay sabit pul məbləğində 130 manat aliment məbləğini xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün ödəmişəm. Müvafiq icra sənədi üzrə tələbkar Cavabdeh Babək Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(079)-142/2018 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin indeksasiya olunmasına dair ərizəsinə məhkəmə iclasında baxılmasının nəticəsi kimi qəbul olunmuş Qərardadla ərizə təmin edilmiş və əvvəlki Qətnamə ilə müəyyən olunmuş alimentin miqdarı sonrakı artımlar nəzərə alınmaqla, hər ay uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1 misli həddində sabit pul məbləğində müəyyən edilmiş və həmin Qərardad qanuni qüvvəyə minmişdir. Babək Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(079)-142/2018 nömrəli Qətnaməsinin övladıma aliment ödənilməsi barədə mənə öhdəlik müəyyən etdiyi hissəsində və Şada kənd İcra Nümayəndəliyi tərəfindən ünvanlanmış məktubda mənim işsiz kimi qeydiyyatda durduğum faktı öz təsdiqini tapmış, lakin həmin vaxt aliment məbləği müəyyən olunarkən o zaman həyatda olan atamın gəliri də nəzərə alınmaqla 130 manat sabit pul məbləğində aliment müəyyən olunmuşdur. Hazırda heç bir yerdə işləmədiyim faktının Naxçıvan MR ƏƏSMN tabeliyində X2 xx.xx.2025-ci il tarixdə ünvanlanmış arayışla təsdiq olunduğunu və mənim onkoloji xəstə olan və hazırda da baxım və müalicəyə ehtiyacı olan anam Gülşən Məmmədovanın pensiya məbləğindən asılı hala düşdüyümü yüksək diqqətinizə çatdırmaqla, hazırda aliment öhdəliyim olan övladımla yanaşı, həm də himayəmdə xx.xx.2022-ci il təvəllüdlü körpə uşağımın olmasını və həyat yoldaşımın da mənim kimi heç bir yerdə işləmədiyini bildirirəm. Ailəmizin maddi vəziyyətinin məhkəməyə daha aydın olması üçün hazırda valideynlərimlə birgə ailədə 4 nəfər olduğumuzu, valideynimin səhhətində müəyyən sıxıntılar olduğu üçün onun aldığı pensiyanın əhəmiyyətli hissəsinin sırf onun müayinə-müalicəsinə xərcləndiyini, "Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununda birbaşa təsbit olunmuş "2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilsin" müddəasını nəzərə alaraq ailənin ümumi gəlirini hesabladıqda ailə üzvlərimin yaşayış minimumundan aşağı həyat şərtlərində yaşadıqlarını da qeyd etməyim zəruridir. Məhkəmə tərəfindən alimentin indeksasiyası barədə qərar çıxarılarkən Babək Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(079)-142/2018 nömrəli Qətnaməsində qeyd olunmuş "minimum əməkhaqqı məbləğinin 1 misli həddinin" əsas götürülməsi müvafiq qanunvericiliyin(20 dekabr 2024-cü il tarixli Plenum Qərarı) tələblərinə uyğun qərar kimi hesab olunsa da, işin faktiki hallarından göründüyü kimi, Babək Rayon Məhkəməsinin Qərardadının icra olunması "aztəminatlı" hesab olunan ailə vəziyyətimizin daha da çətinləşməsinə, müflis həyat tərzi sürməyimizə, bir yanda aliment öhdəliyim olan övladımın rifahına, digər tərəfdə isə himayəmdəki körpəmin yaşayış şərtlərinin ağırlaşmasına, qısacası, mənim və ailəmin hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Məhz bu səbəbdən öhdəliyimdə olan aliment məbləğinin azaldılması, bununla da hər iki övladımın, o cümlədən, ailəmin maddi vəziyyətinin normala dönməsi üçün Naxçıvan Şəhər Mediasiya Təşkilatına müraciət etsəm də, cavabdehin mediasiya sessiyassında iştirak etməməsi səbəbindən müraciətim nəticəsiz qalmışdır. Əlavə olaraq qəti bir dillə alimentin azaldılması ilə bağlı müraciət etməkdəki yeganə qayəmin daha əvvəlki müraciətimdə də qeyd etdiyim kimi(xx.xx.2025-ci il tarixli şikayət ərizəm qoşma qismində əlavə olunmuşdur) heç bir halda barəsində aliment öhdəliyim olan övladıma qarşı olan valideynlik vəzifələrimdən yayınmaq deyil, əksinə, həm onun, həm də himayəmdəki övladımın, ailə üzvlərimin yaxşı şərtlərlə həyat sürmələrini istəməyimdir. İşin qeyd etdiyim hallarını və hazırda təyin olunmuş aliment məbləğini ödəyəcək maddi imkanımın olmadığını yüksək diqqətinizə çatdırmaqla, alimentin indeksasiyası zamanı əsas götürülən "1 mislində" meyarının mənim maddi vəziyyətimə uyğun gəlmədiyini, habelə məbləğin təyin olunmasında əsas götürülən "minimum əməkhaqqı" ilə ailəmizin yeganə gəlir mənbəyi olan anamın pensiya məbləğinin kəskin fərqləndiyini nəzərə alaraq Babək Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(079)-142/2018 nömrəli Qətnaməsi əsasında hər ay sabit pul məbləğində təyin olunmuş və Babək Rayon Məhkəməsinin e-8(079)-10/2025 saylı, xx.xx.2025-ci il tarixli Qərardadı əsasında indeksasiya olunmuş 400 manat sabit aliment məbləğinin 148 manata azaldılması, yəni alimentin indeksasiya mislinin "0,37"-ə azaldılması barədə qərar qəbul edilməsi üçün məhkəməyə müraciət edirəm. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında orta təhsilli olduğunu, aliment təyin olunan vaxt hərbi qulluqçu işlədiyini və 625 manat əmək haqqı aldığını, 2021-ci ildə işdən çıxdığını və həmin vaxtdan işləmədiyini, anasının əlil olduğunu və ona baxdığını, anasının pensiyası ilə dolanışıqlarını təmin etdiyini, Naxçıvan şəhərində atasına məxsus evdə yaşadığını, həmçinin ikinci nikahdan Kənan Məmmədli adında bir uşağının dünyaya gəldiyini və onun 3 yaşında olduğunu, əvvəl 135 manat aliment ödədiyini, indeksasiyadan sonra alimentin miqdarının 1 uşağa görə 400 manat olduğunu, 400 manat alimenti ödəməyə maddi imkanının olmadığını, mülkiyyətində əmlak olmadığını, vergi ödəyicisi olmadığını, bəzən gündəlik fəhlə işlədiyini bildirmiş, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Mülki işin materiallarını işdə iştirak edən şəxslərin izahatları ilə əlaqəli şəkildə tədqiq edərək məhkəmə müəyyən edir ki, tərəflərin birgə nikahından xx.xx.2013-cü il təvəllüdlü X4 nikah pozulduqdan sonra ananın yanında saxlanılması, Babək Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(079)- 142/2018 nömrəli qətnaməsi əsasında hər ay sabit pul məbləğində 130 manat aliment məbləğinin xx.xx.2013-cü il təvəllüdlü X1 İddiaçı Cavabdeh xeyrinə tutulmasının qət edilməsi və Babək Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə qətnamə ilə uşağın saxlanılması üçün qət edilən aliment məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 1 (bir) misli həddində indeksasiya edilməsi işin mübahisəsiz hallarıdır. Belə ki, iş materiallarına əlavə edilmiş: - Şahbuz rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli doğum akt qeydləri kitabından çıxarışdan atası İddiaçı, anası Cavabdeh olan xx.xx.2013-cü il təvəllüdlü X7 adlı övladlarının anadan olması; - Babək Rayon Məhkəməsinin 2(079)-142/2018 nömrəli, 19 mart 2018-ci il tarixli qətnaməsi ilə 18 may 2013-cü il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə 130 manat sabit pul məbləğində alimentin tutulmasının qət edilməsi; - Babək Rayon Məhkəməsinin 8(079)-10/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə Babək Rayon Məhkəməsinin 2(079)-142/2018 nömrəli, 19 mart 2018-ci il tarixli qətnaməsi ilə 18 may 2013-cü il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə tutulması qət edilən alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 1 (bir) misli həddində indeksasiya edilməsinin qərara alınması müəyyən edilir. İddia tələbinin qanuni əsasını təşkil edən Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İddiaçı aliment məbləğinin azaldılması ilə bağlı tələbini qətnamə ilə müəyyən olunmuş aliment məbləğinin indeksasiya olunması nəticəsində bir uşağa görə 400 manat aliment ödəməli olması ilə əlaqələndirmiş, bunu isə işsizliyi, ikinci dəfə nikaha daxil olmaqla himayəsində 1 azyaşlı uşağının olması, öz şəxsi tələbatlarını ödəyə bilməməsi kimi dəlillərlə əsaslandırmışdır. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirməsi üçün tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması, yaxud diqqətəlayiq başqa maraqlar mövcud olmalıdır. İş materiallarından və iddiaçının izahatından aydın olur ki, Babək Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(079)-142/2018 nömrəli qətnaməsi əsasında aliment təyin olunan vaxt iddiaçı hərbi qulluqçu işləyərək 625 manat əmək haqqı almış, daha sonra xx.xx.2021-ci il tarixdə hərbi xidmətdən ehtiyata tərxis olunmuşdur. Hazırda isə Elektron Məhkəmə İnformasiya Sistemindən iddiaçının sorğulanmış vergi və gəlir məlumatları üzrə çıxarışdan əmək müqaviləsi, pensiya və ya sosial müavinət əsasında gəlirinin olması, vergi ödəyicisi olması müəyyən olunmamış, eləcə də NMR Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində X6 X14 Naxçıvan Şəhər Sektorunun xx.xx.2025-ci il tarixli, 3-17-9-2/2-M-1632/2025 nömrəli arayışından İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Əmək və Məşğulluq" altsistemindən əldə edilmiş məlumata əsasən 21 aprel 2025-ci il tarixinə aktiv əmək müqaviləsinin aşkar edilmədiyi qeyd olunmuşdur. Bununla birlikdə Babək Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə qət edilən alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 1 (bir) misli həddində indeksasiya edilməsi iddiaçının ayda 400 (dörd yüz) manat məbləğində aliment öhdəliyinin yaranmasına səbəb olmuşdur. İş materiallarında olan Naxçıvan MR Şahbuz rayon Şada kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, AZ-İV seriyalı, 168554 nömrəli doğum haqqında şəhadətnamənin surətindən İddiaçı xx.xx.2022-ci il təvəllüdlü X8 adlı uşağının doğulması müəyyən olunur. Məhkəmə qeyd edir ki, qanunvericiliyin normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanılmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Məhkəmə İddiaçı nəzərinə çatdırır ki, məhkəmə bu qəbildən olan işlərə baxarkən, ilk öncə daha çox qayğıya ehtiyacı olan uşağın mənafeyini, daha sonra valideynlərin mənafeyini nəzərə almağa borcludur. Bununla birlikdə hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcləri ilə təmin edilməsində hər iki valideyn bərabər və eyni öhdəliyə sahibdir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2025-ci il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 246 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin aliment öhdəlikləri ilə bağlı normalarında bilavasitə “Yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununa istinad olunmasa da, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində deyilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ vardır. Uşağın minimum dolanacaq xərcləri işə “Yaşayış minumumu haqqında” Qanunla müəyyən edilmişdir. Bütün bunları ümumiləşdirən məhkəmə İddiaçı gəlirlərinin müəyyən edilməməsini, sübutetmə yükünün bölüşdürülməsinin ümumi qaydasını və cavabdeh tərəfindən iddiaya qarşı etirazın irəli sürülməməsini, Babək Rayon Məhkəməsinin 2(079)-142/2018 nömrəli, 19 mart 2018-ci il tarixli qətnaməsi ilə alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 1 (bir) misli həddində indeksasiya edilməsi nəticəsində 1 uşağa görə 400 manat aliment öhdəliyinin yaranması nəticəsində iddiaçının özünün şəxsi ehtiyaclarını ödəmək qabiliyyətindən məhrum olmasına gətirib çıxara biləcəyini, hər iki valideynin uşağın saxlanılmasında bərabər öhdəliklərə malik olmasını aliment təyin edilən vaxt iddiaçının məhkəmə tərəfindən nəzərə alınan gəlirlərinin hazırda mövcud olmamasını, həmçinin qətnamə qəbul edildikdən sonra iddiaçının rəsmi nikahından digər uşağın dünyaya gəlməsini onun ailə vəziyyətində baş vermiş dəyişiklik kimi nəzərə alaraq iddianı qismən əsaslı hesab edir. Belə ki, məhkəmənin qənaətinə görə iddiaçının əsaslandığı alimentin miqdarı müəyyən olunduqdan sonra onun ailə və ya maddi vəziyyətində baş vermiş dəyişikliklər müvafiq olaraq alimentin azadılması üçün əsas kimi qəbul edilməlidir. Cavabdeh tərəfindən iddia tələbi ilə əlaqədar etirazını bildirdiyi fakt və sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə yuxarıda göstərilənləri, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini, 2025-ci ildə ölkədə yaşayış minimumunun uşaqlar üçün 246 (iki yüz qırx altı) manat məbləğində müəyyən edilməsini, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun mövcudluğunu nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Babək Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(079)-142/2018 nömrəli qətnaməsi ilə xx.xx.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə tutulması qət edilmiş, Babək Rayon Məhkəməsinin 8(079)-10/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə indeksasiya edilmiş aliment məbləği azaldılaraq sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0.5 misli həddində müəyyən edilməli, iddia qalan hissədə əsalı olmadığından rədd edilməlidir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100- cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlar və məhkəmə iclasında tədqiq olmuş həqiqi və tədqiq olunmuş hallar üzrə çıxarılır. Məhkəmə iddianın qismən təmin edilməsi nəzərə alınmaqla təmin edilmiş hissəsinə mütənasib olan dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi məsələsinə münasibətdə bildirir ki, alimentin azaldılması ilə bağlı iddianın alimentin indeksasiyasının nəticəsi olaraq irəli sürülməsini və iddianın qismən təmin olunmasının cavabdehin məhkəmə xərcləri ilə bağlı məhrumiyyətlərə məruz qalmağa səbəb olacaq iradəsinin nəticəsi olmadığını nəzərə alaraq məhkəmə belə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin edilsin. Babək Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(079)-142/2018 nömrəli qətnaməsi ilə xx.xx.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə tutulması qət edilmiş, Babək Rayon Məhkəməsinin 8(079)-10/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə indeksasiya edilmiş aliment məbləği azaldılaraq sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0.5 misli həddində müəyyən edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar