Məhkəmə qərarları › İş №2(079)-399/2023

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-399/2023

01.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-399/2023 01.08.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı “20” iyun 2023-cü ildə iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 15 iyun 2018-ci il təvəllüdlü X9, 12 may 2019-cu il təvəllüdlü X6 və 12 oktyabr 2020-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay bir uşaq üçün 200 (iki yüz) manat olmaqla, ümumilikdə üç uşağa görə 600 (altı yüz) manat məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O, tələbini əsaslandıraraq qeyd etmişdir ki, Cavabdeh ilə 12 fevral 2018-ci ildə rəsmi nikah qeyd etdirərək evlənmişik. Birgə nikahımızdan 15 iyun 2018-ci il təvəllüdlü X9, 12 may 2019-cu il təvəllüdlü X6 və 12 oktyabr 2020-ci il təvəllüdlü X8 olmuşdur. Cavabdeh Bakı şəhərində şəxsi avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olur. 3 aydır nə mənimlə, nə də övladları ilə maraqlanmır. Hazırda uşaqların saxlanılmasında maddi cəhətdən çətinlik çəkirəm. Onların tələbatlarını valideynlərim qarşılayır. Bu səbəbdən də cavabdehdən övladlarının saxlanması üçün hər ay birinə 200 manat aliment alınıb verilməsini istəyirəm. İddiaçı məhkəmədə verdiyi izahatında iddia tələbini müdafiə etdiyini, Asimlə birbirlərini sevərək ailə qurduğunu, birgə nikahlarından üç uşaq olduğunu, cavabdehlə ailə quran vaxt onun hərbi qulluqçu işlədiyini, bu səbəbdən də onu evdə az gördüyünü, daha sonra isə Asimin işdən çıxdığını və işləmək üçün Bakı şəhərində getdiyini, bildiyinə görə onun orada taksi fəaliyyəti ilə məşğul olduğunu, Asimin bir, bəzən isə iki aydan bir Naxçıvana gəldiyini, üç aydan sonra da gəldiyi halların olduğunu, cavabdeh Bakı şəhərində olanda özünün qayınanası ilə yaşadığını, Asim Bakı şəhərində işləyən zaman evə pul göndərmədiyini, bəzi vaxtlarda qayınanasının aldığı pensiyadan Asimə pul göndərdiyini, özünün səhhətində problem olduğundan həkimə getməli olduğunu, bunu telefonla Asimə bildirdiyini, həmin xəstəliyin özü üçün təhlükəli olmasına baxmayaraq cavabdehin zəng edib onunla maraqlanmadığını, buna görə də 2023-cü ilin aprel ayının 17-də acıq edib atası evinə getdiyini, hazırda uşaqları ilə birlikdə orada yaşadığını, ayrı yaşadıqları vaxt ərzində cavabdehin onlarla maraqlanmadığını bildirərək yekunda iddiasının təmin edilməsini məhkəmədən xahiş etmişdi. Cavabdeh məhkəmədə verdiyi izahatında Səbinə ilə 2017-ci ildə tanış olub, birbirlərini sevərək ailə qurduqlarını, birgə nikahlarından üç uşaq olduğunu, iddiaçı ilə ailə qurduqdan sonra aralarında bir çox problem olduğunu, bunun bir çoxunu görməzdən gəldiyini və iddiaçının da bunu bildiyini, ona lüks həyat tərzi də sürdürmədiyini də qəbul etdiyini, özünün əvvəllər hərbi qulluqçu işlədiyini və ayda 780 manat əmək haqqı aldığını, həmin vaxt evin təmiri üçün banklardan kredit götürdüyünü, lakin sonradan işdən çıxdığından işləmək və banka olan borclarını ödəmək üçün Bakı şəhərinə getməli olduğunu, orada əvvəlcə taksi fəaliyyəti ilə məşğul olduğunu, daha sonra orada elə da yaxşı qazanc əldə etmədiyindən şirkətlərdə fəhləlik etdiyini, bəzən qardaşından da maddi dəstək aldığını, bir ildən artıqdır ki, Bakı şəhərində işlədiyini, təqribən bir və ya iki aydan bir Naxçıvana ailəsinin yanına gəlib-getdiyini, hər dəfə gələndə isə özü ilə təqribən 500 manat pul gətirdiyini, hazırda banka olan borclarının təqribən 10000 manatını verdiyini, təqribən 8000 manat borcu qaldığını, ailədə yaranmış söz-söhbətin günahkarı özünün olduğunu bildiyini, Bakı şəhərindən qayıtdıqdan sonra ailəsini bərpa etmək üçün addım atdığını, iddiaçıya onunla Bakı şəhərində gedib yaşamağı təklif etdiyini, lakin qayınanasının onların ailə işlərinə müdaxilə etməsi səbəbindən aralarında həmişə mübahisə yarandığını, iddiaçının 2023-cü ilin aprel ayından ondan xəbərsiz gedib anası ilə birlikdə yaşadığını, uşaqlarının da Səbinə ilə birlikdə qaldığını bildirərək, yekunda banka olan borcları ilə bağlı iddiaçının tələb etdiyi miqdarda aliment ödəməyə maddi imkanının olmadığını bildirmişdi. Mülki işin materiallarını işdə iştirak edən şəxslərin izahatları ilə qarşılıqlı şəkildə tədqiq edən məhkəmə müəyyən edir ki, 12 aprel 2018-ci ildə tərəflər arasında nikah bağlanması, onların birgə nikahından X9, X6 və X8 adlı uşaqların dünyaya gəlməsi, tərəflərin ayrı yaşaması və birgə nikahlarından doğulmuş uşaqların anası, yəni iş üzrə iddiaçının yanında qalması işin mübahisəsiz hallarıdır. Bu faktların işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: - iddia ərizəsinə əlavə edilən və Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seryalı, 883971 nömrəli, 12 fevral 2018-ci il tarixli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən Cavabdeh ilə X4 arasında nikah bağlanması, bunun nikahın bağlanması haqqında akt qeydləri kitabında 31 nömrə ilə qeyd edilməsi, nikah bağlanması zamanı iddiaçının özünə cavabdehin soyadını, yəni “Quliyeva” soyadını seçməsi; - iddia ərizəsinə əlavə edilən və Babək rayon, Yuxarı Uzunoba kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən 02 iyul 2018-ci il tarixli, AZ-İİİ seriyalı, 534888 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən tərəflərin 15 iyun 2018-ci il tarixdə X9 adlı övladının dünyaya gəlməsi; - iddia ərizəsinə əlavə edilən və Babək rayonu, Yuxarı Uzunoba kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən 22 iyul 2019-cu il tarixli, AZ-İV seriyalı, 169570 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən tərəflərin 12 may 2019-cu il tarixdə X6 adlı övladının dünyaya gəlməsi; - iddia ərizəsinə əlavə edilən və Babək rayonu, Yuxarı Uzunoba kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən 04 noyabr 2020-ci il tarixli, AZ-İV seriyalı, 462189 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən tərəflərin 12 oktyabr 2020-ci il tarixdə X8 adlı övladının dünyaya gəlməsi; -iddia tələbindən, tərəflərin məhkəmədə verdiyi izahatından onların ayrı yaşaması, birgə nikahından olan uşaqların hazırda anası, yəni iş üzrə iddiaçının yanında qalması aydın olur. İddiaçı tələbi isə övladları X9, X6 və X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay cavabdehdən bir uşaq üçün 200 (iki yüz) manat olmaqla, ümumilikdə üç uşağa görə 600 (altı yüz) manat miqdarında aliment tutulmasından ibarətdir. İşin bu mübahisəli halının hüquqi həlli ilə bağlı məhkəmə istinad etdiyi maddi və prosessual hüquq normaları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsində əks olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan şəxslər arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti, yəni alimenti ödəməyə borclu olur. Ailə qanunvericiliyinin tələbinə əsasən məhkəmə qaydasında alimentin tutulmasının iki qaydası müəyyən edilib: aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında və sabit pul məbləğində. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsində uşağın saxlanılması üçün alimentin sabit pul məbləğində tutulmasını əsası kimi şəxsin bu barədə olan xahişi qeyd olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də, aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd olunan maddi hüquq normalarını mülki iş materialları ilə qarşılıqlı şəkildə əlaqələndirən məhkəmə belə hesab edir ki, iddiaçının tələbi əsaslıdır. Alimentin miqdarının müəyyən edilməsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İddiaçı övladları X5, X2 və X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay bir uşaq üçün 200 (iki yüz) manat olmaqla, üç uşaq üçün 600 (altı yüz) manat miqdarında alimentin tutulmasını tələb etsə də, bu məbləğlə bağlı öz tələbini əsaslandıran faktları məhkəməyə təqdim edə bilməmişdi. Həmçinin məhkəmədə verdiyi izahatında qeyd etmişdi ki, cavabdeh Bakı şəhərində işlədiyi vaxt bəzi zamanlarda qayınanası özünün aldığı pensiyadan da ona pul göndərir. Bu da özlüyündə uşaqların əvvəlki təminat səviyyəsinin elə də yüksək olmadığı deməyə əsas verir. "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatlardan isə Cavabdeh gəlir və əmlakının olması müəyyən edilmir. Məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Alimentin miqdarı ilə bağlı iddiaçı tərəf öz tələbini əsaslandıran halları sübuta yetirə bilmədiyindən məhkəmə belə hesab edir ki, onun miqdarı qanunvericiliyin tələbləri və işin faktiki halları nəzərə alınmaqla müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe isə ondan ibarətdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2023-cü ildə ölkədə yaşayış minimumu uşaqlar üçün 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə yuxarıda göstərilən maddi hüquq normalarını, uşaqlar barəsində valideynlərin bərabər hüquq və vəzifələrə malik olmasını, uşaqların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını, 2023-cü ildə ölkədə yaşayış minimumunun uşaqlar üçün 220 (bir yüz iyirmi) manat məbləğində müəyyən edilməsini, uşaqların iddiaçının yanında qalması, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu vaxt ərzində onun üzərinə düşməsini, uşaqların sayını, onların yaşını nəzərə alaraq belə nəticəyə gəlir ki, iddiaçının tələbi qismən təmin edilməli və yetkinlik yaşına çatmayan uşaqların saxlanmasları üçün hər ay cavabdehdən bir uşaq üçün 110 (bir yüz on) manat məbləğində aliment tutulmalıdır. Alimentin hansı vaxtdan tutulmasına gəldikdə isə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından aydın olur ki, İddiaçı Babək Rayon Məhkəməsinə “20” iyun 2023-cü il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsində dərhal icra olunmalı qətnamələrdən biri kimi şəxsin saxlanılması üçün vəsaitlərin o cümlədən alimentlərin alınması qeyd olunduğundan qətnamə dərhal icra edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq, iddianın qiyməti aliment haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyindən, iddianın (12x(200x3)=7200) təmin edilmiş hissəsinə (12x(110x3)=3960) mütənasib olan 50 (əlli) manat 60 (altmış) qəpik miqdarında dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Mülki işə baxılması zamanı isə cavabdehin dövlət rüsumu ödəməkdən azad edilməsinə əsas olan hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən, məhkəmə belə nəticəyə gəlir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu cavabdehdən tutulmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia qismən təmin olunmalı; - “20” iyun 2023-cü il tarixdən hesablanmaqla, 15 iyun 2018-ci il tarixdə anadan olan X9, 12 may 2019-cu il tarixdə anadan olan X6 və 12 oktyabr 2020-ci il tarixdə anadan olan X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay Cavabdeh bir uşaq üçün 110 (bir yüz on) manat olmaqla, ümumilikdə üç uşağa görə 330 (üç yüz otuz) manat miqdarında aliment tutularaq uşaqların anası İddiaçı ödənilməli; - iddia digər hissədə əsaslı sayılmadığından rədd olunmalı; - Cavabdeh 50 (əlli) manat 60 (altmış) qəpik miqdarında rüsum tutularaq dövlət büdcəsinə keçirilməli; - qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin edilsin. “20” iyun 2023-cü il tarixdən hesablanmaqla 15 iyun 2018-ci il tarixdə anadan olan X9, 12 may 2019-cu il tarixdə anadan olan X6 və 12 oktyabr 2020-ci il tarixdə anadan olan X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay Cavabdeh bir uşaq üçün 110 (bir yüz on) manat olmaqla, ümumilikdə üç uşağa görə 330 (üç yüz otuz) manat miqdarında aliment tutularaq uşaqların anası İddiaçı ödənilsin. İddia digər hissədə əsaslı sayılmadığından rədd olunsun. Cavabdeh 50 (əlli) manat 60 (altmış) qəpik miqdarında rüsum tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra olunsun. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar