Məhkəmə qərarları › İş №2(079)-441/2023

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-441/2023

08.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-441/2023 08.09.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X5 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14 fevral 2013-cü il təvəllüdlü X3, 20 avqust 2014-cü il təvəllüdlü X4, 09 sentyabr 2018-ci il təvəllüdlü X6 və 09 sentyabr 2018-ci il təvəllüdlü X7 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün Cavabdeh hər uşaq bir uşaq üçün hər ay sabit məbləğdə 220 manat olmaqla, ümumilikdə 880 manat alimentin tutularaq - İddiaçı ödənilməsi barədə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq bildirmişdir ki, cavabdehlə xx.xx.2012-ci il tarixdə Babək rayon Qeydiyyat şöbəsində 205 nömrə ilə nikaha daxil olmuşuq. Birgə nikahdan birgə yaşadığımız müddətdə 4 övladımız 14 fevral 2013-cü il təvəllüdlü X8, 20 avqust 2014-cü il təvəllüdlü X9, 09 sentyabr 2018-ci il təvəllüdlü X10 və 09 sentyabr 2018-ci il təvəllüdlü X12 doğulmuşdur. Özüm heç bir yerdə işləmirəm. Qızım X1 Liseyinə gedəcək onun illik ödənişi, yol pulunu məktəb ləvazimatlarını nəzərə alsaq mən onları etməkdə çox çətinlik çəkirəm, həmçinin digər övladlarım da bu il məktəbə gedəcəklər. Cavabdehi mən Mediasiya Təşkilatına verəndən sonra hər uşağa 100 manat verməyi təklif etdi, lakin mən yuxarıda göstərdiyim əsaslara görə onunla razılaşmadım. Onu da qeyd edim ki, ayrı yaşadığımız müddət ərzində cavabdeh ailəsinin dolanışığı ilə maraqlanmamış və övladlarını maddi cəhətdən təmin etməmişdir. Bu səbəbdən də biz maddi cəhətdən sıxıntı içində yaşayırıq. Mən Cavabdeh uşaqlarına sabit məbləğdə aliment ödəməsini istəyirəm. 19 iyul 2023-cü il tarixdə aliment tələbi ilə bağlı Naxçıvan Mediasiya təşkilatına müraciət etdik lakin cavabdeh tərəf mediasiya prosesində iştirak etmədi. İddiaçı məhkəmə iclasında verdiyi izahatında cavabdehlə birgə nikahdan 4 övladının dünyaya gəldiyini, cavabdehin ailə üzvlərinin ailə münasibətlərinə müdaxiləsi ucbatından münasibətlərinin 4 aydır ki, pozulduğunu, cavabdehin nikah dövründə tikib yaşadıqları evdən ayrıldığını, Nehrəm qəsəbəsində yerləşən həmin evdə hazırda övladları ilə birlikdə yaşadığını, özünün heç bir yerdə işləmədiyini və gəlirinin olmadığını, cavabdehin isə illərdir, Nehrəm-Babək avtobusu üzrə öz avtomobili ilə marşrut şoferi işlədiyini, həmçinin hazırda Naxçıvan şəhəri üzrə 1 nömrəli avtobusun sürücüsü olduğunu, birgə yaşadıqları müddətdə ayda 1500 manata yaxın gəliri olduğunu, həmçinin icarəyə götürdükləri torpaq sahəsində bostan əkib gəlir əldə etdiyini, bu il məhsul yığılan vaxt ayrı olduqlarından cavabdehin həmin yığımdan götürdüyü məbləğdən övladlarına heç bir köməklik etmədiyini, yaşadığı evin şəraitinin olmadığını, cavabdehin iyul-avqust aylarında 350-400 manat olmaqla pul göndərdiyini, lakin həmin məbləğin uşaqların saxlanılmasına kifayət etmədiyini, cavabdehlə birlikdə yaşadıqları vaxtlar ayda uşaqların ehtiyaclarına 1000 manat vəsait sərf etdiklərini, cavabdehin təklif etdiyi 400 manatla 4 uşağı saxlamağın mümkün olmadığını, belə ki, böyü qızı “Qızlar” liseyinə olmaqla uşaqların hər birinin məktəbə gedəcəyini, onların məişət və təhsil xərclərini həmin pulla qarşılaya bilməyəcəyini, bütün bunlar nəzərə alınmaqla iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddiaçının onun gəlirləri barədə dediklərinin həqiqəti əks etdirmədiyini, belə ki, özünün orta təhsilli olmaqla hazırda yalnız Nehrəm-Babək marşrutu üzrə avtobus şoferi işləyib ayda 650-700 manat aralığında gəliri olduğunu, mersedes markalı mikroavtobusun öz mülkiyyətində olduğunu, lakin QAZ 33021 markalı avtomobili illər üzrə metalloma verdiyini və hazırda mülkiyyət və istifadəsində olmadığını, həmin fəaliyyət istiqaməti üzrə vergi ödəyicisi kimi qeydiyyata alındığını, ayda 50 manat vergi ödədiyini, Naxçıvan şəhəri 1 saylı marşrut üzrə əvvəllər işləsə də fayda götürmədiyi üçün ayrıldığını, bostan təsərrüfatını isə suvarma suyu olmadığından artıq davam etdirmədiyini, da həmin yaşadığı evdən iddiaçınını ailə üzvləri tərəfindən döyülüb çıxarıldığını, arabir kirayədə qalsa da kirayə haqqını çatdıra bilmədiyi üçün ayrılıb yenidən anasının evinə qayıtdığını, iddiaçının dediyi kimi heç vaxt 1500 manat gəlirinin olmadığını, ayrıldıqdan sonra 2 dəfə 350 və 400 manat miqdarında uşaqlara pul göndərdiyini, bundan sonra onları saxlamağa borclu olduğunu, amma tələb olunan məbləği ödəməyə imkanı olmadığını, bostandan götürdüyü gəliri əkin üçün götürdüyü borclara sərf etdiyini, belə ki, su olmadığından qarpızı vaxtından əvvəl balaca ikən yığıb satmalı olduğunu, gəlirin borcu qarşılamadığını, iddiaçının işləmədiyini və gəlirinin olmadığını, amma özünün də 400 manatdan artıq aliment ödəməyə imkanı çatmadığını, həmçinin uşaqları ilə görüşəcəyi vaxtlar onlarla vaxt keçirmək üçün əlində məbləğ qalmalı olduğunu bildirmiş, bütün bunlar nəzərə alınmaqla iddianı qismən qəbul etdiyi hissədə təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işin materiallarını tədqiq edən məhkəmə qeyd edir ki, 14 fevral 2013-cü il təvəllüdlü X8, 20 avqust 2014-cü il təvəllüdlü X9, 09 sentyabr 2018-ci il təvəllüdlü X10 və 09 sentyabr 2018-ci il təvəllüdlü X7 atasının Cavabdeh, anasının isə İddiaçı olduğu işin mübahisəsiz hallarıdır. Belə ki, iş materiallarına əlavə edilmiş AZ-İ seriyalı, 687300 nömrəli çıxarışdan belə məlum olur ki, tərəflər arasında rəsmi nikah münasibətləri mövcuddur. İş materiallarına əlavə edilmiş AZ-İİ seriyalı 855077 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən belə məlum olur ki, atası Cavabdeh, anası İddiaçı olan X8 14 fevral 2013-cü ildə doğulmuşdur. İş materiallarına əlavə edilmiş AZ-İİİ seriyalı 081857 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən belə məlum olur ki, atası Cavabdeh, anası İddiaçı olan X9 20 avqust 2014-cü ildə doğulmuşdur. İş materiallarına əlavə edilmiş AZ-İV seriyalı 162071 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən belə məlum olur ki, atası Cavabdeh, anası İddiaçı olan X12 09 sentyabr 2018-ci ildə doğulmuşdur. İş materiallarına əlavə edilmiş AZ-İV seriyalı 162072 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən belə məlum olur ki, atası Cavabdeh, anası İddiaçı olan X10 09 sentyabr 2018-ci ildə doğulmuşdur. Tərəflərin izahatlarından isə cavabdehin uşaqları saxlamaq vəzifəsini lazımınca yerinə yetirmədiyi məlum olur. Məhkəmə uşaqların yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün cavabdehdən sabit pul məbləğində alimentin alınaraq iddiaçıya verilməsi ilə bağlı tələbi barədə aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Ailə Məcəlləsi (bundan sonra - “AM”) uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. AM-in 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə qanunvericiliyində məhkəmə qaydasında alimentin tutulmasının 2 qaydası müəyyən edilmişdir: - aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında; - sabit pul məbləğində. Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsaitin tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Göründüyü kimi qanunverici göstərilən maddədə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin sabit məbləğdə tutulmasının bir neçə əsasını müəyyən etmişdir. Bu əsaslardan hər hansı biri mövcud olduqda alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Məhkəmə, alimenti qazancın (gəlirin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır. Qanunvericinin yuxarıda göstərilən maddədə müəyyən etdiyi əsas şərtlərdən biri də ondan ibarətdir ki, alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir. (Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin qərarı). Məhkəmə alimentin sabit pul məbləğində tutulmasından imtina üçün əsasların müəyyən edilməməsini nəzərə alaraq və sübutetmə yükünün bölüşdürülməsinin ümumi qaydasını rəhbər tutaraq alimentin sabit məbləğdə tutulması ilə bağlı iddiaçının tələbini əsaslı sayır. AM-in 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Konstitusiya Məhkəməsinin yuxarıda adı çəkilən qərarına əsasən məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Sözügedən halların araşdırılması zamanı Elektron Məhkəmə İnformasiya Sistemindən cavabdehin gəlir məlumatları üzrə çıxarış məlumatlarından onun əmək müqaviləsi bağlamadığı, pensiya və sosial ödəniş almadığı müəyyən olunur. Eyni zamanda şəxsin vergi məlumatlarından çıxarışdan belə məlum olur ki, o, xx.xx.2014-cü ildən fəaliyyət istiqaməti “şəhər və şəhərətrafı sərnişin quruyol nəqliyyatı fəaliyyəti” olmaqla vergi ödəyicisi (VÖEN - **********) kimi qeydiyyatdadır. Azərbaycan Respublikası Məhkəmələrinin Elektron Məhkəmə İnformasiya Sistemindən iddiaçının gəlir məlumatları üzrə çıxarışdan isə onun əmək müqaviləsi bağlamadığı, pensiya və sosial ödəniş almadığı, həmçinin tərəflərin üst-üstə düşən izahatlarından heç bir gəlirinin olmadığı müəyyən olunmuşdur. Azərbaycan Respublikası Məhkəmələrinin Elektron Məhkəmə İnformasiya Sistemindən cavabdehin qohumluq münasibətləri üzrə çıxarışdan hazırda aliment tələb olunan uşaqlardan başqa yetkinlik yaşına çatmayan uşağının olmadığı müəyyən olunur. Azərbaycan Respublikası Məhkəmələrinin Elektron Məhkəmə İnformasiya Sistemindən cavabdehin əmlak məlumatları üzrə çıxarışdan cavabdehin mülkiyyətində “Mercedes Benz 308D mikroavtobus” markalı, 67BF904 nömrəli və “Qaz 33021 yük” markalı, 67BE229 dövlət qeydiyyat nişanlı yol-nəqliyyat vasitələrinin olduğu, daşınmaz əmlakın isə olmadığı müəyyən olunur. Azərbaycan Respublikası Məhkəmələrinin Elektron Məhkəmə İnformasiya Sistemindən iddiaçının əmlak məlumatları üzrə çıxarışdan mülkiyyətində daşınmaz əmlak və yol-nəqliyyat vasitəsinin olmadığı müəyyən olunur. Tərəflərin izahatı əsasında müəyyən olunmuşdur ki, yetkinlik yaşına çatmayan uşaqlar hazırda anası ilə qalır və uşaqlara qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi iş üzrə iddiaçının üzərinə düşür. Uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə alır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. MPM-in 13.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə mübahisələri Azərbaycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, qanunlara, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına, habelə Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə əsasən həll edir. Bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir (Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin qərarı). Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə ilk olaraq Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə iddia tələbinin alimentin yaşayış minimumu həddində təyin edilməsi ilə hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Həmçinin ali qanunun 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Bundan əlavə “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. ”İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. İddiaçı cavabdehin gəlirlərinin aylıq 1500 manat həddində olduğuna istinad etsə də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında qeyd olunur ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Yuxarıda qeyd edilən maddi hüquq normaları, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində əks olunmuş bərabərlik hüququnun mahiyyətindən belə məlum olur ki, uşaqlara münasibətdə valideynlər bərabər hüquq və vəzifələrə malikdir. Bu isə onu deməyə əsas verir ki, hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcləri ilə təmin edilməsində hər iki valideyn bərabər və eyni öhdəliyə sahibdir. Məhkəmə yuxarıda göstərilən maddi hüquq normalarını, uşaqlar barəsində valideynlərin bərabər hüquq və vəzifələrə malik olmasını, uşaqların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini, uşaqların yaşını, 2023-cü ildə ölkədə yaşayış minimumunun uşaqlar üçün 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilməsini, yetkinlik yaşına çatmayan uşaqların hazırda ananın yanında yaşamaqla məişət qayğılarının onun üzərinə düşməsini, cavabdehin gəlirlərinin vəziyyətini, onun özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi imkanının həddini və iddiaçının gəlirinin olmadığını nəzərə alaraq, belə nəticəyə gəlir ki, yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün Cavabdeh hər ay bir uşağın saxlanılması üçün 110 (bir yüz on) manat olmaqla, dörd uşağın saxlanılması üçün 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq uşaqların anasına ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçının iddia ərizəsi isə Babək Rayon Məhkəməsinin icraatına xx.xx.2023ci il tarixdə daxil olmuşdur. Aliment tələbinin icra edilməsi anı ilə bağlı isə məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsində dərhal icra olunmalı qətnamələrdən biri kimi şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması qeyd olunmuşdur. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, MPM-in 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda 68.4 manat (altmış səkkiz manat qırx qəpik) məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. 12X440=5280 30+(4280X1%)=72.8 Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, xx.xx.2023-ci il tarixdən hesablanmaqla, 14 fevral 2013-cü il təvəllüdlü X8, 20 avqust 2014-cü il təvəllüdlü X9, 09 sentyabr 2018-ci il təvəllüdlü X12 və 09 sentyabr 2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün iş üzrə Cavabdeh 110 (bir yüz on) manat olmaqla, dörd uşağın saxlanılması üçün 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment tutulub uşaqların anası İddiaçı ödənilməli, iddia qalmış hissədə rədd olunmalı, qətnamə alimentə dair hissədə dərhal icra olunmalı, Cavabdeh 72.8 manat (yetmiş iki manat səksən qəpik) məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin edilsin. xx.xx.2023-ci il tarixdən hesablanmaqla, 14 fevral 2013-cü il təvəllüdlü X8, 20 avqust 2014-cü il təvəllüdlü X9, 09 sentyabr 2018-ci il təvəllüdlü X12 və 09 sentyabr 2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün iş üzrə Cavabdeh 110 (bir yüz on) manat olmaqla, dörd uşağın saxlanılması üçün 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment tutulub uşaqların anası İddiaçı ödənilsin. İddia qalmış hissədə rədd edilsin. Qətnamə alimentə dair hissədə dərhal icra olunsun. Cavabdeh 72.8 manat (yetmiş iki manat səksən qəpik) məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar