Məhkəmə qərarları › İş №2(079)-415/2022

Naxçıvan MR Babək Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(079)-415/2022

19.08.2022 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Babək şəhəri İş № 2(079)-415/2022 19.08.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Borclu qarşı borcun tutulması barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyən etdi: Kreditor "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə ərizə ilə müraciət edərək, Borclu 5344 manat məbləğində əsas borcun və 100 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 5444 manat məbləğində pul vəsaitinin almaraq "xxxx" MMC-nin hesabına ödənilməsi barədə məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Kreditor ərizəsini onunla əsaslandırmışdır ki, iş üzrə Borclu 28 sentyabr 2021-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" MMC-dən dəyəri 1106 manat olan məişət avadanlığı əldə edib. Borclunun müqavilə üzrə ödənişlər etdikdən sonra kreditora 512 manat borcu qalıb. Bundan başqa iş üzrə Borclu 30 oktyabr 2021-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" MMC-dən dəyəri 4129 manat olan məişət avadanlığı əldə edib. Borclunun müqavilə üzrə ödənişlər etdikdən sonra kreditora 1232 manat borcu qalıb. Bundan başqa iş üzrə Borclu 20 noyabr 2021-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" MMC-dən dəyəri 3739 manat olan məişət avadanlığı əldə edib. Borclunun müqavilə üzrə ödənişlər etdikdən sonra kreditora 3600 manat borcu qalıb. Odur ki, borcludan 5344 manat məbləğində əsas borcun və 100 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 5444 manat məbləğində pul vəsaitinin alınaraq "xxxx" MMC-ə ödənilməsi barədə məhkəmə əmri çıxarılması zəruridir. Kreditorun məhkəmə təqdim etdiyi sənədləri qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə aşağıdakıları qeyd edir. Məhkəmə ilk olaraq iş üzrə kreditor və borclunun nəzərinə çatdırır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Borclu qarşı olan tələbi, dairəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 276-cı maddəsi ilə müəyyən edilmiş tələblərdən biri olduğundan və kreditorun müraciəti mülki işə əmr icraatı formasında baxılması ilə bağlı olduğundan, işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 275.1-ci maddəsinə əsasən əmr icraatı qaydasında sadələşdirilmiş icraat formasında baxılmalıdır. Həmin Məcəllənin 280-ci maddəsinə əsasən məhkəmə əmri irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır. Məhkəmə kreditor "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ərizəsini qanunvericiliyin tələbləri daxilində tədqiq edərək belə hesab edir ki, onun tələbi təmin olunmalı və məhkəmə əmri çıxarılmalıdır. Belə ki, məhkəmə əmrinin verilməsi şərtləri Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 275.1 və 276.1-ci maddələri ilə müəyyən edilir. Həmin maddələrin mahiyyətinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının sadələşdirilmiş qaydasına yol verilir. Prosessual normanın tələbindən göründüyü kimi kreditorun tələbi pul və ya əmlak tələbi ilə bağlı olmalıdır. Ərizə və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə Borclu qarşı pul tələbi ilə bağlı müraciət etmişdir. Həmçinin yuxarıda qeyd edilən normalardan da görünür məhkəmə əmrinin verilməsinin əsas şərtlərindən biri də kreditorun tələbinin aşkar olması və ya həmin tələbin borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanmasıdır. Bundan əlavə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 276.2.2-ci maddəsinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdə (lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla) əsaslanırsa məhkəmə əmri verilə bilər. Ərizəni və ona əlavə edilmiş sənədləri yuxarıda qeyd edilən prosessual normaların tələbləri daxilində nəzərdən keçirən məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli, 28K528327 nömrəli müqavilədən aydın olur ki, xx.xx.2021-ci il tarixdə kreditor və borclu arasında müqavilə bağlanılmış və bu müqaviləyə əsasən Borclu "xxxx"-dən kredit yolu ilə 1106 AZN məbləğində məişət avadanlığı əldə etmiş və 900 AZN məbləği 12 ay müddətinə aylıq 75 AZN olmaqla "xxxx"-ə ödəməyi öz öhdəsinə götürmüşdür. Həmçinin xx.xx.2021-ci il tarixli, 28K528549 nömrəli müqavilədən aydın olur ki, xx.xx.2021-ci il tarixdə kreditor və borclu arasında müqavilə bağlanılmış və bu müqaviləyə əsasən Borclu "xxxx"-dən kredit yolu ilə 1429 AZN məbləğində məişət avadanlığı əldə etmiş və 1320 AZN məbləği 15 ay müddətinə aylıq 88 AZN olmaqla "xxxx"-ə ödəməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2021-ci il tarixli, 28K528697 nömrəli müqavilədən aydın olur ki, xx.xx.2021-ci il tarixdə kreditor və borclu arasında müqavilə bağlanılmış və bu müqaviləyə əsasən Borclu "xxxx"-dən kredit yolu ilə 3739 AZN məbləğində məişət avadanlığı əldə etmiş və 3600 AZN məbləği 20 ay müddətinə aylıq 180 AZN olmaqla "xxxx"-ə ödəməyi öz öhdəsinə götürmüşdür. Bu isə o deməkdir ki, kreditorun tələbi borclu ilə aralarında bağlanmış yazılı əqdlərə əsaslanır və həmin əqdlər Mülki Prosessual Məcəllənin 276.2.2-ci maddəsi ilə məhkəmə əmrinin çıxarılması istisna edilən əqdlər siyahısına daxil deyildir. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (Mülki Məcəllənin 385.1-ci maddəsi). Öhdəlik, mülki hüquq münasibətlərinin iştirakçıları olan kreditor və borclu arasında subyektiv mülki hüquq və vəzifələr yaradır. Öhdəliyin predmetini əmlak dövriyyəsinin müxtəlif obyektlərinin, o cümlədən əşyaların verilməsi, görülmüş işlər, göstərilmiş xidmətlər üzrə borclu şəxslərin davranışı təşkil edir. Maddənin məzmunundan göründüyü kimi, öhdəliyin yaranması üçün, ilk növbədə, qanunla müəyyən edilmiş əsaslar mövcud olmalıdır. Öhdəliyin əmələ gəlmə əsasları dedikdə, öhdəlik hüquq münasibətlərinin əmələ gəlməsini şərtləndirən, onların yaranmasına dəlalət edən, qanunda nəzərdə tutulan və qanunun əlaqələndirdiyi hüquqi faktlar başa düşülür. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi isə, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsi ilə mülki hüquq və vəzifələrin əmələ gəlməsi əsası olaraq qanunvericiliklə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Göründüyü kimi mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Kreditorun tələbinin aşkarlığı və ya borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanması ilə bağlı şərtlərin mövcudluğuna gəldikdə isə məhkəmə bildirir ki, ərizəyə əlavə olunmuş tərəflər arasında bağlanmış müqavilələrin mahiyyətindən aydın olur ki, kreditor və borclu arasında nisyə alqı-satqı müqavilələri bağlanılmış və həmin müqavilələrə əsasən əşya nisyə satılaraq onun dəyərinin hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568-ci maddəsində satıcının əşyanı vermək vəzifəsi müəyyən edilir ki, həmin maddənin tələbinə görə satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Qeyd edilən Məcəllənin 601.2-ci maddəsinə görə isə hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edildiyindən, həmin Məcəllənin 600.4-cü maddəsinə istinad edərək, qeyd olunur ki, həmin maddəyə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddənin məzmunundan da aydın olur ki, satıcıya qarşı olan öhdəliyin icrası üsulunu seçmək hüququ satıcıya məxsusdur və o isə verilmiş əşyanın dəyərinin ödənilməsini tələb edir. Kreditor "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin öz öhdəliyi icra edərək məişət əşyalarını borcluya verməsi həmin müqavilələrdən aydın olur. Həmçinin həmin müqavilələrdən aydın olur ki, qeyd edilən müqavilələr imzalandığı andan qüvvəyə minir və tərəflər öz öhdəliklərini tamamilə yerinə yetirənədək qüvvədə qalır. Mülki iş materiallarında olan 15 may 2022-ci il tarixli 2388 nömrəli maliyyə arayışından o da məlum olur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Borclu arasında bağlanılan xx.xx.2021-ci il tarixli, 28K528327 nömrəli müqavilə üzrə borclunun kreditora müqavilə üzrə ödənilməmiş 512 (beş yüz on iki) AZN əsas (qalıq) borcu, xx.xx.2021-ci il tarixli, 28K528549 nömrəli müqavilə üzrə ödənilməmiş 1232 (bir min iki yüz otuz iki) AZN əsas (qalıq) borcu, xx.xx.2021-ci il tarixli, 28K528697 nömrəli müqavilə üzrə isə ödənilməmiş 3600 (üç min altı yüz) AZN əsas (qalıq) borcu vardır. Ərizəyə əlavə olunmuş sənədlərlə kreditor "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin tələbinin aşkar olduğu, tələbin sadə yazılı formada bağlanmış əqdə və borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Yuxarıda qeyd olunanları qanunvericiliyin tələbləri daxilində tədqiq edərək, belə nəticəyə gəlirəm ki, kreditorun tələbi təmin olunmalı və tələb üzrə məhkəmə əmri verilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki iş üzrə məhkəmə əmri verilməli olduğundan kreditor tərəfindən ərizə verilən zaman ödənilmiş 100 (iyirmi) manat məbləğində dövlət rüsumu borcludan alınaraq kreditora ödənilməlidir. Məhkəmə əmri verilməli olduğundan borcluya izah edilir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284.1-ci maddəsinin tələbinə görə məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Lakin məhkəmə əmrindən şikayət edilə bilməməsi borclunun kreditorun tələbini mübahisələndirməsi hüququndan məhrum etmir. Belə ki, həmin Məcəllənin 282-ci maddəsinə əsasən borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284.2-ci maddəsinin tələbinə görə əgər müəyyən edilmiş müddətdə məhkəməyə borclunun etirazı daxil olmazsa, hakim kreditora dərhal məhkəmənin möhürü ilə təsdiq edilmiş icrası məcburi olan məhkəmə əmrinin surətini verir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 275, 276, 280 və 281-ci maddələrini rəhbər tutaraq əmr etdi: xx xxx 1992-ci ildə Naxçıvan şəhərində doğulmuş, Babək rayonu Cəhri kəndində qeydiyyatda olan Borclu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə 5344 (beş min üç yüz qırx dörd) manat məbləğində borc və ərizənin verilməsi ilə bağlı ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu, ümumilikdə isə 5444 (beş min dörd yüz qırx dörd) manat məbləğində pul tutulsun. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün ərzində verilmiş tələbə və ya onun hissəsinə qarşı Babək Rayon Məhkəməsini yazılı xəbərdar etməklə etiraz edə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar