Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-43/2023 02.02.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı «12” dekabr 2022-ci ildə iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 26 iyun 2007-ci il təvəllüdlü X9, 28 may 2008-ci il təvəllüdlü X6 və 01 yanvar 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay bir uşaq üçün 193 (bir yüz doxsan üç) manat olmaqla, ümumilikdə üç uşağa görə 579 (beş yüz yetmiş doqquz) manat məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O, tələbini əsaslandıraraq qeyd etmişdir ki, Cavabdeh ilə 07 avqust 2006-cı il tarixdə ailə qurub, 18 aprel 2008-ci il tarixdə Babək rayon vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı şöbəsində nikahımızı rəsmləşdirmişik. Bizim həmin nikahdan xx.xx.2007ci il təvəllüdlü X10, xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X8 doğulmuşdu. Biz ailə qurduğumuz ilk vaxtlardan Şahin işləyib evə qazana gətirməyib. İşləyib qazandığı pulu spiriti içkiyə verib içib. Mən tək qadın olaraq uşaqlarımı da özümlə birlikdə aparıb çöldə qarpız əkib, sataraq bir təhər keçinmişik. Şahin evin problemləri ilə bir ailə başçısı kimi heç vaxt maraqlanmayıb, ancaq özü üçün öz həyatını yaşayıb. Sonuncu dəfə 30 may 2022-ci il tarixdə aramızda mübahisə olduğundan mən üç övladımı da özümlə birlikdə götürüb Bakı şəhərinə valdeynlərimin yanına getdim. 06 avqust 2022-ci il tarixdə qayıdıb Nehrəm kəndinə evimizə gəldim. Gələrkən Şahinin mənə başqası ilə xəyanət etdiyinin şahidi oldum. 10 gün olar ki, eşitdiyimə görə Bakı şəhərinə gedib. Özüm heç bir yerdə işləmirəm. Qohumlarımın köməkliyi ilə dolanırıq. Maddi imkanım yaxşı deyil. Uşaqlarımızın maddi tələbatlarını qarşılamağa imkanım yetmir. Onlar elə yaş həddindədir ki, təhsilinə, təliminə və digər xərclərinə pul lazım olur. Tək qadın olaraq mən bunun öhdəsindən gəlməkdə çətinlik çəkirəm. Hər bir əşyanın qiymətində artım müşahidə olunur və bu da bizim ailə büdcəmizə təsir edir. Bu səbəbdən də övladlarımızın saxlanması, inkişafı və gələcəyi üçün Cavabdeh aliment ödəməsini istəyirəm. Tərəfimdən mediasiyaya müraciət edilmiş, lakin heç bir müsbət nəticə alınmadığından məhkəməyə müraciət etməyim tövsiyə olunmuşdur. 12 yanvar 2023-cü ildə keçirilən məhkəmə hazırlıq iclasında iddiaçı tələbin dəqiqləşdirməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində qızının adını səhv qeyd etdiyini, iddia tələbində Raziyə adının Rəziyyə kimi qəbul edilməsini məhkəmədən xahiş etmişdi. İddiaçı məhkəmədə verdiyi izahatında iddia tələbini müdafiə etdiyini, 2006-cı ildə Şahinlə bir-birlərini sevərək ailə qurduqlarını, 2008-ci ildə isə nikahlarını rəsmiləşdirdiklərini, birgə nikahlarından biri oğlan, ikisi qız olmaqla üç uşaq dünyaya gəldiyini, cavabdehlə ailə qurduqdan sonra təqribən beş il normal yola getdiklərini, sonradan aralarında mübahisə yaranmağa başladığını, buna səbəb isə həm özünün qısqanc olması, həm də Şahinin ona xəyanət etməsi olduğunu, 2022-ci ildə cavabdeh ona xəyanət etdiyindən uşaqlarını da götürüb Bakı şəhərinə valideynlərinin yanına getdiyini, orada olan vaxt Şahinin ona qohumları ilə xəyanət etdiyini eşitdiyini, bu səbəbdən də həmin ilin avqust ayında Naxçıvana qayıtdığını və bu faktı aşkar etdiyini, yəni cavabdehin həmin qadında evində yaşadığını gördüyünü, bundan sonra Şahinlə ayrıldığını, 2022-ci ilin oktyabr ayınadək cavabdehin uşaqlarla maraqlandığını, lakin həmin vaxtdan sonra Şahinin uşaqların saxlanılmasında ona köməklik etmədiyini, eşitdiyinə görə onun Türkiyə Respublikasına getdiyini, orada yaşadığını və işlədiyini, Şahinlə birlikdə yaşadıqları vaxt bostan əkib ailəni dolandırdıqlarını, dolanışıqlarının normal olduğunu, hazırda isə özünün heç bir yerdə işləmədiyini, qış fəsli olduğundan bostan əkə bilmədiyini, ona heç bir yaxın qohumunun köməklik etmədiyini, uşaqların saxlanılmasında çətinlik çəkdiyini, cavabdehin iş yeri və qazancı barədə məlumatının olmadığını bildirərək yekunda məhkəmədən iddiasının təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliklə nəzərdə tutulmuş qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmişdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla məhkəmə cavabdehin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki işin materiallarını işdə iştirak edən şəxsin izahatı ilə qarşılıqlı şəkildə tədqiq edən məhkəmə müəyyən edir ki, 18 aprel 2008-ci ildə tərəflər arasında nikah bağlanması, onların birgə nikahından X9, X4 və X8 adlı uşaqların dünyaya gəlməsi, tərəflərin ayrı yaşaması və birgə nikahlarından doğulmuş uşaqların anası, yəni iş üzrə iddiaçının yanında qalması işin mübahisəsiz hallarıdır. Bu faktların işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: - iddia ərizəsinə əlavə edilən və Babək rayon vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı şöbəsi tərəfindən verilmiş AZ-İ seryalı, 416373 nömrəli, 18 aprel 2008-ci il tarixli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən Cavabdeh ilə X7 arasında 18 aprel 2008-ci il tarixdə nikah bağlanması, bunun nikahın bağlanması haqqında akt qeydləri kitabında 65 nömrə ilə qeyd edilməsi, nikah bağlanması zamanı iddiaçının özünə cavabdehin soyadını, yəni “Məmmədova” soyadını seçməsi; - iddia ərizəsinə əlavə edilən və Babək rayon vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı şöbəsi tərəfindən verilən 18 aprel 2008-ci il tarixli, AZ-İİ seriyalı, 164936 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən tərəflərin 26 iyun 2007-ci il tarixdə X9 adlı övladının dünyaya gəlməsi; - iddia ərizəsinə əlavə edilən və Babək rayonu, Nehrəm kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən 05 avqust 2008-ci il tarixli, AZ-İİ seriyalı, 169888 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən tərəflərin 28 may 2008-ci il tarixdə X4 adlı övladının dünyaya gəlməsi; - iddia ərizəsinə əlavə edilən və Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilən 08 iyun 2011-ci il tarixli, AZ-İİ seriyalı, 661087 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən tərəflərin 01 yanvar 2011-ci il tarixdə X8 adlı övladının dünyaya gəlməsi; -iddia tələbindən, iddiaçının məhkəmədə verdiyi izahatından ayrı yaşaması, birgə nikahından olan uşaqların hazırda anası, yəni iş üzrə iddiaçının yanında qalması aydın olur. İddiaçı tələbi isə övladları X9, X4 və X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay cavabdehdən bir uşaq üçün 193 (bir yüz doxsan üç) manat olmaqla, ümumilikdə üç uşağa görə 579 (beş yüz yetmiş doqquz) manat miqdarında aliment tutulmasından ibarətdir. İşin bu mübahisəli halının hüquqi həlli ilə bağlı məhkəmə istinad etdiyi maddi və prosessual hüquq normaları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsində əks olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan şəxslər arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti, yəni alimenti ödəməyə borclu olur. Ailə qanunvericiliyinin tələbinə əsasən məhkəmə qaydasında alimentin tutulmasının iki qaydası müəyyən edilib: aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında və sabit pul məbləğində. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsində uşağın saxlanılması üçün alimentin sabit pul məbləğində tutulmasını əsası kimi şəxsin bu barədə olan xahişi qeyd olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də, aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd olunan maddi hüquq normalarını mülki iş materialları ilə qarşılıqlı şəkildə əlaqələndirən məhkəmə belə hesab edir ki, iddiaçının tələbi əsaslıdır. Alimentin miqdarının müəyyən edilməsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İddiaçı övladları X5, X1 və X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay bir uşaq üçün 193 (bir yüz doxsan üç) manat olmaqla, üç uşaq üçün 579 (beş yüz yetmiş doqquz) manat miqdarında alimentin tutulmasını tələb etsə də, bu məbləğlə bağlı öz tələbini əsaslandıran faktları məhkəməyə təqdim edə bilməmişdi. Həmçinin məhkəmədə verdiyi izahatında qeyd etmişdi ki, cavabdehlə birlikdə yaşadığı vaxt bostan əkib-becərməklə ailənin dolanışığını təmin ediblər. Bu da özlüyündə uşaqların əvvəlki təminat səviyyəsinin elə də yüksək olmadığı deməyə əsas verir. Məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Alimentin miqdarı ilə bağlı iddiaçı tərəf öz tələbini əsaslandıran halları sübuta yetirə bilmədiyindən məhkəmə belə hesab edir ki, onun miqdarı qanunvericiliyin tələbləri və işin faktiki halları nəzərə alınmaqla müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe isə ondan ibarətdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2023-cü ildə ölkədə yaşayış minimumu uşaqlar üçün 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə yuxarıda göstərilən maddi hüquq normalarını, uşaqlar barəsində valideynlərin bərabər hüquq və vəzifələrə malik olmasını, uşaqların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını, 2023-cü ildə ölkədə yaşayış minimumunun uşaqlar üçün 220 (bir yüz iyirmi) manat məbləğində müəyyən edilməsini, uşaqların iddiaçının yanında qalması, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu vaxt ərzində onun üzərinə düşməsini, uşaqların sayını, onların yaşını nəzərə alaraq belə nəticəyə gəlir ki, iddiaçının tələbi qismən təmin edilməli və yetkinlik yaşına çatmayan uşaqların saxlanmasları üçün hər ay cavabdehdən bir uşaq üçün 115 (bir yüz on beş) manat məbləğində aliment tutulmalıdır. Alimentin hansı vaxtdan tutulmasına gəldikdə isə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından aydın olur ki, İddiaçı Babək Rayon Məhkəməsinə 12 dekabr 2022-ci il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsində dərhal icra olunmalı qətnamələrdən biri kimi şəxsin saxlanılması üçün vəsaitlərin o cümlədən alimentlərin alınması qeyd olunduğundan qətnamə dərhal icra edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq, iddianın qiyməti aliment haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyindən, iddianın (12x(193x3)=6948) təmin edilmiş hissəsinə (12x(115x3)=4140) mütənasib olan 53 (əlli üç) manat 68 (altmış səkkiz) qəpik miqdarında dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Mülki işə baxılması zamanı isə cavabdehin dövlət rüsumu ödəməkdən azad edilməsinə əsas olan hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən, məhkəmə belə nəticəyə gəlir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu cavabdehdən tutulmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia qismən təmin olunmalı; - 12 dekabr 2022-ci il tarixdən hesablanmaqla, 26 iyun 2007-ci il tarixdə anadan olan X9, 28 may 2008-ci il tarixdə anadan olan X4 və 01 yanvar 2011-ci il tarixdə anadan olan X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay Cavabdeh bir uşaq üçün 115 (bir yüz on beş) manat olmaqla, ümumilikdə üç uşağa görə 345 (üç yüz qırx beş) manat miqdarında aliment tutularaq uşaqların anası İddiaçı ödənilməli; - iddia digər hissədə əsaslı sayılmadığından rədd olunmalı; - Cavabdeh 53 (əlli üç) manat 68 (altmış səkkiz) qəpik miqdarında rüsum tutularaq dövlət büdcəsinə keçirilməli; - qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin edilsin. 12 dekabr 2022-ci il tarixdən hesablanmaqla, 26 iyun 2007-ci il tarixdə anadan olan X9, 28 may 2008-ci il tarixdə anadan olan X4 və 01 yanvar 2011-ci il tarixdə anadan olan X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay Cavabdeh bir uşaq üçün 115 (bir yüz on beş) manat olmaqla, ümumilikdə üç uşağa görə 345 (üç yüz qırx beş) manat miqdarında aliment tutularaq uşaqların anası İddiaçı ödənilsin. İddia digər hissədə əsaslı sayılmadığından rədd olunsun. Cavabdeh 53 (əlli üç) manat 68 (altmış səkkiz) qəpik miqdarında rüsum tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra olunsun. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №2(079)-43/2023
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-43/2023
02.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver