Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(079)-431/2020 29.12.2020 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən е t d i: İddiaçı xx xxxxxx 2020-ci ildə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Babək Rayon Məhkəməsinin xx xxxxxxx 2013-cü il tarixli, 2(079)-171/2013 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək xx xxxxxxx 2004cü ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh 170 (bir yüz yetmiş) manat miqdarında aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdir ki, 2004-cü ildə Cavabdeh ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşam. Birgə nikahımızdan xx xxxxxxx 2004-cü il tarixdə Gülnar adlı övladımız dünyaya gəlib. 2013-cü ildə Babək Rayon Məhkəməsinin qətnaməsi ilə aramızda bağlanmış nikah akt qeydi pozulmuş, azyaşlı övladım mənim yanımda saxlanılmışdır. Nikahımızın pozulması xx xxxx 2013-cü il tarixdə Babək rayon qeydiyyat şöbəsində 19 nömrə ilə qeydə alınmışdır. Babək Rayon Məhkəməsinin xx xxxxxxx 2013-cü il tarixli, 2(079)-171/2013 nömrəli qətnaməsi ilə Cavabdeh hər ay sabit pul məbləğində 50 (əlli) manat miqdarında alimentin alınıb xx xxxxxxx 2004-cü il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün mənə verilməsi qət olunub. Gülnar böyük bir qızdır və məktəblidir. Onun geyimini, hazırlıq dərslərinə verilməli olan vəsaiti çatdıra bilmirəm. Qızımın maddi tələbatlarını qarşılamaq mənim üçün çətinlik yaradır. Ona görə də məhkəmə tərəfindən uşağın saxlanılması üçün təyin olunan əlli manat uşağın heç bir tələbatını qarşılamır. İddiaçı məhkəmədə verdiyi izahatında Famil ilə 2003-cü ildə ailə qurub, 2004cü ildə nikahlarını rəsmiləşdirdiklərini, birgə nikahlarından Gülnar adlı bir qız övladlarının dünyaya gəldiyini, 2013-cü ildə isə cavabdehdən ayrıldığını, məhkəmə qətnaməsi əsasında birgə nikahlarından olan uşağın onun yanında qaldığını, Famillə boşandıqdan sonra bir müddət ondan aliment tələb etmədiyini, lakin sonradan cavabdehin əvvəlcə 20 manat, daha sonra isə 50 manat miqdarında aliment ödədiyini, özünün hazırda tibb bacısı işlədiyini, aylıq əmək haqının 380 manat olduğunu, qızı Gülnarın isə hazırda onuncu sinifdə oxuduğunu, tələbatlarını artığını, Naxçıvan şəhərində hazırlıq qiymətləri bahalı olduğu üçün qızını kənddə işləyən müəllimlərin yanına fərdi qaydada hazırlığa göndərdiyini, onun bir aylıq hazırlıq xərclərinin 125 manat təşkil etdiyini, lakin özünün maddi imkanı yaxşı olmadığı üçün uşağı tələbatlarını qarşılamaqda çətinlik çəkdiyini, cavabdehin qonşusu olduğunu, onun rəsmi iş yeri olmasa da Babək şəhərində çörək sexində işlədiyini, həmçinin təsərrüfatında heyvanlarının da olduğunu, Familin bu günədək alimentindən başqa uşağın hər hansı ehtiyacının qarşılanması üçün ona yardım etmədiyini, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş 50 manat miqdarında alimenti isə vaxtlı-vaxtında ödədiyini qeyd edərək, yekunda iddiasının təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh isə məhkəmədə verdiyi izahatında əvvəllər Alidə ilə evli olduğunu, 2013-cü ildə ondan boşandığını, birgə nikahlarından bir qız övladının dünyaya gəldiyini, hazırda isə özünün başqa bir şəxslə ailə qurduğunu, sonuncu nikahından dörd yaşında bir qız övladının olduğunu, Alidədən öncəki ailəsindən isə üç övladının dünyaya gəldiyini, onların hazırda yetkinlik yaşına çatdığını, özünün işsiz olduğunu, buna görə də alimentin artırılmasını istəmədiyini, ayda 50 manat məbləğində alimenti də çətinliklə ödədiyini, iddiaçı ilə qonşuluqda yaşadığını, qızı Gülnarın isə demək olar ki, hər gün onlara gəldiyini, öz evində qızının müəyyən tələbatlarını qarşılamağa çalışdığını, özünün də övladının layiqli təhsil almasını istədiyini, lakin buna maddi imkanın yol vermədiyini qeyd edərək, yekunda iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdi. Mülki işin materiallarını işdə iştirak edən şəxslərin izahatları ilə qarşılıqlı şəkildə tədqiq edən məhkəmə müəyyən edir ki, əvvəllər tərəflər arasında nikah bağlanması, onların birgə nikahından X3 adlı uşağın dünyaya gəlməsi, tərəflər arasında bağlanmış nikahın 2013-cü ildə pozulması, Babək Rayon Məhkəməsinin xx xxxxxxx 2013-cü il tarixli, 2(079)-171/2013 nömrəli qətnaməsi ilə X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh oğlundan hər ay 50 (əlli) manat miqdarında alimentin tutularaq İddiaçı ödənilməsinin qət olunması, həmin qətnamənin qüvvəyə minərək icra yönəlməsi işin mübahisəsiz hallarıdır. Bu halların mübahisəsiz olması aşağıdakılarla təsdiq olunur: - iddia ərizəsinə əlavə edilmiş və Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxxxx 2013-cü il tarixli, AZ-İ seriyalı, 151519 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən Cavabdeh ilə İddiaçı arasında əvvəllər nikah bağlanması və həmin nikahın xx xxxx 2013-cü ildə pozulması; -iddia ərizəsinə əlavə edilmiş Babək Rayon Vətəndaşlıq Vəziyyəti Aktlarının Dövlət Qeydiyyatı şöbəsi tərəfindən verilmiş xx xxxx 2007-ci il tarixli, AZ-İ seriyalı, 797057 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən tərəflərin birgə nikahından xx xxxxxxx 2004-cü ildə X3 adlı övladlarının dünyaya gəlməsi; - iş materiallarına əlavə edilmiş Babək Rayon Məhkəməsinin xx xxxxxxx 2013-cü il tarixli, 2(079)-171/2013 nömrəli qətnaməsinin təsdiq olunmuş surətindən İddiaçı Cavabdeh qarşı aliment tələbi ilə məhkəməyə müraciət etməsi, onun iddiasının təmin edilərək cavabdehdən hər ay 50 (əlli) manat miqdarında alimentin tutulub xx xxxxxxx 2004-cü ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı ödənilməsinin qət olunması; -iş materiallarına əlavə edilmiş Babək rayon icra bölməsinin xx xxxxxx 2013cü il tarixli icraata başlamaq haqqında qərarın təsdiq edilmiş surətindən Babək Rayon Məhkəməsinin xx xxxxxxx 2013-cü il tarixli, 2(079)-171/2013 nömrəli qətnaməsinin qanuni qüvvəyə minərək icraya yönəlməsi aydın olur. İşin mübahisəli halı isə iddiaçının tələb etdiyi alimentin miqdarı ilə bağlıdır. Belə ki, iddiaçı tələbində Babək Rayon Məhkəməsinin xx xxxxxxx 2013-cü il tarixli, 2(079)-171/2013 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarını dəyişdirilərək Cavabdeh hər ay xx xxxxxxx 2004-cü ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 170 (bir yüz yetmiş) manat miqdarında aliment tutulub ona ödənilməsini tələb etmişdir. Cavabdeh isə qeyd olunan məbləği ödəməyə maddi imkanının olmadığını qeyd edərək iddianı qəbul etməmişdi. Mülki işin mübahisəli halını məhkəmə iş materialları, işə baxılması zamanı məhkəmə tərəfindən müəyyən edilmiş halları qanunvericiliyin tələbləri daxilində və onları bir-biri ilə əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan şəxslər arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti, yəni alimenti ödəməyə borclu olur. Ailə qanunvericiliyinin tələbinə əsasən məhkəmə qaydasında alimentin tutulmasının iki qaydası müəyyən edilib: aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında və sabit pul məbləğində. İşin mübahisəsiz hallarından görünür ki, iddiaçının tələbi əsasında məhkəmə onların birgə nikahından olan uşağın saxlanılması üçün alimenti sabit pul məbləğində müəyyən edilmişdi. Həmçinin iş materiallarından sübuta yetirilir ki, alimentin miqdarı ilə bağlı tərəflər arasında razılıq mövcud deyil. Hazırki mübahisə üzrə isə iddiaçının artırılmasını istədiyi məhz Babək Rayon Məhkəməsinin xx xxxxxxx 2013-cü il tarixli, 2(079)-171/2013 nömrəli qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində olan aliment miqdarıdır. Sabit pul məbləğində müəyyən edilmiş alimentin miqdarının müəyyən edilməsi əsasları Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsi ilə müəyyən edilir. Belə ki, həmin maddəyə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq, müəyyən edilir. İddiaçı qətnamə ilə müəyyən edilmiş sabit pul məbləğində alimentin miqdarının dəyişdirilməsini tələb etdiyindən məhkəmə bildirir ki, Azərbaycan Respublikası Ailə Məcəllənin 112-ci maddəsində məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmənin əsasları qeyd edilib. 112.1-ci maddəyə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Maddi hüquq normasının tələbindən də aydın olur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirməsi üçün tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması, yaxud diqqətəlayiq başqa maraqlar mövcud olmalıdır. Həmin halların mövcudluğunun sübut edilməsi yükü isə alimentin miqdarının dəyişdirilməsini tələb edən tərəfin üzərinə yəni, iddiaçının üzərinə düşür. İddiaçı Babək Rayon Məhkəməsinin xx xxxxxxx 2013-cü il tarixli, 2(079)- 171/2013 nömrəli qətnaməsinin qəbul edildiyi vaxtdan indiyədək ailə və maddi vəziyyətində ciddi dəyişikliyin olmasını təsdiq edən sübutlar təqdim etməyib. Lakin o, isə tələbini qızının böyüməsi, məktəbli olması, onun geyimini, hazırlıq dərslərinə verilməli olan vəsaiti ödəməyə maddi imkanın yetərli olmaması əsaslandırmışdı. Məhkəmə iddiaçının öz tələbini əsaslandıran fakta hüquqi qiymət verməklə aşağıdakıları qeyd edir. Babək Rayon Məhkəməsinin xx xxxxxxx 2013-cü il tarixli, 2(079)-171/2013 nömrəli qətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, iddiaçı cavabdehə qarşı aliment tələbi ilə 2013-cü ildə müraciət edib. Yəni həmin aliment miqdarının müəyyən edilməsindən yeddi ildən artıq müddət ötüb. Həmin vaxt saxlanılması üçün xeyrinə aliment tələb edilən uşağın doqquz yaşı olduğu halda, hazırda onun 16 yaşı tamam olub. Doqquz yaşında olan uşağın sağlamlıq, təhsil, inkişaf, məişət və sair qayğıları qarşılamaq üçün tələb olunan maddi xərclə, təbii ki, 16 yaşında olan uşağın xərcləri arasında kifayət qədər fərq var. Bunun isə sübuta yetirilməsinə ehtiyac yoxdur. Çünki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.1-ci maddəsi ilə müəyyən edilir ki, hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Həmçinin məhkəmə onu da qeyd edir ki, yeddi ilə bundan öncə Babək Rayon Məhkəməsinin xx xxxxxxx 2013-cü il tarixli, 2(079)-171/2013 nömrəli qətnaməsi ilə müəyyən edilmiş 50 (əlli) manat məbləğində aliment miqdarı hazırki vəziyyətdə uşağın mənafeyinə cavab vermir. Buna görə də məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslı sayılmalı və həmin qətnaməsi müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməlidir. Məhkəmə iddianın əsaslı sayması ilə bağlı istinad etdiyi maddi hüquq normaları ilə əlaqədar aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. X7 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Bundan əlavə “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Yuxarıda qeyd edilən maddi hüquq normalarının, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində əks olunmuş bərabərlik hüququndan mahiyyətindən də aydın olur ki, uşaqlara münasibətdə valideynlər bərabər hüquq və vəzifələrə malikdir. Alimentin miqdarının müəyyən edilməsinə gəldikdə isə məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddələrinin tələblərinə əsaslanır. Belə ki, maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi xx xxxx 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçı birgə nikahlarından olan uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 170 (bir yüz yetmiş) manat miqdarında aliment tələb etsə də, bu məbləğlə bağlı öz tələbini əsaslandıran faktları məhkəməyə təqdim edə bilməmişdir. Alimentin miqdarının ilə bağlı iddiaçı tərəf öz tələbini əsaslandıran halları sübuta yetirə bilmədiyindən məhkəmə belə hesab edir ki, alimentin miqdarı qanunvericiliyin tələbləri və işin faktiki halları nəzərə alınmaqla müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx xxxx 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe isə ondan ibarətdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2020-ci ildə ölkədə yaşayış minimumu uşaqlar üçün 170 (bir yüz yetmiş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə yuxarıda göstərilən maddi hüquq normalarını, uşaq barəsində valideynlərin bərabər hüquq və vəzifələrə malik olmasını, uşağın təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını, 2020-ci ildə ölkədə yaşayış minimumunun uşaqlar üçün 170 (bir yüz yetmiş) manat məbləğində müəyyən edilməsini, uşağın iddiaçının yanında qalması, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu vaxt ərzində onun üzərinə düşməsini, aliment ödənilməli olan uşağın sayını, saxlanılması üçün aliment təyin edilməsi tələb edilən uşağın yaşını, həmçinin bundan sonra aliment ödənilməli olan dövrü nəzərə alaraq, belə nəticəyə gəlir ki, iddiaçının tələbi qismən təmin edilməli və yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün hər ay cavabdehdən 100 ( bir yüz) manat məbləğində aliment tutulmalıdır. Alimentin hansı vaxtdan tutulmalı olmasının müəyyən edilməsi ilə bağlı isə məhkəmə bildirir ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq, iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyindən, iddianın (12x170=2040) təmin edilmiş hissəsinə (12x100=1200) münasib olan 17 (on yeddi) manat, 70 (yetmiş) qəpik miqdarında dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq, cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia qismən təmin olunmalı; -Babək Rayon Məhkəməsinin xx xxxxxxx 2013-cü il tarixli, 2(079)-171/2013 nömrəli qətnaməsi müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmaqla xx xxxxxxx 2004-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 100 (bir yüz) manat miqdarında aliment tutularaq uşağın anası İddiaçı ödənilməli; - həmçinin Cavabdeh 17 (on yeddi) manat, 70 (yetmiş) qəpik miqdarında dövlət rüsumu alınaraq dövlət büdcəsinə keçirilməli; - iddia digər hissədə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət e t d i: İddia qismən təmin olunsun. Babək Rayon Məhkəməsinin xx xxxxxxx 2013-cü il tarixli, 2(079)-171/2013 nömrəli qətnaməsi müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmaqla xx xxxxxxx 2004cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 100 (bir yüz) manat miqdarında aliment tutularaq uşağın anası İddiaçı ödənilsin. Həmçinin Cavabdeh 17 (on yeddi) manat, 70 (yetmiş) qəpik miqdarında dövlət rüsumu alınaraq dövlət büdcəsinə keçirilsin. İddia digər hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №2(079)-431/2020
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-431/2020
29.12.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver