Məhkəmə qərarları › İş №2(079)-403/2023

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-403/2023

15.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-403/2023 15.08.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, məsləhətçi-məhkəmə iclas katibi Əliyev İsmayıl Kamal oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında şifahi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: X6 “22” iyun 2023-cü ildə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Babək Rayon Məhkəməsinin 20 iyun 2022-ci il tarixli, 2(079)-252/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, 25 fevral 2016-cı ildə anadan olan X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 220 (iki yüz iyirmi) manat miqdarında alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq bildirmişdir ki, Cavabdeh ilə 27 mart 2023-cü il tarixdə nikahımız pozulub. Bizim birgə nikahımızdan 25 fevral 2016-cı il təvəllüdlü X5 dünyaya gəlib. Babək Rayon Məhkəməsinin 20 iyun 2022-ci il tarixli, 2(079)-252/2022 nömrəli qətnaməsi ilə Cavabdeh hər ay 1/3 hissədə alimentin alınıb mənim xeyrimə ödənilməsi qət edilmişdi, lakin Cavabdeh alimenti düzgün qaydada ödəmir. Hərdən bir bəhanə uyduraraq işlədiyi şirkətin pulu ödəmədiyini bəhanə gətirir. Gah 90 manat, gah da 100 manat aliment ödəyir. Övladım xəstə olduğu üçün ödədiyi həmin məbləğ övladımın saxlanılmasına kifayət etmir. Qızımın gözləri yaxını görmədiyi üçün əməliyyat olunmalıdır. Övladımın maddi tələbatlarının qarşılanmasında mən xeyli əziyyət çəkirəm. Ona görə də alimentin miqdarının sabit məbləğdə ödənilməsini xahiş edirəm. Övladım böyüdükcə onun maddi tələbatı da artır. Qeyd etmək istəyirəm ki, 12 iyun 2023-cü il tarixdə alimentin sabit məbləğdə təyin edilməsi ilə bağlı mediasiya prosesinə müraciət etdim. Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmişdir. Lakin aramızda heç bir razılıq əldə olunmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya və cavabdehə mülki prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmişdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbinə əsaslanan məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün saymışdı Məhkəmədə izahat verən iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə etdiyini, tərəflərin əvvəllər iki dəfə nikaha daxil olduğunu və sonradan boşandıqlarını, onların birinci dəfə 2015-ci ildə ailə qurub 2016-cı ildə ayrıldığını, həmin vaxt birgə nikahından bir uşaq dünyaya gəldiyini, tərəflər təqribən 5-6 il ayrı yaşadıqdan sonra yenidən ailəni bərpa etdiklərini, bundan sonra da 6-7 ay birlikdə yaşayıb yenidən ayrıldıqlarını, sonuncu dəfə ayrıldıqdan sonra uşağın saxlanılması üçün Babək Rayon Məhkəməsi tərəfindən 2022-ci ilin iyun ayında cavabdehdən aliment tutulması barədə qətnamə çıxarıldığını, qətnaməyə əsasən cavabdehin ayılıq gəlirinin və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutulduğunu, Elkinin əvvəllər 90 manat aliment ödədiyini, sonradan özünün şikayəti əsasında alimentin miqdarının artdığını və son zamanlar ayda 120 manat miqdarında aliment aldıqlarını, lakin həmin məbləğ də uşağın ehtiyacını qarşılamadığını, onun məktəb xərclərinin özünün çəkdiyini, uşağın gözündə xəstəlik olduğunu, onun eynəyinin dəyişdirilməsi üçün 100 manat pul verməli olduğunu, qızının hazırda işləmədiyini, özünün isə ayda 315 manat əmək haqqı aldığını, evdə 6 nəfər, yəni özü, arvadı, iki oğlu, qızı və nəvəsi yaşadığını, cavabdehin alimentdən başqa uşağın hər hansı xərcində iştirak etmədiyini, onun imkanının yaxşı olduğunu, əmək haqqından başqa alverə görə əlavə faiz aldığını, lakin onun gəlir və qazancı barədə məhkəməyə təqdim edəcək rəsmi sübutunun olmadığını qeyd edərək, yekunda uşağın saxlanılması üçün cavabdehdən hər ay 220 manat aliment miqdarında tutularaq qızına ödənilməsi barədə qətnamə qəbul edilərək iddiasının təmin olunmasını məhkəmədən xahiş etmişdi. Cavabdeh məhkəmə hazırlıq iclasında verdiyi izahatında iddianı qəbul etmədiyini, iddiaçı ilə əvvəl iki dəfə nikah bağlayıb sonradan ayrıldıqlarını, hazırda birgə nikahlarından olan uşağın Əfsanə ilə yaşadığını, Babək Rayon Məhkəməsinin qətnaməsi ilə ondan hər ay qazancının başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutulmalı olduğu halda, 1/3 hissəsi miqdarında aliment tutulduğunu, özünün övladı ilə görüşmək istədiyini, həmin vaxt ona ehtiyacı olanı da ala biləcəyini, lakin iddiaçı tərəfin hər dəfə eyni bəhanəni gətirərək uşağın anası ilə birlikdə hərəkət etdiyini deyərək uşağını ona göstərmədiyini, qarşı tərəflə 5-6 il ayrı yaşadığını, sonradan övladı ortada qalmasın deyə onunla ailəni yenidən bərpa etdiyini, lakin yenə münasibətlərinin alınmadığını və nəticədə ayrıldığını, hazırda özünün ailə qurduğunu, anasının da özü ilə yaşadığını, ayda 400 manat əmək haqqı aldığını, onun da 120 manatının alimentə çıxıldığını, iddiaçının nümayəndəsinin izahatında qeyd etdiklərinin əksəriyyətinin yalan olduğunu, iddiaçı ilə birlikdə yaşayan vaxt gücü çatdığı qədər ailənin ehtiyaclarını özünün qarşıladığını, ailəsinə və uşağına baxdığını, əgər iddiaçı tərəf uşağa baxa bilmirsə övladının ona verilməsini istədiyini, uşağa verilən alimentin ona xərclənmədiyini düşündüyünü, özünün anbardar olduğunu, işlədiyi şirkətlərdə mal paylayanların əlavə qazanca görə faiz aldığını, özünün faiz almadığını, uşağın təhsil xərclərində iştirak etmədiyni bildirərək məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdi. Mülki işin materiallarını nəzərdən keçirən məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında əvvəllər nikah bağlanması, onların birgə nikahından X5 adlı ümumu uşağın dünyaya gəlməsi, iddiaçı və cavabdeh arasında bağlanmış nikahın pozulması, tərəflər arasında bağlanmış nikahın pozulmasından sonra Babək Rayon Məhkəməsinin 20 iyun 2022-ci il tarixli, 2(079)-252/2022 nömrəli qətnaməsi ilə onların birgə nikahından olan uşağın cavabdehin yanında qalması və uşağın saxlanılması üçün cavabdehdən hər ay qazancının və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında alimentin tutularaq İddiaçı ödənilməsinin qət olunması mülki işin mübahisəsiz hallarıdır. Bu halların işin mübahisəsiz olması aşağıdakılarla təsdiq olunur: - "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış Babək Rayon Məhkəməsinin 17 fevral 2023-cü il tarixli, 2(079)-16/2023 nömrəli qətnaməsindən tərəflər arasında 19 may 2021-ci ildə nikah bağlanması; - iddia ərizəsinə əlavə olunmuş Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı, 536423 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən iş üzrə tərəflərin 25 fevral 2016-cı il tarixdə X5 adlı övladlarının doğulması; - "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış Babək Rayon Məhkəməsinin 17 fevral 2023-cü il tarixli, 2(079)-16/2023 nömrəli qətnaməsindən və iddia ərizəsinə əlavə edilmiş Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 15 may 2023-cü il tarixli, AZ-İ seriyalı, 402333 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən tərəflər arasında bağlanmış nikahın pozulması və həmin onun “Ələkbərova” soyadını seçməsi; - "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış Babək Rayon Məhkəməsinin 17 fevral 2023-cü il tarixli, 2(079)-16/2023 nömrəli qətnaməsindən tərəflər arasından bağlanmış nikahın pozulmasından sonra birgə nikahından olan X3 iddiaçının yanında qalması; - iddia ərizəsinə əlavə edilmiş Babək Rayon Məhkəməsinin 20 iyun 2022-ci il tarixli, 2(079)-252/2022 nömrəli qətnaməsinin təsdiq olunmuş surətindən X1 üçün cavabdehdən hər ay qazancının və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında alimentin tutularaq İddiaçı ödənilməsinin qət olunması aydın olur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bundan əlavə olaraq məhkəmə onu da qeyd edir ki, “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunur ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazın predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Məhkəmənin yuxarıda qeyd olunan normativ hüquqi aktları qeyd etməkdə məqsədi iddia tərəflərinin nəzərinə çatdırmaqdır ki, Babək Rayon Məhkəməsinin 20 iyun 2022-ci il tarixli, 2(079)-252/2022 nömrəli və 17 fevral 2023-cü il tarixli, 2(079)-16/2023 nömrəli qətnamələri ilə müəyyən edilmiş hallar hazırki vəziyyətdə işə baxan məhkəmə üçün məcburi xarakter daşıyır. İşin mübahisəli halı isə iddiaçının Babək Rayon Məhkəməsinin 20 iyun 2022-ci il tarixli, 2(079)-252/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək Cavabdeh X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat məbləğində aliment tələb etməsi və cavabdehin bunu qəbul etməməsidir. İddiaçının tələbinin hüquqi həllinə keçməzdən öncə məhkəmə bildirir ki, o, tələbində soyadını “Niyazova” kimi qeyd etsə də, işin mübahisəsiz hallarından iddiaçının soyadının “Ələkbərova” olması müəyyən edilir. Bu səbəbdən də mülki işə qeyd edilən hal nəzərə alınmaqla baxılmalıdır. İşin mübahisəli halının həllinə hüquqi həllinə gəldikdə isə məhkəmə onu qeyd edir ki, aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan şəxslər arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti, yəni alimenti ödəməyə borclu olur. İstər ailə qanunvericiliyi, istərsə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarından görünür ki, məhkəmə qaydasında alimentin tutulmasının iki qaydası müəyyən edilib: aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında və sabit pul məbləğində. İşin faktiki hallarından isə müəyyən olur ki, məhkəmə tərəflərin birgə nikahından olan uşağın saxlanılması üçün alimentin tutulma qaydasını cavabdehin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi kimi müəyyən etmişdi. İddiaçı isə hazırki tələbində cavabdehdən birgə nikahından doğulmuş uşağın saxlanılması üçün alimenti sabit pul məbləğində tutulmasını və əvvəl müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsini tələb edir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən tələbini rəhbər tutaraq iddiaçıya bildirir ki, alimentin miqdarının dəyişdirilməsi ilə onun tutulması qaydasını eyniləşdirmək olmaz. Alimentin tutulması iki qaydada, yəni onu ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında və ya sabit pul məbləğində həyata keçirildiyi halda, alimentin miqdarının dəyişdirilməsi isə özündə məhkəmə tərəfindən müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsini ehtiva edir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəllə 76-cı maddəsinin mahiyyətindən aydın olur ki, aliment aylıq qazancının (gəlirinin) müəyyən hissəsi kimi tutulduqda onun miqdarı ailə qanunvericiliyinin müəyyən etdiyi məbləğdə təyin edilir. Qanunvericilik hüququna toxunan şəxsin müraciəti əsasında məhkəməyə həmin payları artırıb-azalda bilmə səlahiyyəti verdiyi halda, həmin Məcəllənin 78.2-ci maddəsinin tələbinə görə alimentin sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddi hüquq normasının tələbindən də göründüyü kimi sabit pul məbləğində tutulan alimentin miqdarı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsində isə məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmənin əsasları öz əksini tapıb. İstər həmin maddənin adından, istərsə də onun mahiyyətindən görünür ki, qanunvericilik məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsini özündə ehtiva edir. Həmçinin bildirir ki, alimentin tutulma qaydasını qanunvericilik və ya yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxs müəyyən etdiyi halda, alimentin miqdarının dəyişdirilməsi ilə bağlı isə həm alimenti ödəyən, həm də alimenti alan şəxs məhkəməyə müraciət edə bilər. Yəni alimenti aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında ödəyən şəxs onun sabit pul məbləğində ödənilməsini tələb etmək hüququna malik deyil. Əgər alimentin tutulması qaydasına onun miqdarının dəyişdirilməsi kimi yanaşılsa onda aliment ödəyənə onun sabit pul məbləğində tutulması ilə bağlı müraciət etmək imkanını verilmiş olar ki, bu Ailə Məcəlləsinin 78-ci maddəsinə ziddir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsinin tələbinə görə alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Qeyd edilən maddi hüquq normalarının ümumi təhlili onu deməyə imkan verir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi tələbi ilə məhkəmə müraciət edilməsi üçün öncədən müvafiq tutulma qaydası ilə bağlı məhkəmənin müəyyən etdiyi miqdarla əlaqədar qərar qəbul edilməli və daha sonra aliment alan şəxs həmin miqdarın dəyişməsi üçün müraciət etməlidir. İşin araşdırılmış hallarından isə müəyyən olur ki, tərəflər arasında alimentin sabit pul məbləğində tutulması qaydası ilə bağlı məhkəmənin öncədən müəyyən etdiyi miqdar mövcud deyil. Hazırda isə iddiaçı tələbində Babək Rayon Məhkəməsinin 20 iyun 2022-ci il tarixli, 2(079)-252/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsini qeyd etsə də o, cavabdehdən X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat məbləğində, yəni sabit pul məbləğində aliment tələb edir. Yəni iddiaçının tələbinin mahiyyətindən aydın olur ki, o, alimentin tutulma qaydasının dəyişdirilməsini istəyir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Hazırki vəziyyətdə isə tələbin mahiyyətindən iddiaçının cavabdehin alimenti aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarı şəklində deyil, sabit pul məbləğində ödəməsini tələb etməsi aydın olduğundan, məhkəmə qanunvericiliyin tələblərini nəzərə almaqla belə nəticəyə gəlir ki, iddia tələbinin ümumi mahiyyəti nəzərə alınmaqla işə baxılmalıdır. İşin mübahisəli halının hüquqi həlinə gəldikdə isə məhkəmə qeyd edir ki, sabit pul məbləğində müəyyən edilmiş alimentin miqdarının müəyyən edilməsi əsasları isə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsi ilə müəyyən edilir. Belə ki, Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən isə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmçinin ailə qanunvericinin yuxarıda göstərilən maddədə müəyyən etdiyi əsas şərtlərdən biri də ondan ibarətdir ki, alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Qeyd olunan maddi hüquq normalarını mülki iş materialları ilə qarşılıqlı şəkildə əlaqələndirən məhkəmə belə hesab edir ki, iddiaçının tələbi əsaslıdır. Alimentin miqdarının müəyyən edilməsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq, müəyyən edilir. İddiaçı övladının yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 220 (iki yüz iyirmi) manat miqdarında aliment tələb etsə də və iddiaçı öz tələbini əsaslandıran faktları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iddiaçının nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Alimentin miqdarının ilə bağlı iddiaçı tərəf öz tələbini əsaslandıran halları sübuta yetirə bilmədiyindən məhkəmə belə hesab edir ki, alimentin miqdarı qanunvericiliyin tələbləri və işin faktiki halları nəzərə alınmaqla müəyyən edilməlidir. Bununla bağlı isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. X10 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. . Bundan əlavə “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Yuxarıda qeyd edilən maddi hüquq normalarının, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində əks olunmuş bərabərlik hüququndan mahiyyətindən də aydın olur ki, uşaqlara münasibətdə valideynlər bərabər hüquq və vəzifələrə malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe isə ondan ibarətdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2023-cü ildə ölkədə yaşayış minimumu uşaqlar üçün 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatdan görünür ki, Niyazov X2 Holdinq Şirkətlər İttifaqının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində konservləşdirmə üzrə fəhlə işləyir və aylıq əmək haqqı 400 manat təşkil edir. Həmçinin orada olan məlumatlardan görünür ki, cavabdeh hazırda başqa bir şəxslə nikaha daxil olmuşdu. Məhkəmə yuxarıda göstərilən maddi hüquq normalarını, uşaqlar barəsində valideynlərin bərabər hüquq və vəzifələrə malik olmasını, uşağın təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını, 2023-cü ildə ölkədə yaşayış minimumunun uşaqlar üçün 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilməsini, uşağın iddiaçının yanında qalması, ona qulluq və sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu vaxt ərzində onun üzərinə düşməsini, aliment ödənilməli olan uşağın sayını, saxlanılması üçün aliment təyin edilməsi tələb edilən uşağın yaşını, cavabdehin yenidən ailə qurmasını, yəni ailə üzvlərinin sayının artmasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, iddiaçının tələbi qismən təmin edilməli və cavabdehdən yetkinlik yaşlarına çatmayan uşağın saxlanması üçün hər ay 130 (bir yüz otuz) manat miqdarında aliment tutulmalıdır. Alimentin hansı vaxtdan tutulmalı olmasının müəyyən edilməsi ilə bağlı isə məhkəmə bildirir ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Hazırki mülki iş üzrə isə alimentin miqdarının deyil, onun tutulması qaydası dəyişdirildiyindən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsi tətbiq edilməklə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. İş materiallarından aydın olur ki, İddiaçı Babək Rayon Məhkəməsinə “22” iyun 2023cü il tarixdə müraciət etmişdir. Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsində dərhal icra olunmalı qətnamələrdən biri kimi şəxsin saxlanılması üçün vəsaitlərin o cümlədən alimentlərin alınması qeyd olunduğundan qətnamə dərhal icra edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq, iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyindən, iddianın (220x12=2640) təmin edilmiş hissəsinə (130 x 12 =1560) mütənasib olan 27 (iyirmi yeddi) manat, 38 (otuz səkkiz) qəpik miqdarında dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq, cavabdehdən tutularaq dövlət gəlirinə alınır. İddiaçı tələbini X3 xəstə olması və onun gözlərinin yaxını görmədiyi üçün əməliyyat olunması ilə əsaslandırdığından məhkəmə iddiaçıya izah edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81-ci maddəsində valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakının əsasları müəyyən edilib. Həmin normaya görə alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Yuxarıda qeyd edilən normanın da tələbindən görünür ki, valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı aliment tələbi ilə deyil, müvafiq tələb üzrə həyata keçirilir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia qismən təmin olunmalı; - 25 fevral 2016-cı il təvəllüdlü X1 üçün Cavabdeh Babək Rayon Məhkəməsinin 20 iyun 2022-ci il tarixli, 2(079)-252/2022 nömrəli qətnaməsi əsasında tutulan alimentin tutulması qaydası dəyişdirilməli; -“22” iyun 2023-cü ildən hesablanmaqla, tərəflərin birgə nikahından olan 25 fevral 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 130 (bir yüz otuz) manat miqdarında aliment tutularaq uşağın anası İddiaçı ödənilməli; - həmçinin Cavabdeh 27 (iyirmi yeddi) manat, 38 (otuz səkkiz) qəpik miqdarında rüsum alınaraq dövlət büdcəsinə keçirilməli; -qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra olunmalı; - iddia digər hissədə əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin olunsun. 25 fevral 2016-cı il təvəllüdlü X1 üçün Cavabdeh Babək Rayon Məhkəməsinin 20 iyun 2022-ci il tarixli, 2(079)-252/2022 nömrəli qətnaməsi əsasında tutulan alimentin tutulması qaydası dəyişdirilsin. “22” iyun 2023-cü ildən hesablanmaqla, tərəflərin birgə nikahından olan 25 fevral 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 130 (bir yüz otuz) manat miqdarında aliment tutularaq uşağın anası İddiaçı ödənilsin. Cavabdeh 27 (iyirmi yeddi) manat, 38 (otuz səkkiz) qəpik miqdarında rüsum alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra olunsun. İddia qalan hissədə əsassız olduğundan rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar