Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-422/2025 30.07.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X5 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı 04 iyun 2025-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehdan 18 noyabr 2015-ci il təvəllüdlü X1 və 13 mart 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşma çatanadək saxlanılmaları üçün hər ay hər birinə sabit məbləğde 246 manat olmaqla ümumilikdə 492 manat alimentin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq qeyd etmişdir ki, mən Cavabdeh ilə 2014-cü ildə Babək rayon Qeydiyyat şöbəsində rəsmi nikah qeyd etdirərək evlənmişik. Birgə nikahdan iki övladımız olmuşdur.
1. 18 noyabr 2015-ci il təvəllüdlü X3
2. 13 mart 2017-ci il təvəllüdlü X4 Qeyd edirəm ki, Pərvizlə xasiyyətimiz tutmadığından mənim tələbim əsasında işə baxılmış, Babək Rayon Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli qətnaməsi ilə nikahımız pozulmuş, uşaqların mənim yanımda saxlanılması və hər bir uşaq üçün sabit məbləğdə 90 manat olmaqla, ümumilikdə 180 manat miqdarında aliment tutularaq onların yetkinlik yaşına çatanadək saxlanılması üçün mənə verilməsi müəyyən edilmişdir. Göstərmək istəyirəm ki, cavabdeh alimenti vaxtında vermədiyindən dəfələrlə Babək Rayon İcra və Probasiya Şöbəsinə müraciət etdim. Aliment məsələmi yoluna qoymadıqlarından gedib gəlməkdən bezib 04 mart 2022-ci il tarixdə ərizə ilə İcra və Probasiya Şöbəsinə müraciət edərək alimentdən imtina etdim. Babək Rayon İcra və Probasiya Şöbəsinin 11 mart 2022-ci il tarixli qərarı ilə Babək Rayon Məhkəməsinin 2(079)-235/2020№li, 20 noyabr 2020-ci il tarixli icra sənədinə xitam verildi. Hörmətli məhkəmə hazırda uşaqların saxlanılmasında maddi cəhətdən çətinlik çəkirəm. Belə ki, övladlarım böyümüş onların geyimini, qidasını və digər xərclərini qarşılaya bilmirəm. Buna görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışam. Bu səbəbdən də övladlarımın saxlanması üçün hər ay hər birinə sabit məbləğdə 246 manat olmaqla ümumilikdə 492 manat alimentin cavabdehdən alınıb mənə verilməsini istəyirəm. Həmçinin bildirirəm ki, "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanuna uyğun olaraq 03 iyun 2025-ci il tarixdə keçirilən ilkin mediasiya sesiyasında cavabdeh iştirak etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında 2020-ci ildə cavabdehlə boşandıqlarını, həmin vaxtdan uşaqların saxlanılması üçün cavabdehin heç bir maddi kömək etmədiyini, kirayədə yaşadığını, övladlarının tələbatlarının çoxaldığını, əvvəl 2 uşağa görə 180 manat aliment təyin olunduğunu, icra məmurunun borcludan çox onu icra şöbəsinə çağırıb cavabdehin Dispanserdə olduğunu dediyini, məcbur qalıb alimentdən imtina etdiyini, mənzil istismar idarəsində süpürgəçi işləyib 381 manat əmək haqqı aldığını, 200 manat kirayə pulu ödədiyini, qızlarından Rüqayyənin 10, Zərifənin 9 yaşı olduğunu, onların Naxçıvan şəhər 4 nömrəli məktəbdə təhsil aldığını, yaşayış yerlərini dəyişdikləri üçün daha onların Naxçıvan şəhər 15 nömrəli məktəbdə təhsil alacaqlarını, cavabdehin qazancı və gəlirləri barədə məlumatı olmadığını, onun Bakı şəhərində yaşadığını, aliment tələbindən imtina etdikdən sonra cavabdehlə Bakı şəhərində 1 dəfə qarşılaşdıqlarını, daha sonra cavabdehlə barışdıqlarını və 5 gün birlikdə yaşadıqlarını, bir dəfə uşaqları gəzinti adı ilə şəhərə apardığını və uşaqları diləndirdiyini, bundan sonra yenidən ayrıldıqlarını, cavabdehin Dispanserdə qeydiyyatda olmadığını, özünün yaxşı usta olduğunu, lakin içkisi ucbatından belə bir vəziyyətin yarandığını, illərdir özünün də uşaqlara çətinliklə baxdığını, atası olaraq onun da uşaqlarına baxmağa borclu olduğunu bildirib iddianın təmin olunmasını xahiş etmişdir. Mülki işin materiallarını işdə iştirak edən şəxsin izahatı ilə qarşılıqlı şəkildə tədqiq edən məhkəmə müəyyən edir ki, tərəflər arasında bağlanmış nikahın pozulması və birgə nikahlarından doğulmuş uşaqların iş üzrə iddiaçının yanında qalması və atanın uşaqların saxlanılmasında iddiaçının Babək Rayon Məhkəməsinin 2(079)-235/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə təyin olunmuş alimentdən imtina etməsi işin mübahisəsiz hallarıdır. Bu faktların işin mübahisəsiz halları olması iddia ərizəsinə əlavə olunmuş aşağıdakı sübutlarla təsdiq olunur: - Babək Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, AZ-İ seriyalı, 221846 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən İddiaçı ilə Cavabdeh arasındakı nikahın xx.xx.2021-ci il tarixdə ləğv edilməsi, bunun nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 36 № ilə qeydə alınması; - Babək Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, AZ-İİİ seriyalı, 750647 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən tərəflərin birgə nikahından xx.xx.2015-ci il tarixdə X3 adlı uşağın dünyaya gəlməsi; - Babək Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, AZ-İİİ seriyalı, 959854 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən tərəflərin birgə nikahından xx.xx.2017-ci il tarixdə X4 adlı uşağın dünyaya gəlməsi; - Babək Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən İddiaçı imtinası əsasında iş üzrə icraata xitam verilməsi; - iddia tələbindən və iddiaçının izahatından cavabdehin uşaqların saxıanılmasında iştirak etməməsi aydın olur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsində əks olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan şəxslər arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti, yəni alimenti ödəməyə borclu olur. Ailə qanunvericiliyinin tələbinə əsasən məhkəmə qaydasında alimentin tutulmasının iki qaydası müəyyən edilib: aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında və sabit pul məbləğində. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsində uşağın saxlanılması üçün alimentin sabit pul məbləğində tutulmasını əsası kimi şəxsin bu barədə olan xahişi qeyd olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də, aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd olunan maddi hüquq normalarını mülki iş materialları ilə qarşılıqlı şəkildə əlaqələndirən məhkəmə belə hesab edir ki, iddiaçının tələbi əsaslıdır. Alimentin miqdarının müəyyən edilməsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İddiaçı övladları 18 noyabr 2015-ci il təvəllüdlü X3 və 13 mart 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay bir uşaq üçün 246 (iki yüz qırx altı) manat olmaqla, ümumilikdə iki uşaq üçün 492 (dörd yüz doxsan iki) manat miqdarında aliment tutulmasını tələb etsə də, bu məbləğlə bağlı öz tələbini əsaslandıran faktları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iddiaçının nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Alimentin miqdarı ilə bağlı iddiaçı tərəf öz tələbini əsaslandıran halları sübuta yetirə bilmədiyindən məhkəmə belə hesab edir ki, onun miqdarı qanunvericiliyin tələbləri və işin faktiki halları nəzərə alınmaqla müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe isə ondan ibarətdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2025-ci ildə ölkədə yaşayış minimumu uşaqlar üçün 246 (iki yüz qırx altı) manat məbləğində müəyyən edilmişdir. İddiaçının tələb etdiyi alimentin məbləği Azərbaycan Respublikasında 2025-ci il üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləği ilə eynilik təşkil etdiyindən uşağın yaşının artdıqca tələbatlarının da artmasını, azyaşlı uşaqla məktəbli uşağın yaşayış ehtiyacının eyni səviyyədə olmamasını nəzərə alan məhkəmə belə hesab edir ki, uşaqların yaşını və buna əsaslanan ehtiyaclarını, həmçinin uşaqlara münasibətdə valideynlərin bərabər hüquq və vəzifələrə malik olmasını diqqətə almadan onların hər biri üçün yaşayış minimumu həddində aliment təyin edilməsi ədalətlilik və bərabərlik prinsipinə ziddir. Məhkəmə onu da qeyd edir ki, yaşayış minimumu məbləği Azərbaycan Respublikasında bir uşağın saxlanılması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin birbaşa bu həddə müəyyən edilməsi anlamına gəlmir. Qanunvericilik aliment məbləğinin müəyyən edilməsi zamanı bir sıra halların araşdırılmalı olduğunu tələb edir. Həmçinin bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği təmin etmək bir valideynin vəzifəsi deyil, hər iki valideynin borcudur. “Elektron Məhkəmə” informasiya sistemindən çıxarılmış məlumatlardan cavabdehin əmək müqaviləsi və həmçinin digər əsaslarla daimi gəlirinin olması müəyyən edilmir. Məhkəmə yuxarıda göstərilən maddi hüquq normalarını, uşaqlar barəsində valideynlərin bərabər hüquq və vəzifələrə malik olmasını, uşaqların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini, 2025-ci ildə ölkədə yaşayış minimumunun uşaqlar üçün 246 (iki yüz qırx altı) manat məbləğində və minimum əmək haqqı məbləğinin isə 400 manat məbləğində müəyyən edilməsini, uşaqların iddiaçının yanında qalmaqla, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu vaxt ərzində onun üzərinə düşməsini, uşaqların sayını, onların yaşını nəzərə alaraq belə nəticəyə gəlir ki, iddiaçının tələbi qismən təmin edilməli və yetkinlik yaşına çatmayan uşaqların saxlanılmaları üçün hər ay cavabdehdən bir uşaq üçün 150 (bir yüz əlli) manat məbləğində aliment tutulmalıdır. Alimentin hansı vaxtdan tutulması məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən şəxsin məhkəməyə müraciət etdiyi vaxtdan tutulur. Yuxarıda qeyd edilənlərin nəticəsi olaraq məhkəmə belə nəticəyə gəlir ki, tərəflərin birgə nikahından olan uşaqların saxlanılması üçün aliment Cavabdeh iddiaçının məhkəməyə müraciət etdiyi “04” iyun 2025-ci il tarixdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsində dərhal icra olunmalı qətnamələrdən biri kimi şəxsin saxlanılması üçün vəsaitlərin o cümlədən alimentlərin alınması qeyd olunduğundan qətnamə dərhal icra edilməlidir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 20 ” dekabr 2024cü il tarixli qərarının 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq, iddianın qiyməti aliment haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyindən, iddianın (12x(246x2)=5904) təmin edilmiş hissəsinə (79.04 manat miqdarında dövlət rüsumu) mütənasib olan (12x(150x2)=3600) 48.19 manat (qırx səkkiz manat on doqquz qəpik) miqdarında dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Mülki işə baxılması zamanı isə cavabdehin dövlət rüsumu ödəməkdən azad edilməsinə əsas olan hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən, məhkəmə belə nəticəyə gəlir ki, iddianın təmin edilmiş hissəsinə münasib olaraq dövlət rüsumu cavabdehdən tutulmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, tərəflərin birgə nikahından olan 18 noyabr 2015-ci il təvəllüdlü X3 və 13 mart 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün “04” iyun 2025-ci il tarixdən hesablanmaqla, hər ay Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0.37 misli həddində sabit pul məbləğində aliment tutulamlı, iddia qalmış hissədə rədd edilməli, Cavabdeh 48.19 manat (qırx səkkiz manat, on doqquz qəpik) miqdarında rüsum tutularaq dövlət büdcəsinə keçirilməli, qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra olunmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi:
İddia qismən təmin edilsin. Tərəflərin birgə nikahından olan 18 noyabr 2015-ci il təvəllüdlü X3 və 13 mart 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün “04” iyun 2025-ci il tarixdən hesablanmaqla, hər ay Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0.37 misli həddində sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 48.19 manat (qırx səkkiz manat, on doqquz qəpik) miqdarında rüsum tutularaq dövlət büdcəsinə keçirilsin. İddia digər hissədə rədd olunsun. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra olunsun. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.