Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-428/2022 28.09.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X12 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 xx.xx.2011-ci il tarixdə doğulmuş X2 və 22 sentyabr 2014-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər birinə 193 manat olmaqla, cəmi birlikdə 386 manat miqdarında alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq bildirmişdir ki, cavabdeh X9 ilə xx.xx.2007-ci il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmişdik. Xasiyyətimiz uyğun gəlmədiyindən bizim aramızdakı nikah Babək Rayon Məhkəməsinin qətnaməsi ilə 19 iyul 2019-ci il tarixdə pozulmuşdur. Bizim birgə nikahımızdan xx.xx.2011-ci il tarixdə X7 və 22 sentyabr 2014-ci il tarixdə qızımız X10 doğulmuşdur. Tərəfindən mediasiyaya müraciət edildiyini, lakin heç bir müsbət nəticə alınmadığından məhkəməyə müraciət etdiyini bildirmişdir. İddiaçı məhkəmə baxışı iclasında izahat verərək cavabdehlə 27 mart 2007-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurduğunu, birgə nikahdan 03 mart 2011-ci ildə Nurlan və 22 sentyabr 2014-cü ildə Səma adlı övladlarının dünyaya gəldiyini, ailə münasibətlərinin bir müddət normal olduğunu, oğlu Nurlan dünyaya gəldikdən sonra münasibətlərinin pozulduğunu, birgə yaşadıqları müddətdə cavabdehin şirniyyat alqı-satqısı ilə məşğul olduğunu, aylıq gəlirinin isə alverə görə dəyişdiyini, xasiyyətləri uyğun gəlmədiyindən nikahın məhkəmə qaydasında pozulduğunu, 12 oktyabr 2018-ci ildə Babək Rayon Məhkəməsinin qətnaməsi ilə hər uşağa görə 110 manat olmaqla, iki uşağa görə cəmi 220 manat məbləğində aliment təyin edildiyini, bundan bir müddət sonra barışdıqlarını və ərizəsi əsasında alimentin icrasına 31 yanvar 2022-ci il tarixdə xitam verildiyini, 2-3 ay birlikdə yaşadıqlarını, ondan sonra 02 mart 2022-ci il tarixdə yenidən ayrıldıqlarını, ümumiyyətlə aralarında dəfələrlə barışıq olduğunu, artıq 6 aydır ki ayrı yaşadıqlarını, bu müddətdə cavabdehin uşaqların saxlanmasında iştirak etmədiyini, uşaqların 8 və 12 yaşlarında olduğunu, oğlu Nurlanın 6-cı, qızı Səmanın isə 3-cü sinifdə Nehrəm qəsəbə 3 nömrəli orta məktəbində oxuduqlarını, özünün heç bir yerdə işləmədiyini, aztəminatlı ailə olaraq 80 manat sosial müavinət aldıqlarını, oğlu Nurlanda nitq qüsuru, yaddaş geriliyi olduğunu, oğlunun sağlamlıq imkanlarının məhdudluğuna görə 200 manat sosial müavinət, özünün isə sağlamlıq imkanları məhdud uşağa qulluğa görə 80 manat müavinət aldığını, başqa gəliri olmadığını, hazırda qardaşının tikdiyi evdə yaşadığını, oğlunun sağlamlıq problemlərinə görə dərslərində yaxşı olmasa da, qızının təhsilinə vəsait ayırdığını, ayda 30 manatdan ödənişli kursa getdiyini, hazırda maddi cəhətdən çətinlik çəkdiyini, qohum-qardaşın yardımı uşaqları saxladığını, cavabdehin əvvəllər də birinci ailəsindən olan övladlarına aliment verdiyini, amma hazırda onların yetkinlik yaşına çatdıqlarını, iddianı yaşayış minimumuna uyğun olaraq qaldırdığını, cavabdehin maddi vəziyyətini nəzərə alaraq iddia tələbinin həcmini azaltdığını, hər bir uşaq üçün 110 manat olmaqla iki uşaq üçün 220 manat məbləğində aliment ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə hazırlıq iclasında izahat verərək iddiaçı ilə 2007-ci il tarixdə evləndiklərini, birgə nikahdan Nurlan və Səma adlı övladlarının dünyaya gəldiyini, ailə münasibətlərinin oğlu Nurlan dünyaya gəldikdən sonra pozulduunu, Bakıda, Sumqayıtda şirniyyat alqı-satqısı ilə məşğul olub, işləyib evə pul göndərdiyini, qız övladının olmasını istəmədiyindən qızı Səma dünyaya gəldikdən sonra problemlərinin daha da dərinləşdiyini, birlikdə oğluna kiçik toy edib ev tikdiklərini, daha sonra münasibətləri düzəldə bilmədiklərindən ayrıldıqlarını, nikahın məhkəmə qaydasında pozulduğunu, Babək Rayon Məhkəməsinin qətnaməsi ilə uşaqların saxlanması üçün bir uşağa 110 manat olmaqla, 2 uşağa birlikdə 220 manat sabit aliment təyin edildiyini, daha sonra barışdıqlarını və alimentə xitam verildiyini, hazırda 6 aydır ki, ayrı yaşadıqlarını, 4 ay bundan qabaq iş üçün Sumqayıta getdiyini, işləri alınmadığından təzəlikdə yenidən Naxçıvana qayıtdığını, qazancı olmadığından uşaqlara köməklik edə bilmədiyini, rəsmi olaraq bir çox orqanlara müraciət etsə də, iş tapa bilmədiyini, hazırda işsiz olduğunu, uşaqların saxlanması üçün tələb olunan alimenti ödəyə bilməyəcəyini, hər biri üçün 60 manat olmaqla 120 manat aliment ödəməyə imkanını çata biləcəyini bildirmiş, iddia tələbinin qismən təmin olunmasına etirazının olmadığını bildirmişdir. İddiaçı işin məhkəmə baxışına hazırlanması mərhələsində iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək hər uşaq üçün 110 manat olmaqla iki uşağın saxlanılması üçün 220 manat sabit pul məbləğində alimentin alınıb verilməsini məkhəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən iddia tələbinin həcminin azaldılması nəzərə alınmaqla iddia tələbinə dəyişdirilmiş iddia elementləri əsasında baxılmışdır. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini nəzərə alaraq mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işin materiallarını tədqiq edən məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından 03 mart 2011-ci il təvəllüdlü X8 və 22 sentyabr 2014-cü il təvəllüdlü X11 adlı 2 (iki) övladlarının dünyaya gəlməsi, hər iki uşağın hazırda ananın yanında qalması, tərəflərin aralarında uşaqların saxlanma qaydası ilə bağlı razılığın olmaması, cavabdehin isə uşaqların saxlanılmasında iştirak etmədiyi işin mübahisəsiz hallarıdır. İş materiallarına əlavə edilmiş AZ-İ seriyalı, 175837 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən belə məlum olur ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikahın ləğv edilməsi 19 iyul 2019-cu ildə Babək rayon Qeydiyyat Şöbəsi tərəfindən nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş AZ-İİ seriyalı 509185 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən belə məlum olur ki, tərəflərin birgə nikahından 03 mart 2011-ci il təvəllüdlü X7 doğulmuşdur. İş materiallarına əlavə edilmiş AZ-İİİ seriyalı 081952 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən belə məlum olur ki, tərəflərin birgə nikahından 22 sentyabr 2014-cü il təvəllüdlü X7 doğulmuşdur. İş materiallarına əlavə edilmiş Babək Rayon Məhkəməsinin 2(079)-349/2018 nömrəli, 12 oktyabr 2018-ci il tarixli qətnaməsindən belə məlum olur ki, alimentin tutulmasının əvvəli 12 sentyabr 2018-ci il tarixdən hesablanmaqla Cavabdeh hər ay hər uşaq üçün 110 (bir yüz on) manat olmaqla, cəmi 220 (iki yüz iyirmi) manat miqdarında sabit pul məbləğində alimentin alınıb 03 mart 2011-ci il tarixdə doğulmuş X3 və 22 sentyabr 2014-cü il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı ödənilməsi qət olunmuşdur. İş materiallarına əlavə edilmiş Naxçıvan Şəhər İcra və Probasiya şöbəsinin icra məmurunun xx.xx.2022-ci il tarixli icraata xitam verilməsi barədə qərarı ilə Babək Rayon Məhkəməsinin 2(079)-349/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icraata tələbkar İddiaçı aliment tələbindən və yaranmış borcdan imtinası barədə xx.xx.2022-ci il tarixli ərizəsi əsasında icra sənədi üzrə icraata xitam verilmişdir. Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Babək rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən verilmiş arayışdan belə məlum olur ki, Babək rayon Nehrəm qəsəbə sakini İddiaçı Mərkəzdə sağlamlıq imkanları məhdud 18 yaşınadək övladı X6 görə qeydiyyatda durur, ona xx.xx.2025-ci il tarixədək 200 manat sosial müavinət və uşağa qulluğa görə 80 manat Prezident təqaüdü ödənilir. İddiaçı Mərkəzdən 80.84 manat ünvanlı dövlət sosial yardımı alır. Müddəti xx.xx.2022-ci il tarixə qədərdir. İş üzrə iddiaçının və cavabdehin üst-üstə düşən izahatlarından isə hər iki uşağın analarının yanında qalmaları və cavabdehin uşaqlarını saxlamaq vəzifəsini yerinə yetirmədiyi məlum olur. Məhkəmə uşaqların yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün cavabdehdən hər ay bir uşaq üçün 110 (bir yüz on) manat olmaqla, iki uşağın saxlanılması üçün cəmi 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin alınaraq iddiaçıya verilməsi ilə bağlı tələbi barədə aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Ailə Məcəlləsi (bundan sonra - “AM”) uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. AM-in 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə qanunvericiliyində məhkəmə qaydasında alimentin tutulmasının 2 qaydası müəyyən edilmişdir: - aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında; - sabit pul məbləğində. Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsaitin tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Göründüyü kimi qanunverici göstərilən maddədə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin sabit məbləğdə tutulmasının bir neçə əsasını müəyyən etmişdir. Bu əsaslardan hər hansı biri mövcud olduqda alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Məhkəmə, alimenti qazancın (gəlirin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır. Qanunvericinin yuxarıda göstərilən maddədə müəyyən etdiyi əsas şərtlərdən biri də ondan ibarətdir ki, alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir. (Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin qərarı). Məhkəmə alimentin sabit pul məbləğində tutulmasından imtina üçün əsasların müəyyən edilməməsini, cavabdehin qazancı və ya sair gəlirinin olması barədə sübutların məhkəməyə təqdim olunmamasını, əksinə tərəflərin cavabdehin gəlirlərinin qeyri-müntəzəm (dəyişən) olması barədə üst-üstə düşən izahatlarını nəzərə alaraq və sübutetmə yükünün bölüşdürülməsinin ümumi qaydasını rəhbər tutaraq alimentin sabit məbləğdə tutulması ilə bağlı iddiaçının tələbini əsaslı sayır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir (78.1). Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Konstitusiyasının 125ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair qərarına əsasən işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. AM-in 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə alır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. MPM-in 13.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə mübahisələri Azərbaycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, qanunlara, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına, habelə Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə əsasən həll edir. Bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir (Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin qərarı). Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə ilk olaraq Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Həmçinin ali qanunun 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Bundan əlavə “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. ”İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Yuxarıda qeyd edilən maddi hüquq normaları, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində əks olunmuş bərabərlik hüququnun mahiyyətindən belə məlum olur ki, uşaqlara münasibətdə valideynlər bərabər hüquq və vəzifələrə malikdir. Bu isə onu deməyə əsas verir ki, hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcləri ilə təmin edilməsində hər iki valideyn bərabər və eyni öhdəliyə sahibdir. Yuxarıda sadalananlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli və yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün hər ay bir uşağa görə 110 (bir yüz on) manat olmaqla, ümumilikdə isə iki uşağa görə 220 (iki yüz) manat məbləğində aliment tutulmalıdır. AM-in 55.2-ci maddəsinə əsasən aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. Yetkinlik yaşına çatmayanların ananın yanında saxlanılması və yuxarıda qeyd edilən normanın mahiyyətini nəzərə alan məhkəmə qeyd edir ki, uşaqların saxlanılması üçün müəyyən edilən aliment məbləği iddiaçının sərəncamına daxil olmalı, aliment uşaqların anasına ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçının iddia ərizəsi isə Babək Rayon Məhkəməsinin icraatına 24 avqust 2022-ci il tarixdə daxil olmuşdur. Aliment tələbinin icra edilməsi anı ilə bağlı isə məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsində dərhal icra olunmalı qətnamələrdən biri kimi şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması qeyd olunmuşdur. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, MPM-in 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda 56.40 (əlli altı manat qırx qəpik) məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. 12X220=2640 30+(2640X1%)=56.40 Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, İddia təmin edilməli, 24 avqust 2022-ci il tarixdən hesablanmaqla, 03 mart 2011-ci il təvəllüdlü X7 və 22 sentyabr 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün iş üzrə Cavabdeh hər ay bir uşaq üçün 110 (bir yüz on) manat olmaqla, ümumilikdə iki uşağa görə 220 (iki yüz iyirmi) manat miqdarında aliment tutulub uşaqların anası İddiaçı ödənilməli, qətnamə alimentə dair hissədə dərhal icra olunmalı, Cavabdeh 56.40 (əlli altı manat qırx qəpik) məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. 24 avqust 2022-ci il tarixdən hesablanmaqla, 03 mart 2011-ci il təvəllüdlü X7 və 22 sentyabr 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün iş üzrə Cavabdeh hər ay bir uşaq üçün 110 (bir yüz on) manat olmaqla, ümumilikdə iki uşağa görə 220 (iki yüz iyirmi) manat miqdarında aliment tutulub uşaqların anası İddiaçı ödənilsin. Qətnamə alimentə dair hissədə dərhal icra olunsun. Cavabdeh 56.40 (əlli altı manat qırx qəpik) məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(079)-428/2022
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-428/2022
28.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver