Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-431/2025 06.08.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı “13” iyun 2025-ci ildə Babək Rayon Məhkəməsinə müraciət edərək Cavabdehdan 08 mart 2024-cü il təvəllüdlü X3 yetkinlik yaşma çatanadək saxlanılması üçün hər ay sabit məbləğdə 246 manat alimentin alınaraq mənə verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O, tələbini əsaslandıraraq qeyd etmişdir ki, mən Cavabdeh ilə 2023-cü ildə rəsmi nikah qeyd etdirmədən evlənmişik. Faktiki nikahdan 08 mart 2024-cü ildə X4 doğulmuşdur. Qeyd edirəm ki, Asimlə cəmi bir neçə ay birlikdə yaşamışıq. Ondan sonra heç bir səbəb olmadan məni hamilə vəziyyətdə qoyub evi tərk etdi. Uşaq doğulduqdan sonra ara-sıra uşaq bezindən başqa mənə heç bir köməkliyi olmamışdır. Uşağı saxlamaqda çətinlik çəkdiyimdən aliment tələbi ilə məhkəmədə iddia qaldırmaq məcburiyyətində qaldım. Bu səbəbdən də övladımın saxlanılması üçün hər ay sabit məbləğdə 246 manal alimentin cavbdehdən alınıb mənə verilməsini istəyirəm. Tələbimin əsası kimi istinad etdiyim fakt və halları sübutlar siyahısı olaraq təsdiq edilmiş doğum və atalığın müəyyən edilməsi haqqında şəhadətnamələrin surətlərini, və mediasya təşkilatının arayışını ərizəmə əlavə edirəm. Hörmətli məhkəmə nəzərinizə çatdırmaq istəyirəm ki, iddia tələbimlə bağlı cavabdehin qeydiyyatı barədə arayışı əldə etməkdə çətinlik çəkirəm. Bu sübutun təmin edilməsini məhkəmədən xahiş edirəm. İddiaçı məhkəmə hazırlıq iclasında verdiyi izahatında uşağın saxlanması üçün aliment tələb etdiyini, bu uşaqdan başqa birinci nikahından iki qızının da olduğunu, uşaqları saxlamaqda çətinlik çəkdiyini, rəsmi nikahlarının olmadığını, atalığın müəyyən olunduğunu, uşağın bir yaş üç aylıq olduğunu, birinci həyat yoldaşının aldığı evdə yaşadıqlarını, cavabdehin “Azərsun”da sürücü işlədiyini, gəlirinin nə qədər olduğunu bilmədiyini, özünün isə 450 manat əmək haqqı aldığını bildirmişdir. Cavabdeh məhkəmədə verdiyi izahatında aliment tələbinə etiraz etmədiyini, 246 manat aliment tələbinin çox olduğunu, başqa iki uşağının da olduğunu, hal-hazırda digər iki uşaq üçün aliment ödəmədiyini, 600 manat aylıq gəlirinin olduğunu, 150 manat ödəyə biləcəyini bildirmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək Cavabdeh qarşı aliment tələbinə tələbinə dair məhkəmədə iddia qaldırdığını, məhkəmə baxışı iclasının 06 avqust 2025-ci il tarixə saat 10:30-a təyin edildiyini, qızı Validə Hümbətovanın səhhəti ilə bağlı onu Bakı şəhərinə aparmalı olduğundan məhkəmə iclasında iştirak edə bilməyəcəyini, bu səbəbdən də işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədn xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işin materiallarını işdə iştirak edən şəxslərin izahatı ilə əlaqəli şəkildə tədqiq edərək məhkəmə müəyyən edir ki, tərəflərin rəsmi nikaha daxil olmaması, onların faktiki nikahından xx.xx.2024-cü il təvəllüdlü X3 dünyaya gəlməsi, uşağın atalığının müəyyən edildiyini, tərəflərin ayrı yaşaması, onların birgə nikahından olan uşağın iddiaçının yanında qalması işin mübahisəsiz hallarıdır. Bu faktların işin mübahisəsiz halları olması iddia ərizəsinə əlavə olunmuş aşağıdakı sübutlarla təsdiq olunur: - AZ-V seriyalı, 214958 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən tərəflərin xx.xx.2024-cu il tarixdə X5 adlı övladlarının doğulması; - AZ-İ seriyalı, 193072 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən Cavabdeh İddiaçı xx.xx.2024-cü il tarixdə doğlumuş X3 atası hesab edilməsi; - iddia ərizəsi və tərəflərin məhkəmədə verdiyi izahatlardan ayrı yaşamaları və birgə nikahdan olan uşağın iddiaçının yanında qalması, atanın uşağın saxlanılmasında iştirak etməməsi aydın olur. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsi ilə müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan şəxslər arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti, yəni alimenti ödəməyə borclu olur. Ailə qanunvericiliyinin tələbinə əsasən məhkəmə qaydasında alimentin tutulmasının iki qaydası müəyyən edilib: aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında və sabit pul məbləğində. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsində uşağın saxlanılması üçün alimentin sabit pul məbləğində tutulmasını əsası kimi şəxsin bu barədə olan xahişi qeyd olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də, aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd olunan maddi hüquq normalarını mülki iş materialları ilə qarşılıqlı şəkildə əlaqələndirən məhkəmə belə hesab edir ki, iddiaçının sabit pul məbləğində alimentin tutulmasına dair tələbi əsaslıdır. Alimentin miqdarının müəyyən edilməsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İddiaçı övladı X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay sabit 246 manat miqdarında alimentin tutulmasını tələb etsə də, bu məbləğlə bağlı öz tələbini əsaslandıran faktları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Alimentin miqdarı ilə bağlı iddiaçı tərəf öz tələbini əsaslandıran halları sübuta yetirə bilmədiyindən məhkəmə belə hesab edir ki, onun miqdarı qanunvericiliyin tələbləri və işin faktiki halları nəzərə alınmaqla müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe isə ondan ibarətdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2025-ci ildə ölkədə yaşayış minimumu uşaqlar üçün 246 (iki yüz qırx altı) manat məbləğində müəyyən edilmişdir. İddiaçının tələb etdiyi alimentin məbləği Azərbaycan Respublikasında 2025-ci il üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləği ilə eynilik təşkil etdiyindən uşağın yaşının artdıqca tələbatlarının da artmasını, azyaşlı uşaqla məktəbli uşağın yaşayış ehtiyacının eyni səviyyədə olmamasını nəzərə alan məhkəmə belə hesab edir ki, uşaqların yaşını və buna əsaslanan ehtiyaclarını, həmçinin uşaqlara münasibətdə valideynlərin bərabər hüquq və vəzifələrə malik olmasını diqqətə almadan onların hər biri üçün yaşayış minimumu həddində aliment təyin edilməsi bərabərlik prinsipinə ziddir. Məhkəmə onu da qeyd edir ki, yaşayış minimumu məbləği Azərbaycan Respublikasında bir uşağın saxlanılması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin birbaşa bu həddə müəyyən edilməsi anlamına gəlmir. Qanunvericilik aliment məbləğinin müəyyən edilməsi zamanı bir sıra halların araşdırılmalı olduğunu tələb edir. Həmçinin bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği təmin etmək bir valideynin vəzifəsi deyil, hər iki valideynin borcudur. “Elektron Məhkəmə” informasiya sistemindən çıxarılmış məlumatlardan cavabdehin fəaliyyət istiqaməti “Təkərlərin təmiri xidmətlərinin göstərilməsi” sahəsi olan, ********** VÖEN nömrəli sahibkar olduğu müəyyə olunur. Həmçinin, “Elektron Məhkəmə” informasiya sistemindən çıxarılmış məlumatlardan iddiaçının ********** VÖEN nömrəli sahibkar X2 yanında satıcı işlədiyi, 400 manat əmək haqqı aldığı müəyyən olunur. Məhkəmə yuxarıda göstərilən maddi hüquq normalarını, uşaqlar barəsində valideynlərin bərabər hüquq və vəzifələrə malik olmasını, uşaqların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini, 2025-ci ildə ölkədə yaşayış minimumunun uşaqlar üçün 246 (iki yüz qırx altı) manat məbləğində, minimum əmək haqqı məbləğinin isə 400 manat məbləğində müəyyən edilməsini, uşağın iddiaçının yanında qalmaqla, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu vaxt ərzində onun üzərinə düşməsini, uşağın sayını və yaşını nəzərə alaraq belə nəticəyə gəlir ki, iddiaçının tələbi qismən təmin edilməli və yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün hər ay cavabdehdən 180 (bir yüz səksən) manat məbləğində aliment tutulmalıdır. Alimentin hansı vaxtdan tutulması məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən şəxsin məhkəməyə müraciət etdiyi vaxtdan tutulur. Yuxarıda qeyd edilənlərin nəticəsi olaraq məhkəmə belə nəticəyə gəlir ki, tərəflərin birgə nikahından olan uşağın saxlanılması üçün aliment Cavabdeh iddiaçının məhkəməyə müraciət etdiyi “13” iyun 2025-ci il tarixdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsində dərhal icra olunmalı qətnamələrdən biri kimi şəxsin saxlanılması üçün vəsaitlərin o cümlədən alimentlərin alınması qeyd olunduğundan qətnamə dərhal icra edilməlidir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 20 ” dekabr 2024cü il tarixli qərarının 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq, iddianın qiyməti aliment haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyindən, iddianın (12x(246x1)=2952) təmin edilmiş hissəsinə (49.52 manat miqdarında dövlət rüsumu) mütənasib olan (12x(180x1)=2160) 36.23 manat miqdarında dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Mülki işə baxılması zamanı isə cavabdehin dövlət rüsumu ödəməkdən azad edilməsinə əsas olan hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən, məhkəmə belə nəticəyə gəlir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu cavabdehdən tutulmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia qismən təmin olunmalı; - tərəflərin birgə nikahından olan xx.xx.2024-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün “13” iyun 2025-ci il tarixdən hesablanmaqla, hər ay Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0.45 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır; - iddia qalmış hissədə rədd edilməli; - Cavabdeh 36.23 manat (otuz altı manat, iyirmi üç qəpik) miqdarında rüsum tutularaq dövlət büdcəsinə keçirilməli; - qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra olunmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin edilsin. Tərəflərin birgə nikahından olan xx.xx.2024-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün “13” iyun 2025-ci il tarixdən hesablanmaqla, hər ay Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0.45 misli həddində sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 36.23 manat (otuz altı manat, iyirmi üç qəpik) miqdarında rüsum tutularaq dövlət büdcəsinə keçirilsin. İddia digər hissədə rədd olunsun. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra olunsun. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(079)-431/2025
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-431/2025
06.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver